Məhkəmə qərarları › İş №2-1(120)-1258/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1258/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1258/2022 05.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı X2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı X4 qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 05 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin 4 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-2003-cü il tarixlərdə “56 saylı Təmir Tikinti Quraşdırma” İdarəsində işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə pensiya hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin 4 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Şirvan-Salyan regional Filialı ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin və peşə təhsili aldığı dövrün sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin 4 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Şirvan-Salyan regional filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə ərizə təqdim etmiş və və iş üzrə iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin 4 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Təqdim etdiyi sənədləri araşdırıldıqdan sonra xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla xahisinə imtina cavabı verilmişdir. Həmin məktubda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər 65 yaşına çatdıqda azı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı olduqda və ya 2006-cı il tarixdən sonra yığım kapitalı olduqda əmək pensiyası hüququ vardır. Əmək kitabçanıza əsasən cəmi 32 il 08 ay 04 gün iş stajınız vardır. Əli Bayramlı Şəhər (indiki Şirvan şəhəri) Ticarət İdarəsində (xx.xx.1970-xx.xx.1994-cü illər) işləməyiniz barədə Sosial Ödənişlərin üzrə Mərkəzi Təyinat İdarəsinə sorğu göndərilmişdir. Sizin 1994-2003cü il tarixlərdə işlədiyiniz “56 saylı Təmir Tikinti Quraşdırma” İdarəsinin hal-hazırda fəaliyyətinin olmadığı və sənədlərinin X15 Filialına təhvil verilmədiyi üçün qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Odur ki, ümumilikdə 25 il sığorta stajı olmadığı üçün sizə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin 4 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktub əsassızdır. Belə ki, məktubda qeyd olunan səhv onun yox, işəgötürənin səhlənkarlığı nəticəsində baş vermişdir. Bunun nəticəsində o konstutsion hüququndan niyə məhrum olmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı X2 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İş materiallarına əsasən, iddiaçı Sədiyev Xanquli cavabdeh Fondun 1 saylı X4 xx.xx.2021 -ci ii tarixdə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajından az olması səbəbilə, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubu ilə yaşa görə əmək pensiyasmm təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sıgorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istısna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş muəyyən edilib. Həmın Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçı təqdim etdivi xx.xx.1976-cı il tarixli əmək kitabçasına əsasən ümumilikdə tərəfimizdən mübahisələndirilməyən sosial sıgorta stajı 21 il 3 gün təskil edir. Bildirirlər ki, təqdim edilmiş əmək kitabçasına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrü tərəfimizdən mübahisələndirilərək sosial sığorta staiına daxil edilməvib. Belə ki, Fondun 1 savlı Şirvan- Salyan regional filialı tərəfindən xx.xx.2022-ci il tarixdə qarsılıqlı yoxlama aktı tərtib edilmis və “Sirvan Ticarət İdarəsi” və “56 savlı Təmir-Tikinti Qurasdırma ldarəsi”-nin sənədləri X16 filialına təhvil verilmədiyindən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlər iddiaçının sosial sıqorta stajına daxil edilməmisdir. İşə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə tərəfimizdən Milli Arxiv İdarəsinin Şirvan rayon filialına və Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixli **********3 nömrəli, xx.xx.2022-ci il tarixli, **********7 nömrəli sorğular göndərilmisdir. Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 310 nömrəli məktubuna əsasən “56 saylı Təmir-Tikinti Qurasdırma ldarəsi”-nin 1994-2003-cü illərə aid əmrlər kitabı və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubuna əsasən sözügedən müəssisə barədə hec bir məlumatın olmadıgı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Həmcinin bildirirlər ki, İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə məbləği 180 manata çatdırılmışdır. Məhz bu səbəblərə görə də X3 qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1970-ci il tarixdə, 36 saylı əmrlə İctimai İaşə İdarəsinin X8 aşpaz şagirdi qəbul edilmiş, xx.xx.1971-ci il tarixli, 44 saylı əmrlə 7 nömrəli yeməkxanaya avtobufetçi keçirilmiş, xx.xx.1971-ci il tarixli, 56 saylı əmrlə 8 nömrəli yeməkxanaya çayçı vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixli, 10 nömrəli əmrlə 10 nömrəli yeməkxanaya çayçı keçirilmiş, xx.xx.1987-ci il tarixli, 9A nömrəli əmrlə 11 nömrəli yeməkxanaya həmin vəzifəyə (çayçı) keçirilmiş, xx.xx.1992-ci il tarixli, 104A nömrəli əmrlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 27 nömrəli, Azərbaycan Respublikası Ticarət Nazirliyinin xx.xx.1992-ci il tarixli, 155 nömrəli əmrinə əsasən və Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin 647 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə əsasən Qarışıq Mallar Ticarət İdarəsi və İctimai İaşə müəssisələri birləşdirilib Ticarət İdarəsi yaradılması ilə əlaqədar olaraq Ticarət İdarəsinə həmin vəzifəyə keçirilmiş, xx.xx.1993-cü il tarixli, 22A nömrəli əmrlə 2 nömrəli yeməkxanaya çayçı vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixli, 38A nömrəli əmrlə Əli Bayramlı Şəhər Ticarət İdarəsinin yeni təşkili, yeməkxananın tam təsərrüfat hesabına və 2 nömrəli yeməkxanaya keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli, 1 nömrəli əmrlə 2 nömrəli t/h yeməkxanaya (səyyar) “Buratino” kafesinə bufetçi qəbul edilmiş, (9-cu sətirdəki qeyd etibarsız hesab edilmiş), xx.xx.1993-cü il tarixdə 2 nömrəli t/h yeməkxana fəaliyyətinin dayandırılması və Ticarət İdarəsinə verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli, 103 nömrəli əmrlə 2 nömrəli t/h yeməkxanadan köçürmə yolu ilə işə qəbul edilmiş və Ticarət İdarəsində ehtiyatda saxlanılmış, xx.xx.1994-cü il tarixli, 79 nömrəli əmrlə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz arzusu ilə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixli, 204 nömrəli əmrlə Əli Bayramlı şəhər 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinə bufetçi təyin edilmiş, xx.xx.2003-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2022-ci il tarixli, 128 nömrəli arayışından görünür ki, “56 saylı Təmir Tikinti Quraşdırma” İdarəsinin 1994- 2003-cü il tarixli sənədləri X15 Filialına təhvil verilməyib. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər 65 yaşına çatdıqda azı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı olduqda və ya 2006-cı il tarixdən sonra yığım kapitalı olduqda əmək pensiyası hüququ vardır. Əmək kitabçanıza əsasən cəmi 32 il 08 ay 04 gün iş stajınız vardır. Əli Bayramlı Şəhər (indiki Şirvan şəhəri) Ticarət İdarəsində (xx.xx.1970-xx.xx.1994-cü illər) işləməyiniz barədə Sosial Ödənişlər üzrə Mərkəzi Təyinat İdarəsinə sorğu göndərilmişdir. Sizin 1994-2003-cü il tarixlərdə işlədiyiniz “56 saylı Təmir Tikinti Quraşdırma” İdarəsinin hal-hazırda fəaliyyətinin olmadığı və sənədlərinin X15 Filialına təhvil verilmədiyi üçün qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Odur ki, ümumilikdə 25 il sığorta stajı olmadığı üçün sizə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Əli Bayramlı şəhər Ticarət İdarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək “56 saylı Təmir Tikinti Quraşdırma” İdarəsində işlədiyi illərdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi “Əli Bayramlı şəhər Ticarət İdarəsi”nin və “56 saylı Təmir Tikinti Quraşdırma” İdarəsinin hal-hazırda fəaliyyətinin olmadığı və sənədlərinin X15 Filialına təhvil verilmədiyi üçün qarşılıqlı yoxlamaq mümkün olmaması, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildə yaranmışdır. İddiaçının işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Belə olan halda da, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı X1 işlədiyi illər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X1 işlədiyi illər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar