Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1269/2020 26.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Masallı rayonu, Çayqıraq kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı X12 «Abdini» soyadının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Abdinov X11 rayon qeydiyyat şöbəsinə qarşı iddia qaldıraraq, Masallı rayon qeydiyyat şöbəsinin üzərinə yeni doğulmuş qızına «Abdini» soyadının verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1269/2020 saylı qərardadı ilə Masallı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə qız övladı dünyaya gəlmişdir. Həyat yoldaşı X5 ilə birgə xx xxxx 2010-cu il tarixdə doğum haqqında tibbi şəhadətnamə və ərizə ilə Masallı rayon qeydiyyat şöbəsinə yeni doğulmuş övladına doğum haqqında şəhadətnamə götürmək üçün müraciət etmişlər. Ərizədə yeni doğulmuş övladına əvvəlki 3 (üç) övladının soyadına uyğun “Abdini” soyadının verilməsini xahiş etmişlər. Masallı rayon qeydiyyat şöbəsinin rəisi İlqar Məhərrəmovun imzası ilə onlara xx xxxx 2020-ci il tarixdə 05/Q-1288 saylı məktubla rəsmi cavab verilərək “Abdini” soyadının qanunvericiliyin tələbinə uyğun olmaması bildirilmişdir. Onlar da imtinadan sonra məcbur qalıb övladı X2 soyad götürməyə razılıq vermişlər. Rəsmi cavab məktubunda adları keçən bütün qanunvericilik aktları anadan olmuş 3 övladı dünyaya gəlməmişdən əvvəl qəbul və təsdiq olunmuşdur. Məhz imtina məktubunda soyadlar haqqında sadalanmış mövcud qanunvericilik qəbul və təsdiq ediləndən sonra övladlarına “Abdini” soyadlarına uyğun doğum haqqında şəhadətnamələr verilmişdir. X9 xx xxxx 2004-cü il tarixdə anadan olmuş və Masallı rayon qeydiyyat şöbəsi tərəfindən ona müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. X4 xx xxxxxx 2007-ci il tarixdə və oğlu X16 x xxxxxx 2011-ci il tarixdə doğulmuşlar və onlara Masallı rayon Bədəlan kənd ərazi nümayəndəliyi tərəfindən mövcud doğum haqqında şəhadətnamələr verilmişdir. Hazırda “Abdini” soyadını 3 övladı daşıyır və dördüncü övladının digər soyad daşımasını ailə ənənəsinə uyğun saymırlar və bu ailədə ciddi psixoloji narahatlıq yaratmışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q-456 saylı münasibət məktubunda qeyd edilmişdir ki, İddiaçı yeni doğulmuş qızı Zəhranın soyadını “Abdini” yazılmaqla doğum haqqında şəhadətnamə verilməsi haqqında Masallı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. O, soyadın qeyd edilən formada yazılmasını onunla əsaslandırmışdır ki, onun xx.xx.2004-cü ildə doğulmuş oğlu Əli, xx.xx.2007-ci ildə doğulmuş qızı Zeynəb, xx.xx.2011-ci ildə doğulmuş oğlu Abbasın da soyadını qeydiyyat orqanlarında "Abdini" kimi yazdırmışdır. Müəyyən edilmişdir ki, Masallı rayon Bədəlan ərazi nümayəndəliyində tərtib edilmiş xx.xx.2004-cü il 173 saylı akta əsasən X14, xx.xx.2007-ci ildə 01 saylı akta əsasən X7 və xx.xx.2011-ci il tarixdə 78 saylı akta əsasən X8 doğumu qeydə alınmış və uşaqların soyadı "Abdini" yazılmaqla onlara doğum haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən hallarda qeydiyyat orqanı uşaqların soyadlarının yazılması zamanı səhvə yol vermişdir. Belə ki, "Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarında vətəndaşların “ov”, “yev” sonluqlu soyadlarının sözün kökündən asılı olaraq “lı”, “li”, “zadə”, “oğlu”, “qızı” sonluğu və ya sonluqsuz ifadə forması ilə əvəz edilməsi qeyd edilmişdir. Soyadın sonluğunun ərizəçinin tələb etdiyi formada dəyişdirilməsi qərarda nəzərdə tutulmamışdır. Odur ki, mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq İddiaçı qızı Zəhranın soyadının sonluğunun “Abdini” kimi yazılmasından imtina edilmiş və uşağın soyadı sonluqsuz-“X17” kimi yazılaraq ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmçinin İddiaçı izah edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmə qətnaməsi əsasında aparılır. Vətəndaşa müraciəti ilə bağlı ətraflı cavab verilmiş və cavabdan narazı qaldığı halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə məhkəmə baxışının Masallı rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Üçüncü şəxs X5 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişdir ki, əri İddiaçı ilə Masallı rayon qeydiyyat şöbəsinə övladının soyadının dəyişdirilməsi ilə bağlı birgə ərizə ilə müraciət etmişlər, lakin müraciətlərindən imtina edilmişdir. Bundan sonra əri Abdinov X11 rayon qeydiyyat şöbəsinə qarşı övladının soyadının dəyişdirilməsi tələbi ilə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, əri İddiaçı iddia ərizəsi ilə tanışdır və onun iddiasını dəstəkləyir. Məhkəmədən ailələrində övladlarından birinin fərqli soyadla adlanmasından dolayı yaranmış psixoloji durumu və qanunvericiliyin tələbinə görə valideynlərdən birinin övladının soyadını dəyişdirmək hüququnu nəzərə alıb sonuncu övladına “Abdini” soyadının verilməsi barədə Masallı rayon qeydiyyat şöbəsi qarşısında öhdəlik qoyulmasını xahiş edir. Cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə, üçüncü şəxslər Masallı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və X3 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin və cavabdehin imtina məktubunun surətini əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X6 Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Аli Məhkəməsinin Plenumu özünün «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 9.1-ci bəndində adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd etmişdir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, «Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1993-cü il tarixli 495 nömrəli Qərarında «ov», «yev» sonluqlu soyadlarının «lı», «li», «lu», «lü», «zadə», «oğlu», «qızı» soyadlarına dəyişdirilməsi təqdir edilmişdir. Göründüyü kimi, iddiaçının X1 «Abdini» soyadına dəyişdirmək tələbi «Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1993-cü il tarixli 495 nömrəli Qərarına ziddir. İddiaçı isə iddia ərizəsində iddia tələbinin əsası kimi digər övladlarının soyadlarının sonluğunun «Abdini» olmasını qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının digər övladlarına «Abdini» soyad sonluğu ilə doğum haqqında şəhadətnamə verilərkən «Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1993-cü il tarixli 495 nömrəli Qərarının tələbləri pozulmuşdur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X12 «Abdini» soyadının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə görə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.18-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı X12 «Abdini» soyadının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı X12 «Abdini» soyadının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov