Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1314/2022 07.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Bakı İslam Universitetinin vermiş olduğu diplomun dövlət nümunəli diplomla əvəz edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 oktyabr 2022ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı İslam Universitetinə və Qafqaz Müsəlmanları İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun ali təhsil haqqında sənədini, yəni Bakı İslam Universitetinin vermiş olduğu diplomun dövlət nümunəli diplomla əvəz edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Neftçala rayonunun ərazisi olduğunu, Neftçala rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(112)-11211/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdehlər Bakı İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştiraklarına xitam verilməsini, Bakı İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələrini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Bakı İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştiraklarına xitam verilmiş, Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, orta təhsilimi tamamladıqdan sonra 2004-cü ildə Bakı İslam Universitetinin (BİU) İslamşünaslıq fakültəsinə qəbul olmuş və 2009-cu ildə təhsilini başa vurmuşdur. Lakin cavabdeh onun diplomunu heç bir hüquqi əsas olmadan tanımır və bunun səbəbləri barədə müfəssəl izahat vermir. Dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmiş və buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, belə hal başqa məzunlarla bağlı da mövcuddur, hətta onlardan məhkəməyə müraciət edərək hüquqlarını bərpa edənlər var, bu da onu göstərir ki, artıq bununla bağlı presedent var. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qeyd edilir ki, “Hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Konstitusiyamn 26-cı maddəsində təsbit edilir ki, “hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafıə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının mudafıəsinə təmınat verir”. Konstitusiyanın 42-ci maddəsində deyilir ki, “hər bir vətəndaşın təhsil almaq hüququ vardır”. Həmçinin Konstitusiyanın 60-cı maddəsində qeyd edilir ki, “Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafıəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibatı icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər”. Azərbaycan Respublikası İPM-nin 34cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, “Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin, inzibati orqanlar tərəfındən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər”. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı X1 ali təhsil haqqında sənədinin, yəni Bakı İslam Universitetinin ona vermis olduğu diplomun dövlət nümunəli diplomla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, 2004cü ildə Bakı islam Universitetinə qəbul olunaraq, 2009-cu ildə oranı bitirmiş və ona “İslamşünaslıq” ixtisası üzrə diplom verilmişdir. Lakin həmin diplom blankı dövlət nümunəli olmadığından yeni diplom blankının verilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Bildirirlər ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 143 nömrəli Fərmanına və Təhsil Nazirinin xx.xx.2002-ci il tarixli, 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2009-cu il tarixli, 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində “dinşünaslıq” ixtisası, magistr pilləsində “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisasları üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində “Dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. BİU yalnız 2010-cu ildən başlayaraq tələbə qəbulunu qanunvericiliyə uyğun olaraq TQDK vasitəsi ilə aparmışdır. Bu səbəbdən də 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli təhsil sənədləri verilməyə başlanmışdır. Bildirirlər ki, Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə, Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədininsertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə, Azərbaycan Respublikasında hüququ şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən, bildirirlər ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Buna səbəb iddiaçının 2004-cü ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BİU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, BİU-nin məzunlarına verilən diplom blankının nümunəsi BİU tərəfindən təsdiq edilmişdir. Bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. BİU-nin belə bir səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi, məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Həmin dövrdə qüvvədə olan Qanunun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Lakin dini təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Bununla əlaqədar bildirirlər ki, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3-cü bəndinə görə, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BİU-nun fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. 73.3.2. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BİU yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmişdir. Belə ki, BİU tərəfındən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil etməsi, tədris olunan ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması, BİU-nə qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının TN-yi tərəfindən təsdiq edilməməsi, buraxılış Atestasiya Komisiyyalarının sədrlərinin TN-yi tərəfindən təsdiq edilməməsi, diplom blanklarının nümunələrinin BİU tərəfindən təsdiq edilməsi, BİU-nin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq pegionlarda BİU-nin şöbələrinin yaradılması, BİU-nin hal-hazıradək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını bir daha təsdiq edir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı X1 məhkəməyə gəlmiş, cavabdehin və üçüncü şəxslərin nümayəndələri isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı bildirir ki, 2004-cü ildə Bakı İslam Universitetinin (BİU) İslamşünaslıq fakültəsinə qəbul olunmuş və 2009-cu ildə təhsilini başa vurmuşdur. Lakin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onun diplomu heç bir hüquqi əsas olmadan tanınmır. Belə ki, təhsil aldığı müddətdə (2004-2009) həmin təhsil müəssisəsinin fəaliyyəti qanunsuz olmamışdır. Bakı İslam Universiteti 2007-ci ildə müvafiq qaydada qeydiyyatdan keçmiş təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş və bu qeydiyyat ləğv olunmamışdır. Eləcə də, 2009-cu ilədək ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün qanunvericiliklə xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmurdu. Qanunvericilikdə 2009-cu İldə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən lisenziya verildiyindən, lisenziyanın olmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti qanunsuz qiymətləndirilə bilməzdi. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi verilir. Həmin sənədin verilməsi də məhz inzibati orqan olan Təhsil Nazirliyinin vəzifəsidir. Cavabdeh isə iddiaya qarşı etirazında bildirir ku, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BİU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, BİU-nin məzunlarına verilən diplom blankının nümunəsi BİU tərəfindən təsdiq edilmişdir. Bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. BİU-nin belə bir səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi, məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Həmin dövrdə qüvvədə olan Qanunun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Lakin dini təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Bununla əlaqədar bildirir ki, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3-cü bəndinə görə, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BİU-nun fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. BİU yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmişdir. Belə ki, BİU tərəfındən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil etməsi, tədris olunan ixtisasların AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması, BİU-nə qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının TN-yi tərəfindən təsdiq edilməməsi, buraxılış Atestasiya Komisiyyalarının sədrlərinin TN-yi tərəfindən təsdiq edilməməsi, diplom blanklarının nümunələrinin BİU tərəfindən təsdiq edilməsi, BİU-nin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq pegionlarda BİU-nin şöbələrinin yaradılması, BİU-nin hal-hazıradək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını təsdiq edir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməməsində cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. Belə ki, iddiaçı 2004-2009-cu illərdə Bakı İslam Universitetində təhsil almış, 2009-cu ildə universitet iddiaçıya ali təhsili bitirməsinə görə 25 iyun 2009-cu il tarixli 1462 nömrəli diplom vermişdir. İddiaçı ona verilən diplom dövlət nümunəli olmadığından, cavabdehin ona dövlət nümunəli diplom verməli olduğunu bildirmişdir. Cavabdehin dəlillərinə görə Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2009-cu il tarixli 143 nömrəli fərmanına və Təhsil nazirinin 30 dekabr 2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 avqust 2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə (bakalavr pilləsində “Dinşünaslıq ixtisası”, magistr pilləsində “Dinlərin tarixi” və “İslamşünaslıq ixtisaslaşdırılması” üzrə) 5 il müddətinə lisenziya verilmişdir. İddiaçının adına universitet tərəfindən yazılmış 25 iyun 2009-cu il tarixli 1462 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının 2004-cü ildə ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmağı və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsi ilə bağlı olmuşdur. Halbuki, qüvvədən düşmüş 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə həyata keçirilir). İPM-in 33-cü, 47.2-ci, 68.2-ci və 73-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci və 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Təhsil nazirinin 9 noyabr 2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında Təlimat”ın 1.2-ci və 1.4-cü bəndlərinə əsasən iddiaçının iddiasının heç bir hüquqi əsası olmamışdır. Cavabdehin dəlilləri qısaca xarakterizə olunsa, cavabdeh hesab edir ki, Bakı İslam Universitetinə lisenziya 2009-cu ildə verildiyindən, lisenziya verildikdən sonra universitetdə tələbə qəbulu qaydaları X2 tərəfindən aparıldığından, iddiaçı isə bu tarixdən əvvəl, yəni 2004-cü ildə universitetə qəbul olunduğundan, iddiaçı universitetə qəbul edilən vaxt universitetin fəaliyyəti ilə bağlı lisenziyası olmadığından və iddiaçı tələbə qəbulu qaydalarına uyğun qəbul edilmədiyindən ona dövlət nümunəli diplom verilə bilməz. Məhkəmə vurğulayır ki, 2009-cu ildə və ondan sonra Bakı İslam Universitetinə qəbul edilən və həmin universiteti bitirən məzunlara dövlət nümunəli diplomlar cavabdeh tərəfindən təsdiq edilərək verilməsi və cavabdehin Bakı İslam Universitetini bitirən məzunlara dövlət nümunəli diplom verilməsində özünü səlahiyyətli hesab etməsi işin mübahisə olunmayan halıdır. Bakı İslam Universitetinin dövlət qeydiyyatı ilə bağlı qeyd olunmalıdır ki, universitet “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətnaməyə əsasən xx.xx.1997-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “Ali təhsil” göstərilmiş, ali dini tədris müəssisəsi kimi X5 üzrə Dövlət Komitəsində yenidən qeydə alınaraq 28 iyun 2002-ci il tarixli Şəhadətnamə verilmiş, Şəhadətnamədə əsas fəaliyyət növü “Ali ixtisas üzrə Dini təhsil vermək”, təşkilati-hüquqi forması kimi “Ali Dini tədris müəssisəsi” qeyd edilmişdir. 2009-cu ildə qanunvericilik aktlarına edilən dəyişikliklərə uyğun olaraq 26 avqust 2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Ali təhsilin bakalavr və magistr pilləsində əlavədə göstərilən istiqamətlər üzrə mütəxəssis hazırlığı həyata keçirməyə icazə barədə 5 il müddətinə lisenziya verilmişdir. Universitetin 17 mart 1997-ci il tarixdə qeydə alınmış nizamnaməsində universitetin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilməsi, təşkilati məsələlərdə ona tabe olması, universitetin vəzifələrindən biri kimi ali dini təhsilli mütəxəssislər hazırlamaqdan ibarət olması göstərilmişdir. Bakı İslam Universitetinin X5 üzrə Dövlət Komitəsində 27 iyun 2002ci il tarixdə qeydiyyata alınmış Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilmiş Nizamnaməsində qeyd edilmişdir ki, universitetə qəbul QMİ-nin qanunvericiliyə uyğun təsdiq etdiyi tələbə qəbulu qaydalarına uyğun olaraq aparılır. Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Məhkəmə hesab edir ki, mübahisəyə aydınlıq gətirmək üçün ilk növbədə “Dini etiqad azadlığı haqqında” Qanunun 6-cı maddəsinə istinad edilməlidir. “Dini etiqad azadlığı haqqında” Qanunun 20 avqust 1992-ci ildə qəbul edilən zaman qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada olmuşdur: “Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər”. 8 may 2009-cu il tarixli Qanun ilə 6-cı maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir: “Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər”. 21 dekabr 2010-cu il tarixli Qanun ilə 6-cı maddəsinin dördüncü hissəsində, “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir. 10 iyun 2011-ci il tarixli Qanun ilə 6-cı maddədə dördüncü hissədən “(əsasnamələrinə)” sözü çıxarılmışdır. 4 may 2021-ci il tarixli Qanun ilə 6-cı maddə yeni (hazırda qüvvədə olan) redaksiyada verilmişdir. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6cı maddəsinin dördüncü hissəsinin məzmununa görə dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri (təhsil müəssisələri) yaratmaq ixtiyarına malik olmuşlar. İşdə olan sənədlərdən görünür ki, Bakı İslam Universitetinin yaranması aşağıdakı qaydada baş vermişdir. SSRİ Nazirlər Soveti yanında X4 17 yanvar 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi fəaliyyətə başlamış, Qafqaz Müsəlmanları İdarəsinin 14 yanvar 1991-ci il tarixli 02 nömrəli əmri ilə Bakı İslam Mədrəsəsinin bazasında Bakı İslam İnstitutu yaradılmış, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cü il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilib Qafqaz İslam Universiteti adlandırılmış və Nizamnaməsi dövlət qeydiyyatına alınmış, Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti kimi yenidən qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə X5 üzrə Dövlət Komitəsi yaradılmış və dini (təhsil) müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri Komitəyə verildiyindən, Komitənin 27 iyun 2002-ci il tarixli 163 nömrəli sərəncamına əsasən Bakı İslam Universiteti 135 nömrəli Şəhadətnamə ilə yenidən dövlət qeydiyyatından keçmişdir. Bakı İslam Universiteti “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin, habelə 10cu maddəsinin tələbinə uyğun Nizamnaməsinə müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yaradılmış, həmçinin Nizamnaməyə uyğun olaraq müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirmişdir. 7 oktyabr 1992-ci il tarixli “Təhsil haqqında” Qanunun 13-cü maddəsinin birinci hissəsində qeyd edilmişdir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Bununla bağlı ali dini təhsil müəssisəsinin 2009-cu ilin noyabr ayına qədər Təhsil Nazirliyində dövlət qeydiyyatından keçdikdən sonra hüquqi status alması barədə hər hansı qanunvericilik norması olmamışdır. “Dini etiqad azadlığı haqqında” Qanunun 10-cu maddəsi (ən azından mübahisə edilən dövrlə bağlı) həm də müəyyən etmişdir ki, dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. “Təhsil haqqında” qanunvericiliyin tələbinə görə dövlət təhsil müəssisəsini bitirmiş məzunlara vahid formada dövlət sənədi cavabdeh tərəfindən verilir. İddiaçının da Bakı İslam Universitetini bitirməsinə görə diplom nümunəsi cavabdeh tərəfindən verilməlidir. “Dini etiqad azadlığı haqqında” Qanunun 7-ci maddəsinə görə dini təhsil müəssisələri dini qurum hesab edilir və həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə görə bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilməsi nəzərdə tutulduğundan, iddiaçının təhsil aldığı Bakı İslam Universiteti əvvəl Ədliyyə Nazirliyində, sonra isə X5 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alındığından və dini qurumların dövlət reyestrinə daxil edildiyindən fəaliyyəti qanuni olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda 26-cı bənddə qeyd edilmişdir ki, ali və orta ixtisas müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti ilə bağlı lisenziya verən orqan Təhsil Nazirliyidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu Qaydalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə”yə və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nda ali dini təhsil müəssisələri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü kimi göstərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 15 fevral 2011-ci ildə əlavə edilmiş 3.1-1-ci bəndində qeyd edilmişdir ki, təhsil fəaliyyətinə (dini təhsil müəssisələrinin fəaliyyəti istisna olmaqla) verilən lisenziyanın müddəti “Təhsil haqqında” Qanunla müəyyən edilir (21 dekabr 2015-ci il tarixdə ləğv edilmişdir). 2 sentyabr 2002-ci il tarixdə təsdiq edilmiş Qaydalarda da ali dini təhsil müəssisələri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü kimi göstərilməmişdir. Bundan başqa, 2 sentyabr 2002-ci il tarixli Fərmanla təsdiq edilmiş Əlavə 2-də “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun Məbləğləri”ndə fəaliyyət növü kimi ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi və buna görə 5.500 manat dövlət rüsumu müəyyən edilməsi barədə 17.5-ci bənd 6 avqust 2009-cu il tarixli 143 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmişdir. Göründüyü kimi, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanlarında və Nazirlər Kabinetinin qərarlarında avqust 2009-cu ilə qədər ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi olmasına dair hər hansı müddəa olmamışdır. Odur ki, iddiaçının təhsil aldığı Bakı İslam Universitetinin 2009-cu ilədək fəaliyyəti barədə lisenziya almalı olması barədə cavabdehin dəlilləri əsaslı hesab edilmir. Lakin iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmçinin, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi, məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BİU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi Təhsil Nazirliyi tərəfindən hazırlanmalı və hökümət tərəfindən təsdiq edilməli olduğu halda, BİU-nin məzunlarına verilən diplom blankının nümunəsi belə bir səlahiyyəti olmayan BİU tərəfindən təsdiq edilmişdir ki, bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, BİU yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmiişdir. Belə ki, BİU tərəfındən tədris olunan ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması, BİU-nə qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının Təhsil Nazirliyi tərəfindən təsdiq edilməməsi, buraxılış Atestasiya Komisiyyalarının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təsdiq edilməməsi, BİU-nin halhazıradək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını təsdiq edir. Odur ki, iddiaçının müraciətinin təmin olunmaması barədə cavabdeh təşkilatın gəldiyi nəticə əsaslı olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixədək qüvvədə olmuş 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6-cı bəndinin tələblərinə görə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi komissiyanın əsas vəzifələrindən biri olmuşdur. Fərmanın tələblərinə görə Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu həyata keçirilir. İddiaçının təhsil aldığı Bakı İslam Universiteti də Azərbaycan Respublikasında fəaliyyət göstərmiş ali təhsil müəssisəsi olmuşdur. İddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilməmişdir. İddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilmədiyindən, onun həmin universiteti bitirməsinə dair dövlət nümunəli diplomun verilməsindən imtina olunması barədə cavabdehin hərəkəti qanuni olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Bakı İslam Universitetinin vermiş olduğu diplomun dövlət nümunəli diplomla əvəz edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78–79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Bakı İslam Universitetinin vermiş olduğu diplomun dövlət nümunəli diplomla əvəz edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1314/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1314/2022
07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver