Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1339/2021 09.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi İsmayılov Orxan Nadir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və şəxsi hesab sıralarına qaytarılma tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun şəxsi heyətin sıralarından çıxarılaraq ezam olunması barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmrinin ləğv edilməsi və şəxsi heyət sıralarına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2-1(112)-5302/2021 nömrəli qərardadı ilə iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi işi aidiyyəti üzrə göndərərkən İddiaçı xidmət etdiyi yerin Cəbrayıl rayonunun inzibati ərazi vahidinə aid olduğuna əsaslanmış və mübahisəyə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən aidiyyəti üzrə göndərmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən işin Şirvan İnzibati Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 03.05.2021-ci il tarixli, 16/2552 nömrəli məktubundan görünür ki, baş leytenant İddiaçı 26.11.2020-ci il tarixdə xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin sərəncamından Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam edilmiş və hazırda Sərhəd Qoşunlarının “Qubadlı” X1 hərəkət bölüyünün komandiri vəzifəsində xidmət edir. Məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçının Cəbrayıl rayonunda yerləşən hərbi hissədə xidmət etməsini təsdiq edən rəsmi sənəd yoxdur, digər tərəfdən iddiaçı Bakı İnzibati Məhkəməsinə Cəbrayıl rayonunda hərbi xidmət etməsinə dair yazılı ərizə də təqdim etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Sərhəd Qoşunlarının “Qubadlı” X1 tərkibinə müxtəlif hərbi hissələr və bölmələr daxildir. Həmin hərbi hissələr və bölmələr müxtəlif rayonlarda (Qubadlı, Cəbrayıl, Zəngilan) yerləşir. Məhkəmənin qənaətinə görə iddiaçının “Qubadlı” X1 hərəkət bölüyünün hərbi qulluqçusu kimi Sərhəd Diviziyasının tabe olan hərbi hissələr və bölmələrdə tez-tez xidmət yerini dəyişməsi (hətta ayda bir neçə dəfə) onun daimi xidmət yerinin həmin rayonunun ərazisi olması anlamına gəlməməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Qubadlı rayon ərazisi - Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İPM-in 8.1.3-cü maddəsinin tələbi baxımından, hazırkı mübahisənin ərazi üzrə məhkəmə aidiyyəti Qubadlı rayonu ərazisinin aid olduğu inzibati məhkəmədir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və şəxsi hesab sıralarına qaytarılma tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və şəxsi hesab sıralarına qaytarılma tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1339/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1339/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver