Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1249/2025 23.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sdıxov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “DSX rəisinin müavini, X6 xx.xx.2024-cü il tarixli 466 s/h saylı əmrinin ləğv edilərək, onun öz ərizəsi ilə ailə vəziyyəti ilə bağlı xidmətdən təxris olunması ilə bağlı əmrin imzalanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “DSX rəisinin müavini, X6 xx.xx.2024-cü il tarixli 466 s/h saylı əmrinin ləğv edilərək, onun öz ərizəsi ilə ailə vəziyyəti ilə bağlı xidmətdən təxris olunması ilə bağlı əmrin imzalanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırmışdır ki, o, 2020-ci ildə DSX-nın N saylı hərbi hissəsində xidmətə qəbul olunaraq, 02 may 2024-cü il tarixədək həmin hərbi hissədə xidmət etmişdir. Dəfələrlə ailə vəziyyəti ilə bağlı onun xidmət yerini Horadiz sərhəd dəstəsinə dəyişdirilməyini istəsə də, bir neçə dəfə vəzifəli şəxslərin qəbulunda olsa da onun xidmət yerini dəyişməyiblər. O, anası və qardaşının xəstəliyi, atasının yaşı və səhhəti ilə bağlı olaraq onlara yaxın olan bir ərazidə xidmət etmək istəyirdi ki, istirahət günlərində onlara baş çəkə bilsin. X11 gedib-gəlmək mümkün deyildi və onun xidmətinə problem yaradacağına görə gedə bilmirdi. Xidməti dövründə xidmətlə bağlı heç bir problemi olmayıb və heç bir cəza almamışdır. Lakin yerini dəyişmədiklərinə görə o, xidmət etmək istəmədiyini və tərxis olunmağını istəmişdir. Ona ancaq xidmətə uyğunsuzluqla bağlı ərizə yazdığı halda xidmətdən tərxis olunmanın mümkün olacağını bildirdilər və o, məcbur qalaraq həmin ərizəni yazmışdır. DSX rəisinin müavini, X6 xx.xx.2024-cü il tarixli 466 ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən o, ehtiyata buraxılmışdır. Hesab edir ki, onun xidmət dövründə heç bir cəzası olmadığına və xidmətlə uyğun gəlməyən hər hansı hərəkətlərə yol vermədiyi halda, onun həmin maddə ilə tərxis olunmağı ədalətli deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh DSX-yə qarşı “DSX rəisinin müavini, X6 xx.xx.2024-cü il tarixli, 466 ş/h saylı əmrinin ləğv edilərək, onun öz ərizəsi ilə ailə vəziyyətinə görə xidmətdən tərxis olunması ilə bağlı əmrin verilməsi” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədlərə əsasən bildiririk ki, iddiaçı DSX-nın sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidmət rəisinin müavini X6 xx.xx.2024-cü il tarixli, 466 ş/h nömrəli əmri ilə ‘‘Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğurısuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır (əmrin surəti qoşmaya əlavə olunur). Adıçəkilən əmrdə leytenant İddiaçı qərargah bölüyünün mühəndis taqımının komandiri vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilməsi qeyd olunmuşdur. Qeyd olunan əmrin əsası kimi iddiaçı sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2023-cü il tarixli raportu çıxış edir. Qoşmaya əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 538 nömrəli raportun surətindən görünür ki, leytenant İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğurısuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, leytenant İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nın Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olmadığını və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nin Beyləqan rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı “xidməti uyğunsuzluğa görə” yazdığı raportla əlaqədar onunla hərbi qanunvericiliyin tələbinə uyqun olaraq 2 dəfə fərdi söhbət aparılmışdır, aparılmış ikinci söhbət zamanı leytenant İddiaçı xidmət etmək istəməməsinin səbəbi soruşulmuş və o, ailə vəziyyətini (daimi ailəsinin yanında olmasına ehtiyacın olması) əsas gətirmişdir. Hərbi qulluqçuya vaxt verilərək bir daha fikirləşməsi məsləhət görülmüş, tərxis olacağı təqdirdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılacağı bildirilmişdir. Leytenant İddiaçı fikrində qəti olduğunu bildirmiş və Silahlı Qüvvələrinin ehtiyatına buraxılması ilə bağlı bir daha təkidlə xahiş etmişdir. Qeyd olunan söhbətlə leytenant İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir,aparılmış söhbət zamanı leytenant İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılma barədə fikri yenidən sorşulmuş, şikayət və təklifləri dinlənilmişdir. Leytenant İddiaçı fikrinin dəyişmədiyini bildirmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını bir daha xahiş etmişdir. Həmçinin həmin söhbətlə də leytenant İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq etmişdir. Qeyd edirik ki, İddiaçı xidmətə qəbul olunmazdan əvvəl Dövlət Sərhəd Xidmətinə ünvanladığı xx.xx.2019-cu il tarixli Raportda Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olduğunu bildirmişdir (surəti qoşmaya əlavə olunur). Digər tərəfdən qoşmaya əlavə edilmiş İddiaçı valideynlərinin DSX rəisinə ünvanladıqları xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, X9 və X7, xx.xx.1997-ci il təvəllüdlü oğulları İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçməsinə razı olduqlarını (etiraz etmədiklərini) və Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməsinə etiraz etmədiklərini bildirmişlər. Habelə iddiaçının Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az rəsmi saytına göndərdiyi xx.xx.2024-cü il tarixli müraciətindən də görünür ki, iddiaçı təcili tərxis edilməsini və xidmət yerdəyişmə istəmədiyini qeyd etmişdir. İddiaçı iddia ərizəsində barəsində qəbul edilmiş əmrin əsassız olmasını və buna görə də ləğv edilərək onun öz ərizəsi ilə ailə vəziyyətinə görə xidmətdən tərxis olunması ilə bağlı əmrin verilməsini xahiş etmişdir. Bildiririk ki, İddiaçı bu tələbi əsassızdır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyyata buraxılırlar. 41.1. 5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.1. 6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). Bu mövqeyə münasibətdə bildiririk ki, yuxarıda adıçəkilən Qanunun 41.0.5-ci (həmin maddə qadın və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil olunur) maddəsinin İddiaçı tətbiq olunması qanunvericiliyin müddəalarına əsasən, mümkün olmamışdır. Digər tərəfdən İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq könüllü qaydada raportla müraciət etmiş və həmin raport əsasında inzibati icraat materialları sənədləşdirilmişdir. Qanunvericiliyin bu tələbindən aydın olur ki, yalnız qadın və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıla bilər. Habelə, məhkəmənin nəzərinə çatdırırıq ki,mübahisələndirilən iş üzrə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır və ona görə də, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır kı, hərbi qulluqçuların malik olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Beləliklə, İddiaçı öz növbəsində heç bir tutarlı əsas olmadan Dövlət Sərhəd Xidmətində xidmət etməkdən imtina etməsi onunla hərbi hissə rəhbərliyi tərəfindən aparılmış söhbətə əhəmiyyət verməyərək (birinci söhbət xx.xx.2023, ikinci söhbət xx.xx.2023-cü il tarixində aparılmış və hər iki söhbət arasında 4 aylıq möhlət verilməsinə baxmayaraq) ehtiyata buraxılması barədə fikrinin qəti olduğunu bildirməsi, hətta bununla bağlı DSX-nin rəsmi saytına “təcili tərxis” ounması ilə bağlı rəsmi müraciət ünvanlaması, o cümlədən könüllü surətdə xidməti uyğunsuzluğa görə raportla müraciət etməsi nəzərə alınaraq, o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikasının 23 sentyabr 1994cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X2 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti] maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirlər (rəisləri) tərəfindən elan olunur. Qoşmaya əlavə edilmiş “Təyinat vərəqəsi”nin surətindən görünür ki, leytenant İddiaçı xx.xx.2023-cü il tarixdə tarixdə təyinat vərəqəsi təqdim edilmiş, mübahisəli əmr ona elan edilmiş və bu halı o öz imzası ilə təsdiq etmişdir. Beləliklə, leytenant İddiaçı “Hərbi vəzifə və hərbi xidməl haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq könüllü qaydada raportla müraciət etmiş və həmin raport əsasında inzibati icraat materialları sənədləşdirilmişdir. Ona görə də İddiaçı “DSX rəisinin müavini, X6 cü il tarixli, 466 ş/h saylı əmrinin ləğv edilərək, onun öz ərizəsi ilə ailə vəziyyətinə görə xidmətdən tərxis olunması ilə bağlı əmrin verilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun müvafiq əmrin verildiyi vaxtdan yaranmış olur. Dövlət Sərhəd Xidməti iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xidmət hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin dövrdə Xidmətin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialar qanunvericiliklə Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Dövlət Sərhəd Xidməti hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutululan müddətə iddiaçı tərəfindən riayət olunduğundan bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının qeydiyyatda olduğu yer Beyləqan rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia mümkün hesab edilir. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan: Dövlət Sərhəd Xidməti rəisinin müavini X6 xx.xx.2024-cü il tarixli, 466 ş/h nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Leytenant İddiaçı tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli raportun təsdiq edilmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, DSX-dən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmiş, şəhadətləndirilməyə ehtiyacının olmadığını bildirmişdir. İddiaçı ilə aparılmış 16 fevral 2023-cü il tarixli söhbət vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Leytenant İddiaçı 2020-ci ilin iyul ayından 8-ci sərhəd dəstəsində maddi-texniki təminat bölüyü nəqliyyat taqımının komandiri vəzifəsində xidmət edir. Daxili xidmətlərə cəlb olunmur, funksional vəzifələrini icra etmir. Leytenant İddiaçı dəstə rəhbərliyinə raportla müraciət edərək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Onunla aparılmış söhbət zamanı xidmət etməməsinin səbəbi soruşulduqda ailə vəziyyəti ilə əlaqədar (daimi ailəsinin yanında olmağa ehtiyacının olduğunu bildirir) səbəb gətirmişdir. Ona vaxt verilərək bir daha fikirləşməyi məsləhət görülmüş, tərxis olacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həyata keçiriləcəyi bildirilmişdir. Lakin o, fikrində qəti olduğunu bildirmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması ilə bağlı bir daha təkidlə xahiş etmişdir. Söhbətin sonunda leytenant İddiaçı onunla aparılmış səmimi söhbətdən razı qaldığını bildirmiş və Silahlı Qüvvələrin ehtiyatına burxılması üçün köməklik göstərilməsini bir daha xahiş etmişdir. İddiaçı ilə aparılmış 12 iyun 2023-cü il tarixli söhbət vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Leytenant İddiaçı 2020-ci ilin iyul ayından 8-ci sərhəd dəstəsində maddi-texniki təminat bölüyü nəqliyyat taqımının komandiri vəzifəsində xidmət edir. Silahlı Qüvvələrin ehtiyatına raportla müraciət etdiyi tarixdən etibarən özünü zəif hərbi qulluqçu kimi göstərir. Leytenant S.l.Məmmədli Silahlı Qüvvələrin ehtiyatına raportla müraciət etdiyi üçün hərbi hissə rəhbərliyinin N .-cü il tarixdə 53 №-li göndərişinə əsasən DSX MHHK-na şəhadətləndirilməyə göndərilmişdir və müayinə olunmaqdan imtina etmişdir. Leytenant İddiaçı ilə təkrar söhbət aparıldı. Leytenant İddiaçı fikrinin dəyişmədiyini bildirdi və Silahlı Qüvvələrinin ehtiyatına buraxılması üçün bir daha xahiş etdi. Söhbətin sonunda leytenant İddiaçı onunla aparılmış səmimi söhbətdən razı qaldığını bildirmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün bir daha xahiş etmişdir. Dövlət Sərhəd Xidmətinə təcili təxris ilə bağlı 17 aprel 2024-cü il tarixli, 55191,102 nömrəli elektron müraciətində qeyd edilmişdir ki,mən X12 yazıb sizdən xaiş edirəm ki, 2 ildi mənə verilməyən vədlər yoxdur. Plt Kamalov mart ayı mən Horadiz sərhəd dəstəsində yerim dəyişiləcəyini bilirdi söz verdi. Bu gün mən heç bir sərhəd dəstəsində xidmət etmək istəmirəm, ailə vəziyətim qətiyyən buna imkan vermir. Sizdən xahiş edirəm ki, məni tecili təxris edin, heç bir yerdəyişmə istəmirəm .Heç vaxt sərhəd qoşunları tərəfə baxmayacam. Xidməti Xasiyyətnamədə qeyd edilmişdir ki, Leytenant İddiaçı 2020-ci ilin iyul ayından 8-ci sərhəd dəstəsində xidmət edir. 01.04 2024-cü il tarixdən qərargah bölüyü mühəndis taqımının komandiri vəzifəsində xidmət edir. Göstərilən vəzifədə xidmət etdiyi müddətdə özünü zəif hərbi qulluqçu kimi göstərir Daxili xidmətlərə cəlb olunmur, funksional vəzifələrini icra etmir. Hərbi qayda qanunlara bilərəkdən əməl etmir. Hərbi hissədə nizam-intizamın formalaşmasına mənfi təsir göstərir. Böyük rəislər tərəfindən irad bildirilərkən sözlü mübahisə etməyə meyillidir. Hərbi qulluqçuya yaraşmayan davranış tərzi nümayiş etdirir Bütün davranışlarını Silahlı Qüvvələrin ehtiyatına buraxılmaqla bağlı müraciət etməsi ilə əlaqələndirir. Leytenant İddiaçı ümumilikdə mənfi xarakterizə olunur və zəif hərbi qulluqçu kimi qiymətləndirilir. 01 oktyabr 2019-cu il tarixli surətindən müəyyən olunur ki, X9 və X1 Sadiq İlqar oğlunun Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət keçməsinə razılıq bildirərək Respublikanın istənilən bölgəsində xidmət keçməyinə heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Tətbiq olunan hüquq normaları: «Hərbi vəzifə və xidmət haqqında» Qanunun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X4»nin 61 -ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” 2.10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: (…) 2.10.3. Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar (...) 3.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. 3.23. Hərbi qulluqçular "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir. 3.25. Bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir: (…) 3.25.2-ci bəndinə əsasən gizirlər və miçmanlar üçün - 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır (...) Yuxarıda sadalanan normalarda ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların hansı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları müəyyən edilmişdir ki, onlardan biri də hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətməsi, törətdiyi cinayətlə əlaqədar məhkum olunması, səhətinin xidmətə yol verməməsi, attestasiyanın nəticələrinin mənfi olması və qanunvericiliklə müəyyən olunmuş digər səbəblərlə əlaqədar xidməti uyğunsuzluqla bağlıdır. Nəzərə alınmalıdır ki, İddiaçı 2020-ci il tarixdə hərbi xidmətdə qulluğa qəbul olunmuş və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında üzərinə düşən vəzifələri 5 il müddətinə yerinə yetircəyinə dair üzərinə öhdəlik götürmüşdür. Həmçinin onun valideynləri də notarial qaydada təsdiq edilmiş ərizə ilə Respublikanın istənilən rayonunda xidmətə etiraz etmədiklərini bildirmişlər. Lakin sonradan müəyyən olunur ki, iddiaçı fikrini dəyişmiş, xidmət yeri ailəsinin yaşadığı rayona uzaq olduğu üçün ehtiyata buraxılmasını xahiş etmişdir. Həmin halı məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı şifahi izahatında da təsdiq etmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı ilə fərdi söhbətlər aparılmış və o, hərbi xidmətini davam etdirmək arzusunda olmadığını və tərxis olunmağını israrla təkid etmişdir. Özü şəxsən raport yazaraq "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddə ilə tərxis olunmasını xahiş etmişdir. Və həmin maddə ilə ehtiyata buraxılmışdır. Qeyd olunan məsələ "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir və həmin maddələrin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzuları ilə ehtiyata buraxıla bilər. X3 tərəfindən komandanlığa birinci dəfə müraciətinin onun ordu sıralarından ailə vəziyyəti ilə bağlı tərxis olunmasına dair gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının həmin maddə ilə tərxis olunması üçün əsaslar müəyyən edilmir. Belə ki, Əsasnamənin həmin maddəsinə əsasən, ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları- «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə ehtiyata buraxılırlar. Hesab olunur ki, qeyd olunan Qanunun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün nəzərdə tutulmuş hər hansı digər halın İddiaçı mübasibətdə Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq edilməsi düzgün olmazdı. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt— inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1 -ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin mövqeyinə görə hazırkı halda mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi halda, iddiaçı tərəfindən mübahisəli əmrdə dəyişiklik edilməsi üçün yetərli əsasların olması iş üzrə müəyyən olunmur. Beləliklə, iddiaçının mübahisələndirdiyi əmr onun özü tərəfindən yazılmış raport əsasında qəbul edilmiş və cavabdeh həmin əmri verərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir və mövcud qanunvericilik normalarının tələbləri baxımından da qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 -ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı halda Dövlət Sərhəd Xidmətinin X6 xx.xx.2024-cü il tarixli, 466 ş/h nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Qanunun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə təsdiq edilmədiyindən iddia əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1 -ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1249/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1249/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver