Məhkəmə qərarları › İş №2-1(120)-1261/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1261/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1261/2020 04.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinə qarşı «sosial sığorta stajı müəyyən edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxx 1955-ci il tarixdə Ağcabədi rayonu, Kəhrizli kəndində doğulmuşdur. Ağcabədi rayonu, Şotlanlı kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli **********9 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçının əmək pensiyası hüququnun nəzərə alınması üçün 1971-1998-ci illərdə Ağcabədi rayonu «Çkalov» və «Həmidə» adına kolxozlarda işləməsi barədə əmək kitabçasını təqdim edə bilmədiyini əsas gətirərək, ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1971-ci ildən xx.xx.1974-cü ilə kimi və 1976-cı ilin may ayından 1998-ci ilə kimi Ağcabədi rayon sabiq «Çkalov» və «Həmidə» adına kolxozlarda işlədiyini sosial sığorta stajı kimi müəyyən edərək Dövlət X3 Ağcabədi rayon şöbəsinin üzərinə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Dövlət X3 Ağcabədi rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət X3 Ağcabədi rayon şöbəsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq, ona xx.xx.2020-ci il tarixli, **********9 saylı imtina məktubu göndərilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. O, xx.xx.1955-ci ildə Ağcabədi rayonu, Kəhrizli kəndində anadan olmuşdur. 1971-ci ildən xx.xx.1974-cü ilə kimi və 1976-cı ilin may ayından 1998-ci ilə kimi Ağcabədi rayon sabiq «Çkalov» və «Həmidə» adına kolxozlarda kolxozçu, təsərrüfat briqadirinin müavini, hidrotexnik, briqadir, təsərrüfat briqadiri, mühasib və anbardar işləmişdir. Kolxozun fəaliyyətinə 1998-ci ildə xitam verilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1974-cü ildən xx xxx 1976-cı ilə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Kolxozda işlədiyi dövrdə adına əmək kitabçası açılmamış, bununla belə onun əmək fəaliyyətinə dair arxivdə məlumat vardır və bu barədə də arayış verilmişdir. Lakin pensiya yaşına çatdıqdan sonra Dövlət X3 Ağcabədi rayon şöbəsinə müraciət edərək, əmək fəaliyyətinə dair Ağcabədi rayon Dövlət Arxivindən verilmiş xx.xx.2020-ci il tarixli, 126 nömrəli arxiv arayışını təqdim etsə də, cavabdeh şöbə arxiv arayışını nəzərə almamış və ona yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. Hesab edir ki, Dövlət X3 Ağcabədi rayon şöbəsinin imtinası ilə onun konstitusion hüquqları pozulmuşdur. Cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********7 saylı münasibət məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu, Şotlanlı kəndində yaşayan İddiaçı xx.xx.2020-ci il tarixdə iş stajı barədə sənədlərini təqdim edərək, yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyində xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyaları təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı 1971-1974 və 1976-1998-ci illərdə Ağcabədi rayonu «Çkalov» və «Həmidə» adına kolxozlarda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 126 nömrəli arxiv arayışı təqdim etmişdir. Vətəndaşın əlavə təqdim etdiyi hərbi xidmət illərini nəzərə almaqla ümumilikdə 26 il 01 ay sosial sığorta stajı vardır. Həmin iş stajına əsasən İddiaçı tələb olunan pensiya hüququ yaranar. Dövlət X3 Ağcabədi rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə prosesini keçirib qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və hərbi biletinin təsdiq olunmuş surətlərini, Ağcabədi rayon Dövlət Arxivinin arxiv arayışını, Ağcabədi Rayon İHB-nin Şərəfxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Ağcabədi rayon Dövlət Arxivinin və Dövlət X3 Ağcabədi rayon şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Ağcabədi rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X4 Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının 1974- 1976-cı illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1971-1974 və 1976-1998-ci illərdə Ağcabədi rayonu «Çkalov» və «Həmidə» adına kolxozlarda işləyib əmək haqqı alması Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 126 nömrəli arxiv arayışında öz əksini tapır. Lakin Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 126 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1971-ci ildə faktiki adam günü 98 gün, 1972-ci ildə faktiki adam günü 250 gün, 1973-cü ildə faktiki adam günü 276 gün, 1974-cü ildə faktiki adam günü 120 gün, 1976-cı ildə faktiki adam günü 200 gün, 1977- 1981-ci illərdə faktiki adam günü 312 gün, 1985-ci ildə faktiki adam günü 260 gün, 1986 və 1988-ci illərdə faktiki adam günü 312 gün, 1991-ci ildə faktiki adam günü 282 gün, 1992-1994-cü illərdə faktiki adam günü 312 gün, 1996-cı ildə faktiki adam günü 328 gün, 1997-ci ildə faktiki adam günü 314 gün və 1998-ci ildə faktiki adam günü 182 gün olmuşdur. Həmçinin Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 126 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, «Çkalov» və «Həmidə» adına kolxozların 1982, 1983, 1984, 1987, 1989, 1990 və 1995-ci illərə aid son hesablaşma cədvəllərində adam günü (əmək günü) yazılmadığından İddiaçı həmin illər üzrə əmək haqqısı əmək haqqı kitablarından aylar üzrə çıxarılmışdır. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1971-1974, 1976-1981, 1985-1986, 1988, 1991- 1994 və 1996-1998-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət X3 Ağcabədi rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********7 saylı məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Ağcabədi rayonu üzrə kolxozlarda minimum adam günü norması kişilər üçün 240 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1972-1973, 1977-1981, 1985-1986, 1988, 1991-1994, 1996-1997-ci illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 16 il hesablanmalıldır. 1971, 1974, 1976 və 1998-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (98 + 120+200+182) × 12 = 7200/240=30 ay (≈2 il 6 ay). İddiaçının Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 126 nömrəli arxiv arayışında 1982-1984, 1987, 1989-1990 və 1995-ci illərdə Ağcabədi rayonu «Çkalov» və «Həmidə» adına kolxozlarda işlədiyi illərə aid son hesablaşma cədvəllərində adam günü (əmək günü) yazılmasa da, həmin illər üzrə əmək haqqı alması öz əksini tapdığından qeyd olunan illər əmək haqqı aldığı aylar üzrə əmək stajı kimi nəzərə alınmalıdır. Beləliklə, hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 126 nömrəli arxiv arayışında göstərilən Ağcabədi rayonu «Çkalov» və «Həmidə» adına kolxozlarda 1971-1974, 1976- 1981, 1985-1986, 1988, 1991-1994 və 1996-1998-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə və 1982- 1984, 1987, 1989-1990 və 1995-ci illərə dair iş stajı isə əmək haqqı aldığı aylar üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının Ağcabədi rayonu «Çkalov» və «Həmidə» adına kolxozlarda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 126 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1971-1974 və 1976-1998-ci illərdə Ağcabədi rayonu «Çkalov» və «Həmidə» adına kolxozlarda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 126 nömrəli arxiv arayışında göstərilən Ağcabədi rayonu «Çkalov» və «Həmidə» adına kolxozlarda 1971-1974, 1976-1981, 1985- 1986, 1988, 1991-1994 və 1996-1998-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə və 1982-1984, 1987, 1989-1990 və 1995-ci illərə dair iş stajı isə əmək haqqı aldığı aylar üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia qismən təmin edilsin. İddiaçı Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 126 nömrəli arxiv arayışında göstərilən Ağcabədi rayonu «Çkalov» və «Həmidə» adına kolxozlarda 1971- 1974, 1976-1981, 1985-1986, 1988, 1991-1994 və 1996-1998-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə və 1982-1984, 1987, 1989-1990 və 1995-ci illərə dair iş stajı isə əmək haqqı aldığı aylar üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X3 Ağcabədi rayon şöbəsinin üzərinə qoyulsun.

2. İddia qalan hissədə təmin edilməsin.

3. Prosessual xərc iddiaçıya aid edilsin.

4. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

5. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar