Məhkəmə qərarları › İş №2-1(120)-1267/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1267/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1267/2025 27.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Ağcabədi rayon Mərkəzi Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Ağcabədi rayon X7 Hüquqi Şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi xidmət dövründə “Sol budun aşağı 1/3 nahiyyəsində dəlib keçən güllə yarası ilə” yaralanmağını, “G20 Parkinspon xəstəliyi, hər iki yuxarı və aşağı ətraflarda əsmə riqid forma. Beyin qan dövranı pozğunluğu. Sol tərəfli hemiparez. Arterial hipertoniya, Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Arterial hipertoniya. Beyin qan dövranı pozğunluğu, Sol tərəfli hemiparez. Yanaşı xəstəliklər. Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ baldırın aşağı 1/3-nin arxa səthinin dəlib keçən yarasından sonrakı vəziyyət.Axıl vətərinin zədələnməsi diaqnozu ilə bağlı sağlamlığını itiməyini nəzərə alıb müddətsiz müharibə əlilliyi təyin edilməsi öhtəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-ci il tarixli xxxxxxx0015 №-li qərarı ilə xx.xx.1973-cü ildə doğulmuş İddiaçı ümumi əsaslarla xx.xx.2023-cü il tarixdən təyin olunmuş İİ qrup əlillik dərəcəsinin “səbəb”nin dəyişdirilərək, “Yaralanmadır, Hərbi Xidmət Dövründə almışdır” İİ dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Ağcabədi RHK tərəfindən hərbi xidmətə çağırılmışdır, hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1995-ci ildə Füzuli rayon ərazisində düşmən güllə yarası almaqla sağlamlığını itirmişdir. Sağlamlığını itirməyi ilə bağlı ona “Sol budun aşağ 1/3 nahiyyısində dəlib keçən güllə yarası, Axıl vətərinin zədələnməsi funksiya pozğunluğu diaqnozu ilə 3-cü qrup müharibə əlilliyi təyin edilmişdir. xx.xx.2016-cı ildə o təkrar müayinə olunmuşdur və 3-cü qrup müharibə əlillihyi təsdiqlənmişdir. Bundan sonra o, 2017-ci və 2019-cu ildə yenidən TSEK-dan keçmişdir, ona “G20 Parkinspon xəstəliyi, hər iki yuxarı və aşağı ətraflarda əsmə riqid forma. Beyin qan dövranı pozğunluğu. Sol tərəfli hemiparez. Arterial hipertoniya, Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Arterial hipertoniya. Beyin qan dövranı pozğunluğu, Sol tərəfli hemiparez. Yanaşı xəstəliklər. Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ baldırın aşağı 1/3-nin arxa səthinin dəlib keçən yarasından sonrakı vəziyyət.Axıl vətərinin zədələnməsi diaqnozu ilə Azərbaycan Respublikasının ərzai bütövlüyünü müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci ildə 2-ci dərəcəli müharibə əlilliyi təyin edilmiş, 19 dekabr 2018-ci il tarixdə müayinələrinin nəticəsi olaraq ikinci dərəcəli əlillik yenidən təsdiq edilmişdir. Təkrar müayinə müddəti xx.xx.2023-cü il müəyyən edilmişdir. Beləliklə də ona 2016-cı ildən 2017-ci ilə kimi 3-cü dərəcəli müharibə əlilliyi, xx.xx.2017-ci ildə ikinci dərəcəli müharibə əlil iyi və yenə də 19 dekabr 2018-ci ildən xx.xx.2023-cü il tarixə kimi isə 2-ci dərəcəli müharibə əlilliyi təyin edilmişdir. Müharibə əlili kimi o nəqliyyat vasitəsi ilə də təmin olunmuşdur. 1995-ci ildə yaralandıqdan sonra əvvəlcə əlləri əsməyə başlamış, daha sonra bütün orqanizminə yayılmış və hazırda həmin funksiya pozuntusu ağır şəkildə davam etməkdədir. Xəstəliyi elə həddə çatmışdır ki. o ayaq üstə durmaq iqtidarında belə deyildir.Lakin xx.xx.2023-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun ikinci dərəcəli müharibə əlilliyim dayandırılmış və ümumi xəsəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. O, həmin qərardan narazı qaldığı üçün ləğv edilməsi və müharibə əlilliyinin bərpa edilərək müddətsiz müharibə əlilliyi təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nə rəsmi olaraq müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Ağcabədi rayon X8 Hüquqi Şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsilə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə ( etirazda) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağcabədi rayon mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar”; X2: Parkinson xəstəliyi, Parkinson xəstəliyi əsmə-rigid forması Hoehn və Yahr şkalası İV (dörd) dərəcə, yeriş və hərəkət pozulması ilə;Diaqnozun mətni: .Sinir sistemi xəstəlikləri=>Ekstrapiramid və digər hərəki pozğunluqlar=>Parkinson xəstəliyi=>hərəkətin təzahür edən pozuntusu ( Hoehn və Yahr şkalası üzrə xəstəliyin İV mərhələsi)=>.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ü.İ.X.QƏRGİNLİK STENOKARDİYASİ İİİ F.S. HİPERTONİYA XƏS-Yİ İİ MƏR. İNFARKTDAN SONRAKİ KARDİOSKLEROZ.ŞƏKƏRLİ DİABET İİ TİPLİ.AĞİR GEDİŞLİ-İNSULİN TƏLƏB., səbəbi ilə müddətsiz 80% əillik dərəcəsi verilmişdir.Ağcabədi rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 437 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Saçı baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən qüllə yarası, axil vətərinin zədələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 6595 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Parkinson xəstəliyi, əsmə riqid forması Xen Yar şkalası İV (dörd) dərəcə, yeriş və hərəkət pozğunluğu" kimi qeyd edilmişdir. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ baldırın aşağı 1/3-nin səthində çapıq toxuması, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), əzələ atrofiyası, hissiyyat zəifliyi, reqionar osteoparoz, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. Təqdim edilmiş X11 Baş beynin MRT müayinəsinin nəticəsi “Minimal beyin atrofiyası" kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına RRM-ə məxsus təkərlikli oturacaqda, əlində əsa ilə daxil olmuş, ətraflarında əsmə nümayiş etdirmişdir. Medikamentoz preparatlardan gündə 5 dəfə % tablet Nakom, 250 mg Praksol 2 tablet x 2 dəfə qəbul etdiyini söyləmişdir.Baxış zamanı sağ baldırın aşağı 1/3-də çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuşdur.Nevroloji müayinə zamanı dərman qəbulundan öncə bütün ətraflarda hiperkinezlər, əsmə, bunun hesabına nitqin pozğunluğu, dişli çarx sindromu müşahidə edilmişdir. Müayinənin gedişatında 14 tablet Nakom qəbul etdikdən 40 dəqiqə sonra yenidən müayinə edilmiş, hiperkinezlərin azalması, sol yuxarı ətrafda daha ifadəli olmaqla ağızda və ətraflarda bradikineziya, ayaqlarını sürüyərək kiçik addımlarla, önə əyilmiş vəziyyətdə yeriməsi müşahidə edilmişdir. Hazırda əlillik təyinatına əsas verən Parkinson xəstəliyinin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Hərbi qərar alındıqdan sonrakı əlillik təyinatlarının səbəb-əlaqəsinin Hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi məqsədəuyğun hesab edilmişdir. Nəticədə, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 illik əlillik təyinatlarının səbəb əlaqəsinin Hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi barədə qərar qəbul edilmişdir.Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq o İ a ra q Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Üçüncü şəxs Ağcabədi rayon X7 Hüquqi Şəxsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı məhkəmə iclasında iştirak etmədiyi, cavabdeh inzibati orqan və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh Agentliyin xx.xx.2024-cü il tarixli xxxxxxx0015 №-li qərarı ilə ona ümumi əsaslarla xx.xx.2024-cü il tarixdən təyin olunmuş əlilliyin “səbəb”nin dəyişdirilərək, “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar” əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Məhkəmənin 2-1(120)-1267/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia mümkündür.

Faktiki hallar və sübutlar:

iddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.1973-cü ildə Ağcabədi rayonu, Rəncbərlər kəndində doğulmuşdur. Ağcabədi rayonu, Kəbrli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 437 №-li, xx.xx.2014-cü il tarixli qərarında ( surətində) qeyd olunmuşdur ki, Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.2013cü il tarixli məktubunada cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı hərbi xidmət keçərkən xx.xx.1995-ci ildə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən güllə yarası, axil vətərinin zədələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 2033 saylı göndərişi, xx.xx.2013-cü il tarixli 2033 saylı arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1995-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nm həkim mütəxəsis-cərrahın rəyi ilə təsdiq edilir), “YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRİÜNDƏ ALİNMİŞDİR”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin ç) bəndi. MN MHHK-nın 319 nömrəli xx.xx.2014-cü il tarixli protokolu. Dövlət Tibbi-Sosial Ekspertza və Reabilitasiya Xidmətinin 22 saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixədək üçüncü dərəcə əlillik təyin olunmuşdur: Əlilliyin səbəbi: Hətbi xidmət dövrü ilə əlaqədar... TSEK-in diaqnozu: Sağ budun aşağı 1\3 nahiyyəsində dəlib keçən güllə yarası Axıl vətərinin zədələnməsi funksiya pozğunluğu.. Əlilliyin müəyyən olunması meyarı: 2.3. Üçüncü dərəcə əlillik=> DİGƏR: Sağ budun aşağı 1/3 nahiyyəsində dəlib keçən güllə yarası Axıl vətərinin zədələnməsi funksiya pozğunluğu...Əmək zəmanəti barədə: Məhdud əmək qabiliyyəti (295)... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0017 №-li, xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü X6 xx.xx.2018-ci il tarixdən (təkrar) ikinci dərəcə əlillik təyin olunmuşdur. Əlilliyin səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar...TSEK-in diaqnozu: G20 Parkinson xəstəliyi, Hər iki yuxarı və aşağı ətraflarda əsmə riqid forma. Beyin qan dövranı pozğunluğu. Sol tərəfi hemiparez.Arterial hipertoniya. AğırlaşmaG93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Arterial hipertoniya.Beyin qan dövranı pozğunluğu. Sol tərəfi hemiparez. Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ baldırın aşağı 1/3-nin arxa səthinin dəlib keçən güllə yarasından sonrakı vəziyyət.Axil vətərinin zədələnməsi.. Əlilliyin müəyyən olunması meyarı: 2.2.İkinci dərəcə əlillik =>2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinatlar funksiyasının pozuntuları ilə müşayiət olunan baş beyin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri... Əmək zəmanəti barədə: Yüngül işlərdə işləyə bilər. AR ƏƏSM-nin X1 Sistemi sosial müavinət və təqaüd haqqında ********** №-li, xx.xx.2022ci il arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup müharibə əlili təqaüdü təyin edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0015 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixdən ümumi xəstəliklə -orqanizim funksiyasının 80 faiz pozulması səbəbi ilə müddətsiz əlillik təyin olunmuşdur. Əlillik meyarı: 6.6.1.2.6 Sinir sistemi xəstəlikləri => Ekstrapiramid və digər hərəki pozğunluqlar =>Parkinson xəstəliyi=> hərəkətin təzahür edən pozuntusu (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İV mərhələsi) => İddiaçı aid aşağıdakı; - xx.xx.2024-cü il tarixli, xxxxxxx0015 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Meyar: 6.6.1.2 G20.6.Sinir sistemi xəstəlikləri => Ekstrapiramid və digər hərəki pozğunluqlar => Parkinson xəstəliyi =>hərəkətin təzahür edən pozuntusu (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İV mərhələsi) =>.... OFP yekun faiz meyarı 80 faiz, yekun əlillik səbəbi: ümumi xəstəlik..OFP müddəti: müddətsiz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T /6132024 saylı (ekspertizanın başlanma tarixi 22 avqust 2024-cü il, başa çatma tarixi 17 sentyabr 2024-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:

1. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 5 YK8AM20015№-li qərarla qiymətləndirilməsi aparılmış göndərilmiş Forma 88 göndərişində qeyd edilən diaqnoz ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edildiyindən xəsətliyin dinamikası, müalicə tədbirləri düzgün aparıldığından xəstəliyin klinik proqnozu qənətbəxş olmuşdur. TSEK-də müayinələri zamanı əmək fəaliyyətsiz hesab edilmişdir. -Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar onun vaxtaşırı əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac vardır. -2.3.4. Əlilliklə əlaqədar olan suallar məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №-li qərarı ilə təsdiqlənmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə tibbi sosial ekspertləri tərəfindən həll edilir.

5. Vətəndaş İddiaçı 17.02.-xx.xx.1995-ci il tarixlərdə N saylı “Sağ baldırın aşağı 1/3nin arxa səthindən dəlib keçən güllə yarası, axil vətərinin zədələnməsi” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Xəsarətin varlığı şəxsin müayinəsi zamanı həmin nahiyədə aşkar edilmiş çapıq toxumalarla təsdiq olunur.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Tibbi Sosial Ekspertiza və X10 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. İddiaçı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlillik təyin edilməsini tələb etmişdir. Ekspert rəyindən müəyyən olunur ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 437 reyestr nömrəli qərarında əks olunmuş xəsarətlərin hal-hazıda onda izi müəyyən olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya Quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət Orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir,əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 437 saylı qərarından görünür ki, iddiaçının yaralanmasının nəticəsi – diaqnoz “Yaralanmadır, Hərbi Xidmət Dövründə Alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli xxxxxxx0015 №-li qərarı ilə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ümumi əsaslarla xx.xx.2023cü il tarixdən orqanizim funksiyalarının 80 faiz pozulması ilə əlaqədar müddətsiz təyin olunmuş əlilliyin “səbəb”nin dəyişdirilərək, “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar” əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar