Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1334/2020 10.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Ağcabədi rayonu, Arasbar kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialına qarşı «sosial sığorta stajı müəyyən edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Ağcabədi rayonu, Sarvanlar kəndində doğulmuşdur. Ağcabədi rayonu, Arasbar kəndində qeydiyyatdadır. İddiaçı 1980-1992, 1995-ci illərdə Ağcabədi rayonu «Çapayev» və «Qaçaq Nəbi» adına kolxozlarda işləmişdir. Həmçinin iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli **********1 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçının əmək pensiya hüququnun nəzərə alınması üçün əmək kitabçası təqdim edə bilmədiyini əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980- 1992, 1995-ci illərdə Ağcabədi rayonu sabiq «Çapayev» və «Qaçaq Nəbi» adına kolxozlarda kolxozçu işlədiyi və xx.xx.1996-cı ildən hal-hazıra kimi İ qrup əlilə qulluq etdiyini sığorta stajı kimi müəyyən edərək Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin üzərinə ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yaşa və 1-ci qrup əlilə qulluğa görə əmək pensiyası təyin edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq ona xx.xx.2020-ci il tarixli **********1 saylı imtina məktubu göndərmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. O, xx.xx.1964-cü ildə Ağcabədi rayon Sarvanlar kəndində anadan olmuşdur. 1980- 1992 və 1995-ci illərdə Ağcabədi rayon sabiq «Çapayev» adına və «Qaçaq Nəbi» adına kolxozlarda kolxozçu işləmişdir. Kolxozda işlədiyi dövrdə adına əmək kitabçası açılmamışdır, bununla belə kolxozda işlədiyinə dair kolxozun arxivdə saxlanılan sənədlərində məlumat mövcuddur. O, xx.xx.1989-cu ildə həyat yoldaşı X7 ilə ailə qurmuşdur. Həyat yoldaşı X7 xx.xx.1996-cı ildən İ qrup əlildir və həmin vaxtdan hal-hazıradək ona qulluq edir. Lakin əmək fəaliyyətinə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışını və İ qrup əlilə qulluqla əlaqədar ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin Arasbar kənd İƏD üzrə nümayəndəliyinin əməkdaşlarının və qonşuların iştirakı ilə tərtib edilmiş aktı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə təqdim etsə də, həmin şöbə ona yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. Hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin imtinası ilə onun konstitusion hüquqları pozulmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********5 saylı məktubunda nümayəndəsinin iştirakı olmadan məhkəmə prosesinin keçirilib qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, nikahın bağlanması haqqında şəhadətnamənin, uşaqlarının doğum haqqında şəhadətnamələrinin, uşaqlarını səkkiz yaşadək tərbiyə etməsi barədə Ağcabədi Rayon İHB-nin Arazbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, İ qrup əlil X3 qulluq etməsi barədə Ağcabədi Rayon İHB-nin Arazbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş aktı, X2 əlilliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının arayışının, vəsiqənin təsdiq olunmuş surətlərini, Ağcabədi rayon Dövlət Arxivinin arxiv arayışını, X2 və uşaqlarının şəxsiyyət vəsiqələrinin surətlərini, birinci qrup əlil şəxsə qulluq etdiyinə görə Prezident təqaüdü alması barədə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialının arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Ağcabədi rayon Dövlət Arxivinin və Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Ağcabədi rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1964-cü il tarixdə doğulmuşdur. xx xxx 2020-ci il tarixdə 55 yaş 6 ayı tamam olmuşdur. İddiaçının altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1980-1992, 1995-ci illərdə Ağcabədi rayonu «Çapayev» və «Qaçaq Nəbi» adına kolxozlarda işləyib əmək haqqı alması Ağcabədi rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 100 nömrəli arxiv arayışında qeyd edilmişdir. İddiaçının İ qrup əlil X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qulluq etməsi Ağcabədi Rayon İHB-nin Arazbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli akt ilə təsdiq olunur. Həmçinin xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş xx.xx.1962-ci il təvəllüdlü X1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 1983-cü ildə Ağcabədi rayonu, Arasbar kəndinə ailə həyatı quraraq, gəlin gəlmişdir. İddiaçı onun qonşusudur. İddiaçının həyat yoldaşı İ qrup əlil olduğundan iddiaçı ona 25 ildən artıqdır ki, qulluq edir. Eləcə də xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş xx.xx.1970-ci il təvəllüdlü X6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, iddiaçı ilə birlikdə eyni kənddə yaşayır. İddiaçı onun qonşusudur. İddiaçının həyat yoldaşı 1996-cı il tarixdən İ qrup əlildir. Ona yalnız iddiaçı qulluq edir. İddia ərizəsində və şahid ifadələrində iddiaçının 1996-cı il tarixdən X3 qulluq etməsi bildirilsə də, iddiaçının 1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək X3 qulluq etməsi Ağcabədi Rayon İHB-nin Arazbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli aktda və digər sənədlərdə öz əksini tapmır. Həmçinin Ağcabədi rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 100 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1980-ci ildə faktiki adam günü 90 gün, 1981-ci ildə faktiki adam günü 151 gün, 1982-ci ildə faktiki adam günü 107 gün, 1983-cü ildə faktiki adam günü 205 gün, 1984-cü ildə faktiki adam günü 192 gün, 1985-ci ildə faktiki adam günü 260 gün, 1986-cı ildə faktiki adam günü 210 gün, 1987-ci ildə faktiki adam günü 205 gün, 1988-ci ildə faktiki adam günü 198 gün, 1989-cu ildə faktiki adam günü 180 gün, 1990-cı ildə faktiki adam günü 164 gün, 1991-1992-ci illərdə faktiki adam günü 30 gün və 1995-ci ildə faktiki adam günü 120 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1980-1992, 1995-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli **********0 saylı məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Ağcabədi rayonu «Çapayev» və «Qaçaq Nəbi» adına kolxoz üzrə minimum adam günü norması qadınlar üçün 180 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1983-1989-cu illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 7 il hesablanmalıdır. 1980-1982, 1990-1992 və 1995-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (90+151+107+164+30+30+120) × 12 = 8304/180≈46,13 ay (≈3 il 10 ay). Beləliklə, İ qrup əlil X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qulluq etdiyi müddət nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 1980-1992, 1995-ci illərdə Ağcabədi rayonu «Çapayev» və «Qaçaq Nəbi» adına kolxozlarda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 100 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, həmçinin İ qrup əlil X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qulluq etdiyi illər nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək X3 qulluq etməsi Ağcabədi Rayon İHBnin Arazbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli aktda və digər sənədlərdə öz əksini tapmadığından iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-cimaddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə Ağcabədi rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 100 nömrəli arxiv arayışını və Ağcabədi Rayon İHB-nin Arazbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli aktı iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 1980-1992, 1995-ci illərdə Ağcabədi rayonu «Çapayev» və «Qaçaq Nəbi» adına kolxozlarda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 100 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, həmçinin İ qrup əlil X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qulluq etdiyi illər nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddia qismən təmin edilsin. İddiaçı 1980-1992, 1995-ci illərdə Ağcabədi rayonu «Çapayev» və «Qaçaq Nəbi» adına kolxozlarda işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 100 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, həmçinin İ qrup əlil X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qulluq etdiyi illər nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialının üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Prosessual xərc iddiaçıya aid edilsin.
4. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
5. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov