Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-130/2021 29.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 24 ünvanda yerləşən X2 məxsus tikilməkdə olan yaşayış evi üçün razılaşdırılmış layihənin təsdiq edilməsinin ləğv edilməsi (layihənin razılaşdırılmasına dair cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi) barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 24 ünvanda yerləşən X2 məxsus tikilməkdə olan yaşayış evi üçün razılaşdırılmış layihənin təsdiq edilməsinin ləğv edilməsi (layihənin razılaşdırılmasına dair cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadına əsasən X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 01.12.2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ ilə mərhum atası X6 məxsus olmuşdur. Ata 13.04.2020-ci il tarixdə vəfat edib və onun vərəsəsi kimi çıxış edir. Onun qonşu X3 aralarında olan hasardan təxmini 0,80 sm aralıqda ikimərtəbəli ev tikili inşa etməyə başlamışdır. Ailəvi olaraq Bakı şəhərində yaşadığı üçün sözügedən evin tikintisi başladığı zaman onun bu barədə məlumatı olmamışdır. 2020-ci ilin iyul ayının əvvəlindən başlayaraq cavabdeh sözügedən evin ikinci mərtəbəsinin tikintisinə başlamışdır. Evin onun evinə demək olar ki, bitişik olması və evin ona tərəf olan hissəsində 2 ədəd pəncərənin olması barədə aralarında mübahisə olsa da cavabdeh qanunvericiliyin tələblərini heçə sayaraq tikintiyə davam etmişdir. Bundan sonra tərəfindən 20.07.2020-ci il tarixdə Lənkəran RİH-nə müraciət edildi və icra hakimiyyətinin nümayəndəsi tərəfindən tikintiyə dair sənədlər tələb edildikdən sonra məlum oldu ki, cavabdehin ümumiyyətlə tikintiyə dair heç bir sənədi yoxdur. İcra hakimiyyətinin nümayəndəsi tərəfindən cavabdehə qanunun tələblərinin izah edilməsi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh yenə də qanunu heçə sayır və tikintiyə davam edir. 21.07.2020-ci il tarixdə tərəfindən Lənkəran şəhər Polis İdarəsinə müraciət edildi. Sahə inspektoru əraziyə baxış keçirdikdən cavabdeh tikintini dayandırdı. Bundan sonra isə maraqlı şəxs polis şöbəsinə Lənkəran rayon İcra Hakimiyyəti tərəfindən cəmi 3 günə təsdiq edilmiş layihənin təqdim etdi. Təqdim edilmiş layihədə bilərəkdən onun təsdiq edilmə tarixi göstərilməsə də təxmini 3 gün ərzində layihə təsdiq edilmiş və orada hasar ilə evin arasında olan ara məsafəsi göstərilməmişdir. Üçüncü şəxsin tikdiyi fərdi yaşayış evinin divarının hündürlüyü təxmini 8 metr nəzərdə tutulmuşdur və belə olan halda hasardan ən azı 2,60 metr olmalı halda o heç 1 metr də deyil. Belə olan halda tikili qanunun tələblərinə cavab verməsə də cavabdeh inzibati orqan tərəfindən təsdiq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən X2 məxsus fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri 23.11.2015-ci il tarixli 087658 nömrəli lisenziya əsasında fəaliyyət göstərən podratçı "xxxx" MMC tərəfindən tərtib edilmiş və Cavabdeh başçısı aparatının Memarlıq və tikinti şöbəsi ilə müvafiq qaydada razılaşdırılmışdır. Cavabdeh iddia tələbini məhkəmənin mühakiməsinə verərək qanuna müvafiq baxılmasına etiraz etmir. Üçüncü şəxs X3 iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddia ərizəsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Birincisi, hal-hazırkı inzibati iş üzrə İddiaçı ilkin olaraq Lənkəran rayon məhkəməsinə cavabdeh kimi ona qarşı “özbaşına tikilmiş tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş, Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 24 ünvanda yerləşən cavabdeh X2 məxsus tikilməkdə olan yaşayış evinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra o, həmin mülki iş uzrə iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 24 ünvanda yerləşən cavabdeh X2 məxsus tikilməkdə olan yaşayış evinin tikintisinin dayandırılması və hər hansı digər hərəkətlərinin cavabdehə və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. Lənkəran rayon məhkəməsinin (sədrlik edən hakim X7) 28 iyul 2020-ci il tarixli, 2(049)-1860/2020 nömrəli qərardadla iddianın təmini tədbiri barədə ərizə təmin edilmişdir. Lənkəran rayon məhkəməsinin 28 iyul 2020 ci il tarixli, 2(049)-1860/2020 nömrəli qərardadından tərəfindən şikayət verilmiş və Lənkəran rayon məhkəməsinin 07 avqust 2020-cı il tarixli, 2(049)-1860/2020 nömrəli qərardadla Lənkəran rayon məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(049)-1860/2020 nömrəli qərardadı ləğv edilmiş və İddiaçı iddianın təmini tədbiri qaydasında verdiyi ünvan 4 ünvanda yerləşən “cavabdeh X2 məxsus tikilməkdə olan yaşayış evinin tikintisinin dayandırılması və hər hansı digər hərəkətlərinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə” ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan şikayət verilməmiş və Lənkəran rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(049)-1860/2020 nömrəli qərardadı qanuni qüvvəsini almışdır. İkincisi, İddiaçı tərəfindən Lənkəran rayon məhkəməsinə cavabdeh kimi ona qarşı verilmiş ünvan 4 ünvanda yerləşən “özbaşına tikilmiş tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi də tam qanunsuz, əsassız və ədalətsizdir. Çünki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və 0,06 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətində olmaqla 13.12.2011-ci il tarixli, Seriya MA, ******* nömrəli Çıxarışa əsasən ona məxsusdur. Onun isə xususi mülkiyyətində olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikməyə tam hüququ vardır. Üçüncüsü, qeyd edir ki, ünvan 5 ünvanda 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1955-ci ildə tikilmiş, yaşamağa tam yararsızdır, demək olar ki, uçulub dağılmışdır. O da məhz həmin evin yerində 2011-ci ildən etibarən öz ailəsinin yaşaması üçün iki mərtəbəli yeni ev tikməyə başlamışdır. Maddi vəziyyəti zəif olduğundan, evi birdəfəlik inşa etmək imkanı olmadığından evi hissə-hissə tikərək bir neçə ilə birinci mərtəbəsini yekunlaşdırmışdır. Bu ilin yay aylarından etibarən həyat yoldaşı ilə aldığı pensiyalarını, bankdan götürdüyü krediti və oğlunun aylıq əmək haqqlarını toplayaraq evin ikinci mərtəbəsinin inşasına başlamışdır. Sonda isə qonşusu İddiaçı qanunsuz, əsassız və böhtan xarakterli iddiaların “qurbanı” olmuşdur. Dorduncusu, o, xususi mülkiyyətində olan və Lənkəran şəhəri, Qalayçılar kuçəsı, 24 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində tikiləcək iki mərtəbəli fərdi yaşayış evinin qanunla müəyyən edilmiş qaydada layihəsini çəkdirmişdir, həmin layihə də Lənkəran şəhər baş memarı tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi onun hərəkətlərində heç bir qanunsuzluq da yoxdur. Beşincisi, İddiaçı tərəfindən cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs kimi ona qarşı verilmiş “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” iddia ərizəsi tam qanunsuz, əsassız, böhtan və yalan xarakteri daşıyır. Əvvəla, yuxarıda qeyd etdiyi kimi, iddiaçı Kazımov X4 rayon məhkəməsinə cavabdeh kimi ona qarşı “özbaşına tikilmiş tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi və iddianın təmini tədbiri barədə ərizə ilə müraciət etmiş, iddianın təmini tədbiri barədə ərizə təmin edilməmişdir. İddiaçı oğlu Lənkəran rayon məhkəməsində ona qarşı verilmiş “özbaşına tikilmiş tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsinin perspektivsiz olduğunu bilmiş, bundan sonra Lənkəran İcra Hakimiyyətinə və ona qarşı Şirvan İnzibati Məhkəməsinə yeni iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı yeganə məqsədi isə özümə məxsus olan və ünvan 5 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinin qarşısının alınmasıdır, bu da mümkün olan bir tələb deyildir, çünki, qanunlar onun tərəfindədir. İkincisi isə, İddiaçı tərəfindən cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs kimi ona qarşı verilmiş “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” iddia ərizəsini əsaslandırmamışdır. Onun tərəfindən iddia ərizəsində Azərbaycan Respublikasının Konstitusiyasının 26 cı və 60-cı maddələrinə əsaslanması formal xarakter daşıyır. Çünki, həmin maddələr ümumi norma olmaqla butun Azərbaycan Respublikasının vətəndaşlarına, o cümlədən ona da aiddir, əslinə qalsa, onun hüquqlarını pozmur, iddiaçı onun konstitusion hüquqlarını pozur. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü və 34.1ci maddələrinə əsaslanmada ümumi xarakter daşıyır, çünki həmin prosessual huquq normaları da hamıya şamil olunan ümumi xarakterli normalardır. Verilmiş həmin iddia ərizəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü və 69.5.2-1 ci və 80-cı maddələrə əsaslanma da yuxarıda qeyd etdiyi kimi ümumi xarakter daşıyan və hamıya aid edilən maddi hüquq normalarıdır. Bundan əlavə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cu maddəsinin İ hissəsinə gorə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət huququ vardır. Mülkiyyət huququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Muikiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarı qanuna və subutlara əsaslanmalıdır. "İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 1 8-ci maddəsinə əsasən hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin birinci bəndinin tələbinə gorə, hər kəs, onun mulki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması huququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun “Mulkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə qorə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxanda qeyd etdikləri və iddia ərizəsinə verdiyi etiraza əlavə etdiyi sübutlar bir daha təsdiq edir ki, İddiaçı tərəfindən cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs kimi ona qarşı verilmiş “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” iddia iddiası tam qanunsuz, əsassız və ədalətsizdir, həm də həmin iddia ərizəsi onun Azərbaycan Respublikasının Konstitusiyası, digər qanunları, habelə beynəlxalq hüquq normaları ilə qorunan hüquq və azadlıqlarını pozduğundan təmin olunmamalıdır. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin (layihənin razılaşdırılmasına dair cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi) edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Başqa sözlə, iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 00940749 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 08.03.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlinski küçəsi, ev 15, mənzil 131-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş **********23-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 24 ünvanda yerləşən mənzil X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 13.12.2011-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Lənkəran şəhəri, Qalayçılar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48,4 kv.m yaşayış, 43,9 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 18.09.2019-cu il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Qalayçılar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 210.3 kv.m sahədən ibarət 52 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 3 ünvanda yerləşən X2 məxsus fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı "xxxx" MMC tərəfindən tərtib edilmiş və Cavabdeh başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılaraq təsdiqlənmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı 04.08.2020-ci il tarixli, K-41-151 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 8 ünvanda yaşadığı ev və eyni zamanda qonşusu Hüseynağa Kazımovun yaşadığı evlər uzun illər əvvəl inşa olunarkən Şəhərsalma və Tikinti Məcəlləsinin ara məsafəsi ilə bağlı maddələrinin tələbləri pozulmuşdur. H.Kazımov sonralar fiziki köhnəlməyə məruz qalmış fərdi yaşayış evini sökərək yerində yeni fərdi yaşayış evinin tikintisi işlərinə başlamışdır. Cari ilin iyun ayında H.Kazımov Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələblərinə uyğun məlumatlandırma icraatı həyata keçirdiyi üçün tərəflərindən yaşayış evinin memarlıqplanlaşdırma bölməsi müvafiq qaydada razılaşdırılmışdır. Əlavə olaraq bildirmişlər ki, H.Kazımovun fiziki köhnəlməyə məruz qalmış yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş texniki pasporta əsasən yeni ev tikilən zaman bünövrəsnin yerinin dəyişdirilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 21.06.2021-ci il tarixli, 10/1293 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, X3 tərəfindən inşa olunmuş tikili ilə, iddiaçının fərdi yaşayış evin istiqamətində olan sərhəd hasarı arasındakı məsafənin 0,9 metr, arxa hissədə yerləşən sərhəd hasarı ilə ara məsafəsi isə 1,2 metrdir. Lakin "xxxx" MMC tərəfindən tərtib edilmiş və Cavabdeh başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılaraq təsdiq olunmuş layihənin “Baş Planında” sərhəd hasarları ilə ara məsafələri qeyd olunmadığına görə, X1 ünvan 3 ünvanda inşa etdirdiyi fərdi yaşayış evininin "xxxx" MMC tərəfindən tərtib edilmiş Cavabdeh başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılaraq təsdiq olunmuş layihədə uyğun yerdə inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5, 69.5.1, 69.5.2-1 bəndlərinin tələblərində fərdi yaşayış evləri arasındakı ara məsafəsi deyil, fərdi yaşayış evinin xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan ara məsafəsi (məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə-divar hündürlüyünün 0,3 hissəsi) tənzimlənir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********16-10301 reyestr nömrəli çıxarışla Lənkəran şəhəri, Qalayçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 210.3 m2 sahədən ibarət 52 nömrəli fərdi yaşayış evi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş və Cavabdeh başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılaraq təsdiq olunmuş layihəyə əsasən X1 ünvan 3 ünvanda inşa etdirdiyi fərdi yaşayış evi arasında ara məsafəsi mövcud vəziyyətdə 1,97 metr təşkil edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1-ci maddəsinə əsasən tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2-ci maddəsinə əsasən tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2-ci maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3-cü maddəsinə əsasən ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6-cı maddəsinə əsasən divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7-ci maddəsinə əsasən tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2--ci maddəsinə əsasən torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3-ci maddəsinə əsasən layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4-ci maddəsinə əsasən yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 69.8-ci maddəsinə əsasən ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Məhkəmənin 07 iyul 2021-ci il tarixli sorğusu ilə hazırki tələblə bağlı İddiaçı cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə müraciətinin (ərizəsinin) təsdiq edilmiş surətinin, iddiaçının həmin müraciəti ilə əlaqədar inzibati icraatın aparılıb-aparılmaması barədə məlumatın, əgər aparılmışdırsa, inzibati icraat materiallarının müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması Lənkəran rayon İcra Hakimiyyətinə tələb olunmuş, lakin Lənkəran rayon İcra Hakimiyyəti həmin məlumat və sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış “imtina” vermişdir. Belə ki, Cavabdeh bildirir ki, X3 Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələblərinə uyğun məlumatlandırma icraatı həyata keçirdiyi üçün tərəflərindən yaşayış evinin memarlıq-planlaşdırma bölməsi müvafiq qaydada razılaşdırılmışdır. X1 fiziki köhnəlməyə məruz qalmış yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş texniki pasporta əsasən yeni ev tikilən zaman bünövrəsnin yerinin dəyişdirilmədiyi müəyyən edilmişdir. Digər tərəfdən, ekspertiza aparılan zaman X1 ünvan 3 ünvanda inşa etdirdiyi fərdi yaşayış evininin "xxxx" MMC tərəfindən tərtib edilmiş Cavabdeh başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılaraq təsdiq olunmuş layihədə uyğun yerdə inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, təqdim olunan məlumatlar arasında ziddiyyət vardır. Yuxarıda qeyd olunan ziddiyyətli hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Hazırkı işin halları onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı ümumiyyətlə, inzibati icraat aparmamışdır. Halbuki, cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun aparmalı, ziddiyətli məqamları aydınlaşdırmalı, inzibati icraat zamanı iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, zərurət olarsa müvafiq sorğular verməli, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Belə ki, “İnzibati icraat haqqında” Qanunun : 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparılmadığından, eyni zamanda işin faktiki və hüquqi halları tam müəyyən edilmədiyindən iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Bundan başqa, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Cavabdeh üzərinə İddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-130/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-130/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver