Məhkəmə qərarları › İş №2-1(120)-1247/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1247/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1247/2021 13.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Yağınəli oğlunun, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 7 saylı regional ərazi filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Yağınəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 7 saylı regional ərazi filialına qarşı «işlədiyi illərin sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2021-ci il tarixdə, məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Yağınəli oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 7 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 mart 1977-ci ildən 20 avqust 1986-cı ilə kimi Astara rayonu Selxoztexnika müəssisəsində işlədiyi dövrü ona iş stajı kimi hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 03 yanvar 1955-ci ildə Astara rayonu Əsxənəkəran kəndində doğulmuşdur. Hal-hazırda Astara rayonu Maşxan kəndində yaşayır. O, 1972-ci ilin iyun ayının 1-də 193 saylı əmrlə Astara rayonu Əsxənəkəran kənd “Kuybışov” adına sovxoza fəhlə qəbul olunmuş və aylıq əmək haqqı gördüyü işə görə ona verilmişdir. O, 1972-ci ilin iyul ayının 24-də 204 saylı əmrlə işdən azad olunmuşdur. 14 noyabr 1973-cü ildə Ordu sıralarına getmiş və 16 noyabr 1975-ci ilə kimi Ordu sıralarında qulluq etmişdir ki, həmin illər onun əmək kitabçasına yazılmamışdır. 23 yanvar 1976-cı ildə 18 saylı əmrlə Astara kərpic zavoduna fəhlə qəbul olunmuş, 09 sentyabr 1976-cı ildə 191 saylı əmrlə işdən azad olunmuşdur. 10 oktyabr 1976-cı ildən PMK-26 müəssisəsinə betonçu vəzifəsinə qəbul olunmuş, 11 mart 1977-ci ildə işdən azad olunmuşdur. 14 mart 1977-ci ildə Astara Sovxoztexnika müəssisəsinə şofer vəzifəsinə qəbul olunmuş, 1986-cı ilə kimi həmin müəssisədə işləmişdir. İşlədiyi həmin illər onun əmək kitabçasında qeyd olunmuşdur. Əmək pensiyası almaq məqsədi ilə DSMF publik hüquqi şəxsin 7 saylı Regional Ərazi fılialına müraciət etmişdir. DSMF publik hüquqi şəxsin 7 saylı Regional Ərazi fılialının ona ünvanladığı 17 may 2021-ci il tarixli, **********5 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası “X8” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017 - ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən 14.03.1977-ci ildən 20.08.1986-cı ilədək Astara rayon Selxoztexnika müəssisəsində işləməyinizə dair əmrləri və həmin müəssisədə işləməyinizə dair 1977- 1982-ci ilədək əmək haqqlarını yoxlamaq mümkün olmadığı üçün (Yoxlama zamanı sənədlərin Astara rayon Dövlət Arxivinə təhvil verilmədiyi məlum oldu) Sizin 25 il sığorta stajınız təsdiq olunmadı və yaşa görə əmək pensiyası təyin etmək qanuna müvafiq deyildir. Əmək pensiyası qanuna görə əmək kitabçasına əsasən təyin edilir. Onun həmin illərdə Astara Selxoztexnika müəssisəsində işləməyi əmək kitabçası və digər illər üçün aldığı əmək haqqı arayışları ilə təsdiq olunur. Buna görə də həmin illər də ona əmək stajı kimi hesablanmaldır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 7 saylı regional ərazi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X8” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Məlumat üçün bildirirlər ki, iddiaçının hüququnun yarandığı 03.01.2019-cu il tarixə kişilərin pensiya yaşı 64 yaş müəyyən edilmişdir. “X8” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirirlər ki, İddiaçı təqdim etdiyi əmək kitabçası və hərbi biletinə əsasən ümumi iş stajı qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. Belə ki, iddiaçının mübahisəsiz sığorta stajı 14.11.1973-12.11.1975-ci illərdə hərbi xidmət dövrü, 22.01.1976-09.09.1976-cı illərdə Lənkəran kərpic zavodunda işlədiyi dövr, 01.04.1993-13.09.2002-ci illərdə Dövlət Sərhəd Xidmətində işlədiyi dövrdür. Masallı rayon Dövlət Arxivinin 16 may 2021-ci il tarixli, A-211 nömrəli arxiv arayışında 12.10.1976- 12.03.1977-ci illərdə işə girmə və işdən azad olma əmrlərində ata adının düzgün yazılmaması (Yaznəli,Yaqnəli), 14.03.1977-ci ildən 20.08.1986-cı ilədək Astara rayon Selxoztexnika müəssisəsində işləməyinə dair əmrləri və həmin müəsisədə 1977-1981-ci illərin əmək haqlarının yoxlanılmasının mümkün olmaması (Yoxlama zamanı sənədlərin Astara rayon Dövlət arxivinə təhyil verilmədiyi məlum oldu), 19.08.1986-23.03.1994-cü illərdə Astara ATP-3-də (aylar üzrə ardıcıl əmək haqqı yoxdur) 1986-cı ildə 4 ay, 1987-ci ildə 12 ay, 1988-ci ildə 11 ay, 1989-cu ildə 11 ay, 1990-cı ildə 10 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 9 ay, 1993-cü ildə 1 ay əmək haqqı alması, 1994-cü ildə əmək haqqı almaması səbəbindən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Buna görə də 25 il sığorta stajı təsdiq olunmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Əlavə olaraq bildirirlər ki, 07 saylı regional ərazi filialının Astara rayon qəbul şöbəsinin 05.05.2021-ci il tarixli Yoxlama aktına əsasən Astara rayonu Selxoztexnika müəsssisəsinin əmr kitabları arxivdə saxlanılmadığından iddiaçının 1977-ci ildə həmin müəssisəyə daxil olması və 1986-cı ildə işdən çıxmasının yoxlanılması mümkün olmamışdır. Arxivdə saxlanılan əmək haqqı kitablarına əsasən iddiaçı 1982-ci ildə 12 ay, 1983-cü ildə 12 ay, 1984-cü ildə əmək haqqı yoxdur, 1985-ci ildə 12 ay, 1986-cı ildə İ-Vİİİ aylar əmək haqqı almışdır. 1977-1981-ci illərin əmək haqqı kitabları rayon arxivində saxlanılmır”. Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən 1977-1986-cı illərdə işlədiyi Astara rayonu Selxoztexnika müəsssisəsindəki iş stajının tam yoxlanılması mümkün olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Qeyd edilməlidir ki, Qanunun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 03.01.2019-cu il tarixə tələb olunan pensiya kapitalı 17245,17 manatdır. Həmçinin bildirirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Alt Sisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsini tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, İddiaçı Yağınəli oğlunun Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajı və ya 17245,17 manat pensiya kapitalı, eləcə də, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bu səbəbdən vətəndaşa yaşa görə əmək pensiyasınm təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “X8” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid is stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik 01.01.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabcasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış 01.01.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Lakin iddiaçının əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək olan Astara rayonu Selxoztexnika müəsssisəsindəki iş stajı nə Dövlət arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon Dövlət Arxivinin 05.05.2021-ci il tarixli, 38 nömrəli məktubuna əsasən Astara rayon “Azerselxoztexnika” müəssisəsinin 1977-1986-cı illərin əmr kitabları və 1977-1981-ci illərin əmk haqqı kitabları rayon arxivinə təhvil verilmədiyinə görə İddiaçı Yağınəli oğluna arxiv arayışı tərtib etmək tərəflərindən imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X8” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “X8” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Yağınəli oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Yağınəli oğluna məxsus əmək kitabçasının surətindən görünür ki, o, 01.06.1972-ci ildə 193 nömrəli əmrlə Astara rayon “Kuybışev” adına sovxoza fəhlə qəbul edilmiş, 04.07.1972-ci ildə 204 nömrəli əmrlə ərizəsinə əsasən Astara rayon “Kuybışev” adına sovxozdan fəhlə kimi işdən azad edilmişdir. 23.01.1976-cı ildə 18“A” nömrəli əmrlə Astara Kərpic zavoduna fəhlə vəzifəsinə qəbul edilmiş, 29.01.1976-cı ildə 24 nömrəli əmrlə sürücü vəzifəsinə keçirilmiş, 11.08.1976-cı ildə 122 nömrəli əmrlə “Kərpic daşıyan” vəzifəsinə keçirilmiş, 09.09.1976-cı ildə 191 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. 10.10.1976-cı ildə 144 nömrəli əmrlə “Lənkəransutikinti” trestinin SMD-26-a ikinci dərəcəli betonçu kimi işə qəbul edilmiş, 12.03.1977-ci ildə 44 nömrəli əmrlə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, 14.03.1977-ci ildə 65 nömrəli əmrlə Astara rayon “Azər kənd təsərrüfatı texnikası” müəssisəsinə 3-cü dərəcəli sürücü işinə qəbul edilmiş, 29.03.1982-ci ildə 42 nömrəli əmrlə yeni gətirilmiş “Qaz-53” markalı avtomaşına köçürülmüş, 24.09.1984-cü ildə 151 nömrəli əmrlə yeni gətirilmiş “MMZ-554” markalı avtomaşına köçürülmüş, 20.08.1986-cı ildə 216 nömrəli əmrlə Astara rayon “ATP-3”ə 3-cü dərəcəli sürücü kimi işə qəbul edilmiş, Azərbaycan SSR “Qosaqroprom”un 14.07.1986-cı il tarixli, 466 nömrəli əmri ilə Astara rayon “ATP-3”in adı dəyişdirilərək Astara rayon “STP” adlandırılmış, 23.03.1994-cü ildə 69 nömrəli əmrlə işdən azad edilmiş, 01.04.1994-cü ildə “Azərqızılkəşfiyyat” dövlət firmasının Talış axtarış partiyasına 3-cü dərəcəli axtarış işlərində fəhlə qəbul edilmiş, 30.12.1994-cü ildə 53 nömrəli əmrlə işdən azad edilmiş, 01.04.1995-ci ildə “Azərqızılkəşfiyyat” dövlət firmasının Talış axtarış partiyasına 3-cü dərəcəli axtarış işlərində fəhlə qəbul edilmiş, 15.12.1995-ci ildə 48 nömrəli əmrlə işdən azad edilmiş, 01.05.1996-cı ildə 158 nömrəli əmrlə “Azərqızılkəşfiyyat” dövlət firmasının Talış axtarış partiyasına 3-cü dərəcəli axtarış işlərində fəhlə qəbul edilmiş, 20.12.1996-cı ildə 53 nömrəli əmrlə işdən azad edilmiş, 01.04.1997-ci ildə 82 nömrəli əmrlə “Azərqızılkəşfiyyat” dövlət firmasının Talış axtarış partiyasına 3-cü dərəcəli axtarış işlərində fəhlə qəbul edilmiş, 10.12.1998-ci ildə 37 nömrəli əmrlə işdən azad edilmiş, 01.03.1999-cu ildə 11 nömrəli əmrlə “Azərqızılkəşfiyyat” dövlət firmasının Talış axtarış partiyasına 3-cü dərəcəli axtarış işlərində fəhlə qəbul edilmiş, 31.08.1998-ci ildə 38 nömrəli əmrlə işdən azad edilmiş, 15.04.2000-ci ildə 168 nömrəli əmrlə “Azərqızılkəşfiyyat” dövlət firmasının Talış axtarış partiyasına 3-cü dərəcəli geoloji-axtarış planalma işlərində fəhlə qəbul edilmiş, 01.11.2000-ci ildə 13 nömrəli əmrlə işdən azad edilmiş, 02.04.2001-ci ildə 9 nömrəli əmrlə “Nəcibmetalgeologiya” müəssisəsi Talış geoloji-axatrış dəstəsi, çöl mövsümünə 2-ci dərəcəli yardımçı fəhlə vəzifəsinə qəbul edilmiş, 14.12.2001-ci ildə 27 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı Yağınəli oğluna məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 01.04.1993-cü ildə 75 nömrəli əmrlə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığına işçi qismində işə qəbul edilmiş, 13.09.2002-ci ildə 233 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 06.05.2021-ci il tarixli, 04 saylı arayışından görünür ki, Əliyev X1 zavoduna 23 yanvar 1976-cı ildə 18 nömrəli əmrlə işə qəbul edilmiş, 09 sentyabr 1976-cı ildə 191 nömrəli əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 16.05.2021-ci il tarixli, A-211 saylı arayışından görünür ki, İddiaçı Yağınəli oğlu 12.06.1976-cı il tarixli, 144/1 saylı əmrlə “Lənkəransutikinti” trestinin Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq 26 saylı X2”nə (SMD-26) 10.10.1976-cı ildən 2-ci dərəcəli betonçu qəbul edilmiş, 12.03.1977-ci il tarixli, 44/7 saylı əmrlə ərizəsinə əsasən 11.03.1977-ci ildən işdən azad edilmişdir. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 24.05.2021-ci il tarixli, A/363 saylı arayışından görünür ki, Astara rayon kənd təsərrüfatı maşınlarının xidməti şöbəsinin “MTS” sənədləri X10 filialına təhvil verilməmişdir. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli, 171 saylı arayışından görünür ki, Əliyev X4 rayon Əsxanakəran kənd “Kuybışev” adına sovxozun əmr və əmək haqqı kitablarına əsasən 01 iyun 1972-ci il tarixli, 193 saylı əmrilə sovxoza fəhlə qəbul edilmiş, 1972-ci il iyul ayının 24-də 204 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli, 171/1 saylı arayışından görünür ki, Əliyev X4 rayon Sovxoztexnika müəssisəsinin əmək haqqı kitablarına əsasən 1982, 1983, 1985-1986-cı illərdə əmək haqqı almışdır. Qeyd: Astara sabiq Sovxoztexnika müəssisəsinin 1977-1986-cı illərin əmr kitabları və 1977-1981-ci illərin əmək haqqı kitabları rayon arxivinə təhvil verilmədiyinə görə İddiaçı Yağınəli oğlunun həmin ildə işə daxil olma, işdən azad olunma əmri və əmək haqqı qeydini aşkar etmək olmadı. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli, 171/2 saylı arayışından görünür ki, Əliyev X4 rayon sabiq 3 saylı “Avtonəqliyyat” müəssisəsinin əmr və əmək haqqı kitablarına əsasən 19 avqust 1986-cı il tarixli, 215 saylı əmrilə müəssisəyə sürücü qəbul edilmiş, 1994-cü ilin mart ayının 23-də 69 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 17.05.2021-ci il tarixli, **********5 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 7 saylı regional ərazi filialı Sizin 04.05.2021-cil tarixli ərizənizə cavab olaraq bildirir ki, ”X8” Azərbaycan Respublikasınin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların(Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda vaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən 14.03.1977-cü ildən 20.08.1986-cı ilədək Astara rayon selxoztexnikum müəssisəsində işləməyinizə dair əmrləri və həmin müəsisədə işləməyinizə dair 1977-1982-ci ilədək əmək haqqlarını yoxlamaq mümkün olmadığı üçün (Yoxlama zamanı sənədlərin Astara rayon Dövlət arxivinə təhvil verilmədiyi məlum oldu) Sizin 25 il sıgorta stajiniz təsdiq olunmadı və yaşa görə əmək pensiyası təyin etmək Qanunamüvafiq deyildir. Məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 03.01.1955-ci il tarixdə Astara rayonu Əsxənəkəran kəndində doğulmuş, 14 noyabr 1973-cü il tarixdən 12 noyabr 1975-ci il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş (1 il 11 ay 28 gün); 01.06.1972-ci ildən 24.07.1972-ci ilədək Astara rayon “Kuybışev” adına sovxozda fəhlə (1 ay 24 gün), 23.01.1976-cı ildən 09.09.1976-cı ilədək Astara Kərpic zavoduna fəhlə (7 ay 17 gün); 10.10.1976-cı ildən 11.03.1977-ci ilədək “Lənkəransutikinti” trestinin SMD-26-a ikinci dərəcəli betonçu (5 ay 01 gün); 14.03.1977-ci ildən 18.08.1986-cı ilədək Astara rayon “Azər kənd təsərrüfatı texnikası” müəssisəsində sürücü (9 il 5 ay 04 gün); 20.08.1986-cı ildən 13.03.1994-cü ilədək Astara rayon 3 nömrəli avtomobil nəqliyyatı müəssisəsində sürücü (7 il 7 ay 03 gün); 01.04.1994-cü ildən 30.12.1994-cü ilədək (9 ay), 01.04.1995-ci ildən 15.12.1995-ci ilədək (8 ay 15 gün), 01.05.1996-cı ildən 20.12.1996-cı ilədək (7 ay 20 gün), 01.04.1977-ci ildən 10.12.1998-ci ilədək (1 il 8 ay 10 gün), 01.03.1999-cu ildən 31.08.1999-cu ilədək (6 ay), 15.04.2000-ci ildən 01.11.2000-ci ilədək (6 ay 15 gün) “Azərqızılkəşfiyyat” dövlət firmasının Talış axtarış partiyasına 3-cü dərəcəli geoloji-axtarış planlama işlərində fəhlə; 02.04.2001-ci ildən 14.12.2001-ci ilədək “Nəcibmetalgeologiya” müəssisəsi Talış geoloji axtarış dəstəsi, çöl mövsümünə 2-ci dərəcəli yardımçı fəhlə (8 ay 12 gün) vəzifəsində işləmişdir. (ümumilikdə cəmi 25 il 8 ay 29 gün). Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01.04.1993-13.09.2002-ci illərdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığında işçi kimi işləmişdir. Bundan əlavə, iş materiallarında olan Dövlət Sosial Müdafiə X14 Şəxsinin 7 saylı regional ərazi filialının Astara rayon qəbul şöbəsinin baş mütəxəssisi X6, Astara rayon Dövlət Arxivinin müdiri X7 iştirakı ilə tərtib edilmiş Aktda göstərilmişdir ki, Dövlət Sosial Müdafiə X14 Şəxsinin 7 saylı regional ərazi filialının **********5 saylı, 04.05.2021-ci il tarixli məktubuna əsasən İddiaçı Yağınəli oğlunun iş stajı və əmək haqqı alması faktları rayon arxivində saxlanılan əmr kitablarına və əmək haqqı kitablarına əsasən yoxlanılmış və yoxlama zamanı onun Astara rayon Selxoztexnika müəssisəsinə 1977-ci ildə işə daxil olması və 1986-cı ildə işdən çıxması barədə əmr kitabları arxivdə saxlanılmadığından yoxlanılmasının mümkün olmadığı, Arxivdə saxlanılan əmək haqqı kitablarına əsasən 1982-ci ildə 12 ay, 1983-cü ildə 12 ay, 1984-cü ildə əmək haqqı yox, 1985-ci ildə 12 ay, 1986-cı ildə İ-Vİİİ aylar əmək haqqı almışdır. 1977-1981-ci illərin əmək haqqı kitabları rayon arxivində saxlanılmır. İddiaçı Yağınəli oğlu 19.08.1986-cı ildə 215 nömrəli əmrlə Astara “ATP-3”-ə işə daxil olmuş, 23.03.1994-cü ildə 69 nömrəli əmrlə işdən azad olunmuşdur. Əmək haqqı kitablarına əsasən 1986-cı ildə 4 ay (İX-Xİİ); 1987-ci ildə 12 ay; 1988-ci ildə 11 ay; 1989-cu ildə 11 ay; 1990-cı ildə 10 ay; 1991-ci ildə 7 ay; 1992-ci ildə 9 ay; 1993-cü ildə 1 ay, 1994-cü ildə əmək haqqı yoxdur. Yoxlama zamanı kitablarda pozuntu və sonradan yazılma aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçının 14.11.1973-12.11.1975-ci illərdə hərbi xidmət dövrü, 22.01.1976-09.09.1976-cı illərdə Lənkəran kərpic zavodunda işlədiyi dövr, 01.04.1993-13.09.2002-ci illərdə Dövlət Sərhəd Xidmətində işlədiyi dövrlər üzrə sığorta stajı işin mübahisəli hallarına aid olmadığından, məhkəmə həmin xüsusatlara toxunulmasına zərurət görmür. İddiaçının Masallı rayon Dövlət Arxivinin 16 may 2021-ci il tarixli, A-211 nömrəli arxiv arayışında 12.10.1976-12.03.1977-ci illərdə işə girmə və işdən azad olma əmrlərində ata adının düzgün yazılmaması (Yaznəli,Yaqnəli), 14.03.1977-ci ildən 18.08.1986-cı ilədək Astara rayon Selxoztexnika müəssisəsində (Astara rayon “Azər kənd təsərrüfatı texnikası” müəssisəsində) işləməyinə dair əmrləri və həmin müəssisədə 1977-1981-ci illərin əmək haqqı cədvəllərinin saxlanılmaması səbəbindən əmək haqlarının yoxlanılması mümkün olmadığı üçün həmin müddətin onun sosial sığorta stajına daxil etməkdən cavabdehin imtina dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, 01 iyul 1999-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. 01 iyul 1999-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 304-cu maddəsinə əsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. (...) 306-cı maddəsinin 2-ci bəndinə əsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Qeyd olunan Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. Belə olan halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Üçüncü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci il tarixədək işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalıdır ki, 01 yanvar 2002-ci il tarixədək sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmiş və həmin tarixdən sonra qanunvericiliyin tələbi baxımından 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının 12.10.1976-12.03.1977-ci illərdəki və 14.03.1977-18.08.1986-cı illərdəki iş fəaliyyəti 01.01.2002-ci ilə qədər olan dövrü əhatə etdiyindən, iddiaçının Masallı rayon Dövlət Arxivinin 16 may 2021-ci il tarixli, A-211 nömrəli arxiv arayışında 12.10.1976- 12.03.1977-ci illərdə işə girmə və işdən azad olma əmrlərində ata adının düzgün yazılmaması (Yaznəli,Yaqnəli), 14.03.1977-ci ildən 18.08.1986-cı ilədək Astara rayon Selxoztexnika müəssisəsində işləməyinə dair əmrləri və həmin müəssisədə 1977-1981-ci illərin əmək haqqı cədvəllərinin saxlanılmaması səbəbindən əmək haqlarının yoxlanılmasının mümkün olmaması əsası ilə cavabdehin həmin müddətin onun sosial sığorta stajına daxil edilməsindən imtinası qanunsuz olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 12.10.1976- 12.03.1977-ci illərdə Astara Kərpic zavodunda, 14.03.1977-ci ildən 18.08.1986-cı ilədək Astara rayon Selxoztexnika müəssisəsində (Astara rayon “Azər kənd təsərrüfatı texnikası” müəssisəsində) işləmiş, onun həmin illərdə işləməsi adına olan 25.07.1972-ci il tarixli əmək kitabçası ilə təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 03.01.1955-ci ildə doğulmuş və onun 64 yaşı 03.01.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçının hüququnun yarandığı 03.01.2019-cu il tarixə kişilərin pensiya yaşı 64 yaş müəyyən edilmişdir. Belə ki, “X8” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 12.02.2013-cü il tarixdən 31.03.2021-ci il tarixədək İİ qrup əlilliyə görə əmək pensiyası almışdır. Beləliklə, hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sosial sığorta stajı hesablanarkən üst-üstə düşən iş illərinin yalnız biri nəzərə alınmışdır. Belə ki, “X8” Qanunun 22.2-ci maddəsinə əsasən, sığorta olunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Lakin məhkəmə qeyd edir ki, iddiaçının bütün işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddiaçıya pensiya təyin edilən zaman qanunvericiliyin tələbi baxımından onun seçimi əsasında cavabdeh tərəfindən üst-üstə düşən iş illərinin biri nəzərə alınmalıdır. Belə ki, pensiya təyin edilməsi zamanı iş illərini seçmək hüququ qanunla iddaçıya verilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Yağınəli oğlunun əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 7 saylı Regional Ərazi filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Yağınəli oğlunun əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 7 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar