Məhkəmə qərarları › İş №2-1(120)-1326/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1326/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1326/2022 22.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən, aparıcı məsləhətçi Ağaxan Ağayev qanunsuz hərəkətlərindən çəkinməsi, barəsində ciddi tədbirlər görülməsi və peşə fəaliyyəti ilə bağlı ona vurduğu 5700 manat mənəvi ziyan pulunun cavabdeh təşkilatdan alınaraq ona ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 22 iyun 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən Ağaxan Ağayev 07 mart 2022-ci il tarixli, 11 saylı ezamiyyə vərəqəsini qeydə almaqdan imtina edib, həqiqi informasiya almaq hüququnu pozduğuna görə barəsində müvafiq məhkəmə qərarını qəbul etməklə, qanunsuz hərəkətlərdən çəkinməyə dair üzərinə müvafiq məcburedici vəzifənin qoyulması, Peşə fəaliiyyətinə qarşı ciddi hörmətsizlik edib “KİV haqqında” Qanunun tələblərini ciddi pozaraq, informasiya almaq hüququnu pozduğuna görə Cavabdeh müdiri səlahiyyətlərini müvəqqəti icra edən Ağaxan Ağayevin barəsində müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edib, aidiyyəti üzrə barəsində tədbir görülməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilməsi, işgüzar peşə (jurnalist) fəaliyyətinə hörmətsizlik gətirib, mənəvi əzabları ona yaşatmaqla 5700 (beş min yeddi yüz) manat məbləğində mənəvi ziyan vurduğuna görə həmin ziyanın cavabdeh təşkilatdan alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ərizəsi təmin olunsun. İddiaçı Cavabdehnə qarşı “Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən, aparıcı məsləhətçi Ağaxan Ağayev qanunsuz hərəkətlərindən çəkinməsi, barəsində ciddi tədbirlər görülməsi və peşə fəaliyyəti ilə bağlı ona vurduğu 5700 manat mənəvi ziyan pulunun cavabdeh təşkilatdan alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar