Məhkəmə qərarları › İş №2-1(120)-1242/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1242/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1242/2024 26.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçıların vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X25, Üçüncü şəxs X17 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədinin ləğv edilməsi və KOD 60700038, JN-231 saylı Dövlət Aktında sıra ardıcıllığına əsasən plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədinin ləğv edilməsi və KOD 60700038, JN-231 saylı Dövlət Aktında sıra ardıcıllığına əsasən plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3913/2023 saylı qərardadı ilə X26, X14 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1242/2024 saylı qərardadı ilə X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçıların iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə ailə üzvlərinə verilmiş 4,64 ha torpaq sahəsinin naturada bölünərək payının müəyyən edilməsi tələbi barədə Beyləqan rayon məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(020)-60/2020 saylı qətnaməsi ilə iddiamız təmin edilmiş, qətnamənin nəticə hissəsində “4.64 ha pay torpaq sahəsindən iddiaçılara düşən pay torpaq sahələri naturada bölünərkən, qərb hissədən bölünərək iddiaçılara təhvil verilməsi” qət edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, həmin pay torpaq sahəsinin bir hissəsi X30 mülkiyyətçilərin notarial təsdiq olunmamış bölgü sxemi əsasında satılmış, X39 həmin torpaq sahəsini X6, lakin həmin bölgü sxemi əsasında satılmış torpaq sahəsi məhkəmə qətnaməsi ilə onlara təhkim olunmuş ərazi olmaqla mülkiyyət hüququnu pozmuşdur. Belə ki, həmin torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq, DƏDRX-nin Beyləqan Ərazi İdarəsi mülkiyyətçilərin iradəsini əks etdirən bölgü sxemi olmadan həmin torpaq sahəsinin özbaşına bölgü sxemini tərtib etməklə digər mülkiyyətçilərə plan-ölçü tərtib edilməsinə və heç bir əsas olmadan onlara məxsus olan pay torpaq sahələrinin X30 və onun tərəfindən X1 şərait yaratmışdır. Bölgü sxemi olmadığı halda, idarə əməkdaşları tərəfindən bölgü sxeminin tərtib edilməsinin qanunsuz olmaqla, bizim mülkiyyət hüquqlarımızı pozmasını əsas gətirərək, plan-ölçünü tərtib etmiş DƏDRXnin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərk X10 və digərlərinin pay torpaqlarının bölgü sxemi əsasında bölünərək, onlara verilmiş torpağın plan-ölçüsünün ləğv edilərək, onlara faktiki payların yerləşmə ardıcıllığına və Beyləqan rayon məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(020)-60/2020 saylı qətnaməsinə və həmin məhkəmənin 07 aprel 2020-ci il tarixli, 2(020)-60/2020 və 06 oktyabr 2020-ci il tarixli, 2(020)-60/2020 saylı qərardadlarına uyğun olaraq payların müəyyən edilmiş ardıcıllığına görə plan-ölçünün tərtib edilməsini xahiş etmişdir. DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi 27 iyul 2023-cü il tarixli 3-21-3-45/2-KOL-011-8/2020 saylı məktubu ilə müraciətimizə qeyri-məyyən cavab vermiş, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsini nəzərinə çatdırmışdır. Həmin məktubda göstərilən mövqeni müraciətinə imtina cavabı kimi qəbul edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi, cavabdeh DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə ailə üzvlərimizə verilmiş 4,64 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədi olan KOD: 607000** JN *** saylı Dövlət Aktına uyğun olaraq 3-cü şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsi və KOD: 607000** JN *** saylı Dövlət Aktında sıra ardıcıllığına əsasən plan-ölçü sənədlərinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və onun təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X40 izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X35 izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X39, X31 və X18 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər X26, X14 və X10 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Beyləqan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıların vəkilinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 27 iyul 2023-cü il tarixli, 3-21-3-45/2-KOL- 011-8/2023 nömrəli məktubunda qeyd olunmuşdur: torpaq sahələrinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilərək faktiki payların yerləşmə ardıcıllığına və Beyləqan rayon Məhkəməsinin qətanamə və qərardadına uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtib edilməsi barədə xx.xx.2023-cü il tarixli kollektiv müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, daxil olmuş müraciətiniz əsasında aparılmış araşdırmalar zamanı müraciətə əlavə edilmiş JN-231, KOD 60700038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 231 nömrəli konturunda göstərilən 1.235 ha torpaq sahəsinin siz və digər ailə üzvləriniz tərəfindən İmişli regional Asan Xidmət Mərkəzinin 4Ə-583 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, müraciətə əlavə edilmiş JN-231, KOD 60700038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 231 A nömrəli konturunda göstərilən 3.4069 ha torpaq sahəsinin 2.0 ha hissəsinin isə siz və digər ailə üzvləriniz tərəfindən Beyləqan rayon 2 saylı dövlət notariat kontorunun 4Ə-233 nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, həmçinin alıcı və satıcı tərəfindən imzalanmaqla Beyləqan rayon 2 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixində 7E4977/4978 nömrə ilə təsdiq edilmiş bölgü planı əsasında X7 sonuncu tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, müraciətə əlavə edilmiş JN-231, KOD 60700038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 231 A nömrəli konturunda göstərilən 3.4069 ha torpaq sahəsinin 1.4069 ha hissəsinin siz və digər ailə üzvləriniz tərəfindən İmişli regional Asan xidmət Mərkəzinin 4Ə-46 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununur 2.3 və 2.4-cü maddələrinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan JN 0231, kod 60700038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından, plan çizgisindən və torpaq sahəsinin qaiməsindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli, 107 nömrəli qərarı ilə 4.64 ha torpaq sahəsi ünvan 2 sakini X10 və onun ailə üzvləri X9, İddiaçı2, İddiaçı2ə İbrahim qızının, X8 və X11 mülkiyyətinə verilmişmişdir. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)- 60/2020 nömrəli qətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia tələbi təmin edilmiş, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli, 107 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN:231, KOD-60700038 dövlət aktına əsasən Beyləqan rayonunun Aşağı Çəmənli qəsəbəsi ərazisində yerləşən X10 və qeyrilərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 4,64 hektar pay torpaq sahəsindən iddiaçılar İddiaçı2 0,5678 hektar, İddiaçı1 0,5678 hektar, İddiaçı3 0,0678 ha payı mülkiyyətçilərin sıra ardıcıllığı əsasında (iddiaçıların adı 3-5-ci sıradadır) naturada ayrılaraq onlara təhkim edilməsi qət edilmişdir. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)- 60/2020 nömrəli qərardadının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-60/2020 nömrəli qətnaməsində düzəliş edilməsi, qətnamənin nəticə hissəsində 4,64 hektar pay torpaq sahəsindən iddiaçılara düşən pay torpaq sahələri naturada bölünərək qərb hissədən bölünərək iddiaçılara təhvil verilməsi sözləri əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3- 21-3-45/2-7584/2023 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, X13 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədinin ləğv edilməsi və KOD 60700038, JN-231 saylı Dövlət aktında sıra ardıcıllığına əsasən plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, JN-231, KOD 60700038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 231 nömrəli konturunda göstərilən 1.235 ha torpaq sahəsinin siz və digər ailə üzvləriniz tərəfindən İmişli regional Asan xidmət Mərkəzinin 4Ə-583 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki; JN-231, KOD 60700038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 231A nömrəli konturunda göstərilən 3.4069 ha torpaq sahəsinin 2.0 ha hissəsinin isə siz və digər ailə üzvləriniz tərəfindən Beyləqan rayon 2 saylı dövlət notariat kontorunun 4Ə-233 nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, həmçinin alıcı və satıcı tərəfindən imzalanmaqla Beyləqan rayon 2 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixində 7E4977/4978 nömrə ilə təsdiq edilmiş bölgü planı əsasında X7 sonuncu tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi müəyyən edilmişdir. Həmçinin, JN-231, KOD 60700038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 231A nömrəli konturunda göstərilən 3.4069 ha torpaq sahəsinin 1.4069 ha hissəsinin siz və digər ailə üzvləriniz tərəfindən İmişli regional Asan xidmət Mərkəzinin 4Ə-46 nömrəli, 27.01,2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd etdiyimiz şəxslərin adına verilmiş plan və ölçü sənədiləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 8-13-cü maddələrinə əsasən verilmişdir. Məlumat üçün bildiririk ki, çıxarışın və plan və ölçü sənədinin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu və 139.1-ci maddəsinə əsasən daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8-13-cü və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139.1 və 140-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddiaçılar İddiaçı1, X13 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədinin ləğv edilməsi və KOD 60700038, JN-231 saylı Dövlət aktında sıra ardıcıllığına əsasən plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-37-2/2-1121/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan Rayon icra Hakimiyyəti xx.xx.2023-cü il tarixli, 2-1(120)-3913/2023 nömrəli məktubunuza cavab olaraq Beyləqan rayonunda aparılan torpaq islahatı ilə bağlı Yerli və Rayon Aqrar islahat Komissiyalarının qərarları və arxiv sənəd materialları nə Beyləqan Rayon İcra Hakimiyyətinə, nə də Beyləqan Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Beyləqan Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-8RA/2- 108/2023 nömrəli məktubu Sizə göndərilir. Xahiş edirik, nəzərə alasınız. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli çıxarışın surətindən və xx.xx.2015-ci il tarixli, AA 003941 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.4069 ha torpaq sahəsi X10 (0.0678 ha), X11 (0.0678 ha), X9 (0.0678 ha), İddiaçı1 (0.5678 ha), İddiaçı2 (0.5678 ha), İddiaçı3 (0.0678) mülkiyyətinə verilmiş və torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı2, İddiaçı3, İddiaçı1, X18, X15, X21 ilə X31 arasında ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.4069 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən alıcı X14 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli çıxarışın surətindən və xx.xx.2020-ci il tarixli, A 481520 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.235 ha torpaq sahəsi X10, X11, X9, İddiaçı3, İddiaçı2, İddiaçı2ə İbrahim qızının mülkiyyətinə verilmiş və torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X18, X15, İddiaçı3, İddiaçı2, X21, İddiaçı1 ilə X31 arasında ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.235 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən alıcı X14 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X18, X15, İddiaçı3, X21 ilə X39 arasında ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 4.642 ha torpaq sahəsindən 2 (iki) ha torpaq sahəsini paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən alıcı X14 mülkiyyətinə verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1052/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 10/358 nömrəli ekspert rəyinin və mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: 1 X17 mülkiyyətində olan ünvan 3ində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********37 olan Çıxarışla 2.0 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. 2 ünvan 3ində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********37 olan X5 xüsusi mülkiyyətində olan 2.0 ha torpaq sahəsi cavabdeh X46 tərəfindən istifadə olunur. 3 Cavabdeh X32 istifadəsində olan torpaq sahəsinə aid “Torpağa mülkiyyət hüququnu” təsdiq edən sənəd mövcud olmadığına görə iddiaçı X17 xüsusi mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxivi İdarəsi Beyləqan rayon İcra Hakimiyyəti Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-8RA/2- 110/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyası arxiv sənəd materiallarını mühafizə üçün Beyləqan rayon Dövlət Arxivinə təhvil vermədiyi səbəbindən vətəndaş X10 və onun ailə üzvlərinin 4.64 ha torpaq sahəsinə dair Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli. 107 saylı qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlər barədə Beyləqan rayon Dövlət Arxivində məlumat və ya sənəd aşkar edilmədi. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2(020)-60/2020 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçılar X13, İddiaçı1 və X12 cavabdehlər X22, X39, X35 və Beyləqan rayon İİ saylı Notariat Kontoruna qarşı əmlak payı kimi Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli, 107 saylı qərarı ilə verilmiş 4.64 ha torpaqdan pay tələbinə və qanunsuz alqı-satqı müqaviləsinin ləğvinə dair mülki işə xx.xx.2020-ci il tarixdə Beyləqan Rayon Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(020)-60/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2020-ci il tarixdə icrası üçün Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən icra sənədi üzrə tələb tam təmin edildiyindən icraata xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-231, KOD 60700038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 231 A nömrəli konturunda göstərilən 3.4069 ha torpaq sahəsinin 2.0 ha hissəsinin X18, X15, X21, İddiaçı3 tərəfindən Beyləqan rayon 2 saylı dövlət notariat kontorunun 4Ə-233 nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, həmçinin alıcı və satıcı tərəfindən imzalanmaqla Beyləqan rayon 2 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixində 7E4977/4978 nömrə ilə təsdiq edilmiş bölgü planı əsasında X7 sonuncu tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilmişdir. Hazırda mübahisələndirilən xx.xx.2014-cü il tarixdə tərtib olunmuş bölgü planı satan hissəsində X16, alan hissəsində X36 tərəfindən imzalanması müəyyən olunmuşdur. Məhkəmə iddiaçının iddia tələbini o vaxt əsaslı və ya bunun əksi olaraq cavabdeh inzibati orqanın hərəkətlərini o zaman qanunsuz hesab edə bilərdi ki, bölgü planın tərtib edilməsi zamanı satıcılar tərəfindən hər hansı münasibət bildirilməsin, onların iştirakı vəya iradə ifadəsi öz əksini tapmasın. Lakin yuxarıda sadalanan sübutlardan göründüyü kimi xx.xx.2014-cü il tarixdə tərtib olunmuş bölgü planında Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə torpaq sahəsi ayrılarkən ailə başçısı hesab edilən X23 iştirak etmiş, öz iradə ifadəsini imzası ilə təsdiq etmiş, ondan sonra Beyləqan rayon 2 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qeydiyyat aparan orqan kimi cavabdeh inzibati orqan plan və ölçü sənədinin ləğv edilməsi və KOD 60700038, JN-231 saylı Dövlət Aktında sıra ardıcıllığına əsasən plan və ölçü sənədinin hazırlanması tələbi ilə bağlı iddiaçının ilkin müraciətindən imtina edərkən haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. Belə ki, «İnzibati iсraat haqqında» AR Qanununun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci, 15.1.3-cü və 15.1.5-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə və daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün konkret əsaslar müəyyən edilmişdir. Həmin əsaslar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahısında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda yer almışdır. Həmin hüquq normalarında əks olunan sənədlər hüquq sahibinə imkan verir ki, daşınmaz əmlak üzərində hüququ qeydiyyata alınsın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci, 15.1.3-cü və 15.1.5-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə və daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8, 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yenə həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, iddiaçılar ilə X39 arasında alqı-satqı bağlanan zaman iddiaçıların şifahi qaydada razılaşması, torpaq sahəsinin hazırda mübahisəli hissəsinin yox digər hissəsini satılmasını, torpaq sahəsinin mübahisəli hissəsinə onların razılığı olmadan plan-ölçü sənədinin hazırlanması hər hansı mötəbər subutla öz təsdiqini tapmamışdır. Bundan başqa X39 ilə X35 arasında xx.xx.2018-ci il tarixdə notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda həmin mübahisəli torpaq sahəsinin mülkiyətçisi X29r. Məhkəmə hesab edir ki, iddiaçılar plan bölgü sxeminin hazırlanması zaman qanuni əsaslarla hazırlanmadığını təsdiq edən sübutları, başqa sözlə həmin torpaq sahəsini yox digər hissəni X4 dair qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı da bu hallar müəyyən olunmadığından onun plan və ölçü sənədinin ləğv edilməsi və KOD 60700038, JN-231 saylı Dövlət Aktında sıra ardıcıllığına əsasən plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin qanuni əsasları yoxdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədinin ləğv edilməsi və KOD 60700038, JN-231 saylı Dövlət Aktında sıra ardıcıllığına əsasən plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədinin ləğv edilməsi və KOD 60700038, JN-231 saylı Dövlət Aktında sıra ardıcıllığına əsasən plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar