Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1252/2024 11.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin əlillik dərəcəsinin dayandırılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli 3-17-4/2-B-20868/2023 saylı məktubunun əsassız hesab edilməsi və reablitasiya olunmağı barədə xx.xx.2014-cü il tarixli nömrəsiz qərarın əsassız hesab edilməsi və cavabdehin üzərinə xx.xx.2013-cü il tarixində müddətsiz təyin edilmiş ikinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “X6” publik hüquqi şəxsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “cavabdehin əlillik dərəcəsinin dayandırılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə Laçın rayonu Vağazin kəndində anadan olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı zona Tibbi Sosial Ekspert Komissiyasının 391 saylı xx.xx.2003-cü il tarixli aktına əsasən xx.xx.2004-cü il tarixinə kimi ümumi səbəbdən İİ qrup əlil hesab edilmiş, buna əsasən Laçın rayon DSMF tərəfindən ona İİ qrup əlil kimi əmək pensiyası təyin edilmişdir. Bundan sonra 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012-ci illərdə 18 saylı Zona TSEK-da təkrar müayinələrdən keçərək İİ qrup əlilliyinin müddəti hər dəfə 1 il müddətinə olmaqla ardıcıl olaraq 10 il müddətinə uzadılmışdır. xx.xx.2013-cü ildə isə 22 saylı TSEK-nın 308 saylı aktına əsasən müddətsiz ümumi səbəbdən İİ qrup əlil hesab edilmişdir. Ona görə də xx.xx.2021-ci il tarixinə kımı Laçın rayon DSMF-dan İİ qrup əlil kimi əmək pensiyası almışdır. Lakin 2021-ci ilin mart ayında pensiyası ödənilmədıkdə Laçın rayon DSMF-na müraciət etmiş, ona şifahi olaraq bildirildi ki, bu məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Bundan sonra dəfələrlə Agentliyə müraciət etsədə araşdıracaqlarını və bu barədə məlumat verəcəkləri bildirilmişdir. X5 sədri cənab Anar Bayramova rəsmi ərizə ilə müraciət etmiş, rəsmi müraciətinə İdarə Heyyətinin sədr müavini Ramin Rzayevin imzası ilə xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B- 20868/2023 saylı məktubla cavab verilmişdir. Agentlik cavab məktubunda xx.xx.2013-cü il tarixindən ümumi səbəbdən müddətsiz İİ qrup əlil olduğu və 2021-ci ilin mart ayına kimi pensiya aldığı halda “əlillik vəziyətini xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və tam reablitasiya olması barədə qərar qəbul edilmişdir. Cavab məktubunda Agentlik Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na istinad edərək göstərir ki, əlillik dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilir. Ona xx.xx.2013-cü il tarixindən müddətsiz İİ qrup əlillik verildiyinə görə təkrar müayinədən keçmək üçün göndəriş verilməsi barədə heç bir tibb müəssisəsinə müraciət etməmiş və buna ehtiyac da olmamışdır. Bəs onda görəsən TSEK-sı onun xəbəri olmadan xx.xx.2014-cü il tarixində hansı tibb müəssisəsinin göndərişi əsasında əlillik vəziyyətini qiymətləndirmiş və reablitasiya olunmağı barədə nömrəsiz qərar qəbul edilmişdir. Əgər xx.xx.2014-cü il tarixində əlillik vəziyyəti təkrar qiymətləndirilməklə reablitasiya olunmağı barədə nömrəsiz qərar qəbul edilmişdirsə nəyə görə bu barədə İİ qrup əlil kimi ödənilən əmək pensiyasının ödənişinin dayandırılması üçün 2021-ci ilin mart ayında Laçın rayon DSMF-na məlumat verilmişdir. DSMF-nun Laçın rayon şöbəsi tərəfindən verilən xx.xx.2020ci il tarixli 034164 saylı əlillik vəsiqəsindən də aydın görünür ki, müddətsiz olmaqla ümumi xəstəlikdən İİ qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 01.08. 2023-cü il tarixli, 3- 17-4/2-B-20868/2023 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə xx.xx.2021-ci il tarixindən ödənişi dayandırılmış İİ qrup ümumi səbəbdən əlil kimi əmək pensiyasnın ödənişinin davam etdirilməsi üçün müddətsiz İİ qrup əlilliyinin bərpa edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahısələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.1-ci və 68.2-ci maddələrinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd etdiyi halların hamısı onu göstərir ki, xx.xx.2013-cü ildə 22 saylı TSEK-nın 308 saylı aktına əsasən mənə müddətsiz ümumi səbəbdən İİ qrup əlillik verilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixinə kimi qanuni əsaslarla İİ qrup əlil kimi əmək pensiyası ödənilmişdir. xx.xx.2014-cü il tarixində isə təkrar müayinə olunmağı və həmin tarixli nömrəsiz qərarla reablitasiya olunmağı həqiqətə uyğun deyil. Ona görə də Tibbi Sosial Ekspert Komissiyasının güya reablitasiya olunmağı barədə xx.xx.2014-cü il tarixli nömrəsiz qərarın əsassız hesab edilməsi və cavabdehin üzərinə ona xx.xx.2013-cü il tarixində müddətsiz təyin edilmiş 2-ci qrup əlilliyinin bərpa edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Qeyd edilənləri alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı “xx.xx.2013-cü il tarixində müddətsiz təyin edilmiş 2-ci qrup əlilliyin bərpa edilməsi” tələbinə dair iddia ərizəsinə dair etirazımızı nəzərinizə çatdırırıq. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsidir. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçı əlilliyin müddətlə müəyyən edilməsindən narazı qalaraq ilkin olaraq 2022-ci ilin oktyabr ayında (iddiaçı həmin tarixdə müraciət etdiyini qəbul edir) cavabdehə, daha sonra isə həmin ilin noyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesab etmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müddəaları ona münasibətdə tətbiq olunaraq, İİ dərəcəli əlillik müddət göstərilmədən təyin edilməlidir. Cavabdehin 15 oktyabrr 2014-cü il tarixli qərarından iddiaçı aşkar surətdə onun bundan məlumatı olmuşdur. Cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi (ləğv olunması) ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinə əməl etməmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub- olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılir. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə v,ə reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza iiə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi-Sosial Ekspertiza Alt Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Laçın rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 034164 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı müddətsiz ikinci dərəcəli əlildir. İş materiallarında olan “Laçın Rayon Mərkəzi Xəstəxanası” X9in xx.xx.2021-ci il tarixli, 292 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 10 yanvar 2013-cü il tarixdə Laçın Rayon Mərkəzi X2 Komissiyasının müayinəsindən keçmiş, 88 saylı forması yazılaraq əlillik dərəcəsinin təkrar təyini üçün 22 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş, xəstəyə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Lakin 2021-ci ilin mart ayında xəstənin əlilliyi Dövlət Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ləğv edilmişdir. Vətəndaşla danışıldı, təkrar Həkim Məsləhət Komissiyasının müayinəsindən keçməsi üçün xəstəxanaya dəvət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İsqra Əsgər qızına ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-146321/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən xx.xx.2003-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib (pensiya işinizdə olan pensiyaçının uçot vərəqinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən) və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1ci maddəsi tətbiq edilməklə xx.xx.2021-ci il tarixinədək əmək pensiyanın ödənişi davam etdirilib. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində aktiv əlilliyi qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində əlilliyinin olması barədə müvafiq qeydlər aparıldıqdan sonra əlilliyə görə əmək pensiyanın ödənişinin bərpa edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində əlilliyinizin qeydə alınması üçün Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İsqra Əsgər qızına ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-20868/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olan müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilir. Müəyyən edilmişdir ki, əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Hazırda səhhətində ağırlaşma əmələ gəlmişdirsə, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-267670/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixindən pensiyanın ödənilməsi dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-11791/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən bildiririk ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2004-cü ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə “Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. İddiaçı əlillik vəziyyətinin aydınlaşdırılması məqsədi ilə telefon nömrəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış, həmçinin qeydiyyat ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-4/2-B-2901/2024 nömrəli bildiriş məktubu göndərilərək əlilliyini təsdiqləyən sənədlərlə (epikrizlər, tibbi rəylər, TSEK-in sənədləri və s) birlikdə xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələdini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Laçın Rayon Mərkəzi Xəstəxanası” X9in məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 18-1-57/2-109/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 10 yanvar 2013-cü il tarixdə “Laçın Rayon Mərkəzi Xəstəxanası” X9 X3 müayinəsindən keçmiş, 88 saylı forma yazılaraq əlillik dərəcəsinin təkrar təyini üçün 22 saylı Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmiş, xəstəyə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Vətəndaşa müddətsiz İİ dərəcəli əlillik təyin edildiyi üçün təkrar Həkim Məsləhət Komissiyasının müayinəsinə cəlb olunmamış və vətəndaşa 88 saylı forma yazılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-12582/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən bildiririk ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2004-cü ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyətinin aydınlaşdırılması məqsədi ilə telefon nömrəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış, həmçinin qeydiyyat ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-4/2-B-2901/2024 nömrəli bildiriş məktubu göndərilərək əlilliyini təsdiqləyən sənədlərlə (epikrizlər, tibbi rəylər, TSEK-in sənədləri və s) birlikdə xx.xx.2024cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. Məlumat üçün bildiririk ki, vətəndaşın əlillik vəziyyətinə dair məlumat və müvafiq sənədlərin təqdim edilməsi ilə əlaqədar Nazirlin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna tərəfimizdən xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-1854/2024 nömrəli xidməti məktub ünvanlanmışdır. Təqdim olunan tibbi-sosial ekspert komissiyalarının müayinə aktlarından çıxarışlarına əsasən İddiaçı 2003-2013-cü ilədək bir illik, 2013-cü ildən sonra isə ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, vətəndaşa dair əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi və əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə Agentliyə əyani müayinəyə gəlməsi zəruridir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən adıçəkilən şəxsin əlilliyinin etibarsız edildiyi aşkarlanmışdır. MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən əlilliyə görə əmək pensiyası etibarsız edilmişdir. İşin yuxarıda qeyd olunan faktiki halları ilə bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsi zəruridir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın -1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. -1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. -3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2004-cü ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Daha sonra isə müalicə məlumatları əsasında səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlillik altsistemində onun əlilliyi etibarsız hesab edilmişdir. Məhkəmə tərəfindən aidiyyəti üzrə əlilliyin altsistemdə etibarsız hesab edilməsi ilə əlaqədar qərar və aidiyyəti sənədlərin, eləcə də əlilliyin etibarsız hesab edilməsinə dair bütün inzibati araşdırma materiallarının, o cümlədən iddiaçının həmin araşdırmada iştirakının təmin edilibedilməməsi, tibbi yoxlamaların aparılıb-aparılmaması, canlı müayinəsinin aparıldığını təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilmişdir. Cavabdeh isə sorğuya dair sənədlər təqdim edərək əlilliyin məhz hansı səbəblərdən altsistemdə etibarsız hesab edildiyini qeyd etmiş, həmçinin əlilliyin ləğv edilməsi ilə əlaqədar tərtib edilmiş protokolu və xidməti məruzəni məhkəməyə təqdim etmişdir. Cavabdehin etirazından və iş materiallarında olan digər sənədlərdən isə müəyyən edilmişdir ki, əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə əyani müayinə təyin edilmiş, lakin tərəf gəlmədiyindən əlillik təyinatının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir Lakin yekun akt kimi qərar tərtib edilmədiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən aparılan araşdırma inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Lakin, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, öz təşəbbüsü ilə başladığı inzibati icraatda prosessual pozuntulara yol vermişdir. İlk olaraq qeyd edilməlidir ki, məhkəmə sorğusundan da müəyyən edilir ki, inzibati araşdırmanın aparılması ilə əlaqədar inzibati araşdırma materialının tərtib edilməsi zərurəti müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2004-cü ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə “Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. İddiaçı əlillik vəziyyətinin aydınlaşdırılması məqsədi ilə telefon nömrəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış, həmçinin qeydiyyat ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-4/2-B-2901/2024 nömrəli bildiriş məktubu göndərilərək əlilliyini təsdiqləyən sənədlərlə (epikrizlər, tibbi rəylər, TSEK-in sənədləri və s) birlikdə xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. Eləcə də, inzibati orqan tərəfindən sonuncu dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparıldığı qeyd edilsə də, həmin dövrlə bağlı müvafiq xəstəxana tərəfindən forma- 088 tərtib edilmədiyi, müvafiq müayinə aparılmadığı və yekun qərar verilmədiyi müəyyən edilir. İnzibati orqan tərəfindən eyd edilənləri təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. Lakin inzibati materiallarda olan iddiaçının canlı müayinəsinin aparılması ilə əlaqədar tibbi sənədlərin, yoxlamanın üsul və metod və zəruri xüsusiyyətlərini əks etdirən sənədlər, əvvəllər təyin edilmiş əlilliyin ləğv və ya etibarsız hesab edilməsi barədə qərar, həmin qərarın iddiaçıya təqdim edilməsini təsdiq edən sənədlər, həmçinin iddiaçı barəsində ümumiyyətlə əlilliyin ləğv edilməsinə və ya əsassızlığına əsas ola biləcək hansı halların mövcudluğu, həmin halların hansı qaydada müəyyən edilməsi, yəni ömürlük əlillik təyin edilən şəxsin əlilliyinin ləğv və ya etibarsızlığına səbəb ola biləcək inzibati icraatın başlanılmasına əsas ola biləcək konkret hallar aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında da onun sağlamlıq vəziyyətinin yoxlanılmasına dair müayinənin aparılmamağına istinad etmişdir ki, bunu təkzib edəcək yoxlama materialları məhkəməyə təqdim edilə bilməmişdir. Adıçəkilən Qanunun: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi hazırkı iş üzrə əlillik heç bir inzibati akt olmadan etibarsız hesab edilmiş, inzibati icraat inzibati akt tərtib edilmədən başa çatdırılmışdır ki, təkrar qeyd olunur ki, cavabdehin xx.xx.2019-cu il tarixli sənədi isə inzibati orqanın əlilliyin ləğvi və ya etibarsız hesab edən sənəd olmayıb, həmin nəticəni akt formasında təsdiq edən sənəd qismində dəyərləndirilməlidir. Ümumiyyətlə, qeyd edilməlidir ki, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Lakin hazırkı iş üzrə əlillik altsistemdə məhz etibarsız hesab edilmişdir. Protokolda əlilliyin ləğvi barədə qeydin göstərilməsi isə məhkəməyə və iddiaçıya cavabdehin təqdim etdiyi məlumatlarla uyğunsuzluq təşkil edir. Belə ki, ümumiyyətlə həmin protokolun tərtibatı zamanı cavabdehin əlilliyin altsistemdə etibarsızlığı ilə bağlı mövqedən kənar ləğvi ilə bağlı qeydlər aparılmışdır ki, inzibati akt olmadığından həmin sənədin ləğv və ya etibarsızlıqla bağlı olmasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məhkəməyə və iddiaçıya cavablarında isə əlilliyin etibarsız hesab edilməsi ilə bağlı mövqe nümayiş etdirmişdir ki, məhkəmə hazırkı iş üzrə də əlilliyin ləğvi yox altsistemdə heç bir inzibati akt olmadan etibarsız hesab edildiyi qənaətindədir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Belə ki, cavabdeh iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona müddətsiz ikinci dərəcə əlillik təyin etdiyi halda, əvvəlki inzibati təcrübəsinə zidd olaraq onun həmin əlilliyini heç bir məlumat verilmədən, göndərişi verən orqanın ünvanladığı müraciəti əsasında altsistem vasitəsilə etibarsız hesab etməklə qanunsuzluğa yol vermişdir. Hazırkı işin sadalanan hallarından isə məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin əlilliyin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış, müvafiq nəticəyə gəlinərkən, cavabdeh tərəfindən yuxarda göstərilən hüquq normaların tələbləri nəzərə alınmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2207/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız QSC-nin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir.” Bundan başqa bu mövqeyə uyğun oxşar kassasiya instansiya məhkəməsinin digər qərarları da mövcuddur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2125/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı; 2-1(102)-2122/2022 saylı, xx.xx.2022-ci il tarixli qərar) Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparılarsa inzibati orqanın əlilliyin etibarsızlığı ilə bağlı hərəkətləri qanunsuz hesab olunur və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinə təminat edir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin dayandırılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1252/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1252/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver