Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1309/2023 22.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “icarəsində olan torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması və torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan 3,86 ha torpaq sahəsinin mütəxəssis vasitəsilə yerinin naturada müəyyən edilməklə ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “icarəsində olan torpaq sahəsinə dair mərcçəkmə işlərinin aparılması və torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdırlar ki, ona və ailə üzvləri X17, X4, X10, X13, X5, X11 ümumi birgə mülkiyyətlərinə İmişli rayonunun Kürdmahmudlu kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 3,86 ha torpaq sahələri vardır. Bu barədə JN-0139 kod 90716028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktıda vardır. Qeyd edilən 3,86 ha torpaq sahəsi kənddən kənarda yerləşməklə gedib-gəlməkləri çətinlik törədirdi. Ona görə torpaq sahənin dəqiq yerini bilmək üçün mən 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə yazıb xahiş etmiş ki, mütəxəssis gəlib, torpaq sahələrini yerində ölçüb versin. İdarədən ona 120 manat xidmət haqqı köçürməli olduğum bildirilmiş və məcbur olub həmin pulu köçürmüşdür. Mtəxəssis gəlsə də, heç bir iş görməmişdir. Yazdığı ərizəyə İdarənin rəisi Ayxan Səfərovun xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirir ki, ərazidə mübahisəli hal olduğuna görə ölçü işlərinin aparılması mümkün olmamışdır. Torpaq sahəni zəbt etdiyinə görə məhkəməyə verib çatışmayan torpaq sahəsini tələb edə bilmir. Çünki mülkiyyətində olan torpaq sahəsinin konkret harada və kimdə olması ona məlum deyildir. Bunun üçün torpaq sahəsinin koordinatlar, döngə nöqtələrinə istinad etməklə GPS ilə yenidən ölçülüb sənədləşdirilməlidir. Göründüyü kimi, cavabdeh təşkilat əsassız bəhanələrlə torpaq sahəsinin yerini müəyyən edib ona göstərməkdən imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərər etirazda qeyd etmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmişdir. Baxış zamanı müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-0139 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 3.86 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək döngə nöqtələrinin koordinatları göstərilən zaman həmin ərazinin başqa mülkiyyətçilər tərəfindən istifadə olunduğu məlum olmuşdur. Ərazi mübahisəli olduğu üçün torpaq sahəsini göstərmək mümkün olmamamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsivası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2 və 9cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu Kürmahmudlu kəndində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan 3,86 ha torpaq sahəsinin mütəxəssis vasitəsilə yerinin naturada müəyyən edilməklə ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddianı qəbul etmədiklərini bildirərək etiraza uyğun izahat verərək ddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İş materialında olan JN-0139 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli, 05 nömrəli qərarı ilə X16, X2, X6, X12, X3, X7 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.86 hektar torpaq sahəsi verilmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ 188302 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli, 439 nömrə ilə qeyd edilmişdir. İş materialında olan Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 213 nömrəli məktubundan görünür ki, İmişli rayon Kürdmahmudlu kənd Aqrar İslahat Komissiyasının və Dövlət Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İmişli rayon AİK-ın İmişli rayon Dövlət Arxivində mühafizə olunan və saxlanılan sənədlərində isə bu komissiyanın xx.xx.2004-cü il tarixli protokolu aşkarlanmamışdır. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubunda qeyd edilmişdir ki, daxil olmuş müraciət əsasında Ərazi idarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmişdir. Baxış zamanı müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-0139 saylı ‘Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 3.86 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək döngə nöqtələrinin koordinatları göstərilən zaman həmin ərazinin başqa mülkiyyətçilər tərəfindən istifadə olunduğu məlum oldu. Ərazi mübahisəli olduğu üçün torpaq sahəsini sizə göstərmək mümkün olmadı. Bundan əlavə bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2- 6564/2023 nömrəli məktubundan görünür ki, JN-139 sayiı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 3,86 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinim istifadə edən şəxs haqqında 6 sayiı Beyləqan Ərazi İdarəsində məlumat saxlanılmadığından mülkiyyətçi (mülkiyyətçilər) tərəfində istifadə olunması barədə məlumatları təqdim etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçılar mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, iddiaçının icarəsində olan torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması və torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı icarəsində olan torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması və torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1309/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1309/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver