Məhkəmə qərarları › İş №2-1(120)-1331/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1331/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1331/2020 10.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı «X3 Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, oğlu X3 Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatından çıxarılması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(120)-1331/2020 saylı qərardadı ilə X10 və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ünvan 1 ünvanda müvəqqəti yaşayır. Belə ki, o, Rusiya Federasiyası vətəndaşıdır və Moskva şəhərində qeydiyyatdadır. Müvəqqəti olaraq Lənkəran şəhərinə gəlib-gedir. Hazırda isə Covid-19 virusuna görə karantin tətbiq edildiyindən və Respublikadan kənara gediş-gəliş bağlı olduğundan qeydiyyatda olduğu ünvana gedə bilmir. Ona görə də adına verilmiş Rusiya Federasiyasının pasportunun müddəti bitsə də, dəyişə bilməmişdir. X15 da X2 şəhərində doğulmuşdur və bu barədə onun adına doğum haqqında şəhadətnamə verilmişdir. Lakin o, bir müddət Azərbaycanda yaşadığı üçün onun adına Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi verilmiş və onun qeydiyyat yeri anasının qeydiyyat yeri üzrə Lənkəran rayonu, Ürgə kəndi qeyd edilmişdir. Buna baxmayaraq, ondan sonra o, oğlunu yenidən yaşadığı X2 şəhərinə aparmışdır və uşaq onunla birlikdə Moskva şəhərində yaşayır. Uşaq X2 şəhərində doğulduğu üçün və o da bir valideyn kimi Rusiya Federasiyasının vətəndaşı olduğu üçün uşaq da Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və bu barədə onun adına Rusiya Federasiyasının vətəndaşı kimi pasport verilmişdir. Eyni zamanda X16 qanuni əsaslarla X2 şəhəri, Pskovskya küçəsi, ev 7, korpus 1, mənzil 6-da xx xxxxxx 2015-ci il tarixdən daimi qeydiyyatdadır. X16 X2 şəhərində daimi qeydiyyatda olmaqla orada onunla birlikdə yaşadığı üçün o, Azərbaycana gələrək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etdi ki, X16 X2 şəhərində daimi qeydiyyatda olmaqla Rusiya Federasiyasının vətəndaşı olduğu üçün onu Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olduğu yerdən qeydiyyatdan çıxarılmasında ona köməklik göstərsin. Həmin idarə onun ərizəsini aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası DİN-nin Lənkəran şəhər-rayon Polis şöbəsinə göndərmişdir. Onun ərizəsi ilə bağlı müraciəti Azərbaycan Respublikası DİN-nin Lənkəran şəhər-rayon Polis şöbəsində araşdırılmış və oğlu X3 daimi qeydiyyatda olduğu yer üzrə qeydiyyatdan çıxarılmasını qeyri-mümkün hesab etmiş və bu barədə ona məktub vermişdir. Hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Lənkəran şəhər-rayon Polis şöbəsi tərəfindən oğlu X3 daimi qeydiyyatda olduğu yer üzrə qeydiyyatdan çıxarılmasını qeyri-mümkün hesab etməsi əsassızdır və ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə, üçüncü şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə və X6 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Lənkəran şəhər-rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 154-20908-1220 nömrəli məktubda qeyd olunmuşdur ki, sizin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 02/1059 nömrəli məktubu ilə daxil olmuş, xx.xx.2005-ci il təvəllüdlü oğlunuz X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti əsasında tərəfimizdən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə sorğu edilmiş və alınmış xx.xx.2020-ci il tarixli 742 nömrəli cavabda X2 şəhərində anadan olmuş və Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olan X3 hazırda 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı kimi daimi qeydiyyatda olduğu yer üzrə ilkin hərbi qeydiyyata alınmaqdan ötrü axtarılması göstərilmişdir. Odur ki, oğlunuz X3 daimi qeydiyyatda olduğu yer üzrə qeydiyyatdan çıxarılması qeyri-mümkün hesab edilmişdir. İş materiallarında olan etibarlılıq müddəti xx.xx.2030-cu il tarixədək, AA ******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Lənkəran ŞRPŞ tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş Seriya AZE 10333406 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, X10 xx.xx.2005-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş və Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatdadır. İş materiallarında olan Lənkəran şəhər-rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 154-26383-1220 nömrəli məktubunda qeyd olunmuşdur ki, X3 Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına əsas verən sənədlərin saxlama müddətləri bitdiyindən məhv edilmişdir və ona görə də həmin sənədlərin surətlərinin sizə təqdim olunması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 742 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2005-ci ildə X2 şəhərində anadan olmuş, Lənkəran rayonu Ürgə kəndində qeydiyyatda olan (əsas AZ 10333406 saylı şəxsiyyət vəsiqəsi) X10 hal-hazırda Xidmətin Lənkəran rayon şöbəsində qeydiyyatda yoxdur. Hazırda o, 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı kimi qeydiyyatda olduğu yer üzrə ilkin hərbi qeydiyyata alınmaqdan ötrü tərəflərindən axtarılır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(049)-1992/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında xx xxxxxxx 2005-ci il tarixdə Lənkəran rayon VVADQ şöbəsində bağlanmış 511 saylı nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxx 2003-cü il tarixdə anadan olmuş X4, xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X9 və xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş X5 cavabdeh İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə araşdırması müəyyən olundu ki, xx.xx.1967-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ilə X1 birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə X10 doğulmuşdur. İddiaçı himayəsində olan oğlu X3 Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının bununla bağlı müraciətinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən ərizəsinə aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran şəhər-rayon Polis şöbəsinə müvafiq məktub göndərilmişdir. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Lənkəran şəhər-rayon Polis şöbəsi ilə əlaqə saxlaması tövsiyə olunmuşdur. Lənkəran şəhər-rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda isə qeyd olunmuşdur ki, araşdırma zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə sorğu edilmiş və alınmış xx.xx.2020-ci il tarixli 742 nömrəli cavabda X2 şəhərində anadan olmuş və Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olan X3 hazırda 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı kimi daimi qeydiyyatda olduğu yer üzrə ilkin hərbi qeydiyyata alınmaqdan ötrü axtarılması göstərilmişdir. X3 daimi qeydiyyatda olduğu yer üzrə qeydiyyatdan çıxarılması qeyrimümkün hesab edilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. İddiaçı iddia ərizəsində xx xxxxxx 2005-ci il təvəllüdlü oğlu X3 Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasının əsası kimi özünün Rusiya Federasiyasının vətəndaşı olaraq Moskva şəhərində qeydiyyatda olmasını qeyd etmişdir. Halbuki iş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin iddiaçının himayəsində olan oğlu X10 hazırda 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı kimi daimi qeydiyyatda olduğu yer üzrə ilkin hərbi qeydiyyata alınmaqdan ötrü axtarılır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsində göstərilmiş əsaslardan heç biri hazırkı işdə mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı xx xxxxxx 2005-ci il təvəllüdlü oğlu X3 Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı «X3 Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)– yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı «X3 Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması» tələbinə dair iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar