Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1275/2021 23.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi İsmayılov Orxan Nadir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı X1 N nömrəli hərbi hissənin tərkibində 27.07.1993-cü il tarixdən 02.02.1994-cü il tarixə kimi fasilələrlə Ağdam döyüş əməliyyatı bölgəsində döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə bu faktın müəyyən edilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 N nömrəli hərbi hissənin tərkibində 27.07.1993-cü il tarixdən 02.02.1994-cü il tarixə kimi fasilələrlə Ağdam döyüş əməliyyatı bölgəsində döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə bu faktın müəyyən edilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13.07.2021-ci il tarixli, 11/3424 nömrəli məktubunda (iddiaya münasibətində) qeyd edilmişdir ki, ...”İddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. ...”İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia əriizəsini mümkünsüz sayılması barədə qərardad qəbul edəsiniz.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı X1 N nömrəli hərbi hissənin tərkibində 27.07.1993-cü il tarixdən 02.02.1994-cü il tarixə kimi fasilələrlə Ağdam döyüş əməliyyatı bölgəsində döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə bu faktın müəyyən edilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iddia tələbinin “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı hazırki tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə ki, iddiaçı ilkin olaraq hazırki tələblə cavabdehə müraciət etməli, cavabdehin onun tələbinə münasibətini müəyyən etməli idi. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədlər (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa, iddiaçının “X1 N nömrəli hərbi hissənin tərkibində 27.07.1993-cü il tarixdən 02.02.1994-cü il tarixə kimi fasilələrlə Ağdam döyüş əməliyyatı bölgəsində döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə bu faktın müəyyən edilməsi” tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr Mülki prossual Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Həmin Məcəllənin 305.1-ci maddəsinə məhkəmə xüsusi icraat qaydasında baxdığı işlər sırasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ərizələr də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya zəruri sənədlərin məhkəmə təqdim olunması ilə bağlı 29 iyun 2021-ci il tarixli məktub göndərilsə də, iddiaçı iddia tələbinizin dəqiqləşdirilməsi ilə bağlı ərizəsini və müvafiq sənədləri (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) məhkəməyə təqdim etməmişdir. İddiaçıya izah edilir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün o, həmin tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqan-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlidir. Cavabdeh inzibati orqan-Azərbaycan Respublikası Müdafiə Nazirliyi müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, iddiaçı yeni iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə və həmin inzibati mübahisəyə mahiyyəti üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia mümkün sayılmadığından iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16-cı, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1275/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1275/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver