Məhkəmə qərarları › İş №2-1(120)-1266/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1266/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1266/2021 24.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «reyestrdən çıxarışda düzəliş edilməsi və yeni reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2021-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında olan fərdi yaşayış evinə dair həyat yoldaşı X1 adına verilmiş Seriya RX ******* nömrəli çıxarışda adının Fiqurə, ata adının Aflat kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində ümumi birgə mülkiyyətində olan 0.0999 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda “Hüquq sahibinin adı” qrafasında “X4” adının “İddiaçı” adına dəyişdirilməsi və yeni reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ailə üzvlərinə məxsus ünvan 3 ünvanında olan fərdi yaşayış evinə dair həyat yoldaşı X1 adına Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Həyat yoldaşı X5 24 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Bir neçə ay bundan əvvəl fərdi yaşayış evinə dair çıxarışa baxarkən məlum olmuşdur ki, həmin çıxarışda onun adı “Fiqumə” və atasının adı “Əflatun” yazılmışdır. Adının və ata adının düzəliş edilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin **********5 nömrəli, 27 may 2021-ci il tarixli məktubu ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də məcbur qalıb məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında olan fərdi yaşayış evinə dair həyat yoldaşı X1 adına verilmiş Seriya RX ******* nömrəli çıxarışda düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məqsədəmüvafiq hesab edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X10 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulan prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 27 may 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: fərdi yaşayış evinin **********69-10301 nömrəli reyestrdən çıxarışında düzəliş edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səaliyyəti xaricindədir. Məlumat üçün bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, fərdi yaşayış evinin **********69-10301 nömrəli reyestrdən çıxarışında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində mülkiyyətində olan 0.0999 ha torpaq sahəsində yerləşən 98 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X1, X2 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində 16.06.20215ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş və Cəlilabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş “nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, X5 ilə X7 arasında nikah 06.10.1975-ci il tarixdə bağlanaraq, 132 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş “Ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 24 aprel 2020-ci ildə ölmüşdür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı; - (maddə 8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.8-ci bənd) dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək, (3.0.15-ci bənd) hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X3 999.31 kv.metr torpaq sahəsi mülkiyyətinə verilərək adına A seriyalı 238694 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində mülkiyyətində olan 0.0999 ha torpaq sahəsində yerləşən 98 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X1, X2 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində 16.06.20215-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ümumi birgə mülkiyyəti hüququ əsasında onlara məxsus olan Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində mülkiyyətində olan 0.0999 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda adının “Fiqurə” əvəzinə “Fiqumə”, ata adının isə “Aflat” əvəzinə “Əflatun” kimi qeydiyyata alındığını və çıxarışda da yanlış məlumatın qeyd edildiyini əsas gətirərək hazırki iddianı irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, X1, X2 və X6 ümumi birgə mülkiyyəti kimi Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində olan 0.0999 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda iddiaçının adı “Fiqurə” olduğu halda “Fiqumə”, ata adının isə “Aflat” olduğu halda Əflatun olaraq qeyd edildiyindən, qanunvericiliklə buna səlahiyyəti olan orqan tərəfindən şəxsin müraciəti əsasında Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində mülkiyyətində olan 0.0999 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda “Hüquq sahibinin adı” qrafasında “X4” adı “İddiaçı” adına dəyişdirilməli və bu barədə yeni reyestrdən çıxarış verilməlidir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna ziddir və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində maraqlı şəxsin ərizəsi üzrə başlanmış icraatda imtina və ya hərəkətsizliklə nəticələnir) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialara da münasibətdə İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində mülkiyyətdə olan 0.0999 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda “Hüquq sahibinin adı” qrafasında “X4” adının “İddiaçı” adına dəyişdirilməsi və yeni reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 13-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində mülkiyyətdə olan 0.0999 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda “Hüquq sahibinin adı” qrafasında “X4” adının “İddiaçı” adına dəyişdirilməsi və yeni reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar