Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1253/2020 04.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 (ünvan 1 mənzil 33 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X8 publik hüquqi şəxsin Salyan rayon filialına qarşı «sosial sığorta stajı nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxxx 1958-ci il tarixdə Salyan rayonu, Quyçu kəndində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********3 saylı məktubunda iddiaçının 1973-1976-cı illər üzrə iş stajının əmək kitabçasında yazılmadığını əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1973- 1976-cı illər işlədiyi kolxozda əmək stajının qeydə alınmasını, ona təyin olunan əmək pensiyası bərpa olunub bir öhdəlik kimi Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə 1974-1976-cı illərdə kolxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(120)-1253/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 61,6 yaşda pensiya hüququ yarandığı üçün lazımi sənədləri toplayıb Cavabdehnə təqdim etmişdir. Cavabdeh xx.xx.2020-ci ildən ona əmək pensiyası təyin etmişdir. İndi isə ona bildirirlər ki, Salyan rayon Dövlət Arxivindən kolxozda işləməsi barədə aldığı arxiv arayışında 1973-1976-cı illər əmək kitabçasında qeyd olunmayıb. Ona görə ona təyin olunan əmək pensiyasının dayandırılması barədə qərar qəbul olunub. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət X8 publik hüquqi şəxsin Salyan rayon filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət X8 publik hüquqi şəxsin Salyan rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin, əmək kitabçasının və Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının arxiv arayışının təsdiq olunmuş surətlərini, Salyan Rayon İcra Hakimiyyəti Salyan Mənzil X7 X6 Məsuliyyətli Cəmiyyətinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına iddiaçının 2019-cu il üzrə 11 ay sığorta stajının olması barədə Dövlət X8 publik hüquqi şəxsin Salyan rayon filialının məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X8 Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət X8, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X5, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxx 1958-ci il tarixdə doğulmuşdur. xx xxxxx 2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur. İddiaçının əmək kitabçasında qeyd olunan iş illəri və 2019-cu il üzrə 11 ay sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1974-1976-cı illərdə Salyan rayonu «Q.Səmədov» və «Şəfəq» adına kolxozlarda işləyib əmək haqqı alması Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2018-ci il tarixli 151 nömrəli arxiv arayışında qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2018-ci il tarixli 151 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1974cü ildə faktiki adam günü 117 gün, 1975-ci ildə faktiki adam günü 143 gün və 1976-cı ildə faktiki adam günü 1 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1974-1976-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2018-ci il tarixli 151 nömrəli arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Salyan rayonu «Q.Səmədov» və «Şəfəq» adına kolxozlar üzrə minimum adam günü norması qadınlar üçün 1974-1976-cı illərdə 180 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq 1974-1976-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (117 + 143+1) × 12 = 3132/180=17,4 ay (≈1 il 5 ay). Beləliklə, əmək kitabçasında qeyd olunan iş illəri və 2019-cu il üzrə 11 ay sığorta stajı nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 1974-1976-cı illərdə kolxozda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2018-ci il tarixli 151 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının 1974- 1976-cı illərdə kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2018-ci il tarixli 151 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1974-1976-cı illərdə Salyan rayonu «Q.Səmədov» və «Şəfəq» adına kolxozlarda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 1974-1976-cı illərdə kolxozda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2018-ci il tarixli 151 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X8 publik hüquqi şəxsin Salyan rayon filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia qismən təmin edilsin. İddiaçı 1974-1976-cı illərdə kolxozda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2018-ci il tarixli 151 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X8 publik hüquqi şəxsin Salyan rayon filialının üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov