Məhkəmə qərarları › İş №2-1(120)-1310/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1310/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1310/2022 07.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətlərə yazılı cavab verilməsi və poçt vasitəsilə ünvana göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 07 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 11.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Laçın rayonu olduğunu, Laçın rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək 23.02.2022-ci il tarixli, 2-1(112)-6019/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. X3 Məhkəməsinə daxil olduqdan sonra işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saydı. İş materiallarından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun iddiası ilə bağlı inzibati mübahisəyə dair işini baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsi inzibati işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar olan iddiaların, mübahisələndirmə haqqında iddiaların və inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddiaların, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrin müstəsna ərazi aidiyyəti müəyyənləşdirilmişdir. Bundan başqa həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işin materiallarından müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Laçın rayonu, Qayğı qəsəbəsində qeydiyyatda olsa da, o, ünvan 4 ünvanında yaşayır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının yaşayış yeri ünvan 4 ünvanıdır ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən, sübutların toplanması, məhkəməyə çatımlılığın təmin edilməsi, habelə məhkəmə araşdırmasının daha tez və səmərəli aparılması üçün hazırki mübahisəyə iddiaçının faktiki yaşayış ünvanı üzrə baxılmalıdır. Belə ki, şərh olunduğu kimi iddiaçının tələbi İPM-də nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı tələblərə aid olmamaqla 8.1.2-ci maddədə nəzərdə tutulan aidiyyət qaydasının təsir dairəsinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Bundan əlavə, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İddianın predmeti 17.07.2021-ci il tarixdə təsdiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışın təsdiq edilmiş surətinin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədədir. İPM-nin yuxarıda bəhs olunan müddəalarına görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə olan halda iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-nin 8.1.2-ci maddəsi münahisələndirmə haqqında iddia növü üzrə inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yuridiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin (iddiaçının) yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığını təsbit etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021ci il tarixli Qanunun 1.1-ci maddəsi ilə 8.1.2-ci maddəyə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunmuşdur. Dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il Qanun 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş, Qanunun 1.1-ci maddəsinin Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilməsi nəzərdə tutulmamışdır. Qanunverici şəxsin olduğu yer dedikdə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digə belə ictimai yerlər, habelə yaşayış binasını (özünün, qohumunun, tanışının və b.) nəzərdə tutur. İddiaçı Laçın rayonunda qeydiyyatda olsa da, məlum səbəblərdən hələ Laçında, yəni qeydiyyatda olduğu yerdə yox, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 105 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 23 noyabr 2018-ci il tarixli arayışa əsasən Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 48-də yaşayır. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə 26 oktyabr 2021-ci il tarixdə, yəni İPM-nin 8.1.2-ci maddəsinə edilmiş dəyişiklik qüvvəyə mindikdən sonra müraciət etmişdir. Hazırki iddia növü öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçının olduğu yer Bakı şəhəri olduğuna görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə işi müvafiq qərardadla aidiyyəti üzrə baxılması üçün göndərmiş Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 8-ci, 9-cu və 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətlərə yazılı cavab verilməsi və poçt vasitəsilə ünvana göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar