Məhkəmə qərarları › İş №2-1(120)-124/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-124/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-124/2020 03.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı (Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 10, mənzil 1-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X10 rayon şöbəsinə qarşı «ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 07 oktyabr 2019-cu il tarixli 73 saylı sərəncamına əsasən İddiaçı fəaliyyət qabiliyyəti olmayan 06.02.1973-cü il tarixdə anadan olmuş X3 üzərinə qəyyum təyin edilmişdir. X5 14 iyul 2006-cı il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin səbəbi «uşaqlıqdan» qeyd edilmişdir. X3 anası X6 05 aprel 2018-ci il tarixdə vəfat etmişdir. X1 01.10.1995-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuş və əmək pensiyası 01 aprel 2018-ci il tarixədək ödənilmişdir. İddiaçı X5 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X10 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 02 avqust 2018-ci il tarixli 64/**********1 saylı məktubunda X3 2006-cı ilin iyul ayında, yəni 33 yaşında 14 saylı TSEK tərəfindən əlilliyinin müəyyən olunduğunu əsas gətirərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası 05.04.2018-ci il tarixdə, atası 30.05.1995-ci il tarixdə vəfat etmişdir. Onların övladı, yəni bacısı İİ qrup əlil X7 2006cı ildən sosial müavinət alır. Əlilliyinin səbəbi uşaqlıqdan əlil müəyyənləşdirilmişdir. Yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndinə əsasən bacısı X7 vəfat etmiş valideyninin əmək pensiyasını almaq hüququna malikdir. Bununla əlaqədar olaraq bacısı adından Dövlət Sosial X10 rayon şöbəsinə müraciət etmişdir. Dövlət Sosial X10 rayon şöbəsi vəfat etmiş valideynin əmək pensiyasını qızına təyin etməkdən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. 21 noyabr 2019-cu il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, X5 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial X10 rayon şöbəsinin 07 yanvar 2020-ci il **********6 saylı münasibət məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya hüququ vardır. O cümlədən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə başçısının itirilməsinə görə əmək pensiyası hüquqları vardır. Nəzakət İsmayılovanın təqdim etdiyi sənədlərdən göründüyü kimi o, 06.02.1973-cü il təvəllüdlü olmaqla, 2006-cı ilin iyun ayında, yəni 33 yaşı tamam olanda, 14 saylı TSEK tərəfindən onun ilk dəfə əlilliyi müəyyən olunmuşdur. Bu səbəbdən də Qanunun 14-cü maddəsinə əsasən Nəzakət İsmayılovaya ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin olunması mümkünsüzdür. Cavabdeh Dövlət Sosial X10 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə doğum haqqında şəhadətnamənin, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın və mərhum X2 ölümü haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərini, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamından çıxarışın təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqələrinin surətlərini, cavabdehin imtina məktubunun surətini əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məktubu və mərhum X2 01.04.2018-ci il tarixədək yaşa görə əmək pensiyası alması barədə Dövlət Sosial X10 rayon şöbəsinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Bеlə ki, X7 06.02.1973-cü il tarixdə doğulmuşdur. Ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 14.07.2006-cı il tarixdə ikinci dərəcəli əlillik qrupu təyin edilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin səbəbi «uşaqlıqdan» qeyd edilmişdir. X3 anası X6 05 aprel 2018ci il tarixdə vəfat etmişdir. X1 01.10.1995-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuş və əmək pensiyası 01 aprel 2018-ci il tarixədək ödənilmişdir. Hazırda iddiaçı X5 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdeh inzibati orqan isə X3 əlilliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 18 yaşından sonra müəyyən olunmasını əsas gətirərək, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvü 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndində vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olmuş 18 yaşından yuxarı əlil ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğu nəzərdə tutulmuşdur. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək, qeyd edir ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya 18 yaşından sonra əlillik təyin edilməsinə baxmayaraq, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyinin səbəbinin «uşaqlıqdan» qeyd edilməsi iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olduğunu müəyyən edir. Belə ki, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından görünür ki, iddiaçıya 14.07.2006-cı il tarixdə əlillik qrupu təyin edilsə də, həmin müayinə aktında əlilliyinin səbəbi «uşaqlıqdan» qeyd edilmişdir ki, bu da onun 18 yaşından əvvəl sağlamlıq imkanlarının məhdud olmasını təsdiq edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə normanı tətbiq etməyə borcludur. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadan və qanunun tələbləri nəzərə alınmadan, formal əsaslarla X5 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi sonuncunun sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, iddiaçı X5 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə hesablanıb (aldığı sosial müavinət çıxılmaqla) yaranmış fərqin ödənilməsi öhdəliyi Dövlət Sosial X10 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsinə əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin və təşviq etməyi öhdələrinə götürürlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. X5 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə hesablanıb (aldığı sosial müavinət çıxılmaqla) yaranmış fərqin ödənilməsi öhdəliyi Dövlət Sosial X10 rayon şöbəsinin üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar