Məhkəmə qərarları › İş №2-1(120)-1261/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1261/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1261/2023 28.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında doğum tarixində yanlış olaraq qeyd edilmiş 1962-ci il tarixinin 1958ci il ilə əvəz edilərək düzəliş və dəyişiklik edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum tarixindəki yanlışlığın aradan qaldırılaraq, 1962-ci il tarixinin 1958-ci il ilə əvəz edilərək dəyişdirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1261/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsinə əsasən,iddia ərizəsində dəqiqləşmə aparılaraq iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında doğum tarixində yanlış olaraq qeyd edilmiş 1962-ci il tarixinin 1958-ci il ilə əvəz edilərək düzəliş və dəyişiklik edilməsi“ kimi baxılması qərarar alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1958-ci ildə Saatlı rayonu, Hacıqasımlı kəndində anadan olmuşdur. Müraciəti doğum haqqında şəhadətnamədə doğum tarixinin texniki səhv olaraq 1962-ci il yazılması ilə bağlıdır. Adıçəkilən kənddə böyüyüb boya-başa çatmış, həmyaşıdları ilə eyni ildə məktəbə daxil olub oxumuş və 1976-cı ildə məktəbi bitirərək, orta təhsil haqqında Attestat almışdır. Saatlı rayonu Kamallı kənd sakini X3 ilə ailə həyatı quraraq, 31 iyul 1980-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Doğum haqqında Şəhadətnamədə doğum tarixi X4 olaraq 1962-ci il göstərilsə də, orta təhsil haqqında Attestatda məktəb rəhbərliyi təvəllüdünün digər uşaqlarla bərabər 1958-cı il olduğunu dəqiq bidikləri səbəbindən də, dəqiq olaraq 1958 olaraq göstərmişlər. Bunu o dövr onunla birlikdə təhsil alan uşaqlar və bugün yaşayan müəllimlər də təsdiq edə bilərlər. Çünkü, onun 3(üç) yaşında yuxarı yaşlı uşaqlarla birlikdə məktəbə getməsi məntiqsizdir və bu barədə heç bir sənəddə müvafiq qeydlər aparılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Saatlı rayonu, Acıqasımlı kəndində anadan olmuşdur və Saatlı rayonu, Kamallı kəndində qeydiyyatdadır. İşdə olan Saatlı rayon İcra hakimiyyəti Başçısının Hacıqasımlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 282 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Saatlı rayonu, Hacıqasımlı kənd inzibati ərazi dairəsinin Kamallı kəndində yaşayır. İşdə olan Saatlı rayon İcra hakimiyyəti Başçısının Hacıqasımlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 12 dekabr 2022-ci il tarixli, 11 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqasımlı İƏD-si üzrə nümayəndəlik Sizin 10 Noyabr 2022-ci il tarixli iş №2-1(120)-3003/2022 saylı məktubu ilə bağlı bildirir ki, Hacıqasımlı İƏD-si üzrə nümayəndəliyin 04 saylı təsərrüfatbaşına kitabının 51-ci səhifəsində şəxsi hesab nömrəsi 273 təsərrüfat başçısı X2 ailə təsərrüfatında İddiaçı xx xxxx 1962-ci ildə Saatlı rayonun Hacıqasımlı kəndində doğulması qeyd edilmişdir. Hacıqasımlı kəndində onu hamı X1 tanımış və müraciət etmişdir. 1978-ci ildə Kamallı kənd sakini X3 ilə ailə həyatı qurmuş və həmin vaxtdan Kamallı kəndində yaşayır və hamı onu İddiaçı kimi tanıyır və müraciət edirlər. Ona dərs deyən müəlliminin və sinif yoldaşlarının təsdiq etdiyinə görə o 1965-ci ildə Hacıqasımlı kənd məktəbinin birinci sinfinə daxil olmuş və 1973-cü ildə səkkizinci sinfi bitirmişdir və sonra qiyabi şəkildə orta təhsilini davam etdrimiş və 1976-ci ildə orta təhsilini tamamlamışdır. İşdə olan AЗ 251971 nömrəli, xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1962-ci il tarixdə Saatlı rayonun Hacıqasımlı kəndində doğulmuşdur. İşdə olan xx.xx.1976-cı il tarixli AЗ 893212 nömrəli atestatın təsdiq edilmiş surətindən görünür ki, 1958-ci ildə Azərbaycan SSR Saatlı rayonu Hacıqasımlı kəndində anadan olmuş X5 1976-cı ildə Saatlı rayon orta məktəbini bitirmişdir. İşdə olan Saatlı rayon İcra hakimiyyəti Başçısının Hacıqasımlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsininxx.xx.2022-ci il tarixli 327 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Saatlı rayonu, Hacıqasımlı kənd inzibati ərazi dairəsinin Kamallı kəndində yaşayır. İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1962”dən “xx.xx.1958”ə düzəliş edilməsi ilə bağlı ərizəyə Saatlı rayon qeydiyyat şöbəsində baxılmışdır.Ərizənizə əlavə edilmiş doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1962” qeyd edilib. Təqdim olunmuş sənədlərə əsasən ziddiyyətlərin aradan qaldırılması məqsədilə akt qeydində düzəliş və dəyişik edilməsi üçün kifayət qədər əsas olmadığından Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydlərinə düzəliş edilməsi mümkün deyildir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair məhkəmədə iddia qaldırmaq hüququ vardır. İşdə olan Saatlı rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli 88xid-23 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1962-cü il tarixdə Saatlı rayonu, Hacıqasımlı kəndində anadan olmuş Saatlı rayonu, Kamallı kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı barəsində Saatlı rayon prokurorluğunda heç bir təqsirləndirici material olmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Saatlı rayon Polis şöbəsinin 06 iyun 2023-cü il tarixli, 102/2-1084-1 nömrəli məktubunda göstərilmişdir ki, Saatlı rayon Kamallı kəndində qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı barəsində Saatlı RPŞ-də heç bir təqsirləndirici material qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-12/2-64056/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1962-ci il tarixdə Saatlı rayonunda doğulmuş İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırılmaqla_Daxili İşlər Nazirliyi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001- 19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış «Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilrçiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat»ın 8.6. bəndinə və 8.6.1. yarımbəndinə müvafiq olaraq şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir və hər bir yoxlanılan şəxsə dair ayrıca tələbnamə doldurulur, onun soyadı, adı, ata adı adlıq halda, çap hərfləri ilə yazılır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Saatlı rayon Təhsil Şöbəsinin İ.Əliyev adına Hacıqasımlı kənd tam orta məktəbinin məhkəməyə ünvanladığı 57 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Saatlı rayonu, Kamallı kəndində yaşayış yeri üzrə qeydiyatda olan İddiaçı Saatlı rayonu Aşağı Hacıqasımlı 8 illik məktəbində orta təhsil alması barədə məlumatın (məktəbə qəbul olunduğu və məktəbi bitirdiyi tədris illəri, siniflər və b.) və həmin məlumatı təsdiqləyici sənədlərin məhkəməyə təqdim olunması barədə məktuba cavab olaraq bildirmişdir ki, məktəbdə həmin dövr üçün qeyd olunmuş şəxsə (o cümlədən başqalarına) aid heç bir sənəd aşkar olunmadı. İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı 26 iyul 1962-ci il tarixli 71 nömrəli doğum aktı qeydindən görünür ki, X5 xx xxxx 1962-ci il tarixdə Saatlı rayonu Hacıqasımlı kəndində anadan olmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixi “1958-ci il” əvəzinə “1962-ci il” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə tərəfindən iddiaçı barəsində AЗ 251971 nömrəli, xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnaməsinə baxış keçirilərək müəyyən edilir ki, X5 xx.xx.1962-ci il tarixdə Saatlı rayonun Hacıqasımlı kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamə xx.xx.1962-ci il tarixdə Hacıqasımlı kənd soveti tərəfindən verilmişdir. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulması nəzərə alınmaqla Saatlı rayon Hacıqasımlı kənd soveti tərəfindən tərtib edilmiş 26 iyul 1962-ci il tarixli 71 nömrəli doğum aktı qeydində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi ilə bağı olaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan uşaqlarının soyadının dəyişdirilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının doğum haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının doğum tarixi “xx.xx.1962-ci il” kimi qeydə alınmışdır. İşdə olan xx.xx.1976-cı il tarixli AЗ 893212 nömrəli atestatın təsdiq edilmiş surətinə əsasən, 1958-ci ildə Azərbaycan SSR Saatlı rayonu Hacıqasımlı kəndində anadan olmuş X5 1976-cı ildə Saatlı rayon orta məktəbini bitirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində iddiaçının doğum tarixinin səhv yazıldığı müəyyən olunduğundan və bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azadova (Mehdiyeva) Qətibə Əvəz qızının xx.xx.1958-ci il tarixdə doğulması nəzərə alınmaqla Hacıqasımlı kənd soveti tərəfindən tərtib edilmiş 26 iyul 1962-ci il tarixli 71 nömrəli doğum aktı qeydində düzəlişin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Saatlı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar