Məhkəmə qərarları › İş №2-1(120)-1236/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1236/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1236/2023 23.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X1, Cavabdehlər X7, X2, X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, X9, X5, X8 qarşı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab etməklə, torpaq sahəsinin baza xəritəsinə düzəliş edilməsi, torpaq sahəsinin yerində tanıdılması və cavabdehlərdən müştərək qaydada 15.000 manat pulun tutulub Yaşat Fondunun hesabına köçürülməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, X9, X5, X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab etməklə, torpaq sahəsinin baza xəritəsinə düzəliş edilməsi, torpaq sahəsinin yerində tanıdılması və cavabdehlərdən müştərək qaydada 15.000 manat pulun tutulub Yaşat Fondunun hesabına köçürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, iddiaçı tərəfindən 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmədiyini bildirmişdir. Cavabdehlər X12, X10, X11 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərik barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə, X9, X5, X8 qarşı “cavanbdehlərin hərəkətlərinin qanunsuz hesab etməklə, torpaq sahəsinin baza xəritəsinə düzəliş edilməsi, torpaq sahəsinin yerində tanıdılması və cavabdehlərdən müştərək qaydada 15000 manat pulun tutulub Yaşat Fondunun hesabına köçürülməsi” barədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə, qeyd edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Lakin, qeyd edilən qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və mülki hüquqi qaydada həyata keçirdiyi fəaliyyətinə şamil olunmur. Göründüyü kimi inzibati orqanların bütün fəaliyyəti deyil, məhz inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, yuxarıda qeyd olunan hüquq normasının tələbinə əsasən iddianın mümkünlük şərtlərindən biri də iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilməli, cavabdehin iddia tələbinə münasibətini müəyyən etdikdən sonra məhkəməyə müraciət edilməsidir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbini hazırkı tələbi ilə yuxarıda qeyd olunan cavabdehlərlə yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı yönəltmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi inzibati orqan hesab olunsa da iddianın mümkün olması üçün hazırkı iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsini, həmin müraciətdən imtina olunmasını və ya hərəkətsizlik göstərilməsini təsdiq edən sübutlar iddia ərizənizə əlavə olunmalıdır. Lakin iddia ərizəsi ilə birgə belə bir sübut təqdim edilməmişdir. Hansı ki, iddiaçı ilkin olaraq iddia tələbi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etməli, cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli idi. Yuxarıda qeyd olunan hüquq normasının tələbindən aydın olur ki,inzibati məhkəmə icraatı qaydasında iddiaya baxılmasının mümkünlük şərtlərində biri iddia tələbinin iddiaya cavab verməli olan orqana qarşı yönəlməsidir. Lakin iddia ərizəsindən görünür ki, iddia tələbi inzibati orqan hesab olunmayan tərəfə fiziki şəxslərə qarşı yönəlmişdir. Göründüyü kimi, cavabdehlər fiziki şəxs olduğundan, onlara qarşı İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş inzibati mübahisələr üzrə iddia qaldırıla bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehlər X7, X2, X3 müştərək qaydada mənəvi zərərə görə 15000 manat pul tutulub Yaşat Fondunun hesabına köçürülməsi tələb edilmişdir. Hazırkı iddia tələbi həmin hissədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növü kimi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının cavabdehlər X7, X2, X3 müştərək qaydada 15000 manat pul tutulub Yaşat Fondunun hesabına köçürülməsi hissəsində iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında deyil, mülki hüquq mübahisəsi kimi ümumi məhkəmədə (rayon və şəhər məhkəmələrində) baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək mülki mübahisədən irəli gələn fiziki şəxslərdən pul tutulması barədə iddia tələbini mübahisələndirir. Məhkəmə hesab edir ki, mövcud iddia tələbi həmin hissədə fiziki şəxslərə qarşı mənəvi zərərin ödənilməsi ilə əlaqədar olduğundan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarına əsasən iddiaçının fiziki şəxsə qarşı zərərin ödənilməsi ilə əlaqədar pul tutulması tələbinin mübahisələndirilməsi ilə bağlı ərizəsinə aidiyyəti ümumi məhkəmədə baxılmalıdır. Həmçinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi, X12, X10, X11 tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyanın yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. Məhkəmə qeyd edir ki, cavabdehlər X9, X5, X8 qarşı cavabdehlərdən müştərək qaydada 15.000 manat pulun tutulub Yaşat Fondunun hesabına köçürülməsi tələbinə dair iddia tələbi inzibati icraat qaydasında baxılan iddia növünə aid deyildir. Həmin tələbə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun aidiyyatı üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəmələrində) baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, X9, X5, X8 qarşı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab etməklə, torpaq sahəsinin baza xəritəsinə düzəliş edilməsi, torpaq sahəsinin yerində tanıdılması və cavabdehlərdən müştərək qaydada 15.000 manat pulun tutulub Yaşat Fondunun hesabına köçürülməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar