Məhkəmə qərarları › İş №2-1(120)-1239/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1239/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1239/2025 17.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2023-cü il üzrə 3328,64 kq pambıq məhsuluna görə dövlət subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1239/2025 nömrəli qərardadından görünür ki, iddia tələbi dəyişdirilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2023-cü il üzrə 3328,64 kq pambıq məhsuluna görə dövlət subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, pambıq bitkisinin əkilib becərilməsi ilə məşğuldur. Məhsul vaxtı isə həmin pambıq məhsulunu "xxxx" MMC-nə təhvil verir. Həmin pambığın əklib məhsulun təhvil verilməsinə görə isə istehsalçıya dövlət tərəfindən subsidiya verilir. O, 2022- 2023-cü il üçün "xxxx" MMC-nə 3328.64 kq pambıq vermiş və bu barədə həmin MMC tərəfindən ona 029839 nömrəli pambıq qəbulunun qəbzinin surəti verilmişdir. Lakin 3328.64 kq pambığa görə ona məhsul subsidiyası halhazıradək ödənilməmişdir. O, tədarük etdiyi pambığa görə məhsul subsidiyasının verilməsinə görə ərizə ilə Kənd Təsərrüfatı nazirliyinə müraciət etmişdir. Həmin nazirlikdən ona 16 may 2024-cü il tarixli məktubla cavab verilərək müraciətinin təmin olunmasından imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə təqdim etdiyi etiraz məktubunda göstərilmişdir ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, subsidiya verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçının iddiası əsassız və qanunsuz olduğu üçün təmin edilə bilməz. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 2022- 2023-cü əkin ilində məhsul subsidiyasına müraciətlə əlaqədar “X19” informasiya sisteminə (bundan sonra-EKTİS) daxil edilmiş məlumatlara əsasən, 2.90 hektar torpaq sahəsində istehsal edib tədarükçüyə təhvil verdiyi kondisiya çəkisi 22308,23 kq (76,92 s/ha məhsuldarlıq) olan pambıq məhsuluna dair təqdim edilmiş pambığın qəbulu qəbzlərinə əsasən hesablanmış 4238,57 (dörd min iki yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat məhsul subsidiyası onun kart hesabına köçürülmüşdür. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq EKTİS üzərindən həyata keçirilir. Qaydanın tələblərinə əsasən, məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri ( məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə melumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir.Qeyd etməyi zəruri hesab edirik ki, həmin torpaq sahəsində istehsal edib təhvil verdiyi kondisiya çəkisi 3328,64 kq pambığın qəbul qəbzinə dair EKTİS-ə daxil edilən məlumatlar Qaydanın 5.1.1ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməmişdir.Belə ki, İddiaçı 2022-2023-cü əkin ili üzrə məhsul subsidiyasına müraciətlə əlaqədar EKTİS-ə daxil etdiyi 2,90 hektar pambığın əkin sahəsi barədə məlumatlarla istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi digər 3328,64 kq pambığın miqdarı (əlavə məhsula görə məhsuldarlıq 11,47 s/ha, cəmi məhsuldarlıq 88,39 s/ha) arasındakı məlumatda uyğunsuzluq aşkarlandığından, yəni hektara düşən pambığın miqdarı bitkinin potensial məhsuldarlığından artıq olduğu üçün ona həmin məhsula görə subsidiyanın ödənilməsi mümkün olmamışdır. Bütün bunları nəzərə alaraq hesab edir ki həmin torpaq sahəsində istehsal edilib təhvil verilmiş 3328,64 kq pambığın qəbul qəbzinə dair məlumatlar təsdiqlənmədiyi üçün həmin məhsula görə həmin torpaq sahələri üzrə əkin subsidiyası ödənilməməlidir. Göstərilənlərə, o cümlədən iddianın əsassız olmasına əsasən İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə anadan olmuş, Saatlı rayonu, Mircəlalkənd kəndində qeydiyyatdadır. - İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iddiaçıya ünvanladığı 16 may 2024-cü il tarixli 3-22/2-İ-18xx-xx-1741/2024 nömrəli məktubunda göstərilmişdir ki “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırıiması Qaydası”nın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları X19 İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. 2022-2023-cü əkin ili üzrə məhsul subsidiyası üçün müraciətlə əlaqədar EKTİS-ə daxil edilən məlumatlara əsasən 2,90 hektar torpaq sahəsində istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi kondisiya çəkisi 22308,23 kq olan pambığa görə hesablanmış məhsul subsidiyası kart hesabına köçürülmüşdür. Həmin torpaq sahəsində istehsal edib tədarük məntəqəsinə təhvil verdiyiniz kondisiya çəkisi 3328.64 ka olan pambığa dair məlumatları Qaydanın 5.1?1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün kondisiya çəkisi 3328,64 kq olan pambığa görə məhsul subsidiyası ödənilməmişdir. Qaydanın 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələrdə məhkəməyə müraciət edilə bilər. Nəzərə alınmasını xahiş etmişdir. - İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ƏKG № 029839 nğmrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC – yə 3328,64 kq pambıq vermişdir. - İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ƏKG № 029810 nğmrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC – yə 9887,01 kq pambıq vermişdir. - İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ƏKG № 030092 nğmrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC – yə 7052,45 kq pambıq vermişdir. - İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ƏKG № 030552 nğmrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC – yə 5368,77 kq pambıq vermişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********07 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Saatlı rayon, Mircəlal kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından 2,1829 ha torpaq sahəsini ümumi birgə mülkiyyət payı üzrə X7,X2, X17, X5, X13, X11, X1, X4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan JN-105B (kod ********) nömrəli şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı əsasında X12,X6, X14, X15, X16, X8, İddiaçı və X9 3.91 hektar torpaq sahəsi verilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Biləsuvar X35 Mərkəzinin məhkəməyə ünvanladığı 15 iyul 2024-cü il tarixli 3-22-3-12/2- 61/2024 nömrəli məktubunda göstərilmişdir ki, müraciətdə adı qeyd edilən İddiaçı Biləsuvar rayonu üzrə X3 qeydiyyatı mövcud deyil. Azərbaycan Respublikası Prezidentin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı məhsullarının subsidiyalaşdırıİması Qaydası”nın 2.6-cı bəndinə əsasən fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X35 mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. - İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Biləsuvar X35 Mərkəzinin məhkəməyə ünvanladığı 23 sentyabr 2024-cü il tarixli 3-22-3- 49/2-74/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin “Subsidiyanın verilməsi öhtəliyinin cavabdehin üzərinə qoyulması barədə 07 avqust 2024-cü il tarixli 2-1(120)-3899/2024 nömrəli məktubuna Saatlı X35 Mərkəzində (DAİM) aidiyyəti üzrə baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən etibarən fermerlərə subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasfna uyğun olaraq X19 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Həmin Qaydanın 3.8 -ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaq sahəsinə dair sənədləri və əkin barədə məlumatları EKTİS-ə daxil etməli, 2.6.-cı bəndinə əsasən fermerlərə subsidiyaların verilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) həyata keçirir, 2.7-1-ci bəndinə əsasən isə Kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik sahəsi üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri AKİA-nın müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Saatlı DAİM-də İddiaçı subsidiya vəsaitinin ödənilməsi barədə məlumat və məlumatı təsdiq edən sənəd yoxdur. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etmək xahiş edir. - İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0140 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı “AQRO-AZ" MMC ilə 2023 cü ilin pambıq istehsalı üçün bağladığı 305 saylı xx.xx.2023 cü il tarixli müqaviləni və cəmiyyətinə təhvil verdiyi xam pambığın qəbul qəbzlərini təqdim edir. - İş materiallarında olan 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair 305 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında 2,90 hektar torpaq sahəsində pambıq bitkisinin əkilib becərilməsi, yığılması və satışı məqsədi ilə bağlanmışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyinin məhkəməyə ünvanladığı 26 fevral 2025-ci il tarixli 3-22- 2/2-326/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı "subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı inzibati işlə əlaqədar 2022-2023-cü əkin ilində əkin bəyanlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə Agentliyə ünvanladığı sorğuya baxılmışdır. İddiaçı "X19” informasiya sisteminə (bundan sonra - EKTİS) daxil edilmiş 2,9 hektar pambıq əkininə dair bəyanının surətləri əlavə olunur (EKTİS-ə daxil edilmiş nüsxələrlə eynidir). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2022-2023-cü əkin ilində "X19” informasiya sisteminə əkin bəyanlarından görünür ki, İddiaçı əkin tarixini 2023-cü il aprel ayı qeyd etməklə, 2.9 hektar pambıq əkininə dair bəyanını xx.xx.2023-cü il tarixdə təsdiq etdirmişdir. Həmçinin 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair 305 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İddiaçı ilə "xxxx" MMC arasında 2,90 hektar torpaq sahəsində pambıq bitkisinin əkilib becərilməsi, yığılması və satışı məqsədi ilə bağlanmışdır. İddiaçı pambıq məhsuluna görə 2022-2023-cü əkin ili üzrə məhsul subsidiyası üçün müraciətlə əlaqədar EKTİS-ə daxil edilən məlumatlara əsasən 2,90 hektar torpaq sahəsində istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi kondisiya çəkisi 25636.87 kq pambıq məhsuluna görə subsidiya verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina verilərək iddiaçının vermiş olduğu bəyan üzrə 22308,23 kq olan pambığa görə hesablanmış məhsul subsidiyası kart hesabına köçürülmüşdür. Həmin torpaq sahəsində istehsal edib tədarük məntəqəsinə təhvil verdiyin kondisiya çəkisi 3328.64 ka olan pambığa dair məlumatları Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün kondisiya çəkisi 3328,64 kq olan pambığa görə məhsul subsidiyası ödənilməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qeyd olunur ki, İddiaçı mülkiyyətində olan 2.1829 ha torpaq sahəsi ilə bağlı məhkəməyə RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edərək bildirmişdir ki, həm 2.90 ha torpaq sahəsində, həm də 2.1829 ha torpaq sahəsində də pambıq əkmiş, becərmiş, lakin 2023-cü ilin may ayında bəyan vuran zaman 2.90 ha torpaq sahəsi barədə məlumatı qeyd etmiş, texniki səhvə yol verərək digər torpaq sahəsi barədə, yəni 2.1829 ha torpaq sahəsi ilə bağlı məlumatları göstərməmişdir. Bundan sonra ona 2.90 ha torpaq sahəsində əkilmiş 22308,23 kq olan pambığa görə subsidiya cavabdeh orqan tərəfindən verilmişdir. "xxxx" MMC ilə iddiaçı arasında 2,90 hektar torpaq sahəsində pambıq bitkisinin əkilib becərilməsi, yığılması və satışı məqsədi ilə müqavilə bağlanmışdır, digər torpaq sahəsində əkilən pambıq məhsulu ilə bağlı müqavilə bağlanmasa da, ümumi hər iki torpaq sahəsində əkilən və becərilən pambıq məhsullarını "xxxx" MMC-yə satmışdır və pul məbləği əldə etmişdir. 2.18 ha torpaq sahəsində həmişə pambıq əkmir, arada bostançılıq və s. kimi istifadə olunur. 2024-cü il tarixdə subsidiya ilə bağlı bəyannamə vurulan zaman yenə də 2.90 ha torpaq sahəsi barədə məlumatı qeyd etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixli bəyannaməsi üzrə yalnız 2.90 ha torpaq sahəsi barədə məlumatları qeyd etdiyi halda və digər torpaq sahəsi barədə məlumatlar göstərilmədiyi halda, sonradan məhsulun tədqarükçüyə verilməsi barədə məlumatlarda qəbzləri təqdim edərək əkilmiş pambıq məhsulunun hamısı üzrə subsidiya tələb etməkdə haqlı deyil. Belə ki, əkilən və becərilən torpaq sahələri üzrə dolğun və ətraflı bütün məlumatları bəyannamədə qeyd etmək iddiaçının öhdəliyidir. Bu barədə cavabdeh orqanın hərəkətlərində qanunsuzluğa yol verilmədiyi müəyyən edilməmişdir. Həmçinin İddiaçı ilə "xxxx" MMC arasında 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair xx.xx.2023-cü il tarixli müqavilə məhz bəyannamə üzrə qeyd edilən 2.90 ha torpaq sahəsində pambıq əkilməsi və tədarükü ilə əlaqədar olaraq razılığa gəlmişlər, yəni "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozaraq, digər 2.18 ha torpaq sahəsində yetişdirilmiş pambıq məhsulunu alması və əvəzində ödəniş qəbzləri təqdim etməsi cavabdeh orqanın təqdim edilmiş bütün ödəniş qəbzlərini qəbul edərək, digər torpaq sahəsində yetişdirilmiş pambıq məhsuluna görə subsidiya ödəməsinə əsas vermir. Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X35 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin X35 mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən 2.9-cu bəndinə əsasən, Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: qeydiyyatdan keçməni; kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; subsidiyalarla bağlı məlumatların əldə edilməsini. Həmin Qaydanın 2.10-cu bəndinə əsasən, SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür. Həmin Qaydanın 2.11-ci bəndinə əsasən, SİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər:proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.12ci bəndinə əsasən, əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. [21] Həmin Qaydanın 3.13-cü bəndinə əsasən, əkin subsidiyası məbləğinin 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə bu Qaydanın 3.12-ci bəndində müəyyən edilən formada əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur. 3.14. Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. 3.15. Fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir. 3.16. Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1 -ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cavabdeh orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2023-cü il üzrə 3328,64 kq pambıq məhsuluna görə dövlət subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2023-cü il (2022-2023) üzrə 3328,64 kq pambıq məhsuluna görə dövlət subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar