Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1254/2022 17.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı “hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Masallı şəhərində Masallı məhkəmə kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1997-ci ildə Şıxəkəran tam orta məktəbini bitirmişdir. 1997-1998-ci illər arasında X1 Pedaqoji Hərbi Hazırlıq fakültəsinə qəbul olunmuşdur. 2002-ci ildə Lənkəran Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003 illər arasında ali təhsilli şəxs kimi Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsində döyüş hazırlığı bölməsində xidmət etmişdir. 2003-cü ildə hal-hazırki vaxt qədər Lənkəran rayonunun bir neçə orta məktəblərində hərbi hazırlıq və idman müəllimi ixisası üzrə işləmişdir. 2009-cu ildən X2 hərbi rəhbər vəzifəsinə təyin olunmuşdur. Sonuncu dəfə 2018-2019-cu illərdə Şürük kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. X5 Lənkəran Dövlət Universitetinə birləşdiyindən işlədiyi hərbi rəhbər vəzifəsi ixtisara düşdüyündən qeyd olunan təhsil ocağında hərbi müəllim vəzifəsində çalışır. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməsinin, gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənilməsi, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olması, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnməsi, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənilməsində səylə çalışmışdır. Gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər, tələbələr arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliği, eləcə də hərbi ali, mülki ali təhsil müəssisələrində təhsilini davam etdirəcək və “İbtidai hərbi hazırlıq müəllimi” ixtisasına yiyələnmək üçün gələcək hərbi xidmətə hazırlıq ilə əlaqədar işlər aparmışdır. Fəaliyyəti ilə bağlı müəllim kollektivi tərəfindən müsbət qiymətləndirilmişdir. Bu faktı Lənkəran rayonu Şürük kənd tam orta məktəbinin direktoru N.C.Bağırov və Lənkəran Şəhər İcra Hamiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamələr də təsdiq edir. Şürük kənd orta məktəbinin direktoru tərəfindən verilən 09 sentyabr 2021-ci il tarixli, arayışı da təsdiq edir ki, 14 sentyabr 2018ci il tarixdən 30 senyabr 2019-cu il tarixə kimi 63 nömrəli əmr əsasında GÇH rəhbəri vəzifəsində işləmişdir. X4 X7 Universitetinin strukturuna daxil olduğundan, bunun nəticəsində kollecdə işlədiyi hərbi rəhbər vəzifəsi ixtisara salındığından, Gərmətük qəsəbə tam orta məktəbində hərbi rəhbər kimi çalışmaq istəmişdir. Bununla bağlı Lənkəran Şəhər Təhsil Şöbəsinə müraciət etmişdir. Müraciətinin cavabı olaraq, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva ona məktub ünvalayaraq, təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə ünvanlanan 38(01)-01-436/13 nömrəli məktub ünvanlanmışdır. AR SHXÇDX Lənkəran rayon şöbəsi tərəfindən yuxarıdakı ünvanlanan məktuba cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli, 119 nömrəli qərarına əsasən hərbi rəhbər vəzifəsində yalnız gizir və zabilərin təyin olunduğu bildirilmiş və onun həmin vəzifəyə təyin olunması məqsədəmüvafıq sayılmamışdır. Bundan sonra pozulmuş hüquq və azadlıqlarını ancaq məhkəmə vasitəsi ilə həyata keçirə biləyəcəyini başa düşərək, qarşı tərəfin inzibati orqan olduğunu və mübahisənin inzibati xarater daşıdığını nəzərə alaraq, inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş emişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 396 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda Lənkəran rayonunun Türkəkəran kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi M.Həmzəyev adına Səpnəkəran kənd tam orta məktəbinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, İddiaçı 2003-2007-ci tədris illərində M.Həmzəyev adına Səpnəkəran kənd tam orta məktəbində (hərbi) çağırışaqədərki hazırlıq müəllimi işləmişdir. İşdə olan AO № ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində sıravi əsgər kimi hərbi xidmət keçmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli müraciət ərizəsindən görünür ki, İddiaçı hazırkı tələblə bağlı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 4259 nömrəli məktubunda qeyd edilmişdir ki, təklif olunan namizəd xx.xx.1980-ci il təvəllüdlü, ehtiyatda olan əsgər İddiaçı Lənkəran rayonu Xolmili kənd tam orta məktəbində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin olunması barədə məktubunuza tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin 5-ci maddəsinə əsasən, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində ali və ya orta hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilərlər. Yuxarıda adları çəkilən ixtisaslı mütəxəssislər olmadıqda kənd rayonlarında hazırlıqlı və təcrübəli ümumi orta, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində işləməsinə icazə verilir. Qeyd edilən Əsasnamədə tələb edilən hərbi rütbəsinin olmamasına görə İddiaçı çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində pedaqoji fəaliyyət göstərməsi məqsədəmüvafiq hesab edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 490 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 1488 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Lənkəran rayon Gərmətük qəsəbə tam orta məktəbində hərbi rəhbər vəzifəsinə təyin olunması məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə hərbi rəhbər vəzifəsinə yalnız gizir və zabitlər təyin oluna bilər. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 928 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1980-cı ildə anadan olmuş, Lənkəran rayon Türkəkəran kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilə kimi DSX-nin “N“ saylı hərbi hissələrində sıravi əsgər kimi xidmət etmiş, xidməti dövrü ərzində ona hərbi rütbə verilməmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından müəyyən edildi ki, iddiaçı Məmmədov X6 rayon Gərmətük qəsəbə tam orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin olunması üçün Lənkəran şəhər Təhsil Şöbəsinə müraciət etmişdir. Lənkəran şəhər Təhsil Şöbəsi iddiaçının ərizəsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə hərbi rəhbər vəzifəsinə yalnız gizir və zabitlər təyin oluna bilməsini əsas gətirilərək iddiaçının hərbi rəhbər vəzifəyə təyin olunmasını məqsədəmüvafiq hesab etməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət edilsə də, iddiaçının tələbi təmin olunmamışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin 5-ci bəndində (hərbi rəhbərlərin hazırlanması və təhsil müəssisələrində yerləşdirilməsi) qeyd edilmişdir ki, hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Yuxarıda adları çəkilən ixtisaslı mütəxəssislər olmadıqda, istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Hərbi rəhbərlərin pedaqoji dərs yükü mövcud qaydada nəzərdə tutulduğundan artıq olduğu halda, təhsil müəssisələrinə ehtiyatda (istefada) olan zabitlərin müəllim kimi dəvət olunması mümkündür. Onların məvacibləri saatların sayına görə mövcud stavkalara müvafiq iş stajı nəzərə alınmaqla hesablanır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Belə ki, yuxarıda qeyd edilən hüquq normasının tələbinə görə hərbi rəhbər vəzifəsinə təyin olunması üçün şəxsin (hazırki halda iddiaçının) ehtiyatda (istefada) olan zabit, gizir və çavuş olması vacib şərtdir. Yəni hərbi rəhbər vəzifəsində ixtisaslı mütəxəssis kimi yalnız ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Həmin ixtisaslı mütəxəssislər olmadıqda isə istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Lakin işin faktik hallarından görünür ki, iddiaçı ali təhsilli olsa da, o sıravi əsgər kimi xidmət etmiş və xidməti dövrü ərzində ona zabit, gizir və çavuş hərbi rütbəsi verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçının hazırki tələbi ilə bağlı müraciətindən imtina etmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı “hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı “hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1254/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1254/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver