Məhkəmə qərarları › İş №2-1(120)-1290/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1290/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1290/2023 05.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İddiaçı nümayəndəsi X5, Cavabdeh, Üçüncü şəxs Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “iki mərtəbəli qeyriyaşayış binasının üzərində qanunsuz inşa olunmuş əlavə tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 sentyabr 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının üzərində qanunsuz inşa olunmuş əlavə tikilinin öz hesabına şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq sökülərək, binanın əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 21 fevral 2023-cü il tarixli qərardadı ilə Masallı Rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Cavabdeh tərəfindən Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının üzərində əlavə tikilinin inşasına dair heç bir icazəverici sənəd təqdim edilmədən aparılması aşkarlanmışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həmin işlərin layihə sənədləri ekspertizadan keçirilmədən aparılması, qeyd olunan binanın istismarına və orada işləyən və ya toplanan insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Agentlik tərəfindən tikinti-quraşdırma işlərinin dayandırılması barədə 18 iyun 2021-ci il tarixli, 0372 nömrəli Qərar verilərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinin pozulması bildirilmiş və həmin pozuntunun aradan qaldırılması ilə bağlı müəyyən müddət ərzində müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Yuxarıda göstərilənlərlə əlaqədar qeyd edirlər ki, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda onun sökülməsi Məcəllənin 95.1.2ci maddəsi ilə müəyyən edilir. Bu da, Agentliyin məhkəməyə müraciət edilməsinə məcburiyyət qarşısında qoyur. Xüsusilə, tikinti işləri dayandırılmış obyektdə yan divarların və damın mövcüdluğunu qeyd etmək vacibdir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, habelə tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda sökülür. Məcəllədə nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Məcəllənin 97-ci maddəsinə uyğun olaraq tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci, 95-ci və 97-ci maddələrində (yuxarıda qeyd olunan) “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-cü bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X2 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X2 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən tikintisinə icazənin tələb olunmasına baxmayaraq, belə icazə alınmadan tikilmiş və barəsində tikinti işlərinin dayandırılmasına dair Məcəllənin 92-ci maddəsinə müvafiq qaydada qərar qəbul edildiyi gündən 1 (bir) il müddətində Məcəllənin 75-ci maddəsinə uyğun olaraq tikintisinə icazə alınmayan yan divarlarının və dam örtüyünün tikintisi başa çatmamış obyektin sökülməsi barədə Agentlik müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5-ci hissəsinə əsasən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarın surəti Agentlik tərəfindən icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün tikintiyə icazə verən orqana (quruma) və yerli polis orqanlarına, həmçinin müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilir. Hal-hazırda da qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 3.7-ci bəndinə əsasən dəyişikliklərin aparılması ilə əlaqədar işlənmiş layihə sənədləri müvafiq qaydada ekspertizadan keçirilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsi ilə sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların, təhlükəsizliyin və şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq tikinti obyektinin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi tərəfindən ekspertizadan keçirilməlidir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin ümayəndəsi X7 iddia tələbinin əsaslı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh adına tərtib olunmuş 12 fevral 2019-cu il tarixli, inventar nömrəsi 57, reyestr nömrəsi **********6-06301 olan qeyri-yaşayış binasının texniki pasportundan və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verimiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən, 1000 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 517,5 kv.m olan iki mərtəbəli mağaza binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və Masallı Rayon Polis şöbəsinə ünvanlanmış müvafiq olaraq xx.xx.2020-ci il tarixli, M-03-2316 və xx.xx.2020-ci il tarixli, M-03-2317 nömrəli məktublarda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, H.Əliyev prospektində şəhər sakini Cavabdeh tərəfindən müvafiq icazə sənədi almadan, şəhərsalma norma və qaydaları pozulmaqla istifadəsində olan qeyri-yaşayış obyektində konstruktiv dəyişiklik edilməklə həndəsi ölçüləri 14,0 x 6,0 m (84 kv.m.) olan yenidənqurma işlərinin aparılması faktının müəyyən edildiyi bildirilmiş və qanunamüvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Masallı Rayon Polis şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə ünvanlanmış müvafiq olaraq xx.xx.2021-ci il tarixli, M-06-820 və xx.xx.2021-ci il tarixli, M-02-821 nömrəli məktublarda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, H.Əliyev prospektində rayon sakini Cavabdeh tərəfindən istifadəsindəki həndəsi ölçüləri 28,0 x 10,0 m (280 kv.m.) olan, 2 mərtəbəli qeyri-yaşayış obyektində Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla özbaşına yenidənqurma işlərinin aparılması faktının müəyyən edildiyi, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa özbaşına tikilinin dayandırılması barədə xəbərdarlıq edildiyi bildirilmiş və qanunamüvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, İddiaçı Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Cavabdeh məxsus ölçüləri 28,0 x 10,0 m (280 kv.m.) olan, 2 mərtəbəli qeyri-yaşayış obyektində pozuntularla (tikintiyə xüsusi razılığın, tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın, tikinti layihəsinə dair ekspertiza rəyinin olmaması) müşayiət olunan tikinti işlərinin aparılması faktı aşkar edilmiş və bu barədə xx.xx.2021-ci il tarixli, 175787 nömrəli texniki baxış aktı tərtib olunmuşdur. İş materiallarında olan İddiaçı 18 iyun 2021-ci il tarixli, 0372 nömrəli qərarından görünür ki, Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Cavabdeh məxsus 2 mərtəbəli qeyri-yaşayış obyektinin yenidən qurulması barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 175787 nömrəli texniki baxış aktına əsasən aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün cavabdehə 30 gün müddət təyin olunmuşdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Cavabdeh ünvanladığı 21 noyabr 2022-ci il tarixli, 393 nömrəli məktubunda bildirilmişdir ki, Sizin Masallı şəhəri, Bakı prospekti, 120 ünvanında yerləşən torpaq sahəsində həndəsi ölçüləri 26,0 x 15,0 m (390 kv.m.) olan qeyri-yaşayış obyektinin qanunsuz inşa edilməsi faktı aşkarlanmışdır. Bununla bağlı sizdən sözügedən obyektə dair müvafiq sənədlərin 3 (üç) gün müddətində Masallı Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinə təqdim etməyiniz tələb olunur. Əks təqdirdə özbaşına inşa edilmiş qeyri-yaşayış obyekti barədə məlumat hüquq-mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinə göndəriləcəkdir. İş materiallardan, o cümlədən iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən, həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Cavabdeh məxsus 2 mərtəbəli qeyri-yaşayış obyektinin yeni tikilmiş həndəsi ölçüləri 26,0 x 15,0 m (390 kv.m.) olan üçüncü mərtəbəsinin yan divarlarının və dam örtüklərinin inşası başa çatmışdır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyət hüququ əsasında özünə məxsus Masallı şəhəri, H.Əliyev prospekti 57A ünvanında yerləşən iki mərtəbəli mağaza binasının həndəsi ölçüləri 26,0 x 15,0 m (390 kv.m.) olan, yan divarlarının və dam örtüklərinin tikintisi başa çatmış üçüncü mərtəbəsini inşa etdirmişdir. Qeyd olunan tikilinin inşa edilməsi üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinin tələblərinə uyğun olaraq tikintiyə xüsusi razılığın, tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın, tikinti layihəsinə dair ekspertiza rəyinin olduğunu təsdiq edən dəlil-sübutların təqdim edilməsi təklif olunsa da, cavabdeh bu barədə məhkəməyə heç bir hüquqmüəyyəedici sənəd təqdim etməmiş, bununla da, məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh heç bir hüquqmüəyyənedici sənədi olmadan tikinti işləri apararaq mülkiyyət hüququ əsasında özünə məxsus Masallı şəhəri, H.Əliyev prospekti 57A ünvanında yerləşən iki mərtəbəli mağaza binasının yan divarlarının və dam örtüklərinin tikintisi başa çatmış üçüncü mərtəbəsini özbaşına inşa etdirmiş, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2) və s. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar (hazırki mübahisədə daşınmaz əmlakla bağlı qeyd olunan hüquq normalarında göstərilən hallar mövcud deyildir) istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli, 349 nömrəlı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçırilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfındən, tikınti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərınin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti quraşdırma işlərının dayandırılması və zəruri hallarda obyektin sökulməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Həmin Qaydalara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçırılməsi səlahiyyətləri X4 tərəfindən Nazirliyin Tikintidə Təhlukəsizliyə X6 və Agentliyin Baş Dövlət Tikinti Müfəttışliyi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə uyğun olaraq Qaydaların 2.1.3-cü, 2.1.4-cu və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda Agentlik tikinti obyektinin və ya onun hissəsınin sökulməsi barədə məhkəməyə müraciət edir. İnzibati və mülki hüquq münasıbətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4cü bəndınə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökulməsı barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə məxsus Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının üzərində qanunsuz inşa olunmuş əlavə tikilinin cavabdehin hesabına sökülməsini tələb etməkdə haqlıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının üzərində Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş əlavə tikilinin öz hesabına sökülərək, qeyriyaşayış binasının əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının üzərində Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş əlavə tikilinin öz hesabına sökülərək, qeyri-yaşayış binasının əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar