Məhkəmə qərarları › İş №2-1(120)-127/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-127/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-127/2022 20.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 4 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibаti Məhkəməsinə müraciət edərək, ona 1983-1986-ci illərdə X11 texniki peşə məktəbində, 1986-2000-ci illərdə 43 saylı Təsərrüfatlararası MSD-də işlədiyi illərin sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür, o, 1983- 1986-ci illərdə X11 texniki peşə məktəbində, 1986-2000-ci illərdə 43 saylı Təsərrüfatlararası MSD-də işləmiş və əmək haqqı almışdır. Lakin peşə məktəbində həmin illərdə işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. O, ərizə ilə DSMF 4 saylı Regional Ərazi Filialına yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Həmin filialın xx.xx.2021-ci il tarixli cavab məktubunda “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi əsas gətirilərək, iş stajımı müəyyən etmək mümkün olmadığı üçün (əmək kitabçamda müvafiq qeydlərin olmamasına əsasən) ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. DSMF 4 saylı Regional Ərazi Filialı tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməklə əmək pensiyaları haqqında Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsini pozmuş olur. DSMF 4 saylı Regional Ərazi Filialı tərəfindən qeyd edilən hərəkətlə onun konstitusion hüququ pozulmuşdur. Hesab edir ki, imtina əsassız və iddia təmin olunmalıdır. Sonradan cavabdehin nümayəndəsinin ərizəsinə əsasən, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 4 saylı Regional Ərazi filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı ilə əvəz edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Məhkəmə mübahisələri işə iş üzrə mərkəzi filialını təmsil edən F.Əzizli Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının stajı (09 il 03 ay 17 gün) qanunla tələb olunan müddətdən az olduğundan, eyni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müsbət həll etmək mümkün olmamışdır. Hüquqi şəxsin fəaliyyət əsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni oluna bilməz. Araşdırma zamanı İddiaçı xx.xx.1986-ci il tarixdən 11.2000-ci il tarixədək işlədiyini iddia etdiyi “43 saylı Təsərrüfatlarası MSD” ilə bağlı arxiv sənədləri, eyni zamanda həmin müəssisənin qanuni fəaliyyətdə olub-olmadığını aşkar etmək mümkün olmamışdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı xx.xx.1986-ci il tarixdən xx.xx.2000-cı il tarixədək “43 saylı Təsərrüfatlarası MSD” işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun hesab edilməmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq r zortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı ıət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək siğortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cü il tarixdək X11 Texniki Peşə Məktəbində işlədiyini iddia etsə də, həmin dövrlər əmək kitabçasında əks edilmədiyindən sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 04 saylı regional ərazi filialına qarşı “işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş Rzayev X3 rayonu, Şıxlar kəndində qeydiyyatdadır. - İddiaçı məxsus AT-İİ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1983-xx.xx.1986-ci illərdə X11 texniki peşə məktəbində istehsalat təmiri ustası, xx.xx.1986-xx.xx.2000-ci illərdə Sabirabad 43 saylı Təsərrüfatlararası MSDdə fəhlə işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 4 saylı Regional Ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşı tamam olmuş kişilərin (65 yaş) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 08 oktyabr 2010-cu il tarixli 4027 saylı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxlması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1. hissəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim edilən sənədlərə əsasən 25 il 4 ay 03 gün sığorta staj müəyyən edilir. Lakin, X7 tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 40 saylı arayışa əsasən 1983-1986-cı illərə aid sosial sığorta stajı əmək kitabçasında qeyd olunmadığı və 1986-2000-ci illərə aid sosial sığorta stajının 43 saylı Təsərrüfatlararası MSD-də yoxlanılması mümkün olmadığı üçün nəzərə alınması mümkünsüzdür. Həmin illər nəzərə alınmadıqda cəmi sığorta stajı 11 il 4 ay 11 gün təşkil edir. Ona görə də, xx.xx.2006-cı ildən sonra fərdi hesabda vəsaitin olmaması, tələb olunan sığorta stajının çatmaması səbəblərindən pensiya təyin edən komissiya yaşa görə əmək pensiyası təyin olunmasına imtina edilmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - X5 xx.xx.2021-ci il tarixli, 157 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il 2 saylı Əmrə əsasən, Sabirabad 135 saylı OTPM-nə İstehsalat təlimi ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.1986-cı il 96 saylı əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 4 saylı Regional Ərazi filialının xx.xx.2021-ci il tarixli, **********9 saylı məktubuna əsasən, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün ən azı 25 il sosial sığorta stajı və ya fərdi hesabında 28000,00 manat pensiya kapitalı olmalıdır. İddiaçı sənədləri araşdırılarkən 27 il 2 ay 1 gün sosial sığorta stajı və fərdi hesabında 26558,57 manat pensiya kapitalı toplanır. Bunun 9 il 3 ay 17 günü mübahisəsiz (9070.77 manat kapital), 17 il 10 ay 14 günü mübahisəli illər (17487,80 manat kapital) hesab edilir. İddiaçı mübahisəli və mübahisəsiz illərlə birlikdə 27 il 2 ay 1 gün sığorta stajı toplanır ki, bu da ona yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan staja kifayət edir. Lakin, 1983-1986, 1986-2000-ci illər (13 il 11 ay 22 gün) mübahisəli olduğundan həmin illər sığorta stajı kimi nəzərə alınmır. - Sabirabad rayon Dövlət Arxivi xx.xx.2021-ci il 62 №-li məktubdan görünür ki, Sabirabad rayon 43 saylı Təsərrüfatlararası MSD-nin sənədləri mühafizə üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - X5 xx.xx.2021-ci il tarixli, 74 saylı arayışından görünür ki, İddiaçı işlədiyi dövr ərzində aylar üzrə 1983-cü ilin yanvar ayından 1986-cı ilin iyun ayına kimi aylar üzrə əmək haqqları almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Məhkəmə mübahisələri işə iş üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********2 saylı məlumatın təqdim edilməsi haqqında məktuba əsasən, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1972-xx.xx.1975-ci illər, xx.xx.1981-xx.xx.1982-ci illər üzrə əmək fəaliyyəti dövrü 4 il 7 ay 19 gün, hərbi biletin surətinə əsasən xx.xx.1976- xx.xx.1978-ci illər üzrə hərbi xidmət dövrü üzrə 2 il 24 gün olmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 6 il 8 ay 13 gün təşkil edir. İddiaçının təqdim etdiyi X8 tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 40 nömrəli arayışda qeyd olunan xx.xx.1983-xx.xx.1986-cı illər üzrə əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd olumadığı üçün onun ümumi iş stajına daxil edilməmişdir. Sözügedən şəxsin təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1986- xx.xx.2000-ci illər üzrə əmək fəaliyyəti dövrünün 43 saylı Təsərrüfatlararası MSD-də yoxlanılması mümkün olmadığından onun ümumi iş stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1975-26.11,1976-cı illər, xx.xx.1978-xx.xx.1981-ci illər üzrə təhsil illəri əyani oxuması barədə arayış təqdim edildiyi halda ümumi iş stajına daxil edilə bilər. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı xx.xx.1975-xx.xx.1976-cı illər, xx.xx.1978 xx.xx.1981-ci illər, xx.xx.1983-xx.xx.1986-cı illər, xx.xx.1986-xx.xx.2000-ci illər üzrə mübahisələndirilən əmək fəaliyyəti dövrləri 21 il 3 ay 17 gün olmaqla xx.xx.2006cı il tarixinədək ümumi iş stajı 28 il təşkil edir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, 10-10-59/12 saylı məktubdan görünür ki, İddiaçı həqiqətən, 1975-ci ildə Bakı Politexnik Texnikumunun (indiki Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci) “Sənaye və mülki tikintilər” ixtisası üzrə əyani şöbəyə daxil olmuş və 1981 -ci ildə tam kursu bitirmişdir. Ona BT № 044537 nömrəli diplom verilmişdir. - Bakı Texniki Kollecinin xx.xx.2022-ci il tarixli 557 saylı arxiv arayışına əsasən, o həqiqətən xx.xx.1975-ci il 319-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Sənaye və mülki tikintilər” ixtisasına daxil olmuşdur. xx.xx.1976cı il 275-c saylı əmrə əsasən hərbi xidmətə çağırılmışdır. xx.xx.1979- cu il 17-c saylı əmrə əsasən hərbi xidmətdən qayıtmış və texnikuma bərpa olunmuşdur. xx.xx.1981-ci il 122-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Sənaye və mülki tikintilər” ixtisasını bitirmiş Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “texnik - inşaatçı ” ixtisas dərəcəsi və BT 044537 №-li diplom verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Məhkəmə mübahisələri işə iş üzrə Mərkəzi filialına ünvanlanmış xidməti məktubdan görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1976-cı, xx.xx.1978xx.xx.1981-ci illərdə Bakı Politexnik Texnikumunda (indiki Bakı Texniki Kolleci) əyani təhsil alıb-almadığını müəyyən etmək üçün yoxlama həyata keçirilmişdir. Nəticədə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin xx.xx.2022-ci il tarixli 549 saylı Arxiv arayışına əsasən İddiaçı xx.xx.1975-xx.xx.1976-cı, xx.xx.1978-xx.xx.1981-ci illərdə Bakı Politexnik Texnikumunda (indiki Bakı Texniki Kolleci) əyani təhsil aldığı müəyyən olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********217800 saylı məktubuna əsasən, dövlət reyestr məlumatlarına əsasən “43 saylı Təsərrüfatlararası MSD” adlı hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə məlumat 5 saylı Ərazİ Vergi İdarəsində müəyyən edilməmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 4 saylı Regional Ərazi filialı iddiaçının fəaliyyət göstərdiyi xx.xx.1972-xx.xx.1975-ci illər, xx.xx.1981xx.xx.1982-ci illər üzrə əmək fəaliyyəti dövrü 4 il 7 ay 19 gün, hərbi biletin surətinə əsasən xx.xx.1976-xx.xx.1978-ci illər üzrə hərbi xidmət dövrü üzrə 2 il 24 gün olmaqla xx.xx.2006cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 6 il 8 ay 13 gün təşkil edir. İddiaçının xx.xx.1983-xx.xx.1986-cı illər üzrə əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd olunmadığı üçün onun ümumi iş stajına daxil edilməmişdir. Sözügedən şəxsin təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1986-xx.xx.2000-ci illər üzrə əmək fəaliyyəti dövrünün 43 saylı Təsərrüfatlararası MSD-də yoxlanılması mümkün olmadığından onun ümumi iş stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, xx.xx.1983-xx.xx.1986-cı il tarixədək X11 Texniki Peşə Məktəbində (Sabirabad 135 saylı KOTPM-də) istehsalat təlim ustası, xx.xx.1986-xx.xx.2000-ci il tarixədək Sabirabad rayon 43 saylı Təsərrüfatlararası MSD-də (sonradan "xxxx" ASC-nin Sabirabad Aqrartikinti filialı) fəhlə işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə zidd olubolmamasıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Bu Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmin Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş üzrə mübahisəli hal iddiaçının xx.xx.1983-xx.xx.1986-cı il tarixədək X11 Texniki Peşə Məktəbində (Sabirabad 135 saylı KOTPM-də), xx.xx.1986-xx.xx.2000-ci il tarixədək Sabirabad rayon 43 saylı Təsərrüfatlararası MSD-də (sonradan "xxxx" ASC-nin Sabirabad Aqrartikinti filialı) işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin imtinasının, eləcə də etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan xx.xx.1983xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-xx.xx.2000-ci il tarixədək olan iş stajını yoxlamaq mümkün deyildir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixdən başlayaraq müxtəlif müəssisələrdə işləmiş və əmək fəaliyyətini xx.xx.2000-ci il tarixədək davam etdirmişdir. Əmək kitabçasının qeydlərinə əsasən həmçinin, cavabdehin mübahisələndirdiyi xx.xx.1983-xx.xx.1986-cı illərdə, xx.xx.1986xx.xx.2000-ci illərdə işləməsi də müəyyən olunur. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyitarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X12) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Hazırda cavabdehin mübahisələndiridiyi xx.xx.1983-xx.xx.1986-cı illərdə, xx.xx.1986-xx.xx.2000-ci illərdə həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə olunduğundan, bu müddətdə iddiaçının iş stajının əmək kitabçasında qeyd edilməsi həmin dövrün onun sığorta stajına daxil edilməsi üçün yetərli əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1983-xx.xx.1986-cı illərdə, xx.xx.1986-xx.xx.2000-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 1983-1986-ci illərdə X11 texniki peşə məktəbində, 1986-2000-ci illərdə 43 saylı Təsərrüfatlararası MSD-də əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının pensiyanın hesablanması ilə bağlı müraciətinə baxılarkən, onun X11 Texniki Peşə Məktəbində (Sabirabad 135 saylı KOTPM-də) xx.xx.1983-xx.xx.1986-cı illər, Sabirabad rayon 43 saylı Təsərrüfatlararası MSD-də (sonradan "xxxx" ASC-nin Sabirabad Aqrartikinti filialı) xx.xx.1986-xx.xx.2000-ci il tarixli iş illərinin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Bundan savayi isə, Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının işlədiyi X11 Texniki Peşə Məktəbinin, Sabirabad rayon 43 saylı Təsərrüfatlararası MSD-nin mövcudluğu və onun həmin müəssisədə işləməsi ilə bağlı əlavə araşdırma aparmış, iddiaçının İddiaçı xx.xx.1983-cü il 2 saylı əmrə əsasən, Sabirabad 135 saylı OTPM-nə İstehsalat təlimi ustası vəzifəsinə qəbul olunduğunu, xx.xx.1986-cı il 96 saylı əmrə əsasən tutduğu vəzifədən azad edildiyini, ona 1983-1986-cı ilə qədər müxtəlif məbləğdə əmək haqqı ödənildiyini müəyyən etmişdir. Həmçinin reyestr məlumatlarına əsasən “43 saylı Təsərrüfatlararası MSD” adlı hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə məlumat 5 saylı Ərazİ Vergi İdarəsində müəyyən edilməmişdir. Müəssisə mövcud olmuş, fəaliyyət göstərmiş, lakin ləğv edildikdən sonra arxiv sənədləri təhvil verilməmişdir (saxlanılmamışdır). Cavabdeh tərəfindən iddiaçının əyani təhsil aldığı dövlər mübahisləndirilmiş və sorğuya cavab olaraq Təhsil Nazirliyi tərəfindən İddiaçı 1975-ci ildə Bakı Politexnik Texnikumunun (indiki Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci) “Sənaye və mülki tikintilər” ixtisası üzrə əyani şöbəyə daxil olması və 1981-ci ildə tam kursu bitirməsi, ona BT № 044537 nömrəli diplom verilməsi barədə məlumat daxil olmuşdur. Məhkəmə qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Sabirabad rayon 43 saylı Təsərrüfatlararası MSD-də xx.xx.1986-xx.xx.2000-ci il tarixli iş illərinin sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı araşdırılmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda göstərilənləri rəhbər tutaraq, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçın müraciətinə baxılarkən, “Əmək pensiyaları haqqında” Qanunun 87-ci maddəsinin, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinin tələbləri nəzərə alınmamış, iddiaçının X11 Texniki Peşə Məktəbində xx.xx.1983xx.xx.1986-cı il, Sabirabad rayon 43 saylı Təsərrüfatlararası MSD-də xx.xx.1986xx.xx.2000-ci il tarixədək işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsindən əsassız olaraq imtina edilmişdir. Belə olduğu halda, iddiaçının iddiası təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməli, İddiaçı X11 Texniki Peşə Məktəbində xx.xx.1983xx.xx.1986-cı ilədək, Sabirabad rayon 43 saylı Təsərrüfatlararası MSD-də xx.xx.1986xx.xx.2000-ci il tarixədək işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı iddiası təmin edilsin. İddiaçı X11 Texniki Peşə Məktəbində xx.xx.1983-xx.xx.1986-cı ilədək, Sabirabad rayon 43 saylı Təsərrüfatlararası MSD-də xx.xx.1986-xx.xx.2000-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar