Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1244/2023 10.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «mənzil kirayə pulunun verilməsi və ödənilməyən ayların ödənilməsi» barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı «mənzil kirayə pulunun verilməsi və ödənilməyən ayların ödənilməsi» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.2014-cü il tarixədək zabit kimi Ədliyyə Orqanlarında qulluq keçmiş və “Ədliyyə orqanalarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 40.1.10-cu maddəsinə əsasən Ədliyyə mayoru kimi pensiyaya çıxmışdır. Xidmətimin xx.xx.1979-xx.xx.1997-ci illərini N saylı hərbi hissədə xidmət etmişdir. Azərbayca Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17/3-172 nömrəli arayışındada bu öz əksini tapmışdır. O, ehtiyatda olan hərbi qullquçu kimi kirayə pulunun ödənilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixli, 446 nömrəli imtina məktubu ilə onun müraciətindən imtina etmiş. Bu imtina tam əsassızdır və həmin hüquqlarını kobut şəkildə pozmuşdur. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsin xx.xx.2022-ci il tarixli, 2846 nömrəli arayışındada qeyd edilmişdirki nə onun nədə ailə üzvlərinin adında heç bir daşınmaz əmlak qeydə alınmamışdır. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara xidməti mənzil verilmədiyi halda və ehtiyatda və istefada olan hərbi qulluqçular mənzillə təmin edilmədiyi halda kirayə mənzil pulu verilməlidir. Kirayə pulunun məbləği isə Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə verilir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddiaya qarşı etirazla bildirmişdir ki, Azərbaycan Respublikasının Hərbi Qulluqçuların Statusu haqqında Qanunun 12-ci maddəsinin yeddinci bəndinin tələblərinə əsasən yaşma, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və Qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvəqqəti qeydiyyatda olduğu yerlərdə yaşayış sahəsi alana kimi kirayə haqqı ilə təmin edilirlər. İddiaçı 1975-1977-ci illərdə SSRİ Silahlı qüvvələrində müddətli hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Ədliyyə Orqanlarında qulluq keçmiş və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 40.1.10-cu maddəsinə əsasən(qulluqda olmanın yaş həddinə şatdıqda) pensiyaya çıxmaqla Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı Ədliyyə orqanlarında qulluq keçməsinə və ədliyyə qulluqçusu kimi təxris olunmasına baxmayaraq, Cavabdehnə ehtiyatda olan hərbi qulluqçu kimi kirayə pulunun ödənilməsi barədə müraciət etmişdir. Müraciətinə əsasən İcra Hakimiyyətində mənzil növbəliyinə götürülmüş, 2017-2019-cu illərdə ona kirayə haqqı ödənilmişdir. 2019-cu ilin oktyabr ayında mənzil şəraiti barədə dəqiqləşmə aparılmış və məlum olmuşdur ki, İddiaçı kirayədə deyil, daimi qeydiyyatda olduğu Salyan rayon Yenikənd kəndində yerləşən özünəməxsus iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 100 kv.metr olan evdə yaşayır. (Əsas: Cavabdeh başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 346 saylı arayışı). İddiaçı 17.05,2022-ci il tarixdə təkrar olaraq Cavabdehnə ehtiyatda olan hərbi qulluqçu kimi kirayə pulunun ödənilməsi barədə müraciət etmiş, lakin ehtiyatda olan hərbi qulluqçu kimi təxris olunmasına və kirayədə yaşamasını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. İddiaçı Ədliyyə qulluqçusu kimi təxris olunduğunu, “Hərbi Qulluqçuların Statusu haqqında” Qanunun 12-ci maddəsində qeyd olunduğu kimi müvəqqəti deyil, daimi qeydiyyatda olduğu və özüıiəməxsus evdə yaşadığı üçün ona müvəqqəti mənzil kirayə haqqının ödənilməsi dayandırılmış və ona bu barədə rəsmi qaydada məlumat verilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdehnə qarşı “Ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti mənzil kirayə pulunun verilməsi və ödənilməyən ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin keçmiş iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 etiraz ərizəsində qeyd edilənləri təsdiqləyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, İddiaçı Cavabdehnə qarşı mənzil kirayə pulunun verilməsi və ödənilməyən ayların ödənilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş və Salyan rayonu, Yenikənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli, 172 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 12.02,1979-cu il tarixdən (əmr № 36) xx.xx.2014-cü il tarixədək (əmr № 949 ş/h) Penitensiar xidmətdə xüsusi rütbəli əməkdaş kimi qulluqda olmuş və qulluq müddətində xx.xx.1979-cu il tarixdən xx.xx.1997-ci il tarixədək N sayh hərbi hissədə nəzarətçi, böyük nəzarətçi, nəzarətçilər taqımının komandiri, taqım komandiri, bölük komandiri vəzifələrində işləmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı, Babaşova (Cavadova) Məlahət Əsgər qızının, Teymurbəyova (Babaşova) Gülnar Əhədağa qızının və Babaşov Tamerlan Əhədağa oğlunun adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 99 nömrəli arayışından görünür ki, istefada olan ədliyyə mayoru İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə, xx.xx.1979-cu il tarixdən xx.xx.2014-cu il tarixədək zabit kimi ƏO-da qulluq keçmiş və Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 40.1.10-cu maddəsinə əsasən (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla qulluq keçməsinə xitam verilmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 168 nömrəli arayışından görünür ki, İddiaçı ondan ötəri ki, həqiqətən o, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə, xx.xx.1979-cu il tarixdən xx.xx.1997-ci il tarixədək N saylı hərbi hissədə nəzarətçi,böyük nəzarətçi,nəzarətçilər tağımının komandiri,tağım komandiri,bölük komandiri vəzifəsində hərbi xidmət keçmiş və xx.xx.2014-cü il tarixdə Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 40.1.10-cu maddəsinə əsasən (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla qulluq keçməsinə xitam verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən: - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. - Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. - Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Göründüyü kimi iddiaçının kirayə haqqının alması üçün əsas arqumentlərdən biri kirayədar olmasıdır, yıni digər mülkiyyətçi olan şəxslə kirayə müqaviləsi bağlaması və həmin kiayə müqaviləsi üzrə yaşayış sahəsində yaşamasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı İcra Hakimiyyətində mənzil növbəliyinə götürülmüş, 2017-2019-cu illərdə ona kirayə haqqı ödənilmişdir. Lakin 2019-cu ilin oktyabr ayında mənzil şəraiti barədə dəqiqləşmə aparılmış və məlum olmuşdur ki, İddiaçı kirayədə deyil, daimi qeydiyyatda olduğu Salyan rayon Yenikənd kəndində yerləşən özünəməxsus iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 100 kv.metr olan evdə yaşayır. (Əsas: Cavabdeh başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 346 saylı arayışı) Bundan başqa İddiaçı ilə Cavabdeh arasında müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay ödənilməsi nəzərdə tutulan məbləğin ödənilməsinə dair heç-bir kirayə müqaviləsi bağlanmamışdır. Göründüyü kimi iddiaçı Cavabdeh ilə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay ödənilməsi nəzərdə tutulan məbləğin ödənilməsinə dair kirayə müqaviləsinin bağlanmadığından o, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmkdə haqlı deyil. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı Cavabdehnə qarşı mənzil kirayə pulunun verilməsi və ödənilməyən ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1244/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1244/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver