Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-13/2020 11.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin nümayəndəsi X1 (ali təhsilli, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Şirvan şəhərində regional şöbəsinin inspektoru polis baş leytenantı, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı «ümumvətəndaş pasportunun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ümumvətəndaş pasportunun dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, etibarlılıq müddəti 19.11.2017-ci ildə bitmiş ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün o, Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə 30.05.2018-ci il tarixdə rəsmi olaraq müraciət etmişdir. O, qanun tələbinə müvafiq olaraq tələb edilən sənədləri təqdim etmişdir. Lakin cavabdeh tərəfindən ümumvətəndaş pasportunun dəyişdirilməsindən imtina edilmiş və bu barədə 05.06.2018-ci il tarixli, 018-6232M-3218№-li məktub verilmişdir. Ümumvətəndaş pasportunun dəyişdirilməsindən imtina olunan qeyd edilən məktubda göstərilir ki, barəsində 27.11.2017-ci il tarixdə elan edilmiş c/i-17020605 nömrəli cinayət işi üzrə 76223 nömrəli axtarış işinə 02.04.2018-ci il tarixdə xitam verilmiş, lakin cinayət işi icraatda olduğundan ümumvətəndaş pasportununun dəyişdirilməsinə imtina verilmişdir. İmtinanı doğuran səbəblər ləğv edildikdən sonra ümumvətəndaş pasportununun dəyişdirilməsi üçün müraciət edəcəyi təqdirdə vəsatəti təmin ediləcəkdir. O, iddiaçı olaraq cavabdeh tərəfindən ümumvətəndaş pasportunun dəyişdirilməsindən imtinanı və qeyd olunan məktubda göstərilən imtinanı doğuran səbəbləri əsassız hesab edir. Belə ki, onun barəsində təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilməsi barədə heç bir qərar yoxdur və Cinayət Məcəlləsinin heç bir maddəsi ilə ittiham olunmur, haqqında hər hansı bir qətimkan tədbiri seçilməyib. Əgər bunlar olsaydı belə yenə də onun ümumvətəndaş pasportunun dəyişdirilməsindən imtina edilə bilməzdi. Çünki belə hallarda sadəcə olaraq onun ölkədən çıxışına qadağa qoyulur və onu ölkədən kənara buraxmırlar. Cavabdeh ümumvətəndaş pasportunun dəyişdirilməsindən imtina edilməsi məktubunda imtinanın səbəblərini əsaslandıran qanunvericilik normasına istinad etməmişdir. Hesab edir ki, ümumvətəndaş pasportunun dəyişdirilməsindən imtina edilməsi subyektiv məsələdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 24.12.2019-cu il tarixli 018-17913-1219 saylı münasibət məktubunda qeyd edilmişdir ki, «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. Bakı şəhər Apelyasiya Məhkəməsinin 10.08.2016-cı il tarixli qərarı ilə (AR CPM-nin 453.6.2-ci maddəsi rəhbər tutularaq) 10.03.1972-ci ildə Sabirabad rayonunda anadan olmuş İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdur. Həmin vaxt İddiaçı bir müddət istintaq orqanından yayındığına görə barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən 27.11.2017-ci ildə 75223 nömrəli axtarış işi açılmış və 02.04.2018-ci ildə həmin axtarış işinə xitam verilsə də, müvafiq kompüter sistemlərində, eləcə də istintaq orqanın məlumatına görə yuxarıda qeyd olunan cinayət işi hələ də icraatdadır. «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmə tərəfindən təyin olunmuş cəzanın tam ödənilməsi və ya cinayət işinin nəticəsi barədə müvafiq arayışın, yaxud da qeyd olunan məhdudiyyətin götürülməsinə dair məhkəmə qərarının təqdim edilməsinin zəruriliyi barədə vətəndaş İddiaçı müvafiq məlumat verilmişdir. Çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarından asılı olaraq İddiaçı ümumvətəndaş pasportu ilə təmin olunub-olunmaması vəsatətinə təkrar baxıla bilər. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 24.12.2019-cu il tarixli 018-17913-1219 saylı məktubunda qeyd edilənləri müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materialında olan 13.05.2016-cı il tarixdə Sabirabad RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 10.03.1972-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05.06.2018-ci il tarixli 018- 6232M-3218 saylı məktubda qeyd edilmişdir ki, sizin 30.05.2018-ci il tarixli müraciətinizə DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində baxılmışdır. Barənizdə 27.11.2017-ci il tarixdə elan edilmiş c/i-17020605 nömrəli cinayət işi üzrə 75223 nömrəli axtarış işinə 02.04.2018-ci il tarixdə xitam verilmiş, lakin cinayət işi icraatda olduğundan ümumvətəndaş pasportunuzun dəyişdirilməsinə imtina verilmişdir. İmtinanı doğuran səbəblər ləğv edildikdən sonra ümumvətəndaş pasportunuzun dəyişdirilməsi üçün müraciət edəcəyiniz təqdirdə vəsatətiniz təmin olunacaqdır. İş materiallarında olan 14.06.2018-ci il tarixli ********* nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat məbləğində dövlət rüsum ödəmişdir. İş materialında olan Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 06.12.2019-cu il tarixli ********* saylı məktubda qeyd edilmişdir ki, sizin 21.11.2019-cu il tarixli İddiaçı barəsində olan cinayət işi üzrə məlumat verilməsi barədə müraciətinizə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılmışdır. Müəyyən edilmişdir ki, həmin cinayət işi 07 yanvar 2016-cı il tarixdə Bakı şəhər Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə başlanaraq ibtidai istintaq aparılmış, 25 iyun 2016-cı il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra isə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. 23 noyabr 2016-cı il tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığından barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 16 mart 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. 24 may 2018-ci il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. İş üzrə istintaq davam etdirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı haqqında 07 yanvar 2016-cı il tarixdə Bakı şəhər Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış, 25 iyun 2016-cı il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra isə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. 23 noyabr 2016-cı il tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığından barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 16 mart 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. 24 may 2018-ci il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. İş üzrə istintaq davam etdirilir. İddiaçı isə ümumvətəndaş pasportunun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. «Pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir. «Pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əgər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır. Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər. Dövlət sirrinin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir. Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Pasportu verən orqanın iş qrafiki haqqında məlumatlar, pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və pasportu verən qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3-9.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi İddiaçı haqqında 07 yanvar 2016-cı il tarixdə başlanmış cinayət işi üzrə 23 noyabr 2016-cı il tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığından barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 16 mart 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. 24 may 2018-ci il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. İş üzrə istintaq davam etdirilir. Odur ki, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı «ümumvətəndaş pasportunun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə nzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı «ümumvətəndaş pasportunun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)– yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı «ümumvətəndaş pasportunun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-13/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-13/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver