Məhkəmə qərarları › İş №2-1(120)-1329/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1329/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1329/2022 16.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və xidmətə bərpa olunması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(120)-1329/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahatında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X2 məhkəmə iclasında izahatında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi barədə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 12/12-H/00556 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş Nazirliyin X3 və X5 Xidmətinə bərpa olunmağınız barədə təkrar müraciətinizlə (qeydiyyat nömrəsi: H-1109, xx.xx.2021) əlaqədar olaraq bir daha bildiririk ki, fövqəladə hallar nazirinin 19 avqust 2021-ci il tarixli, 1089/ş nömrəli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu” nun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzunuz ilə fövqəladə hallar orqanlarında xidmət keçməyinizə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 14/14-H/00040 nömrəli məktubundan görünür ki, 25 noyabr 2007-ci il tarixli, ******* nömrəli əmək kitabçası iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinə ünvanladığı xx.xx.2021-ci il tarixli təqrirdə qeyd olunmuşdur: X6 orqanlarında xidmət keçməyimə 13 avqust 2021-ci il tarixdən xitam verəsiniz. Məruzə edirəm 2011-ci ildən KGN və SXDX-də xidmət edirəm. Xidmətdən xaric olunmağımın səbəbi ailə vəziyyətim ilə bağlıdır. Özümü sağlam hesab edirəm, xüsusi həkim ekspert komissiyasından keçməkdən imtina edirəm. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrindən çıxarışdan görünür ki, Nazirliyin X3 və X5 Xidmətinin “Şirvan” sularda xilasetmə məntəqəsinin matros-xilasedicisi daxili xidmət çavuşu İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 437 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində hərbi qeydiyyata götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 12/12/xrm-4429 nömrəli məlumat arayışından görünür ki, İddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin məhkəməyə göndərdiyi etirazında qeyd edilir: İddiaçı (bundan sonra-İddiaçı) tərəfindən irəli sürülmüş şikayəti aşağıdakılara görə əsassız hesab edirik. İddiaçı 7 iyul 2017-ci il tarixdə sınaq müddəti ilə Fövqəladə Hallar Nazirliyinin X3 və X5 Xidmətinin “Şirvan” sularda xilasetmə məntəqəsinin matros-xilasedici vəzifəsinə təyin edilməklə 3 (üç) ay sınaq müddəti ilə fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmişdir. Sınaq müddəti başa çatdıqdan sonra iddiaçı 12 oktyabr 2017-ci il tarixdə daxili xidmət sıravisi ilk xüsusi rütbəsi verilməklə Fövqəladə Hallar Nazirliyində daimi xidmətə qəbul edilmişdir. İddiaçı 11 avqust 2021 -ci cil tarixdə təqrirlə Azərbaycan Respublikasının Fövqəladə hallar nazirinə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar fövqəladə hallar orqanlarında xidmətdən xaric olmasını xahiş etmişdir. Nazirliyin 13 avqust 2021 -ci il tarixli 1089/ş nömrəli əmri ilə iddiaçının öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçının iddiasının təmin edilməməsini xahiş edirik. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 7 iyul 2017-ci il tarixdə sınaq müddəti ilə Fövqəladə Hallar Nazirliyinin X3 və X5 Xidmətinin “Şirvan” sularda xilasetmə məntəqəsinin matros-xilasedici vəzifəsinə təyin edilməklə 3 (üç) ay sınaq müddəti ilə fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmişdir. Sınaq müddəti başa çatdıqdan sonra iddiaçı 12 oktyabr 2017-ci il tarixdə daxili xidmət sıravisi ilk xüsusi rütbəsi verilməklə Fövqəladə Hallar Nazirliyində daimi xidmətə qəbul edilmişdir. İddiaçı 11 avqust 2021 -ci cil tarixdə təqrirlə Azərbaycan Respublikasının Fövqəladə hallar nazirinə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar fövqəladə hallar orqanlarında xidmətdən xaric olmasını xahiş etmişdir. Nazirliyin (cavabdehin) 13 avqust 2021 -ci il tarixli 1089/ş nömrəli əmri ilə iddiaçının öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Həmçinin məlum olmuşdur ki, iddiaçı fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verildikdən sonra o, xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində hərbi qeydiyyata götürülmüşdür və hərbi qeydiyyata götürülməsinə əsas olan 12/12/xrm-4429 nömrəli məlumat arayışında onun “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə xx.xx.2021-ci il tarixdən işdən azad edilməsi barədə qeydlər aparılmışdır. Eyni zamanda iş materiallarında olan sənədlərdən (iddiaçının yazdığı təqrirdən), iddia ərizəsinin məzmunudan və iddiaçının izahatından məlum olmuşdur ki, iddiaçı ailə vəziyyəti ilə əlaqədar fövqəladə hallar orqanlarında öz arzusu ilə xidmətdən xaric olmasını şəxsən xahiş etmiş və ərizə yazdıqda sonra xidmət yerinə getməmiş və işləmədiyi dövrlər üçün əmək haqqı almamışdır. Başqa sözlə iddiaçı yazdığı həmin ərizə (təqrir) əsasında qəbul edilmiş hazırki mübahisələndirilən əmrin məzmunu barədə əvvəlcədən məlumatlı olmuşdur. Xeyli vaxt keçəndən sonra iddiaçının mübahisələndirdiyi hal öz arzusu ilə xidmətdən xaric olmasını xahiş etməsi ilə bağlı ərizənin (təqririn) hədə-qorxu altında yazılması ilə bağlı olmuşdur. Hazırda iddiaçı qeyd olunan əmri mübahisələndirərək ləğv edilməsini xahiş edir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının xidmətkeçməsinə xitam verildikdən sonra o, dəfələrlə cavabdeh inzibati orqana müraciət etmiş və müraciətinin səbəbi hazırda mübahisələndirilən əmrin ləğv edilməsi ilə bağlı deyil, yenidən işə bərpa edilməsi ilə bağlı olmuşdur. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazıki mübahisələndirdiyi əmrin məzmunundan məlumatlı olmuş və onu vaxtında məhkəmə qaydasında mübahisələndirməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin əmrin elan olunduğu və onun hərbi qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2022-ci il tarixdə poçta, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 6 (altı) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində heç bir etirazı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar