Məhkəmə qərarları › İş №2-1(120)-1338/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1338/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1338/2020 27.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, X1 nümayəndəsi X10 (Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yaşayan) və Cavabdeh Dövlət X28 publik hüquqi şəxsin Biləsuvar rayon filialının nümayəndəsi X11 (ünvan 1 ünvanda yaşayan) iştirakları ilə, X1 cavabdeh Dövlət X28 publik hüquqi şəxsin Biləsuvar rayon filialına qarşı «təyin olunmuş əmək pensiyasının dayandırılmasının xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və hal-hazıradək ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: X7 xx.xx.1987-ci il tarixdə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində doğulmuşdur. Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatdadır. İddiaçı cavabdeh Dövlət X24 Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayandırılmış pensiyasının bərpa olunması və ödənilməyən pensiya məbləğinin ödənilməsinin Dövlət X24 Biləsuvar rayon şöbəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı X22 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayır. 2017-ci ildən ikinci qrup əlildir. 2008-ci ildən 2014-cü ilə kimi X15 müəssisəsində işləməklə hər ay ondan Dövlət X24 hesabına tutmalar tutulmuşdur. İkinci qrup əlillik dərəcəsi aldıqdan sonra sığorta stajı da hesablanmaqla ona pensiya təyin edildi. 2019-cu ilə kimi o, normal qaydada pensiya alırdı. Lakin 2019-cu ildən Dövlət X24 Biləsuvar rayon şöbəsi onun pensiyasını kəsib bildirdi ki, guya sığorta stajı öz təsdiqini tapmamışdır. İllərlə onun əmək haqqından Dövlət X24 hesabına tutmaları tutulmuş və bu fakt portalda da öz əksini tapmışdır. Bir müddət sonra onun pensiyası kəsilməklə bildirilir ki, sığorta stajı öz təsdiqini tapmır. Hazırda Dövlət X24 Biləsuvar rayon şöbəsi xx xxxx 2019-cu il tarixli imtina rəyi verərək, pensiyasını dayandırmışdır. Onun sığorta stajını təsdiq edən sənəd portaldan çıxarışdır. O, Dövlət X24 Biləsuvar rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli 30/04-**********3 saylı həmin qərarını əsassız və qanunsuz hesab edir. Belə ki, cavabdeh adı çəkilən məktubla onun Konstitusiya ilə təsbit edilmiş sosial təminat hüququnu pozmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edib, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə iddiaçıya təyin olunmuş əmək pensiyasının dayandırılmasının xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və hal-hazıradək ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(120)-1338/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət X28 publik hüquqi şəxsin Biləsuvar rayon filialının xx xxxxxxx 2020-ci il tarixli **********5 saylı münasibət məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayon sakini Aşağı Cürəli kənd sakini X6 stajı barədə sənədlərini əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə təqdim etmişdir. Vətəndaşa xx.xx.2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» Qanunun tələblərinə uyğun 5 il sığorta stajı tələb olunurdu. xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman ayrı-ayrı dövrlər daxil olmaqla, o cümlədən Nazirlik yanında Dövlət X24 Bakı şəhəri Nizami rayon şöbəsindən həmin ərazidə müxtəlif fiziki şəxslərin işçisi kimi işləməyi barədə 2008-2010, 2012-2014cü illərdə qazandığı sığorta stajını təsdiq edən 4 saylı əlavə təqdim etmişdir. Təqdim edilən sığorta stajının düzgünlüyünün təsdiq olunması üçün Nazirlik yanında Dövlət X24 Bakı şəhəri Nizami rayon şöbəsinə sorğu olunmuş, düzgünlüyü təsdiq edilərək şöbəyə təqdim edilmiş və həmin dövrlər İddiaçı sığorta stajı kimi nəzərə alınmışdır. Lakin Əmək və X21 Nazirliyi tərəfindən Fondun Bakı şəhəri Nizami rayon şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, şöbə tərəfindən 2008-2010, 2012-2014-cü illərə aid verilmiş pensiya kapitalı barədə 4 saylı əlavədə qeyd olunmuş sığorta stajı öz təsdiqini tapmamış və bunun nəticəsi şöbə tərəfindən aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı işçisi olduğu fiziki şəxs X13 həmin dövrlər hesabatında işləməsi tarixləri aşkarlanmamışdır. 2008-2010, 2012-2014-cü illərə aid 5 il sığorta stajı təsdiqini tapmadığından İddiaçı əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında Dövlət X28 publik hüquqi şəxsin Biləsuvar rayon filialının xx xxxxxxx 2020-ci il tarixli **********5 saylı məktubunda qeyd edilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İş materialında olan Biləsuvar RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş seriya AZE 13301236 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.1987-ci il tarixdə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində doğulmuş və Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatdadır. İş materialında olan Biləsuvar Rayon İHB-nin Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 193 nömrəli arayışından görünür ki, X3 rayonu, Aşağı Cürəli kəndində yaşayır. İş materialında olan X4 sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.2017-ci il tarixdən ikinci dərəcəli əlildir. İş materialında olan Sosial arayışın surətindən görünür ki, 2008-2010, 2012-2014cü illərdə elektron hökumət portalında işçinin (X14) işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilməsi qeydə alınmışdır. İş materialında olan Dövlət X24 Nizami rayon şöbəsinin Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2017-ci il tarixli 15/015 nömrəli arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 5 (beş) il 3 (üç) ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 873,78 manat pensiya kapitalı vardır. İş materialında olan Dövlət X24 Nizami rayon şöbəsi tərəfindən Fondun Biləsuvar rayon şöbəsinə göndərilmiş «Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə (4 nömrəli əlavə) arayış»lar barədə məlumat cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, X13 işçisi X14 xx.xx.2008-xx.xx.2010-cu illərdə və X16 işçisi X14 xx.xx.2012-xx.xx.2014-cü illərdə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda işlənmə tarixləri aşkarlanmamışdır. İş materialında olan Dövlət X24 Biləsuvar rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********3 nömrəli məktubda qeyd edilmişdir ki, sizin Əmək və X21 Nazirliyi yanında Dövlət X24 Biləsuvar rayon şöbəsinə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyiniz ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı Əmək və X21 Nazirliyi yanında Dövlət X24 Nizami rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid verilmiş pensiya kapitalı barədə 4 saylı əlavədə qeyd olunmuş sığorta stajınız öz təsdiqini tapmadığından sizin əlilliyə görə əmək pensiyası hüququnun ləğv edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X18 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X28 Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyi yanında Dövlət X28 adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət X28, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyi yanında Dövlət X24, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1987-ci il tarixdə doğulmuşdur. O, xx.xx.2017-ci il tarixdə X8 tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının əlilliyə görə əmək pensiyası təyin olunması üçün xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajı vardır. İddiaçıya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilsə də, işçisi olduğu fiziki şəxs X13 xx.xx.2008-xx.xx.2010-cu illər hesabatında, X16 xx.xx.2012-xx.xx.2014-cü illər hesabatında məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda işlənmə tarixləri aşkarlanmadığı əsas gətirilməklə əmək pensiyası ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. İddiaçı isə təyin olunmuş əmək pensiyasının dayandırılmasının xx.xx.2019-cu il tarixdən bərpa edilməsini və hal-hazıradək ödənilməyən məbləğin ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçının əlilliyə görə əmək pensiyası təyin olunması üçün xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə tələb olunan sosial sığorta stajı vardır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Dövlət X24 Nizami rayon şöbəsinin Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2017-ci il tarixli 15/015 nömrəli arayışını X2 sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, X1 xx.xx.2008-xx.xx.2010, xx.xx.2012-xx.xx.2014-cü illərdə işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənildiyi iş müddəti nəzərə alınmaqla tələb olunan 5 il sığorta stajını topladığından təyin olunmuş əmək pensiyasının dayandırılmasının xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və hal-hazıradək ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, işəgötürən X13 xx.xx.2008-xx.xx.2010-cu illərə aid hesabatında və X16 xx.xx.2012-xx.xx.2014-cü illərə aid hesabatında işçisi X22 ilə bağlı işlənmə tarixlərinin (sığortaolunanlar haqqında məlumatın doldurulması tarixləri) aşkarlanmaması işçinin (X14) təqsiri kimi qəbul edilmə bilməz və qanunvericilklə işçinin (iddiaçının) belə bir vəzifəsi yoxdur. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 təyin olunmuş əmək pensiyasının dayandırılmasının xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və hal-hazıradək ödənilməyən məbləğin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X28 publik hüquqi şəxsin Biləsuvar rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının da qoşulduğu, X9 Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsinə əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin və təşviq etməyi öhdələrinə götürürlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün iyirmi manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının nümayəndəsinin ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. X5 təyin olunmuş əmək pensiyasının dayandırılmasının xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və hal-hazıradək ödənilməyən məbləğin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X28 publik hüquqi şəxsin Biləsuvar rayon filialının üzərinə qoyulsun.

2. Prosessual xərc iddiaçıya aid edilsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar