Məhkəmə qərarları › İş №2-1(120)-1330/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1330/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1330/2021 06.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Biləsuvar rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluğu ilə əlaqədar təyin olunmuş pensiyanın altı misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 23.09.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üztə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Biləsuvar RİH Başçısının 30.12.2020-ci il tarixli 176 saylı sərəncamı ilə öz ərizəsi əsasında "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 4.1.8-ci bəndinə və "X2" AR Qanununun 33.1.1-ci və 33.1.2-ci maddəsinə əsasən RİH Başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş Şöbəsinin müdiri vəzifəsindən, həmçinin Şura üzvlüyündən azad edilməklə Dövlət qulluğuna xitam verilmişdir. Bundan sonra mən AR ƏƏSM Nazirliyi yanında DSMFnun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək 70 yaşının tamam olması və 27 il dövlət qulluqçusu kimi pensiyaya çıxmağını bildirmiş, ona Dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Bundan sonra "X2" AR Qanununun 33.2-ci madddəsini rəhbər tutub aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik veriləcək haqqın ona da şamil edilməsi barədə RİH-nin mühasibatlığına müraciət etmiş, lakin həmin haqqın ona şamil edilməməsi bildirilmişdir. Verilən cavab onu qane etmədiyindən AR Maliyyə Nazirliyinə müraciət etmiş və MN 21.04.2021-ci il tarixli MİHO/1.1-2-2021-45 nömrəli məktubla (hətta məktubda belə xarakterli məsələlərlə bağlı AR MM Aparatının rəhbəri Səfa Mirzəyev cənabları tərəfindən vaxtı ilə imzalanan 01.02.2016-cı il tarixli 02-1-22 nömrəli izahedici şərhi də əlavə etməklə) RİH-dən xahiş etmişdir ki, məsələ müvafiq qaydada həll edilsin. Lakin bu dəfə RİH Aparatı 06.05.2021-ci il tarixli 2/212 nömrəli məktubla konkret olaraq ona birdəfəlik haqqın verilməsinə imtina etmişdir. Belə ki, o, 5 il bundan əvvəl yaşı 65 olanda öz arzusu ilə Dövlət qulluğundan çıxmalı idi və ümumi qaydada pensiyasının 6 misli məbləğində birdəfəlik haqq ala bilərdi. Bu imtinadan belə nəticə əldə olur ki, o, əlavə 5 il işləməklə və 70 yaşa çatmaqla qanunla müəyyən olunmuş həmin haqdan məhrum olunmuş və ya səhv edib işini davam etdirmişdir. Hesab edir ki, müxtəlif bəhanələrlə, dolayı göstərişlərlə, hətta bilərəkdən hüquqlarının pozulması uzun illər (keçmiş Partiya, Sovet orqanlarında, sonradan isə İcra strukturlarında) Rəhbər işdə işləyən, geniş bilik və təcrübəyə malik olan bir kadr üçün bu hörmətsizliklə ifadə olunan bir haldır. Əsassız olaraq 6 aylıq birdəfəlik haqqının verilməsinə AR MM Aparatının "Dövlət qulluğu və kadr məsələləri şöbəsi, AR X3 bu məsələyə birbaşa müdaxilə etmək səlahiyyətinə malik olmasalar da onun barəsində öz fikir və mülahizələrini bildirmişlər. Hətta "X2" AR Qanunnunun 33.2-ci maddəsinə əsasən birdəfəlik haqq almaq hüququ şəxsin dövlət qulluğundan çıxdığı anda yaranır, daha doğrusu birdəfəlik haqq şəxsə pensiya yaşına çatdıqda deyil, pensiya yaşına çatması ilə əlaqədar dövlət qulluğundan çıxdıqda verilir. Göründüyü kimi RİH Aparatının 06.05.2021-ci il tarixli 2/212 nömrəli məktubu "X2" AR Qanunnunun 33.2-ci maddəsinə ziddir. Ona görə də Dövlət Hakimiyyətinin bir qolu kimi mübahisələrin obyektiv və qərəzsiz araşdırılaraq mötəbər sübutlar əsasında həll edilməsində səlahiyyətli orqan kimi məhkəməyə müraciət etməyi üstün tutmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilnəsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəkli iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X1 bildirmişdir ki, “X2” Azərbaycan Respublikası qanunun 33.2-ci maddəsində göstərilmişdir ki, Dövlət qulluqçusu pensiya yaşına çatması ilə bağlı öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilr. İddiaçı dövlət qulluğunda olmanın yaş həddinə 65 yaşa çatdıqdan sonra hər dəfə bir ildən çox olmayaraq beş il müddətinə razılığı əsasında müqavilə bağlamaqla əmək fəaliyyətini davam etdirmişdir. Odur ki, iddiaçı dövlət qulluğunda olmanın yaş həddinə 65 yaşa çatdığı zaman öz arzusu ilə dövlət qulluğundan çıxdığı zaman ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilə bilərdi. Ona görə də məhkəmədən hazırkı tələb üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, iddiaçı hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi öhdəliyini Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-cı il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olub, Biləsuvar şəhəri, Puşkin küçəsi, ev 30-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Cavabdeh başçısının 30.12.2020-ci il tarixli 176 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İddiaçı ərizə ilə müraciət edərək dövlət qulluğunda olmanın son yaş həddi bitdiyinə görə 30.12.2020-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və İddiaçı 30.12.2020-ci il tarixdən Cavabdeh başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın 31.03.2021-ci il tarixli, **********8 saylı arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı yaşa görə, 1091,65 manat məbləğində pensiya təyin olunmuşdur. İşdə olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 06.05.2021-ci il tarixli, 2/212 nömrəli məktubdan görünür ki, 2020-ci ilin 30 dekabr tarixdə pensiya yaşına çatmağı və öz arzusu ilə dövlət qulluğundan çıxmağı ilə bağlı “X2” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsinə köməklik olunması barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmişdir. Müraciətə cavab olaraq qeyd edilmişdir ki, “X2” Azərbaycan Respublikası qanunun 33.2-ci maddəsində göstərilmişdir ki, Dövlət qulluqçusu pensiya yaşına çatması ilə bağlı öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilr. İddiaçı dövlət qulluğunda olmanın yaş həddinə 65 yaşa çatdıqdan sonra hər dəfə bir ildən çox olmayaraq beş il müddətinə razılığı əsasında müqavilə bağlamaqla əmək fəaliyyətini davam etdirmişdir. Odur ki, iddiaçı dövlət qulluğunda olmanın yaş həddinə 65 yaşa çatdığı zaman öz arzusu ilə dövlət qulluğundan çıxdığı zaman ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilə bilərdi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İddiaçı ərizə ilə müraciət edərək dövlət qulluğunda olmanın son yaş həddi bitdiyinə görə 30.12.2020-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və Cavabdeh başçısının 30.12.2020-ci il tarixli 176 nömrəli sərəncamı ilə İddiaçı 30.12.2020-ci il tarixdən Cavabdeh başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən İddiaçı yaşa görə, 1091,65 manat məbləğində pensiya təyin olunmuşdur. İddiaçı dövlət qulluğunda olmanın yaş həddinə 65 yaşa çatdıqdan sonra hər dəfə bir ildən çox olmayaraq beş il müddətinə razılığı əsasında müqavilə bağlamaqla əmək fəaliyyətini davam etdirdiyi əsas gətirilərək Cavabdeh tərəfindən iddiaçıya ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). "X2 Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair 08 dekabr 2014cü il tarixli qərarında qeyd olunmuşdur ki,...“Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçının birdəfəlik haqq almaq hüququ dövlət qulluğundan çıxdığı anda yaranmışdır. Başqa sözlə, həmin birdəfəlik haqq şəxsə pensiya yaşına çatdıqda deyil, pensiya yaşına çatması ilə əlaqədar dövlət qulluğundan çıxdıqda verilır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia təmin edilməli, İddiaçı hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar