Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1249/2023 22.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X15, İddiaçılar İddiaçı, X1, X6 iştirаkı ilə, İddiaçılar İddiaçı, X1 və X6 cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı “X7, X3, X11, X12, X13 Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7, X3, X11, X12, X13 Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2990/2022 nömrəli qərardadı ilə “üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə X16, X14, X20, X21, X22 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1249/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı “üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə X4 və X6 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, mülkiyyət hüququ əsasında İddiaçı, X1 və X6 mülkiyyətindədir.Üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzilin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Masallı rayon Polis şöbəsinə müraciət etmiş, ona xx.xx.2023-ci il tarixli, 156-12303N-3222 nömrəli məktubla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı, X4 və X17 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Masallı rayon Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Masallı rayon Polis şöbəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıların izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, X17 xx.xx.1980-cı il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, X4 xx.xx.1999-cu il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********41-10301 reyestr nömrəli, xx.xx.2018-ci il və xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 mülkiyyət hüququ üzrə İddiaçı, X1 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Masallı rayon Polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-ci il tarixli, 156- 12303N-3222 nömrəli məktubunda qeyd edilmişdir ki, kənar şəxslərin Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 nömrəli evdən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin **********41-10301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Masallı şəhəri, B.Məmmədov küçəsi, 23 saylı ev 4/8 hissə İddiaçı, 3/8 hissə X1 və 1/8 hissə X6 mülkiyyətindədir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: -İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli 1253 nömrəli məktubundan görünür ki, Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 ünvanında yerləşən fərdi yaşayış evinin, İddiaçı tərəfindən əldə edilməsinə dair xx.xx.2018-ci il də 2V-398 reyest nömrə ilə Masallı regional "Asan xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə dair notariat işinin təsdiq olunmuş surəti göndərilir. Belə ki, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin surətinə əsasən, Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 ünvanında 0.10 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsindin üzərində yerləşən ümumi sahəsi 328.1 kv.m olan fərdi yaşayış evindən onlara düşən pay üzrə xx.xx.2005-ci il tarixdə ölmüş X9 və xx.xx.2013-cü il tarixdə ölmüş X5 vərəsələri X10; xx.xx.2012-ci il tarixdə ölmüş X8 vərəsələri İddiaçı, X4 olmuşlar. - İşdə olan Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 421 nömrəli məktubundan görünür ki, X16, X14,X20,X21,X2 şəhəri Tələt Şıxəliyev (keçmiş B.Məmmədov) küçəsi ev 23 ünvanında qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda həmin fərdi yaşayış evində yaşamırlar. -İşdə olan Azərbaycan Respublikası Masallı rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 156-48169-1222 nömrəli məktubundan görünür ki, X16 xx.xx.2005-cü il tarixdə, X14 14 05.2007-ci il tarixdə, X20 02 06.2003-cu il tarixdə, X21 və X22 isə xx.xx.2016-cı il tarixdə Masallı RPŞ-si tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunaraq Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 ünvana qeydiyyata alınmışlar. Qeyd olunan şəxslərin həmin ünvana qeydiyyata alınmasına əsas olan sənədlər Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən 05 il saxlanıldıqdan sonra yandırılma yolu ilə məhv edilmişdir - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı rayon Qeydiyyat şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli 05/Q-880 nömrəli məktubundan görünür ki, İddiaçı ilə X7, X3, X11, X12, X13 qohumluq əlaqələri aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 1/8 hissə olaraq X1, 4/8 hissə olaraq X6, 3/8 hissə olaraq İddiaçı mülkiyyətindədir. İddiaçılar ünvan 5 ünvanında qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə iddiaçıya cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçılar hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 421 nömrəli məktubundan və iddiaçıların verdiyi izahat ilə müəyyən olunur ki, üçüncü şəxslər iddiaçılara məxsus Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 ünvanında yaşamır. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmasına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxsin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxsin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X7, X3, X11, X12, X13 Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Masallı rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci)yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X7, X3, X11, X12, X13 Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 23 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Masallı rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1249/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1249/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver