Məhkəmə qərarları › İş №2-1(120)-1275/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1275/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1275/2025 11.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2023-cü il tarixdən Qanunvericiliyə uyğun olaraq ehtiyata buraxılmış hərbiçi kimi mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılanadək ona və ailə üzvlərinə kirayə pulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2023-cü il tarixdən Qanunvericiliyə uyğun olaraq ehtiyata buraxılmış hərbiçi kimi mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılanadək ona və ailə üzvlərinə kirayə pulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, 2002-2023-cü illər ərzində Azərbaycan Respublikasının Daxili Qoşunları və müxtəlif hərbi birləşmələrində hərbi xidmətdə olmuş, xidmət etdiyi dövr ərzində “AR SQ 90 İllik Yubiley” medalı, “Qüsursuz xidmətə görə” 3- cü və 2-ci dərəcəli medallar, “Şuşanın azad edilməsinə görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı, “Xidmətdə təstiqlənməyə görə” döş nişanı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Daxili Qoşunlar Komandanının xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. xx.xx.2023-cü il tarixdən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və X5 ilə notarial qaydada kirayə müqaviləsi bağlayaraq aylıq 300 (üç yüz) manat kirayə haqqı ödəməklə ona məxsus ünvan 1 ünvanda yaşayır. Onun özünə məxsus yaşayış yeri yoxdur və xidmət etdiyi dövr ərzində mənzil növbəsində olmamış, torpaq sahəsi ilə təmin edilməmişdir. Cəbrayıl rayon İcra Hakimiyyətinə qanunvericiliyə uyğun olaraq ehtiyyata buraxılmış hərbiçi kimi mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılanadək ona və ailə üzvlərinə kirayə pulunun verilməsi ilə əlaqədar müraciət etmiş, Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən 22 may 2024-cü il tarixində 5-40/2M-11/2024 saylı məktubla ona və ailə üzvlərinə kirayə pulunun verilməsindən imtina edilmiş və imtinanı əsaslandıraraq müraciətinə cavab olaraq bildirilmişdir ki, atası X6 ailə üzvlərinin tərkibində (yeddi nəfər) olmaqla X9 üzrə Dövlət Komitəsi tərəfindən ünvan 2 ünvanda olmaqla yaşayış sahəsi ilə təmin edilmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən verilmiş imtina əsassızdır və vətəndaş kimi onun hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən də inzibati orqanın verdiyi imtina tamamilə əsassız və qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyəti iddiaya qarşı etirazla bildirmişdir ki, İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Rayon İcra Hakimiyyəti tərəfindən nağdsız qaydada kompensasiya ödənilməsinə köməklik göstərilməsi məqsədi ilə 2024-cü ilin aprel ayında Cəbrayıl Rayon icra Hakimiyyətinə müraciət etmişdir. Müraciətə Cəbrayıl Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Mənzil Komissiyasında baxılmışdır. İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun xx.xx.2023-cü il tarixə xidmət illəri - təqvimlə 20 il 11 ay 25 gün, güzəştlə 3 il 3 ay 12 gün, ümumi 24 il 3ay 7 gün təşkil edir. O, Daxili işlər Nazirliyinin N saylı hərbi hissəsinin N iyul 2023-cü il tarixli 3- 13-14-16/Ə464/2023 saylı əmri ilə xx.xx.1997-ci tarixdə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli 3-36-5/2-M-36xx-xx/2023/764 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı ünvan 4 ünvanında (4 otaqlı) “Xüsusi Təyinatlı Yaşayış X7” əsasında atası X2 ailə tərkibində (7 nəfər) mənzillə təmin edilmiş və həmin mənzildə məcburi köçkün kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən “Xüsusi Təyinatlı Yaşayış X7” əsasında verilmiş sosial evlər vətəndaşlarda mülkiyyət hüququ yaratmadığından, İddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və “Xüsusi Təyinatlı Yaşayış X7” əsasında atası X2 ailə tərkibində (7 nəfər) mənzillə təmin edilməsi müqaviləsinin müddəti bitənədək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ona kompensasiyanın ödənilməməsi məqsədəuyğun sayılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyəti və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəbrayıl rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəbrayıl rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2023-cü il tarixdən Qanunvericiliyə uyğun olaraq ehtiyata buraxılmış hərbiçi kimi mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılanadək ona və ailə üzvlərinə kirayə pulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş və Cəbrayıl rayonu, Soltanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-36-5/2-M-36xx-xx/2023 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında (4 otaqlı) "Xüsusi Təyinatlı Yaşayış X7” əsasında X2 ailə tərkibində (7 nəfər), mənzillə təmin edilmiş və həmin mənzildə qeydiyyatdadırlar. İşdə olan xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin surətindən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.2026-cı il tarixədək aylıq 300 manat ödənilməklə kirayə müqaviləsi bağlanmışdır. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 3-13-14- 16/Ə464/2023 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, daxili işlər nazirinin müavinqoşunların komandanının 18 may 2023-cü il tarixli, 99 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini mayor Mirzəliyev Elman X1, 01 yanvar 2023-cü ildən N iyul 2023-cü ilədək şəxsi intizamına və döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına görə birdəfəlik pul mükafatının verilməsinə 100% layiqdir. 01 yanvar 2023-cü ildən N iyul 2023-cü ilədək 2023-cü ilin növbəti məzuniyyətindən tam istifadə etmişdir. xx.xx.2023-cü il tarixə xidmət illəri təqvimlə - 20 il 11 ay 25 gün, güzəştlə 03 il 03 ay 12 gün, ümumi 24 il 03 ay 07 gün təşkil edir. Hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə göndərilmişdir. İşdə olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavininin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-40/2-M-11/2024 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən 3 otaqlı mənzildə kirayədə yaşasa da, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 17 avqust 2023-cü il tarixli, 3-36-5/2- M-36xx-xx/2023/764 nömrəli arayışında da qeyd edildiyi kimi, ünvan 4 ünvanında (4 otaqlı) “Xüsusi Təyinatlı Yaşayış X7” əsasında atası X2 ailə tərkibində (7 nəfər) mənzillə təmin edilmiş və həmin mənzildə qeydiyyatdadırlar. Cəbrayıl rayon İcra Hakimiyyətində ehtiyata buraxılmış hərbi qulluqçu kimi 44 sıra nömrəsi ilə mənzil növbəsinə götürülmüş və “Xüsusi Təyinatlı Yaşayış X7”nin müddəti bitənədək ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi məqsədəuyğun sayılmamışdır. İşdə olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 5-40/3-3- 38/2024 nömrəli sərəncamından görünür ki, Cəbrayıl rayonunun Soltanlı kəndində qeydiyyatda olan, hazırda ünvan 7 ünvanında kirayə yaşayan İddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu kimi 44 sıra nömrəsi ilə mənzil növbəsinə götürülmüş, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən “Xüsusi Təyinatlı Yaşayış X7” əsasında atası X2 ailə tərkibində (7 nəfər) mənzillə təmin edilməsi müqaviləsinin müddəti bitənədək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 511 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi, bina 2-də yerləşən 12 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış X7” əsasında X4 ailə üzvləri ilə birlikdə verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən: - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. - Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. - Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli qərardadı: - Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12- ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirilən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları. 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan, eləcə də N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 3-13-14-16/Ə464/2023 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, daxili işlər nazirinin müavin- qoşunların komandanının 18 may 2023-cü il tarixli, 99 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini mayor Mirzəliyev Elman X1, 01 yanvar 2023-cü ildən N iyul 2023-cü ilədək şəxsi intizamına və döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına görə birdəfəlik pul mükafatının verilməsinə 100% layiqdir. 01 yanvar 2023-cü ildən N iyul 2023-cü ilədək 2023-cü ilin növbəti məzuniyyətindən tam istifadə etmişdir. xx.xx.2023-cü il tarixə xidmət illəri təvimlə- 20 il 11 ay 25 gün, güzəştlə 03 il 03 ay 12 gün, ümumi 24 il 03 ay 07 gün təşkil edir. Hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə göndərilmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 5-40/3-3-38/2024 nömrəli sərəncamı ilə Cəbrayıl rayonunun Soltanlı kəndində qeydiyyatda olan, hazırda ünvan 7 ünvanında kirayə yaşayan İddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu kimi 44 sıra nömrəsi ilə mənzil növbəsinə götürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı İcra Hakimiyyətində mənzil növbəliyinə götürülmüşdür. Lakin Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi barədə qərar qəbul edilməmişdir. Cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinin etirazında Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli 3-36-5/2-M-36xx-xx/2023/764 nömrəli arayışda İddiaçı ünvan 4 ünvanında (4 otaqlı) “Xüsusi Təyinatlı Yaşayış X7” əsasında atası X2 ailə tərkibində (7 nəfər) mənzillə təmin edilmiş və həmin mənzildə məcburi köçkün kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən “Xüsusi Təyinatlı Yaşayış X7” əsasında verilmiş sosial evlər vətəndaşlarda mülkiyyət hüququ yaratmadığından, İddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və “Xüsusi Təyinatlı Yaşayış X7” əsasında atası X2 ailə tərkibində (7 nəfər) mənzillə təmin edilməsi müqaviləsinin müddəti bitənədək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ona kompensasiyanın ödənilməməsi məqsədəuyğun sayılmışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələbi nəzərdə tutur ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Konstitusiya Qanunun qeyd olunan tələbi baxımından, hazırkı mübahisənin qanuni əsasını «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası deyil, 12-ci maddənin 2-ci hissəsinin 3-4-cü abzaslarında və 7-ci hissəsində təsbit olunan xüsusi normaları təşkil edir. Belə olan halda, yuxarıda qeyd olunduğu kimi öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxılmış iddiaçının iddia tələbində istinad etdiyi sosial güzəştlərdən yararlanmaq hüququna malik deyildir. Həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 9-cü abzası da nəzərdə tutur ki, “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1-ci hissəsi ilə “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirilən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərardadında göstərilənlərə istinadla belə qənaətə gəlir ki, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış iddiaçının “mənzil növbəsinə götürülməsi”nə dair iddia tələbində istinad etdiyi sosial güzəştlərdən yararlanmaq hüququna malik deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2466/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırlması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. Eləcə də, iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 511 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi, bina 2-də yerləşən 12 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış X7” əsasında X4 ailə üzvləri ilə birlikdə verilmişdir. Qeyd edilən sənədlərə baxış keçirilən zaman Abşeron rayonu, Mehdabad qəsəbəsi, Qarant yaşayış kompleksi, bina 2-də yerləşən 12 nömrəli mənzil verilən zaman hal-hazırki iş üzrə İddiaçı və ailə üzvlərinin adının kirayə müqaviləsində qeyd edildiyi və mənzil verilən zaman ailə üzvləri nəzərə alındığı müəyyən edilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2023-cü il tarixdən Qanunvericiliyə uyğun olaraq ehtiyata buraxılmış hərbiçi kimi mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılanadək ona və ailə üzvlərinə kirayə pulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Belə ki, iddiaçı artıq ailə üzvü kimi kirayə müqaviləsi üzrə xidməti mənzillə təmin edilmiş və həmin mənzil hal-hazırda iddiaçının atası və digər ailə üzvlərinin istifadəsindədir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2023-cü il tarixdən Qanunvericiliyə uyğun olaraq ehtiyata buraxılmış hərbiçi kimi mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılanadək ona və ailə üzvlərinə kirayə pulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar