Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-127/2021 27.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 8 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 8 saylı Regional Ərazi filialına qarşı “əmək pensiyasının təyin olunması, yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə xx xxxxx 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Masallı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ilin yanvarın 1-dən ona əmək pensiyasının təyin olunması, yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdeh Dövlət Sosial Müdafiə X16 şəxsin Masallı rayon filialına təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə X16 şəxsin Masallı rayon filialı Dövlət Sosial Müdafiə X16 Şəxsinin 8 saylı Regional Ərazi filialı ilə əvəz olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 1941-ci ildə anadan olmuşdur. 1958-ci ildə Masallı rayonunun Ərkivan kənd sakini X11 ilə ailə həyatı qurmuşdur. xx.xx.1964-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə yaşadıqları müddətdə Elman (xx.xx.1959), Telman (xx.xx.1961), Arzuman (xx.xx.1962), Qəhrəman (xx.xx.1964), Əliaman (xx.xx.1966), Əlizaman (xx.xx.1969), Qılman (xx.xx.1971), Rövşən (xx.xx.1976) və Elşən (xx.xx.1978) adlı uşaqları doğulub və onları 8 yaşına kimi tərbiyə edib böyütmüşdür. Hazırda onların hamısı yaşayır. 1977-ci ilin yanvarından 1986-cı ilin mart ayına kimi “K.Marks” adına sovxozda, 2006-2007-ci illərdə Masallı rayonundakı Ərkivan qəsəbə 4 saylı orta məktəbdə xadimə işləmişdir. Lakin ona xx.xx.2000-ci ildən yaşa görə sosial müavinət təyin edilmişdir. Halbuki, onun əmək pensiyası hüququ vardır və bu daha əvvəldən yaranmışdır. Belə ki, 2006-cı ildən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar – 51 yaşına çatdıqda, 4 uşağı olanlar – 50 yaşına çatdıqda, 5 uşağı olanlar – 49 yaşına çatdıqda, 6 uşağı olanlar – 48 yaşına çatdıqda, 7 uşağı olanlar – 47 yaşına çatdıqda, 8 uşağı olanlar – 46 yaşına çatdıqda, 9 uşağı olanlar – 45 yaşına çatdıqda. Bu o deməkdir ki, onun hətta 3 uşağı belə olsaydı, onları 8 yaşına kimi tərbiyə edib böyütsəydi, 5 il əmək stajı olsaydı belə, ona əmək pensiyası təyin edilməli idi. Halbuki, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Qanunun qəbul edilərkən onun 65 yaşı, doğub 8 yaşına kimi tərbiyə etdiyi 9 övladı, 9 il 2 ay əmək stajı olmuşdur. Göstərilənlərə əsaslanaraq, iddiaçıya xx xxxxxx 2006-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən bu günədək yaranmış fərq məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Masallı rayon şöbəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 8 saylı Regional Ərazi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində qeyd olunmuşdur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı iddia etdiyi ümumi iş stajı 9 il 2 aydır. Lakin iş materiallarından aydın olur ki, iddiaçının 1976-cı il tarixdən 1988-ci il tarixədək işlədiyi “Karl Marks adına sovxoz”da 3 il 10 ay sosial sığorta stajı (əmək haqqı aldığı aylar nəzərə alınmışdır) vardır. Həmin illər arxiv arayışı ilə təsdiqləndiyindən cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Masallı rayonu Ərkivan qəsəbəsi 4 saylı orta məktəbində işlədiyini iddia edir, lakin iddiaçının adına göstərilən tarixlərdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyyə etmiş və azı 10 il (xx.xx.2017-ci il tarixdən 25 il) sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il uzadılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 135 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixli, 10/2 saylı əmrlə sabiq K.Marks adına sovxozun 6 saylı tərəvəzçilik briqadasının 2-ci manqasına fəhlə qəbul edilmiş, xx.xx.1979cu il tarixli, 187 saylı əmrlə xx.xx.1979-cu ilə kimi növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.1979-cu il tarixli, 327/2 saylı əmrlə növbəti əmək məzuniyyətinin müddəti qurtardığı üçün öz iş yerinə qaytarılsa da, sonrakı əmək fəaliyyəti barədə məlumat yoxdur. Yenidən işə girmə əmri tapılmamış (1980, 1981, 1982-ci illərin əmr kitabları arxivə verilməyib), lakin 1982-ci ilin aprel ayından Kərimov Orduxanın briqadasının tərkibində əmək haqqı almağa başlamış (sovxozun fəhlə və qulluqçularının siyahısı kitabında xx.xx.1982-ci il 80 saylı əmrlə işə qəbul edilməsi barədə məlumat var), xx.xx.1983-cü il tarixli, 84/6-3 saylı əmrlə (ilk dəfə) növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.1986-cı il tarixli, 55/2 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı 1977, 1978, 1979, 1982, 1983, 1984 və 1985-ci illərdə əmək haqqı almışdır. İşdə olan Masallı rayon İcra Hakimiyyəti Başçsısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 1270 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən aşağıda adları göstərilən şəxsləri özü doğub 8 (səkkiz) yaşa qədər tərbiyə etmişdir: X12 (xx.xx.1959-cu il); X8 (xx.xx.1961-ci il); X6 (xx.xx.1962-ci il); X3 (xx.xx.1964-cü il); X7 (xx.xx.1966-cı il); X4 (xx.xx.1969-cu il); X9 (xx.xx.1971-ci il); X10 (xx.xx.1976-cı il); X13 (xx.xx.1978-ci il). İşdə olan Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, X12 xx.xx.1959-cu ildə; X8 xx.xx.1961-ci ildə; X6 xx.xx.1962-ci ildə; X3 xx.xx.1964-cü ildə; X7 xx.xx.1966-cı ildə; X4 xx.xx.1969-cu ildə; X9 xx.xx.1971-ci ildə; X10 xx.xx.1976-cı ildə; X13 xx.xx.1978-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşlar. İşdə olan Masallı rayon İHB-nin Ərkivan qəsəbə İƏD-si üzrə nümayəndəsinin xx xxxxxx 2020-ci il tarixli, 2690 saylı arayışından görünür ki, İddiaçı 2006-cı ilin sentyabr ayından 2007-ci ilin aprel ayınadək rayonun Ərkivan qəsəbə 4 saylı tam orta məktəbində xadimə vəzifəsində işləmiş, cəmi 442,30 manat əmək haqqı almış, onun əmək haqqından 13,25 manat (3%) DSMF Masallı şöbəsinə pul köçürülmüşdür. İşdə olan Masallı rayon Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin xx xxxx 2021-ci il tarixli, 12 saylı arayışından görünür ki, Masallı rayonu Ərkivan qəsəbə sakini İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi Masallı rayon Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbində xadimə işləmişdir və göstərilən müddət ərzində onun əmək haqqından hər ay əmək haqqının 3%-i həcmində məcburi dövlət sığorta haqları ödənmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının “Sığortaolunanın fərdi şəxsi hesabı haqqında” məlumatdan görünür ki, Naziliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) sığortaolunan kimi uçotu aşkarlanmamışdır. Naziliyin “X1 Sistemi”nin Sığorta (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabtalara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan Qanunun 21.2.1-ci və 21.2.5-ci maddələrinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçisin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial haqqı ödənilən hər hansı işinin müddəti, işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət əlavə edilir. Həmin Qanunun 27-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların daxil olduğu gündən ən azı 10 gün müddətində baxılmaqla təyinat aparılır. Sözügedən Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçı xx xxxxxx 1941-ci il tarixdə anadan olmuş, 9 uşaq - X12 (xx.xx.1959-cu il); X8 (xx.xx.1961-ci il); X6 (xx.xx.1962-ci il); X3 (xx.xx.1964-cü il); X7 (xx.xx.1966-cı il); X4 (xx.xx.1969-cu il); X9 (xx.xx.1971-ci il); X10 (xx.xx.1976-cı il); X13 (xx.xx.1978-ci il) doğub onları səkkiz yaşadək tərbiyə etmişdir. Həmçinin iddiaçı 1977, 1978, 1979, 1982, 1983, 1984 və 1985-ci illərdə sabiq K.Marks adına sovxozda işləməklə əmək haqqı almışdır. Bundan əlavə iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Masallı rayon Ə.Bağırov adına Həsənəküçə kənd orta məktəbində xadimə vəzifəsində işləmişdir. İşin müəyyən olunan hallarından həmçinin görünür ki, iddiaçıya DSMF-nin Masallı şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixli qərar əsasında xx.xx.2000-ci ildən yaşa görə sosial müavinət təyin edilib ödənilir. İşin müəyyən olunan hallarından həmçinin görünür ki, iddiaçı xx.xx.2020-ci ildə ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə DSMF-nin Masallı rayon şöbəsinə müraciət etmiş, cavabdehin iddiaçıya ünvanlanmış pensiya təyin edilməsindən imtina edilməsi barədə bildirişi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə istinad edilərək qanunla yaşa görə əmək pensiyası təyin edilməsi üçün beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyyə etmiş və azı 10 il (xx.xx.2017-ci il tarixdən 25 il) sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası hüquqları olduğundan iddiaçının tələbi təmin edilməmiş, bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının xx.xx.1977xx.xx.1979 və xx.xx.1982-xx.xx.1986-cı illərdə Masallı rayon “K.Marks” adına sovxozda işləməsi Masallı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 135 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır ki, qeyd olunduğu kimi əmək stajını təsdiqedici sənəd kimi arayışlar da nəzərə alınır. Belə olan təqdirdə iddiaçının Masallı rayon “K.Marks” adına sovxozda işləyərək 5 il 9 ay 2 gün əmək stajı əldə etdiyi müəyyən olunur. İddianın öz tələbinin hüquqi əsası kimi göstərdiyi xx.xx.2006-cı il tarixdən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar – 51 yaşına çatdıqda; 4 uşağı olanlar – 50 yaşına çatdıqda; 5 uşağı olanlar – 49 yaşına çatdıqda; 6 uşağı olanlar – 48 yaşına çatdıqda; 7 uşağı olanlar – 47 yaşına çatdıqda; 8 uşağı olanlar – 46 yaşına çatdıqda; 9 uşağı olanlar – 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar – 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq yaşa görə əmək pensiyası hüququ vardır”. Bu normanın dispozisiya şərtləri əsasında işin halları təhlil olunduqda görünür ki, xx.xx.2006-cı il tarixdə iddiaçının 5 ildən çox stajı vardı və doqquz uşaq doğub 8 yaşınadək böyütmüşdü. Yəni iddiaçı həmin tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən yaşa görə pensiya almaq hüququ qazanmışdı. Lakin iddiaçı həmin vaxt pensiya təyin olunması üçün müraciət etmədiyinə görə ona xx.xx.2000-ci il tarixdən, yəni 59,6 yaşdan yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına görə pensiyanın təyin edilməsinin mümkün olmaması barədə cavabdehin dəlili əsassızdır. Ona görə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx xxxxxxx 2009-cu il tarixdə edilmiş və xx xxxxxx 2010-cu il tarixdən qüvvəyə minən dəyişikliyə uyğun olaraq çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnu tənzimləyən 8.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. Həmin dəyişiklik edilənədək isə Qanunun 8.1-ci maddəsi aşağıdakı redaksiyada idi: “Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda”. Həmçinin qeyd olunmalıdır ki, sözügedən maddəyə daha sonra da dəyişiklik edilmişdir və hazırda qüvvədə olan redaksiya aşağıdakı kimidir: “8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. Göründüyü kimi qanunvericilik çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması əsaslarını 2006-cı ildən etibarən bir neçə dəfə dəyişərək fərqli tənzimləmişdir. Hazırkı iddianın həlli üçün ilk növbədə iddiaçıya münasibətdə qanunvericiliyin xx xxxxxx 2010-cu il tarixədək qüvvədə olan müddəalarının, yoxsa xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş müddəalarının, yaxud da hazırda qüvvədə olan normalarının tətbiq edilməli olduğu aydınlaşdırılmalıdır. Bunun üçün isə Azərbaycan Respublikası Konstitusiyasının və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının yaranmasına və təyin edilməsinə dair müddəalarına diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Göstərilən maddənin İİİ hissəsinə müvafiq olaraq, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır Bilavasitə Konstitusiyanın 38-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərdən başqa, qanunverici özünün konstitusiya səlahiyyətləri çərçivəsində sosial təminatın konkret növünün məzmununu qanunlarda konkretləşdirmişdirsə, onun müdafiəsi də konstitusiya əhəmiyyəti qazanır. Şəxs tərəfindən sosial təminatın bu və ya digər növünün alınmasının qanunla müəyyən edilmiş şərtlərinə riayət edildikdə, dövlət onların realizəsinə təminat verməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 2014-cü il 14 noyabr tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 2.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1, 32.1 və 37.7-ci maddələrinin ilk redaksiyalarına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunvericiliyinin tələbindən göründüyu kimi iddiaçı xx.xx.1941-ci il tarixdə doğulduğundan, doqquz uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən, habelə 5 il 9 ay 2 gün sosial sığorta stajına malik qadın olduğundan, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdə yaranmışdı. Cavabdeh orqan isə iddiaçıya pensiya təyin edilməsindən imtina edərkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 180 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2009-cu il tarixli 904-İİİ QD saylı Qanunun 8.1-ci maddəsinə istinad etmişdir. Bu isə qanuna zidd olmaqla iddiaçının pensiya təminatı hüququndan məhrum edilməsinə səbəb olmaqdadır. Məhkəmə hesab edir ki, iddiaçının yaranmış (qazanılmış) pensiya hüququnun reallaşdırılması ilə bağlı müraciətinin sonraya (qanunvericiliyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsindən sonraya) təsadüf etməsi ona pensiya təyin edilməməsinə əsas verə bilməz. Belə ki, iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ qayda nəzərdə tutmurdu. Əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edirdi. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsinə dair müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərlə bağlı olduğuna dair yanaşmanın qəbul edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə ziddiyyət təşkil edər və şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi nəticəsini doğurmuş olardı. Həmçinin nəzərə almaq lazımdır ki, pensiya hüququnun yaranmasını tənzimləyən qanunvericiliyin normaları müxtəlif amillərdən asılı olaraq dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmənin qənaətinə görə inzibati orqanın iddiaçının tələbini təmin etməməsi qanunaziddir. Çünki «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun hüquqların tətbiqindən imtinanı qadağan edən 16.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır (adı çəkilən Qanunun 16.2-ci maddəsi). Məhkəmənin mövqeyinə görə, İddiaçı qanunvericiliyə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə) edilmiş dəyişiklik qəbul olunanadək (xx.xx.2010-cu il tarixədək) doqquz uşağı doğub 8 yaşınadək tərbiyə etmiş, odur ki, hazırki mübahisəyə xx xxxxxx 2010-cu il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. xx.xx.2006-cı il tarixdən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar – 51 yaşına çatdıqda; 4 uşağı olanlar – 50 yaşına çatdıqda; 5 uşağı olanlar – 49 yaşına çatdıqda; 6 uşağı olanlar – 48 yaşına çatdıqda; 7 uşağı olanlar – 47 yaşına çatdıqda; 8 uşağı olanlar – 46 yaşına çatdıqda; 9 uşağı olanlar – 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar – 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq yaşa görə əmək pensiyası hüququ vardır”. Məhkəmə sadalanan qanunvericilik aktlarınının tələblərini hazırkı işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı doqquz uşaq doğub 8 yaşınadək tərbiyə etmiş və 5 il az olmayaraq iş stajı olan qadın kimi xx xxxxxx 2006-cı il tarixdə, yəni xx xxxxxx 2010-cu il tarixədək 45 yaşına çatdığından, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Cavabdehin iddiaya etirazının dəlillərinin əsasını arxiv arayışındakı qeydlərin 1976- 1986-cı illərdə iddiaçının sovxozda işlədiyi bütün illəri əhatə etməməsi, yəni iddiaçının 1976-cı il tarixdən 1986-cı il tarixədək işlədiyi illər üzrə əmək haqqı aldığı aylar nəzərə alındıqda onun 3 il 10 ay sosial sığorta stajı olması təşkil edir. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, sözügedən arayış məhkəmə baxışı zamanı araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1977-ci il tarixli, 10/2 saylı əmrlə sabiq K.Marks adına sovxozun 6 saylı tərəvəzçilik briqadasının 2-ci manqasına fəhlə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli, 187 saylı əmrlə xx.xx.1979-cu ilə kimi növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.1979-cu il tarixli, 327/2 saylı əmrlə növbəti əmək məzuniyyətinin müddəti qurtardığı üçün öz iş yerinə qaytarılsa da, sonrakı əmək fəaliyyəti barədə məlumat yoxdur. Lakin 1982-ci ilin aprel ayından əmək haqqı almağa başlamış (sovxozun fəhlə və qulluqçularının siyahısı kitabında xx.xx.1982-ci il 80 saylı əmrlə işə qəbul edilməsi barədə məlumat var), xx.xx.1983-cü il tarixli, 84/6-3 saylı əmrlə (ilk dəfə) növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.1986-cı il tarixli, 55/2 saylı əmrlə işdən azad edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaya etirazında iddiaçının 3 il 10 ay sosial sığorta stajının olduğunu bildirsə də, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının xx.xx.1977ci ildən xx.xx.1979-cu il tarixədək (işə qəbul edildiyi vaxtdan - növbəti əmək məzuniyyətinin müddəti qurtardığı vaxtadək) 2 il 9 ay 12 gün, xx.xx.1983-cü ildən xx.xx.1986-cı il tarixədək isə (növbəti əmək məzuniyyətinə buraxıldığı vaxtdan - işdən azad edildiyi vaxtadək) 2 il 11 ay 20 gün sosial sığorta stajı olmaqla, ümumi iş stajı 5 il 9 ay 2 gün təşkil edir ki, bu da tələb olunan 5 ildən artıqdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin xx xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2006-cı il tarixdə yaransa da, o, yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx xxxxx 2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 8 saylı Regional Ərazi filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx xxxxx 2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 8 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-127/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-127/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver