Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1259/2020 26.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyaya qarşı iddia qaldıraraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1992-ci il tarixdən mart 1993-cü il tarixə qədər Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyindən və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteranlar haqqında bəzi qanunvericilik aktlarının “1.6-cı maddəsinin tələbinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü ilin may ayının 10-dək döyüş əməliyyatlarında iştirak edən şəxslərə” müharibə veteranı adı və vəsiqəsi verilməsi qanunauyğun olduğuna görə ona da müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Bunun üçün yazdığı məktuba cavab olaraq Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli 1/S-587 saylı məktubla ona bildirilir ki, silahlı qüvvələrdə hərbi xidməti barədə tam məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Müdafiə Nazirliyi aparatı nəzdində müharibə adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya cavab məktubunda həmin fikri kifayət qədər əsaslandırmamışdır. Lakin işə əlavə etdiyi Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(064)- 61/2012 saylı, xx xxxx 2012-ci il tarixdə qüvvəyə minmiş qətnaməsi ilə xüsusi icraat işi kimi onun döyüşən N () saylı hərbi hissədə olmağı hüquqi faktı müəyyən edilmişdir. Bu o deməkdir ki, məhkəmə yolu ilə onun N () saylı hərbi hissədə döyüşən orduda xidmət etməyi sübut olunduğundan və bu hərbi qulluq müddəti yuxarıda qeyd olunduğu kimi xx xxxxxxx 1991-ci il tarixindən xx xxx 1994-cü il tarixinədək olan müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün olan dövrə uyğun gəldiyindən (qulluq etdiyi xx.xx.1992-mart 1993) ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. O, yuxarıda qeyd etdiklərinə əlavə olaraq, xüsusi icraat qaydasında Füzuli Rayon Məhkəməsinin təsdiq etdiyi onun N () saylı hərbi hissədə döyüşməyini sübut edən xx xxxxxx 2012-ci il tarixli 2(064)-61/2012 saylı, xx xxxx 2012-ci il tarixdə qüvvəyə minmiş qərarını xx.xx.2020-ci il tarixli ərizəsinə əlavə edərək Müdafiə Nazirliyində fəaliyyət göstərən cavabdeh Komissiyaya göndərərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi xx.xx.2020-ci il tarixli 1/S-7523 saylı məktubla ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığını bildirir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və iddia tələbi olduğu kimi saxlanılmaqla, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1259/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il 11/3933 saylı etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının xidməti arxiv arayışı ilə təsdiq olunmadığından ona müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixdə Füzuli RPŞ tərəfindən verilmiş Seriya AZE 07966197 nömrəli şəxsiyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində anadan olmuş və Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində qeydiyyatdadır. İş materialında olan Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(064)61/2012 saylı qətnaməsinin surəti ilə müəyyən olunur ki, İddiaçı xx xxxx 1992-ci il tarixdən mart 1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən N () saylı hərbi hissəsində hərbi xidmətdə olması faktı müəyyən edilmişdir. İş materialında olan Füzuli Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2768/2020 saylı məktubundan görünür ki, İddiaçı hərbi hissədə hərbi xidmətdə olma faktının müəyyən edilməsinə dair işə Füzuli Rayon Məhkəməsində xx.xx.2012-ci il tarixdə baxılmış, qətnamə xx.xx.2012-ci il tarixdə tərəflərə göndərilmişdir. Qətnamədən apelyasiya şikayəti verilməmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/S-7523 saylı məktubunda qeyd olunmuşdur ki, sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2013-cü il, xx.xx.2016-cı il və təkrar xx.xx.2017-ci il tarixli iclaslarında baxılmış və 157, 360, 403 nömrəli protokolları ilə barənizdə müsbət qərar qəbul edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(064)61/2012 saylı qətnaməsi ilə İddiaçı xx xxxx 1992-ci il tarixdən mart 1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən N () saylı hərbi hissəsində hərbi xidmətdə olması faktı müəyyən edilmişdir. Lakin iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivində məlumat yoxdur. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki xx xxxxxx 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumat olmadığından onun müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1259/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1259/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver