Məhkəmə qərarları › İş №2-1(120)-1305/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1305/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1305/2024 06.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “tutduğu vəzifəyə uyğun olmama barədə xəbərdarlıq verilməsinə dair N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 237 saylı əmrin ona aid hissədə ləğv olunması, X1 ikinci məharət dərəcəsinin bərpa olunması və 2023-cü il birdəfəlik pul mükafatının ona tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlük məsələsinə 06 fevral 2024-cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tutduğu vəzifəyə uyğun olmama barədə xəbərdarlıq verilməsinə dair N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 237 saylı əmrin ona aid hissədə ləğv olunması, X1 ikinci məharət dərəcəsinin bərpa olunması və 2023-cü il birdəfəlik pul mükafatının ona tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasına gəlmiş, iddiaçı X4 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mayor rütbəli ehtiyatda olan zabitidir. 1996-cı ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasını motoatıcı ixtisası üzrə bitirmişdir. 1996-2023-cü illər ərzində Azərbaycan Ordusunun hərbi hissələrində müxtəlif vəzifələrdə həqiqi hərbi xidmət keçmişdir. Vətən müharibəsi iştirakçısıdır. xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirinin 0384 saylı əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “b” bəndinə əsasən, hərbi geyim forması hüququ saxlanılmaqla ehtiyyata buraxılmışdır.xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ddiaçı bildirir ki, ona 2023-cü il üçün birdəfəlik pu mükafatı ödənilib.Mübahisələndirdiyi hissə yalnız məharət dərəcəsinin bərpa olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli məktubu ilə iddiaçı X2 hüquqi yardım edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırki tələbi – məharət dərcəsinin bərpa olunması öhdəliklərin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçı hazırki tələblə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməsini təsdiq edən sübutu iş materiallarına əlavə etməmiş və məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 40 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu mayor X4 tutduğu vəzifəyə uyğun olmama barədə xəbərdarlıq verilməsinə dair N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 237 saylı əmrin ona aid hissədə ləğv olunması, onun ikinci məharət dərəcəsinin bərpa olunması və 2023-cü il birdəfəlik pul mükafatının ona tam həcmdə ödənilməsinə dair N nömrəli hərbi hissəyə heç bir müraciəti daxil olmamışdır. Qeyd edilən qanunvericiliyin normalarına əsasən, iddiaçı ilk öncə müvafiq tələblə inzibati orqana müraciət etməlidir. Həmin orqan onun müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda o, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli məktubu ilə iddiaçı X2 hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. Cavabdeh tərəfindən inzibati orqana müraciəti ilə bağlı və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı X1 hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. X1 ikinci məharət dərəcəsinin bərpa olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməlidir. Müraciəti əsasında X1 ikinci məharət dərəcəsinin bərpa olunmasından imtina cavabı aldığı təqdirdə cavabdeh inzibati orqana qarşı məhkəmədə iddia qaldıra bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “tutduğu vəzifəyə uyğun olmama barədə xəbərdarlıq verilməsinə dair N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 237 saylı əmrin ona aid hissədə ləğv olunması, X1 ikinci məharət dərəcəsinin bərpa olunması və 2023-cü il birdəfəlik pul mükafatının ona tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar