Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1299/2021 27.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı (Zərdab rayonu, Alıcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X8 (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi döngə 1-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, Zərdab rayonu, Alıcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 07 aprel 2021ci il tarixli, **********4 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonunun “Pravda” və İsmət Qayıbov adına kolxozlarda işlədiyi 1983-1984, 1987-1989cu və 1992-1995-ci iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 27.09.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, Zərdab rayonunun “Pravda” və “İsmət Qayıbov” adına kolxozlarda 1983-1984, 1987-1989 və 1992-1995-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 27.09.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Zərdab rayonunun sabiq “Pravda” və İsmət Qayıbov adına kolxozlarının üzvü olaraq əməyə başlamış, 1983-1995-ci illər arasında kolxoz dövründə əmək fəaliyyəti olmuşdur. Daha sonra 1997-ci ildən indiyədək Alıcanlı kənd tam orta məktəbində kiçik xidmətçi vəzifələrində işləyir. Yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına rəsmi müraciət etmiş, cavabdeh 07.04.2021-ci il tarixli, **********4 nömrəli məktubla ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. 1983- 1984, 1987-1989 və 1992-1995-ci illərdə Zərdab rayonunun sabiq “Pravda” və İsmət Qayıbov adına kolxozlarında işləmişdir. Bu fakt Zərdab rayon Dövlət Arxivinin 42 nömrəli, 05.03.2021-ci il tarixli arayışı ilə təsdiq olunur. Altı övlad böyüdüb tərbiyə etmiş, fevral ayında 56 yaşı tamam olmuşdur. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X18 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının iddia etdiyi 1983-1984, 1987-1989 və 1992-1995-ci illərdə “Pravda” və İsmət Qayıbov adına kolxozlarda işlədiyi illər (4 il 4 ay) barədə qeydlər onun əmək kitabçasında olmalıdır. Buna baxmayaraq, İddiaçı təqdim etdiyi əmək kitabçasında həmin illərdə işləməsinə dair heç bir qeydiyyat aparılmamışdır. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (12 saylı regional ərazi filialı) Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur və 09.02.2021-ci il tarixdə 56 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə qadınlar üçün pensiya yaşı 62-dir, 6 il azaldıqda 56 yaşdan pensiya hüququ yaranır) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı iş illəri (əmək iştirakı normasına görə faktiki müddət üzrə) sosial sığorta stajı kimi nəzərə nəzərə alınmaqla, çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş və Zərdab rayonu, Alıcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 13.04.1983-cü il tarixli, İ-ЖГ 426499 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X14 13.04.1983-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13.04.1983-cü il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. İşdə olan 30.08.1984-cü il tarixli, İX-ЖГ 483700 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 23.08.1984-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19 oğlu, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 09.012.1987-ci il tarixli, Xİİ-ЖГ 430728 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 25.11.1987-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19 oğlu, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 02.12.1989-cu il tarixli, Xİİİ-ЖГ 452250 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 01.11.1989-cu il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19 oğlu, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 23.01.1991-ci il tarixli, XV-ЖГ 469591 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 13.01.1991-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19 oğlu, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 10.12.1992-ci il tarixli, XVİİ-ЖГ 264828 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 26.11.1992-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19 oğlu, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 21.01.1997-ci il tarixli, XX-ЖГ 264774 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 02.01.1997-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19 oğlu, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Zərdab rayon Dövlət Arxivinin 05.03.2021-ci il tarixli, 42 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1983-1984, 1987-1989 və 1992-1995-ci illərdə “Pravda” və İsmət Qayıbov adına kolxozlarda işləmişdir. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti başçısının Alıcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22.04.2021-ci il tarixli, 138 nömrəli arayışından görünür ki, Zərdab rayonu, Alıcanlı kənd sakini İddiaçı X3, X13, X7, X4, X5 və X1 özü doğub və səkkiz yaşa qədər tərbiyə etmişdir. İşdə olan 02.09.2002-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02.01.1997-ci il tarixdən məktəbə ehtiyaca görə 0,5 aklat gözətçi və 0,5 aklat paltarsaxlayan təyin edilmişdir. 23.05.2014-cü il tarixdən məktəbdə 0,5 aklat gözətçi işindən azad edilmiş, 0,5 aklat fəhləliyi saxlanılmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 07.04.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən də yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 11.08.2021-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı 6 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.1-ci bəndinə əsasən 09.02.2021ci il tarixdən yaranır. İddiaçı adına verilmiş arxiv arayışında minimum əmək (adam) günü norması göstərilməmişdir. Qeyd edirik ki, minimum əmək günü norması qeyd olunmuş kolxoz kitablarına əsasən sıravi kolxozçu kimi işləmiş qadınların minimum əmək günü norması 120, 130, 140 və 150 gün göstərilmişdir. Bunları nəzərə alaraq vətəndaşın sığorta stajını hesablayarkən minimum əmək günü norması 150 gün götürülmüşdür. İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilərkən arxiv arayışında 1983-1984,1987-1989 və 1992- 1995-ci illərdə 4 il 4 ay, əmək kitabçasında qeyd olunan 02.01.1997-31.12.2005-ci illərdə 8 il 11 ay nəzərə alınmaqla 31.05.2005-ci il tarixədək 13 il 2 ay ümumi iş stajı və 01.01.2006-cı ildən 09.02.2021-ci il tarixədək 14 il 10 ay sosial sığorta stajı nəzərə alınmaqla ümumilikdə 28 il sığorta stajı hesablanmışdır. Lakin iddiaçının arxiv arayışında göstərilən illər (1983-1984, 1987-1989 və 1992-1995-ci illərdə 4 il 4 ay) əmək kitabçasında qeyd olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının kolxozda işlədiyi illərinin əmək kitabçasında öz əksini tapmamasıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 05.03.2021-ci il tarixli, 42 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Zərdab rayon Dövlət Arxivinin 05.03.2021-ci il tarixli, 42 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə Zərdab rayon Dövlət Arxivinin 05.03.2021-ci il tarixli, 42 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1983-1984, 1987-1989 və 1992-1995-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri (4 il 4 ay) onun onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışlarındakı iş illəri (minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə) nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı Zərdab rayonunun “Pravda” və “İsmət Qayıbov” adına kolxozlarda 1983-1984, 1987-1989 və 1992-1995-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla 09.02.2021-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Zərdab rayonunun “Pravda” və “İsmət Qayıbov” adına kolxozlarda 1983- 1984, 1987-1989 və 1992-1995-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla 09.02.2021-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1299/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1299/2021
27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver