Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-134/2021 02.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilərək «Mərdanova» soyadının «Teymurova» soyadına «Aylin» adının isə «Ülkər» adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdə «Teymurova Ülkər» soyadını və adını «İddiaçı» soyadına və adına dəyişdirmişdir. İddiaçı soyadını və adını əvvəlki «Teymurova Ülkər» soyadına və adına dəyişdirmək üçün yenidən Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli məktubla iddiaçının soyadının və adının dəyişdirilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin üzərinə doğum akt qeydində dəyişiklik edilərək, «Mərdanova» soyadının «Teymurova» soyadına «Aylin» adının isə «Ülkər» adına dəyişdirilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, bildirdi ki, soyadını və adını Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə müraciət edib, «Teymurova Ülkər»-dən «İddiaçı»ə dəyişdirmişdir. Hal-hazırda o, yenidən köhnə ad və soyadına qayıtmaq istəyir. Belə ki, oğlu Kazımın doğum haqqında şəhadətnaməsinin ana qrafasında anası Teymurova Ülkər Mövsüm qızı qeyd edilsə də, qızlarının doğum haqqında şəhadətnamələrinin ana qrafasında İddiaçı qeyd edilmişdir. Bu da ona müəyyən çətinliklər yaradır. Belə ki, başqa ölkələrə gedərkən sərhəddə uşaqları ilə bağlı müəyyən problemlər yaşayır. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/558-76 saylı münasibət məktubunda qeyd edilmişdir ki, İddiaçı adı və soyadı Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 82 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Teymurova Ülkər”dən “İddiaçı”ə dəyişdirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində yenidən ərizə ilə Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə ad və soyadının “İddiaçı”-dən “Teymurova Ülkər”ə dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsindən (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) İddiaçı imtina edilmişdir. Cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/763-76 saylı məktubunda xx.xx.2021-ci il tarixə saat 15:30-a təyin olunmuş məhkəmə iclasının iştirakları olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin və Hacıqabul rayon Polis şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Аli Məhkəməsinin Plenumu özünün «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 9.1-ci bəndində adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd etmişdir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır ki, iş materiallarından görünür ki, iddiaçı qanunvericiliyin ona verdiyi bu hüquqdan istifadə edərək, soyadını «Teymurova»-dan «Mərdanova»-ya, adını «Ülkər»-dən «Aylin»-ə dəyişdirmişdir. Hazırda iddiaçı soyadının və adının əvvəlki «Teymurova Ülkər» soyadına və adına dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmçinin qeyd olunmalıdır ki, həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək hesab edir ki, cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin “iddiaçının soyadının və adının dəyişdirilməsi”ndən imtinası qanuna zidd sayıla bilməz. Belə ki, soyadın və adın növbəti dəfə dəyişdirilməsi ilə bağlı qanunvericiliyin (Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların) nəzərdə tutduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2019-cu il tarixli 2-1(102)-2535/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilərək «Mərdanova» soyadının «Teymurova» soyadına «Aylin» adının isə «Ülkər» adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)– yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilərək «Mərdanova» soyadının «Teymurova» soyadına «Aylin» adının isə «Ülkər» adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov