Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1303/2020 04.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 mənzil 3 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, üçüncü şəxs X1 mülkiyyətində olan Şirvan şəhəri, Xaqani küçəsi, 20 saylı evin, 3 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1303/2020 saylı qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Xaqani küçəsi, 20 saylı ünvanda yerləşən ümumi sahəsi 56,8 kv.m yaşayış sahəsi 35,0 kv.m olan 3 otaqlı 3 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə onun adına tam mülkiyyət hüququ ilə qeydə alınmış və bu barədə ona Seriya MH ******* saylı çıxarış verilmişdir. Üçüncü şəxs X2 mülkiyyətində olan mənzilində qeydiyyatdadır. Onun üçüncü şəxslə tanışlığı olmuşdur. O ondən Şirvan şəhərində qeydiyyata düşə bilmədiyi üçün xahiş edib ki, onu mülkiyyətində olan mənzilə qeydiyyata saldırsın, az sonra özü qeydiyyatdan çıxacaqdır. Lakin son zamanlarda bildirib ki, qeydiyyatdan çıxmır. Onun mülkiyyətində olan mənzildə qeydiyyatı olsa da həmin mənzildə bir gün də yaşamamış, mənzildə ona dair heç bir şəxsi əmlakı olmamış və yoxdur. Bunu əsas tutaraq o mülkiyyətində olan fərdi yaşayış evindən üçüncü şəxsin pasport qeydiyyatından çıxarılması üçün cavabdehə müraciət edib. Cavabdeh ona yazılı surətdə bildirib ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaq qanuna ziddir. Adı çəkilən şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh xx.xx.2020-ci il tarixli 305-19403-1220 saylı münasibət məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Şirvan şəhər PŞ-nə ərizə ilə müraciət edərək yaşadığı ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılmasını bildirmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə-yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Odur ki, bu barədə vətəndaş İddiaçı məktub vasitəsi ilə məhkəmə orqanına müraciət etməsi bildirilmişdir. Məktubda adı göstərilən şəxs ünvan 1 mənzil 3 ünvanında 2011-ci il tarixdən qeydiyyatdadır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxsə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə məktubla bildiriş göndərilsə də, məktub «köçüb» qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Şirvan şəhər Mənzil İstismar Sahəsinə və Şirvan şəhər Bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 1984-cü il tarixli, 0270 №-li orderin surətindən görünür ki, X10 Sovetinin İcraiyyə Komitəsi tərəfindən İddiaçı Nikolayevnaya Xaqani küçəsi, bina 20, mənzil 3 saylı mənzildə 3 otaqlı mənzil verilmişdir. Həmin mənzildə 1937-ci ildə anadan olmuş qızı Karamova Lidiya, 1961-ci ildə anadan olmuş oğlu Karamov Yuri və 1967-ci ildə anadan olmuş nəvəsi İddiaçı qeydiyyatda olmuşlar. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Əli Bayramlı şəhər Mənzil Təsərrüfat İdarəsinin xx xxxxxx 2007-ci il tarixli, 753 nömrəli arayışından görünür ki, İddiaçı Əli Bayramlı şəhəri Xəqani küçəsindəki 20 saylı evin 3 saylı mənzilində yaşayır. Həmin evdə İddiaçı 1984-cü ildən, X8 1991-ci ildən, X7 1994-cü ildən, X6 2003-cü ildən qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş 5 saylı Mənzil İstismar Sahəsinin xx xxxxxx 2007-ci il tarixli arayışından görünür ki, orderdə adı qeyd olunuş, Əli-Bayramlı şəhəri, Xəqani küçəsi, 20 saylı evin, 3 saylı mənzilində qeydiyyatda olan qardaşı X11 1987-ci ildə pasport qeydiyyatından çıxmışdır və Rusiya Federasiyasında yaşayır. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli Seriya RH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Əli Bayramlı şəhəri, Xəqani küçəsində istifadədə olan 0.1261 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2ci mərtəbəsində yerləşən 56.8 kv.m ümumi, 35.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X9 xx xxxxxx 2020-ci il tarixli **********62 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən 3 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququ Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda X3 ünvan 4 ünvanda yerləşən 3 nömrəli mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınıbalınmaması Ərazi İdarəsində saxlanılan arxiv materiallarına əsasən araşdırılmış və bu barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X3 ünvan 5 mənzil 3 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 68691 nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2007-ci il tarixli Seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Əli Bayramlı şəhəri, Xəqani küçəsində istifadədə olan 0.1261 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 56.8 kv.m ümumi, 35.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin həmin mənzildə, yəni hazırda iddiaçıya məxsus olan mənzildə X3 pasport qeydiyyatında qalması müəyyən olunmuşdur. X3 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Eyni zamanda həmin şəxsin hal-hazıra qədər mənzildən istifadə etməməsi, orada yaşamaması, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratması onun mənzildən qeydiyyatdan çıxarılmasına əsas verir. Buna görə də Cavabdeh X3 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, Xaqani küçəsi, 20 saylı evin 3 saylı mənzilindən X3 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-79 və, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, Xaqani küçəsi, 20 saylı evin 3 saylı mənzilindən X3 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1303/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1303/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver