Məhkəmə qərarları › İş №2-1(120)-1253/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1253/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1253/2024 04.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1973-cü il tarixli 493 nömrəli doğum haqqında akt qeydində adı qrafasında səhvən yazılmış Vüqar adının Firdovsi adına dəyişdirilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1973-cü il tarixli 493 nömrəli doğum haqqında akt qeydində adı qrafasında səhvən yazılmış Vüqar adının Firdovsi adına dəyişdirilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 24 may 1973-cü il tarixində Azərbaycan Respublikası Əli Bayramlı (indiki-Şirvan) şəhərində doğulmuş, 10 yaşı olarkən valideynləri ilə birlikdə yaşamaq üçün Rusiya Federasiyasının Murmansk vilayətinə getmiş və orta məktəbi orada bitirmişdir. Rusiya Federasiyası vətəndaşıdır. Rusiya Federasiyası Murmansk vilayəti, Murmansk şəhəri, İvana Xalatina küçəsi, ev 21, mənzil 44 ünvanda pasport qeydiyyatındadır və həmin ünvanda yaşayır.Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixdə gəlmiş (çıxma müddəti xx.xx.2023-cü il) və hal-hazırda əcnəbi vətəndaş kimi qohumlarının yaşadığı ünvan 1 ünvanda yaşayır. Dəfələrlə Azərbaycan Respublikasına valideynlərinin yanına gəlib 3 ay qalıb və maneəsiz çıxıb Rusiya Federasiyasına qayıtmışdır. Lakin, bu yaxında xx.xx.2023-cü il tarixdə atası rəhmətə getdiyi üçün qərara almışdır ki, Azərbaycanda qalma müddətini uzadsın və bunun üçün Asan xidmət mərkəzinə müraciət etmişdir. Asan xidmət mərkəzindən onun sənədlərinə elektron sistemdə baxılarkən müəyyən olunmuşdurdu ki, xx.xx.1973-cü il tarixli, 493 nömrəli doğum haqqında akt qeydində adı Firdovsi əvəzinə qeydiyyat aparan orqan işçisinin səhvi ucbatından Vüqar yazılmışdır. Ancaq doğum haqqında şəhadətnamədə adı, soyadı və ata adı düzgün yazılmışdır. Elə doğum haqqında şəhadətnamdə doğum haqqında akt qeydi kitabında yazılan gün tarixi 73 rəqəmi 03 rəqəminə düzəldilmişdir ki, bu düzəlişi də ona sərhəd keçid məntəqəsində həmişə nöqsan tutublar ki, həmin düzəliş təsdiq olunmalıdır. Bu səbəbdən elə onun doğum haqqında akt qeydində adı qrafasında dəyişilik edilərkən həm də düzgün yazılmış yeni şəhadətnamə də verilməlidir. Bu barədə ilk əvvəl aidiyyəti orqan olan Cavabdehnə həmin akt qeydində düzəliş aparılması və ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə xahiş etmiş lakin, Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-Ə-341 və 342/2-06/2023 nömrəli məktublarla onun xahişindən imtina edilmişdir. Bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “ Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləgv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.1973-cü il tarixli 493 nömrəli doğum haqqında akt qeydində adı qrafasında səhvən yazılmış Vüqar adının Firdovsi adına dəyişdirilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmıəsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.1973-cü il tarixli, İİ-ЖГ 333753 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X3, anası X7 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 16-5/7-15-Ə-341/2-06/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf'nın 9.13. bəndinə uyğun olaraq ərizədə göstərilmiş il, eyni zamanda həmin ildən üç il əvvəl və üç il sonrakı dövr üzrə müvafiq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış, lakin xx.xx.1973-cü il təvəllüdlü İddiaçı doğumu barədə akt qeydi aşkar edilməmişdir. Görülmüş tədbirlər zamanı uşaq haqqında məlumatlar qrafasında şəxsin adı istisna olmaqla doğum tarixi, doğum yeri, soyad, ata və ana adı barədə məlumatlar eyni olan doğum akt qeydi Cavabdeh tərəfindən tərtib edilmiş 1973-cü ilə aid vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında aşkarlanmış, lakin həmin xx.xx.1973- cü il tarixli 493 nömrəli akt qeydində şəxsin adı “Vüqar” yazılmışdır. Göstərilənlərə əsasən doğum haqqında təkrar şəhadətnamə verilməsi tələbindən imtina olunur və bildiririk ki, müraciətinə baxılmasının nəticəsindən onun subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Eyni zamanda yuxarıda qeyd olunan səbəbə görə müvafiq akt qeydi və təqdim etdiyiniz sənəddə göstərilən şəxsin eyniləşdirilməsi mümkünsüzdür və belə olan halda düzəlişlə bağlı tələbiniz inzibati qaydada təmin oluna bilməz. Odur ki, aşkar edilmiş akt qeydinin münasibətdə tərtib olunduğunu, lakin adın düzgün yazılmamasını iddia etdiyi halda bu faktın təsdiqi və həmin akt qeydində adla bağlı məlumata dəyişiklik edilməsi tələbinə dair (məcburetmə haqqında iddia ərizəsi ilə) məhkəmədə iddia qaldıra bilərsiz. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 16-5/7-15-Ə-342/2-06/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli 493 nömrəli doğum haqqında akt qeydində göstərilən X8 adlı şəxslə İddiaçı adlı şəxsin eyniləşdirilməsi mümkünsüzdür və belə olan halda düzəlişlə bağlı tələbiniz inzibati qaydada təmin oluna bilməz. Bundan başqa Vüqar və Firdovsi adları tamamilə fərqli adlar olduğundan Vüqar adının Firdovsi olaraq qeyd edilməsi tələbi artıq düzəliş deyil, adın dəyişdirilməsi proseduruna aid əməliyyatın predmetidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Akt qeydlərinə dəyişiklik edilməsi əsaslan isə həmin Qaydaların 3-cü bəndində təsbit edilmişdir ki, bu əsaslara övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixinin dəyişdirilməsi; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadın dəyişdirilməsi; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adının dəyişməsi, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumatın yazılması, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatların çıxarılması; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirilməsi; övladlığa götürmənin ləğv edilməsi; atalığın müəyyən edilməsinin ləğv olunması; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və qanunvericilikdə müəyyən edilən digər hallar aid edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli 493 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında şəxsin adına dəyişiklik edilərək “Vüqar” adının “Firdovsi” yazılması tələbinizin icrasından imtina olunur və bildiririk ki, müraciətinə baxılmasının nəticəsindən subordinasiya və (məcburetmə haqqında iddia ərizəsi ilə) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/7-13-390/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1973-cü il tarixli, 493 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının məlumatları X1 qeyd edilmiş, xx.xx.1973-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, atası X3, anası X2 qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-111/1-31076/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Şirvan şəhərində yaşamamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində adı qrafasında səhvən yazılmış Vüqar adının Firdovsi adına dəyişdirilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvlərə yol verilib-verilməməsini və ya iddiaçının adına başqa doğum akt qeydinin olubolmamasını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/7-13-390/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1973-cü il tarixli, 493 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının məlumatları X1 qeyd edilmiş, xx.xx.1973-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, atası X3, anası X5r. MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Göründüyü kimi, mövcud qanunvericilik doğumun qeydə alınması üçün təqdim edilməli sənədlərin siyahına doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədi, eləcə də müvafiq sənədlər, o cümlədən tibb müəssisəsinin sənədi olmadıqda doğumla bağlı məhkəmə qətnaməsinin (qanuni qüvvəyə minmiş) olmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçının doğum akt qeydində adı “Vüqar” kimi göstərilmişdir. İddiaçı qeyd edilən akt qeydinin yanlış olduğunu təsdiq edən heç bir təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, şəxsin doğum faktı doğum akt qeydi ilə təsdiq olunur və doğum akt qeydi doğum faktını əks etdirən ilkin sənəddir. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki adının düzgün göstərilməməsi ilə bağlı heç bir sübut, yəni adına düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının xx.xx.1973-cü il tarixli 493 nömrəli doğum haqqında akt qeydində adı qrafasında səhvən yazılmış Vüqar adının Firdovsi adına dəyişdirilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsindən imtina qanunsuz sayılmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ilə ümumi məhkəməyə (rayon və ya şəhər) və eləcə də, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olduğu təqdirdə səhvən adının Firdovsi yazılması ilə bağlı digər sənədlərinə də düzəliş edilməsi məqsədilə müvafiq orqanlara müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki soyadının və doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübut, yəni soyadına və doğum tarixinə düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir. 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1973-cü il tarixli 493 nömrəli doğum haqqında akt qeydində adı qrafasında səhvən yazılmış Vüqar adının Firdovsi adına dəyişdirilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1973-cü il tarixli 493 nömrəli doğum haqqında akt qeydində adı qrafasında səhvən yazılmış Vüqar adının Firdovsi adına dəyişdirilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar