Məhkəmə qərarları › İş №2-1(120)-1263/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1263/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1263/2023 21.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 оğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə 21 noyabr 2023-cü il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 sentyabr 2022 ci il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən icarəyə götürdüyü mağazada vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində 22 sentyabr 2022 ci il tarixli DVX№ 012375 saylı AKT tərtib olunmuşdur. AKT qeydlərinə əsasən “müştəri” tərəfindən alınmış 3 AZN (üç manat) dəyərində paltar şotkasına görə ödənilmiş pulun NKA yaddaşına daxil edilmədiyi aşkar olunmuşdu. Uçotdan yayındırılmış məbləğin bərpası zamanı NKA-nın blokda olması səbəbindən işləmədiyi, nasaz olduğu aşkar olunmuşdur. Uçotdan yayındırılmış məbləğ NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabında bərpa olunmuşdur. Vergi məmuru Əli bəy tərtib olunan AKT-ı imzalamağını xahiş etmiş və bildirmişdirki AKT da aparılan qeydlər onların NKA aparatının işlək olmadığı üçün tərtib olunub hörmətsizlik olmaması üçün imzalayın onsuzda sizin NKA aparatınız bu günə kimi işlək olub. Tərtib olunan AKT-ı imzalamışdır. 06 oktyabr 2022-ci il tarixində yaşayış ünvanına 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məktub daxil olmuşdur. xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Sahibkarlıq fəaliyyətinə cari ildə Dövlət Məşğulluq xəttinin vasitəsi və dəstəyi ilə başlamışdır. 01 iyun tarixindən icarə müqaviləsi bağlayıb müvafiq təmir tikinti işləri görüb 01 iyul 2022-ci il tarixindən satış əməliyyatları edərək sahibkarlıq fəaliyyətinə başlamışdır. Fəaliyyət göstərdiyi mağaza rəsmi icarə müqaviləsi, aldığı NKA isə yeni nəsil aparatdır. Fəaliyyətə başladığı 4 ay olmasına baxmayaraq bütün proseslərin qanunvericiliyə uyğun olması üçün tam səy göstərmişdir. Satış etdiyi məhsullar əsasən məktəbə qədər uşaqlar üçün olduğundan aktiv şəkildə 1 oktyabr tarixindən etibarən normal iş qrafiki ilə işə başlamağı planlaşdırmışdır. İki azyaşlı uşağının olmasına görə əsasən vaxtının böyük hissəsini onlara ayırır. Bu səbəbə görə 1 oktyabra kimi fəaliyyəti obyekti tam gücü ilə işləməmişdir. Günün bir çox vaxtı bağlı olmuşdur. Buna baxmayaraq hər gün səhər mağazanı açıb müvafiq NKA aparatın aktiv edib işə başlamış, satış olduğu zaman NKA aparatına daxil edib və gün sonu müvafiq olaraq NKA vasitəsi ilə günü bağlamışdır. 22 sentyabr 2022-ci il tarixdə vergi məmurları mağazaya gəldiyi zaman özü rəfiqəsi ilə birgə mağazaya yeni daxil olmuşdur. Uşaqlarını qeydiyyat üçün məktəbə aparmalı idi. Mağazanı açmaq məqsədi olmamış bu səbəbdən NKA aparatını işə salmaq fikri olmamışdır. Mağazadan çıxmaq istəyərkən iki şəxs mağazaya daxil olmuşdur. Onlar 5 saylı Ərazi Vergilər İdarəsindən müvafiq qərar ilə (qeyd etdikləri qərar AKT-a müvafiq **********1711 olan qərarla o tanış edilməlidir.) gəldiklərini bildirdilər. Gəlmə məqsədləri 1 həftə aparatlarının işlək olmadığını qeyd etmişdirlər. Bunun mümkün olmadığını, aparatın hər gün tərəfindən qoşulduğunu və gün sonu söndürdüyünə əmin olduğundan xüsusilə vurğulamışdır. Hal-hazırda nə üçün işlək olmadığını qeyd etdiklərində mağaza bu gun fəaliyyətini nahardan sonra planlaşdırdığından o zaman açacağını qeyd etmişdir. Vergi məmuru NKA yandırdığı zaman aparat blokda olduğu göründü və açılmadı. Vergi məmuru Əli bəy bunun təkidlə 1 həftədir belə olduğuna israrla əminliyini bildirdi. Onunla mübahisəyə girməmək üçün və məktəbə tələsdiyi üçün yoldaşına zəng vurmuşdur. Yoldaşı 15-20 dəqiqə ərzində mağazaya gəlmişdir. Bu müddət ərzində vergi məmurları onların yanında mağazada oldu və onların olduğu müddət ərzində də hər hansı bir satış əməliyyatı olmamışdır. X10 mağazaya daxil olan kimi övladı və rəfiqəsi Fəridə Abdullayeva (Əliyeva) ilə birgə məktəbə tərəf yollanmışdır. Onlar içəridə qalıb məsələni araşdırmağa başlamışdırlar. Təxminən 20-25 dəqiqədən sonra oğlu və rəfiqəsi ilə birgə mağazaya qayıtmışdır. Yoldaşı mağazanı açmış və ondan son 7 gün ərzində apardığı əməliyyatların təsdiqini istəmişdir. NKA vasitəsi ilə və tapdığı qeyd olunan dövrə aid KASSA-Z hesabatı vasitəsi ilə yerində vergi məmuruna sübutları fiziki olaraq əyani təqdim etmişdir. Vergi məmuru yanında vergi orqanına zəng edərək məsələni bildirmişdir. Paralel olaraq cari gün yaranan NKA blokda probleminin həlli üçün onlara xidmət göstərən "xxxx" MMC ilə əlaqə saxlamağa çalışmışdır. Bütün bu proseslər bir daha bildirmək istəyir ki, vergi məmurunun iştirakı ilə baş verib ümumi 1 saatdan çox çəkən proses nəticəsində hər hansı bir satış əməliyyatı olmamışdır. Birgə müzakirədən sonra vergi məmuru arxa otaqda AKT tərtib etməyə başlamış, bunun vacib və qaçılmaz olduğunu qeyd etmiş və bildirmişdirki AKT-a olduğu kimi bu gun NKA-nın işləmədiyini qeyd edəcək və əlavə etdi ki, onlar bura müvafiq qərarla gəlmiş, onların aparatının 14 sentyabrdan işləmədiyi qərarı ilə onlar AKT-a hörmətsizlik olmasın deyə imza çəkərsiz daha sonra onlara təqdim etdiyi sübutları gəlib 5 saylı Ərazi Vergi İdarəsinə bildirərsiz. Vergi məmuru Elnur bəy arxa otaqda yoldaşının iştirakı ilə AKT tərtib etdiyi zaman digər vergi məmuru Əli bəy qarşıya mağazaya keçərək satış üçün nəzərdə tutulmuş məhsullara baxmağa başlamışdır. İlk öncə baş masajı üçün nəzərdə tutulan aləti götürüb onunla bağlı sualları vermiş, daha sonra paltar şotkasın göstərib onunla bağlı suallar verib, götürüb arxa otağa keçmişdir. 10 dəqiqədən sonra önə keçərək AKT-la birgə yaxınlaşmış, paltar şotkası üçün Əli bəy 3 AZN uzadaraq almaq istədiyini qeyd etmiş, bu zaman “gülərək NKA işləmir, satış edə bilmirik Sizə hədiyyə edə bilərik” demişdir. Vergi məmuru Əli bəy isə təşəkkür etdiyini bunun üçün müvafiq uçot kitabı var ora qeydiyyat edib satış edə biləcəklərini söyləmiş və ilk olaraq onlara öyrətmə məqsədli özünün qeydiyyat aparacığını bildirmişdir. Uçot kitabını ona təqdim etmiş və o aldığı paltar şotkasının müvafiq qeydlərini kitabı yazıb imzalamış və bildirmişdirki NKA işləyənə kimi bura qeyd etməklə satış edə bilərsiz. Uçot kitabına qeydiyyat apardıqdan sonra AKT-ı imzalatdırıb bir nüsxəsini ona verib və gedmişlər. Onlar getdikdən sonra AKT-ı kənara qoyub AZSMART ilə yenidən əlaqə saxlamağa çalışıblar. Həmin gün saat 17:00 radələrində onların texniki xidmət şöbəsinin əməkdaşı onlarla görüntülü əlqəyə keçib NKA-da problemi aradan qaldırmışdır. Texniki nasazlıq barədə bildirmişdir ki, 14 sentyabr tarixindən NKA-da yaranan texniki nasazlıq səbəbindən (WİFİ şəbəkəsi itib) onların məlumatları Vergi orqanına online rejimdə ötürülməyib. Hal-hazırda problem aradan qalxmış və bu dövr ərzində apardığınız bütün əməliyyatlar vergi orqanına tam şəkildə avtomatik olaraq ötürüləcəkdir. Belə halların çox olduğunu, narahat olmamamağı və problemli bir şey olmadığını bildirmişdirlər. Bu haldan sonra kiçik araşdırma aparmış və ona məlum olmuşdur ki, şəbəkə itməsi ilə bağlı olan texniki nasazlıq zamanı 7 gün ərzində NKA məlumatları qeydə alır və yaddaşında saxlayır. Növbəti 8-ci gün isə NKA bloka düşür bu zaman işlək olmaması barədə sahibkar məlumat (NKA açılmır) əldə edir. 22 sentyabr günün sonunda NKA aktiv oldu və düşünmüşdür ki, bu barədə məlumat vergi orqanına daxil olacağından hər hansı bir problem qalmayacaq. Daha sonra vergi orqanı tərəfindən maliyyə sanksiyası daxil olduğunu görmüş və həmn gün tərtib olunmuş AKT-ı tam oxumuş və orada hər hansı bir müştəri alışı olduğunu görüb vergi məmurunun qanunsuz hərəkətindən vergi orqanına online şəkildə şikayət ərizəsi ünvanlamışdır. Əlavə olaraq qeyd edir ki, vergi orqanı tərəfindən NKA-nın qeyri işlək olması ilə bağlı bildiriş onun elektron kabinetinə xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Bir daha bildirmişdir ki, 21 sentyabr 2022 ci il tarixli **********1711 qərar ona təqdim edilməmişdir. 14-21 sentyabr aralığında NKA satış əməliyyatı üçün tam yararlı olub və aidiyyatı üzrə tərəfindən istifadə olunub. Vergi məmuru tərəfindən tərtib olunan 22 sentyabr 2022-ci il tarixli, DVX №012375 saylı AKT və həmin akt əsasında qəbul olunmuş xx.xx.2022-ci il tarixli, **********512 nömrəli qərar qanunsuzdur, AKT-da qeyd olunan hər hansı bir müştəri alışı olmamışdır. Vergi məmuru Əli Zeynalov AKT tərtibatından sonra planlı şəkildə bu prosesi aparmış, məqsədi cərimə tətbiqi üçün zəmin yaratmaq olmuşdur. Alış özlərinin bir başa iştirakı, məsləhəti və tərtibatı ilə uçot kitabına qeyd olunmuşdur. Odur ki, qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********1711 nömrəli qərardan görünür ki, İddiaçı1 məxsus dəftərxana ləvazimatları mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin aparılması kiçik vergi xidməti müşaviri X3 və kiçik vergi xidməti müşaviri X7 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, KY221786736 nömrəli çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İddiaçı1 (VÖEN **********) məxsus dəftərxana ləvazimatları mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kiçik vergi xidməti müşaviri X3 və kiçik vergi xidməti müşaviri X7 tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, seriya DVX 012375 nömrəli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktdan görünür ki, İddiaçı1 məxsus dəftərxana ləvazimatları mağazasında keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış paltar şotkasına görə ödənilmiş pulun nəzarət kassa aparatına daxil edilmədiyi aşkar olunmuş, nəzarət kassa aparatından tam istifadə olunması, nəzarət kassa aparatının işlək halda saxlaxılması və alıcılara nəzarət kassa aparatı çekinin təqdim edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********3512 nömrəli qərarından görünür ki, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan **********3513 nömrəli “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamədən görünür ki, İddiaçı1 büdcəyə ödənilməli olan 1000 manat vəsaitin xx.xx.2022-ci il tarixə kimi ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, inzibati şikayətin təmin edilməməsi haqqında **********325000 nömrəli qərardan görünür ki, fərdi sahibkar İddiaçı1 operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməməsi, xx.xx.2022-ci il tarixli DVX seriyalı 012375 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3512 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin 14 dekabr 2022-ci il tarixli, **********950500 nömrəli etirazında qeyd edilmişdir: İddiaçı1 (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********1711 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı1 (VÖEN **********) fəaliyyət göstərdiyi Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsində yerləşən **********-21001 kodlu “Dəfdərxana” adlı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində aparılmış operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış bir ədəd paltar şotkasına görə sahibkar İddiaçı1 3 azn nağd pul vəsaitinin ödənildiyinin lakin ödəniş müqabilində NKA-na çek vurulmadığı və müştəriyə çek təqdim edilmədiyi müşahidə edilmişdir. OVN tədbiri zamanı uçotdan yayındırılmış 3 manat nağd pul vəsaitinin bərpası zamanı NKA-nın blokda olması səbəbindən işləmədiyi aşkar olunaraq həmin məbləğ NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabına bərpa olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, DVX seriyalı 012375 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3512 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə İdarənin xx.xx.2022-ci il tarixli **********656800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2022-ci il tarixdə saat 21:52-də oxunmuşdur. Nəticə olaraq fərdi sahibkar İddiaçı1 (VÖEN **********) Azərbaycan Respublikası Veri Məcəlləsinin 16.1.9 madəsinin (lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək) və Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2019-cu il avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.7 bəndinin (vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq) tələblərini pozmuş və buna görə də Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tədbiq edilməsi təklif edilmişdir. Bundan başqa Operativ vergi nəzarəti tədbirini keçirən vergi orqanı əməkdaşları yoxlama zamanı vergi ödəyicisinə xidməti vəsiqələrini təqdim etdiklərini və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1711 nömrəli qərarla tanış etdiklərini, fərdi sahibkar İddiaçı1 yoxlama zamanı heç bir irad bildirmədiyini və xx.xx.2022-ci il tarixli DVX seriyalı 012375 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktı özünün imzaladığını, vergi ödəyicisinə və digər şəxslərə qarşı qanunsuz hərəkətlərə və ya əsassız tələblərə yol vermədiklərini bildirmişdirlər. Əlavə olaraq bildiririk ki, keçirilmiş operativ vergi nəzarətinin nəticəsi barədə tərtib edilmiş aktın doğruluğunu və aktın bir nüsxəsinin alınması barədə fərdi sahibkar İddiaçı1 imza edərək təsdiqləmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi tədbirləri Operativ vergi nəzarəti yoxlamasının növlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2- ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli 338 nömrəli qərarının: 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Odur ki, İddiaçı1 iddia tələbi tam əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı1 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. 07 iyun 2023-cü il tarixdə məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumatlar əsasında vergi orqanının qərarına əsasına sözügedən obyektdə yoxlama keçitrmişdirlər. Onlar mağazaya daxil olan zaman sahibkar xanım orada olmuş, onlar nəzarət qaydasında paltar şotkası almış, amma xanım tərəfindən aldıqları mal kassa aparatına vurulmamışdır. Müəyyən olunmuşdur ki, kassa aparatı işlək vəziyyətdə deyildir. Belə olduqda uçot kitabında qeydiyyat aparılmasını bildirmişdirlər. Həmin vaxt kitab onların iştirakı ilə tərtib olunmuşdur. Buradan görünür ki, iddiaçının əvvələr belə qeydiyyat kitabı olmamışdır. Bu hal onlar tərəfindən aktlaşdırılmışdır. Bir qədər sonra xanım yoldaşına zəng vurmuş, yoldaşı ora gəlmiş və tərtib edilmiş aktnan tanış olmuşdur. Xanımın yoldaşı X5 onlara kömək etməyini xahiş etmişdir. X4 qanun çərçivəsində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə müraciət edə bilməsi barədə məlumat verilmişdir. Kassa aparatının bir gün əvvəl işlək vəziyyətdə olması barədə məlumatı olmamışdır. Alış edərkən mağazada onlardan başqa kiminsə olması yadında deyildir. 07 iyun 2023-cü il tarixdə məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, vergi orqanının qərarına əsasına sözügedən obyektdə yoxlama keçitrmişdirlər. Obyektdə nəzarət qaydasında mal alışı olmuş, amma kassa aparatına vurulmamışdır. Uçot kitabı barədə soruşduqları zaman belə kiyabın olmadığı, boş kitab təqdim edərək onun tərtib olunmasında onlara köməklik göstərilməsi xahiş olunmuşdur. Həmin kitaba baxış zamanı kitabda heç bir qeydiyyatın aparılmadığını müəyyən olunmuşdur. Aparat işləməsə bele kitabça stolun üstündə və qanunvericilikdə nəzərdə tutlmuş qaydada tərtib olunmalı idi. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra – İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1711 nömrəli qərarına əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “Dəftərxana” adlı obyektdə İdarənin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:50-də həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış 3 manatlıq paltar şotkasına görə ödənilmiş pulun nəzarət-kassa aparatının yaddaşına daxil edilmədiyi, uçotdan yayındırılmış məbləğin bərpası zamanı nəzarət-kassa aparatının blokda olması səbəbindən işləmədiyi, nasaz olduğu aşkar edilmiş, uçotdan yayındırılmış məbləğin “Nəzarət kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na bərpa olunduğu, operativ vergi nəzarəti tədbirinin nəticəsinin xx.xx.2022-ci il tarixli DVX seriyalı 012375 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən heç bir irad bildirilmədən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi, müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3512 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə İdarənin xx.xx.2022-ci il tarixli **********656800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2022-ci il tarixdə saat 21:52-də oxunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə məktubların icra müddəti uzadılmış və xx.xx.2022-ci il tarixli **********624900 və **********634600 nömrəli məktublarla məlumat verilmişdir. Hazırda iddiaçı həmin qərarla razılaşmayaraq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını və tədqiq olunan sübutları aşağıdakı hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.9-cu maddəsinə görə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 23.2-ci maddəsinə görə yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1.3-cü maddəsinə əsaən vergi orqanları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2- ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarının: 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə müəyyən edir ki, vergi orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinin barəsində operativ vergi nəzarətini həyata keçirmək üçün qərar qəbul etmiş, həmin qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçmiş, bundan sonra iddiaçıya məxsus mağaza operativ vergi nəzarəti həyata keçirilmişdir. İddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi nəzarət kassa aparatı işlək olmamış, bu zaman vergi orqanının əməkdaşları tərəfindən nəzarət qaydasında əşya alınmış, həmin əşyanın alınması müqabilində ödənilmiş 3 (üç) manat pul vəsaitinin qeydə alınması üçün nəzarət kitabı olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş AKT iddiaçı tərəfindən imzalanmış, həmin AKT imzalanarkən iddiaçı tərəfindən operativ vergi nəzarəti zamanı əməkdaşlar barəsində hər hansı neqativ hal barəsində tələb və şikayəti qeyd olunmamışdır. Göründüyü kimi, vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə edən, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını tələb etmək, NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq vergi ödəyicisinin bir başa vəzifəsi olmasına baxmayaraq, iddiaçı öz vəzifəsini icra etməmişdir. Bu səbəbdən onun barəsində maliyə sanksiya tətbiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı məsələləri (50.1.7-ci bəndi) əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Bununla da məhkəmə yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərarının ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar