Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1315/2021 23.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 10 saylı Regional Ərazi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına qarşı “1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1964-cü il tarixdə anadan olmuşdur, 1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Cavabdeh 16 iyun 2021-ci il tarixli, **********1 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işlədiyi dövrün sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1315/2021 saylı qərardadı ilə iddia tələbinə “1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının 1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 10 saylı Regional Ərazi Filialının nümayəndəsi X2 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 17 sentyabr 2021-ci il tarixli, **********2 saylı etiraz məktubunun, X5 filialı tərəfindən göndərilmiş arxiv kitabından çıxarışın, pensiya işinin və ona əlavə olunmuş sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, 08 fevral 2021-ci ildə 57 yaşı tamam olduğu vaxt onun çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, iddiaçının 5 uşağının olması və həmin uşaqları 8 yaşına kimi təbiyə etməsi iş materiallarında olan doğum haqında şəhadətnamələrin surəti ilə, o cümlədən Saatlı rayon İcra Hakimiyyətinin Nəsimikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09.03.2021-ci il tarixli, 02/146 nömrəli arayışı ilə təsdiq olunur. İddiaçının 1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işləməsi X5 filialının 31 mart 2021-ci il tarixli, 105 nömrəli arxiv arayışı ilə təsdiq olunur. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialının 16.09.2021-ci il tarixli, **********7 nömrəli məlumatın təqdim olunması haqqında xidməti məktubu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilən 17 sentyabr 2021-ci il tarixli, **********2 saylı etiraz məktubu ilə də təsdiq olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçı beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə və qulluq etdiyindən və 25 ildən artıq sığorta stajına malik olduğundan, onun pensiya yaşı (62 yaş) 5 il azaldılmaqla 57 yaşına çatdığı 08 fevral 2021-ci ildən yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə iddiaçının 1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi dəlillərə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işləməsinə dair X5 filialının 31 mart 2021-ci il tarixli 105 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialının 16.09.2021-ci il tarixli, **********7 nömrəli məlumatın təqdim olunması haqqında xidməti məktubunda qeyd edilir: “İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı tarix: 08.02.2021-ci il. Əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajı 25 il və pensiya kapitalı 28800 manat. Ümumi sosial sığorta stajı əmək kitabçası, arxiv arayışı və fərdi şəxsi hesabına əsasən 33 il 8 ay təşkil edir. Sosial sığorta stajına daxil edilməyən, mübahisələndirilən illər: 1985-1996-cı illər Saatlı rayonu “Adıgün” kolxozu əmək kitabçasında qeyd olunmadığı üçün, 1996-2001-ci illər Saatlı rayon Nəsimikənd orta məktəbi - əmək haqqı cədvəllərinin saxlanılmaması səbəbindən iş stajının doğruluğunun yoxlanılması mümkün olmadığı üçün. Sosial sığorta stajına daxil edilən, mübahisələndirilməyən illər, 01.01.2002-01.02.2021-ci illər, iş yeri Saatlı rayon Nəsimikənd kənd orta məktəbi. Vətəndaşın pensiya hüququ yarandığı tarixə fərdi hesabında (01.01.2006-01.02.2021) 6188.39 manat pensiya kapitalı yığılmışdır. Arxiv arayışına əsasən 1985-1988-ci il minimum adam günü 180 gün olmaqla sosial sığorta stajı (1 il –(160+15=175:180=0,10 ay) 1 il 10 ay təşkil edir. 1986-cı il üzrə yerinə yetirilmiş iş günü qeyd olunmadığı üçün həmin illin nə qədər sosial sığorta stajı olmasını müəyyən etmək mümkün olmamışdır. 1989-1996-cı illər minimum adam günü 120 gün olmaqla (7 il +(80:120=0,7)+7 ay=7 il 7 ay. Cəmi ümumilikdə arxiv arayışına əsasən sosial sığorta stajı 1 il 10 ay + 7 il 7 ay =9 il 5 ay təşkil edir”. Göründüyü kimi İddiaçı əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən sığorta stajı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X5 filialının 31 mart 2021-ci il tarixli 105 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1985-1996-ci illərdə “Adıgün kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Şıxmərdanovnanın 1985-1996-cı illərdə Saatlı rayonu “Adıgün” kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1315/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1315/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver