Məhkəmə qərarları › İş №2-1(120)-1318/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1318/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1318/2021 16.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Saatlı rayonu, Qara Nurlu kəndində qeydiyyatda olan), cavabdehin nümayəndəsi X2 (Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 24, mənzil 11-də qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Saatlı rayonu, Qara Nurlu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı işlədiyi iş illərini sosial staj kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 18 may 2021-ci il tarixli, **********4 nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.04.1972- 31.01.1985-ci illərdə Saatlı rayon “Lenin” adına sovxozda işlədiyi müddətin sosial sığorta staj kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 20 aprel 1972-ci il tarixdən 31 yanvar 1985-ci il tarixədək Saatlı rayon “Lenin” adına sovxozunda fəhlə işləmişdir. Həmin illərdə işləməyi Saatlı rayon Dövlət Arxivinin 15.03.2021-ci il tarixli, 28 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Hazırda yaşa görə əmək pensiyasının təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh tərəfindən 18.05.2021-ci il tarixli, **********4 nömrəli məktubla ona işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Təqdim etdiyi 15.03.2021-ci il tarixli, 28 nömrəli arxiv arayışında 20.04.1972-ci ildən 31.01.1985-ci ilədək Saatlı rayonu “Lenin” adına sovxozda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaması qanunsuzdur. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı 20.04.1972-18.07.1996-cı il tarixlərdə Saatlı rayonu “Lenin” adına sovxozda işlədiyini iddia edir. Lakin iddiaçının əmək kitabçasında 31.01.1985-18.07.1996-cı il tarixlərdə həmin sovxozda işlədiyi qeyd edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına daxil olmuş 15.03.2021-ci il tarixli Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda İddiaçı 20.04.1972-18.07.1996-cı il tarixlərdə Saatlı rayonu “Lenin” adına sovxozda işləməsi göstərilmişdir. Sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Bununla yanaşı, əmək kitabçasında qeyd olmadığı üçün mübahisələndirilən illər, yəni 20.04.1972-31.01.1985-ci illər iddiaçının hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşür. Eyni zamanda Saatlı rayon Dövlət Arxivindən daxil olmuş 15.03.2021-ci il tarixli, 28 nömrəli arayışda iddiaçının işlədiyi qeyd olunsa da, əmək haqqı cədvəlləri göndərilməmişdir. Beləliklə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapital əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (10 saylı regional ərazi filialı) İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və 07.03.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65-dir) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı və arxiv arayışındakı iş illəri nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Saatlı rayonu, Qara Nuru kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 31.01.1985-ci il tarixdən 04.08.1997-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Saatlı rayon Dövlət Arxivinin 15.03.2021-ci il tarixli, 28 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Saatlı rayonu “Lenin” adına sovxozunun 56/15 əmri ilə 20.04.1972-ci il tarixdə İddiaçı “Lenin” adına sovxoza 1 nömrəli briqadaya 14.04.1972-ci il tarixdən fəhlə işinə qəbul edilsin, 31.01.1985-ci il tarixdən məzuniyyəti başa vurub 31.01.1985-ci il tarixdən sovxoza fəhlə işinə başlansın. İşdə olan Saatlı rayon Dövlət Arxivinin 15.03.2021-ci il tarixli, 28 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1996-1997-ci illərdə Saatlı rayon “M.Hüseynzadə” kolxozunda işləmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 729 nömrəli arayışdan görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı 06.07.1974-cü il tarixdən 24.06.1976-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 18.05.2021-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı 20.04.1972-ci ildən 30.01.1985-ci ilədək işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı səbəbindən onun iş stajının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə 25 ildən az olduğu üçün əmək pensiyası təyin olunmasına imtina edilmişdir. İşdə olan Saatlı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 15.07.2021-ci il tarixli, 63 nömrəli məktubundan görünür ki, İddiaçı adına verilmiş 28 nömrəli arxiv arayışı sabiq “Lenin” adına sovxozun 86 nömrəli fondda saxlanan 86 və 81 nömrəli əmr kitabında olan qeydlər əsasında yazılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (əmək kitabçasını və arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə АЗЕ ******* nömrəli əmək kitabçasının nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin Мəhkəmə, eyni zamanda Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Saatlı rayon Dövlət Arxivinin 15.03.2021-ci il tarixli, 28 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 20.04.1972-31.01.1985-ci illərdə Saatlı rayon “Lenin” adına sovxozda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi, iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Başqa sözlə, məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasındakı və arxiv arayışındakı iş illəri nəzərə alınmaqla tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 20.04.1972-31.01.1985-ci illərdə Saatlı rayon “Lenin” adına sovxozda işlədiyi müddət sosial sığorta staj kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 20.04.1972-31.01.1985-ci illərdə Saatlı rayon “Lenin” adına sovxozda işlədiyi müddət sosial sığorta staj kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar