Məhkəmə qərarları › İş №2-1(120)-134/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-134/2022

24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-134/2022 24.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X3 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin 10.04.2021-ci il tarixli, 0437 nömrəli əmrinin ləğv edilməsi” barədə iddiasına dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiyə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirinin 10.04.2021-ci il tarixli, 0437 nömrəli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa edildikdən sonra xəstəliyi barədə Bakı Kliniki Hərbi Hospitalında ixtisaslı müayinə və müayinə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin 10.04.2021-ci il tarixli, 0437 nömrəli əmrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2007-ci ildə həmin liseyi bitirmişdir. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuş və 2011-ci ildə həmin məktəbi “kəşfiyyat” ixtisası üzrə bitirmişdir. 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim- Tədris Mərkəzində kəşfiyyat ixtisası üzrə hazırlıq kursu keçmişdir. 2012-ci ildən Naxçıvan şəhərində yerləşən 215, 216, 500, N nömrəli hərbi hissələrdə müxtəlif vaxtlarda kəşfiyyat bölük komandiri vəzifələrində xidmət etmişdir. 2019-cu ilin sentyabr ayından həqiqi hərbi xidmətdən tərxis edilənə kimi N nömrəli hərbi hissədə tağım komandiri olaraq qulluq etmişdir. N nömrəli hərbi hissədə xidmət edərkən zabit yoldaşı ilə aralarında yaranmış mübahisə nəticəsində onu N nömrəli hərbi hissəyə qanunsuz olaraq həm aşağı vəzifəyə, həm də qeyri kəşfiyyat ixtisası olan motoatıcı tağım komandiri vəzifəsinə təyin etmişlər. Ali hərbi ixtisası kəşfiyyat olduğu halda, hərbi Əsasnamənin tələbləri pozularaq onun üçün yeni olan motoatıcı ixtisası üzrə hər hansı tədris kursu keçmədən N nömrəli hərbi hissəyə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin mart ayından başlayaraq boyun nahiyəsində ağrılar olmağa başladı, həmin ilin aprel ayından boyun nahiyəsində bu ağrılar şiddətlənməyə başladı. Bu səbəbdən Naxçıvandakı Hərbi Hospitala müraciət etmiş, oradan bildirdilər ki, kompyuter tomoqrafiyadan keçməlidir. Hospitalda MTR olmadığına görə Naxçıvan şəhərində yerləşən mülki xəstəxanada kompyuter tomoqrafiyadan keçmiş və müayinə nəticəsində ona boyun nahiyəsində 5,0 mm yırtıq olduğuna dair diaqnoz təyin edilmişdir. Naxçıvan MR-nın Səhiyyyə Nazirliyinin nəzdində olan mülki xəstəxanada kompyuter tomoqrafiyadan müayinədən keçdikdən sonra boyun nahiysində 5,0 mm yırtıq olduğuna dair diaqnoz təyin edildiyinə görə həmin xəstəxananın travmatoloq, psixonevroloq və nevroloq həkimləri tərəfindən onun yüksək ixtisaslı müayinə və müalicə edilməyi üçün Bakı Hərbi Klinik Hospitala göndərilməyi məsləhət görülmüşdür. Naxçıvan Hərbi hospitalına yenidən müraciət edərək mülki xəstəxananın həkimləri tərəfindən ona təyin edilmiş qeyd etdiyi diaqnoz üzrə ixtisaslı müayinə və müalicə olunmağı üçün Bakı şəhərinə göndərilməyinin məsləhət olduğunu onlara dedikdə hərbi hospitalın həkimləri qısa müddətdə Bakıya göndəriləcəyini ona bildirdilər. 2020-ci ilin may ayında boynunda yırtıq olması səbəbindən ağrıları dözülməz həddə çatdığına görə və Bakıya hospitala göndərilmədiyinə görə məcbur olub məzuniyyət çıxmışdır. Məzuniyyətdə olduğu zaman tanış həkimləri məsləhəti ilə müəyyən ağrı kəsicilər və digər köməkçi vasitələrlə öz hesabına qismən müalicə olunmuşdur. Məzuniyyətdən qayıtdıqdan sonra ağrıları olduğu halda xidmətinə davam etmiş, lakin 2020-ci ilin sentyabr ayında boyun nahiyəsində yırtıq olması səbəbi ilə ağrıları yenidən şiddətlənməyə başladı və o, Naxçıvan Hərbi Hospitalına müraciət etmişdir, orada oktyabr ayının 1-nə kimi sadəcə müəyyən ağrı kəsicilər və köməkçi vasitələr qəbul edərək qalmış, sonra müharibə başladığına görə hospitalda heç kimi saxlamadıqlarına görə onu təxliyyə etmişlər. Müharibə bitdikdən sonra yenidən Hospitala müraciət etmişdir. Hospitalda ixtisaslı müayinə və müalicə edilməyi üçün tibbi avadanlıq olmadığına görə onu Bakı Hərbi Klinik Hospitala göndəriləcəyini bildirmişlər. Həmin ərəfədə ağrıları demək olar ki bitmirdi və daha da kəskinləşməyə başlamışdır. 2020-ci ilin mart ayından boyun nahiyəsində yırtıq əmələ gəlməsi səbəbi ilə zabit olaraq hərbi xidmət vəzifələrinin yerinə yetirilməsində böyük çətinliklər çəkirdi, lakin buna baxmayaraq və bu vəzifələrin icrasından boyun qaçırmırdı. Növbəti dəfə 2021-ci ilin yanvar ayının axırlarında ağrıları kəskinləşdiyi üçün artıq hərbi təlimlərdə, dərslərdə iştirak edə bilmirdi, belə ki, məsələn ona təhkim olunmuş silahı çiynində ağrılar səbəbindən daşıya bilmirdi. Bundan sonra 2021-ci ilin fevral ayından başlayaraq artıq hərbi hissə komandanlığı onunla qərəzli münasibət saxlamağa başladı və bunun nəticəsində o, tabeçiliyində olan xidmət rəislərini müntəzəm şəkildə onun xidmətini yoxlamağa göndərirdi. Bu yoxlamanın nəticəsində güya döyüş hazırlığını aşağı saldığı və bunun nəticəsində qanunsuz olaraq onun rütbəsini bir pillə aşağı saldılar. Halbuki xəstəliyi ilə əlaqədar ixtisaslı müayinə və müalicə almağı üçün dəfələrlə hərbi hissə komandirinə və ondan daha yuxarı komandanlığa müraciət etmişdir. Lakin Naxçıvan hərbi hospitalında xəstəliyinə dair ona təyin edilən diaqnoz üzrə lazımi tibbi avadanlıqlar olmadığına və onu Bakıya göndərəcəkləri barədə bir neçə dəfə vəd vermələrinə baxmayaraq bu vədlərinə əməl etmədiklərinə görə xəstə vəziyyətdə və kəskin ağrılarla xidmətini davam etdirmək məcburiyyətində qalmışdır. Xəstəliyinə dair tibbi sənədlərdə həkimlər tərəfindən onun məşğələlərdə və təlimlərdə iştirak etməkdən azad edilməyi barədə müvafiq yazılı qeydlər olmağına baxmayaraq hərbi hissə komandiri bunlara əməl etmirdi. Komandirə bunula bağlı müvafiq qurumlara şikayət edəcəyini bildirdikdə hara istəyirsən şikayət et deyə cavab verirdi. 2021-ci ilin aprel ayında ağrıları o qədər şiddətləndi ki, artıq özünü idarə edə bilmirdi və məcburiyyət qarşısında qalıb X4rşısına çıxaraq xəsrəliyi barədə müvafiq tədbirlərin görülməsini və ona hərbi hissədə əsassız olaraq cəzalar yazıldığına görə bunların qarşısının alınmasını ondan xahiş etmişdir. O, bununla bağlı müvafiq tədbirin görülcəyini bildirdi, lakin təəsüf olsun ki, bu görüşdən qısa müddət sonra onun qanunsuz olaraq xidmətə uyğunsuzluğa görə tərxis edilməyi baş vermişdir. Xəstəliyim barədə müraciətindən sonra ona iki ay ərzində qanunsuz olaraq bir neçə intizam cəzası yazılmış, halbuki həmin cəzaların verilməsi üçün onların xidməti vərəqəsində qeyd etdikləri intizam pozuntularını törətməmişdir. Bu cazalara misal olaraq hərbi hissədə görmədiyi işçi qüvvəsinə nəzarət etmədiyinə görə verilən cəzanı, xəstəliyi barədə hospotala müraciət edəcəyi gün dərsdə iştirak etmədiyinə görə verilən cəza, tabeçiliyində olan gizir tərxis edilmək istəməsi ilə bağlı xidmət yerinə gəlmədiyinə görə verilən cəza və s. göstərmək olar. Xidmətini bilərəkdən mənfi xarakterizə etmək üçün tabor komandirini məcbur edərək onun yazmadığı xidməti xasiyyətnaməyə imza etməyi vadar etmişlər. Tabor komandiri ona məhkəmədə bu barədə müvafiq izahat verməyə hazır olduğunu ona bildirmişdir. Xəstəliyi ilə bağlı hərbi hissə komandanlığının ona qarşı qərəzli münasibət göstərməsinin digər göstəricisi onun zabitlətlərin şərəf məhkəməsinə çıxarılmağı olmuşdur, lakin o, həmin şərəf məhkəməsinin keçirilməsi qanunsuz olduğuna görə orada iştirak etməkdən imtina etmişdir. Xidməti uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilməyi zamanı yol verilən digər qanunsuzluq “Hərbi xidmətkeçmək haqqında” Əsasnamənin 161 və 162-ci maddələrinin tələblərinin kobud şəkildə pozulması olmuşdur. Onunla ehtiyyata buraxılmağı ərəfəsində hərbi hissədə rəislər tərəfindən heç bir söhbət aparılmamışdır. Hərbi xidmətdən tərxis edilməyi ərəfəsində Naxçıvan Hərbi Hospitalın HHK-nin tərtib etdiyi arayışda “Diskogen mənşəlixronili boyun radikuliti, C5-C6 fəqərələrarası diskin yırtığı, “C” virus hepatiti daşıyıcı diaqnozu təyin edilmiş və xəstəliyin hərbi xidmət dövründə alındığı qeyd edilmişdir. Beləliklə məlum olur ki, xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyyata buraxılmağı qanunsuzdur, bunun motivində tibbi sənədlərə görə müəyyən edilmiş xəstəliyi ilə əlaqədar hərbi hissə komandirinə və ondan yuxarı rəislərə qanuni etdiyi müraciət olmuş, həmçinin tərxis edilmə zamanı hərbi qanunvericilik normalarının kobud şəkildə pozulması olmuşdur. Hesab edir ki, Müdafiə Nazirinin 10.04.2021-ci il tarixli, 0437 nömrəli əmri qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı və vəkili X10 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və iddiaçının vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus 22.08.2019-cu il tarixli, MN ******* nömrəli şəxsi vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Müdafiə Nazirinin müavini X17 Komandanının 01.01.2018-ci il tarixli, 031r nömrəli əmri ilə “kapitan” hərbi rütbəsi verilib, X17 Komandanının 05.01.2019-cu il tarixli, 05 nömrəli əmri ilə N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsinə təyin edilib. X17 Komandanının 06.02.2021-ci il tarixli, 015r nömrəli əmri ilə “Baş leytenant” hərbi rütbəsi verilib. N nömrəli hərbi hissə komandirinin 02.09.2019-cu il tarixli, N nömrəli əmri ilə hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 10.04.2021-ci il tarixli, 0437 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Söhbət vərəqələrinin surətlərindən görünür ki, xidmətdə yol verdiyi nöqsanlara, ona verilən intizam cəzalarından nəticə çıxarmadığına görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı İddiaçı ilə söhbətləşmə aparılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin kadrlar bölmə rəisi mayor X8, hərbi hissənin komplektləşdirmə bölmə rəisi mayor X5 və N nömrəli hərbi hissənin kadrlar bölmə rəisinin köməkçisi baş leytenant X7 iştirakı ilə tərtib edilmiş 06.04.2021-ci il tarixli aktın surətundən görünür ki, həqiqətən də hərbi hissənin 4-cü motoatıcı taborunun 12-ci motoatıcı bölüyünün 2-ci motoatıcı tağım komandiri baş leytenant İddiaçı ilə aparılacaq söhbət vərəqəsinin hazırlanmasından imtina etmişdir. Söhbətləşmə aparılan şəxsə izah edilmişdir ki, onun imtina etməsi söhbət vərəqəsinin hazırlanmasının əsassız olmasına dəlalət etmir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin birinci müaviniqərargah rəisi polkovnik-leytenant X14, komissiyanın üzvləri: kimya xidməti rəisi mayor X15, komplektləşdirmə bölmə rəisi mayor X11, kadrlar bölmə rəisi mayor X16, madditexniki təminat bölməsinin raket-artileriya siyahıları xidməti rəisi mayor X6 iştirakı ilə tərtib edilmiş 06.04.2021-ci il tarixli aktın surətundən görünür ki, N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağım komandiri baş leytenant İddiaçı hərbi hissə komandirinin müvafiq əmri ilə BTR-82A döyüş texnikasının sürücüləri ilə qrup rəhbəri təyin olunmasına baxmayaraq əmrin tələblərini pozub ixtisas dərslərinin təşkil edib keçirilməsinə səhlənkar yanaşmış və uçot qeydiyyat sənədlərini işləməmiş, etdiyi bu intizamsızlıq və məsuliyyətsizliyinə görə hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsində məsələsinə baxılması üçün vəsatət qaldırmış, lakin məhkəmənin keçirilməsi üçün baş leytenant İddiaçı 05.04.2021-ci il tarixdə təyin olunmuş vaxtda iki dəfə hərbi hissə komandiri tərəfindən ona elan olunmasına baxmayaraq iştirak etməkdən imtina edərək intizamsız bir zabit olduğunu göstərmişdir. İş materiallarında olan 12-ci motoatıcı bölük komandirinin şəxsi heyət ilə iş üzrə müavini kapitan Elmir Əliyev tərəfinfən tərtib edilmiş xidməti xasiyyətnamədə qeyd edilmişdir ki, baş leytenant İddiaçı 02.09.2019-cu il tarixdən hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddətdə özünü intizamsız, bacarıqsız, məsuliyyətsiz, savadsız bir zabit kimi göstərmişdir. Taqımın döyüş və ictimai-siyasi hazırlığına, hərbi intizamına və mənəvi vəziyyətinə, silahların, döyüş texnikasının və digər texnikanın, əmlakın qorunub saxlanmasına, döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirilməsinə, taqımda daxili qayda qanunun riayət edilməsinə məsuliyyətsiz yanaşır. Taqımın döyüş və ictimai-siyasi hazırlığının uçotunu aparmır. Şəxsi heyətin iş-güzarlığını və mənəvi keyfiyyətlərini bilmir, hər bir hərbi qulluqçunun döyüş və ictimai siyasi hazırlıq üzrə müvəffəqiyyətlərini və çatışmamazlıqlarını bilmir. Taqımın silahlarının, döyüş texnikalarının və digər texnikanın material hissəsini, istifadə edilmə, qorunub saxlanma qaydalarını bilmir və döyüşə hazırlığı şəxsən yoxlamır. Taqımın şəxsi heyətinin hərbi intizama riayət etməsinə, zahiri görkəminə, hərbi geyim qaydalarının yerinə yetirilməsinə, ləvazimatın, geyimin və ayaqqabının eyninə uyğunlaşdırılmasına, şəxsi gigiyena qaydalarına əməl etməsinə diqqət yetirmir. Komandir tərəfindən verilən əmr və tapşırıqların icrasına məsuliyyətsiz yanaşır. ixtisasına görə biliyi çox zəifdir və onu tətbiq etməyi bacarmır. Ona tutulan iradlardan heç bir nəticə çıxartmır və öz üzərində çalışmır. Fiziki cəhətdən sağlamdır. İş materialında olan gizir İddiaçı barəsində tərtib olunmuş Xidmət vərəqəsindən çıxarışda aşağıdakılar öz əksini tapmışdır: - Tabeçilində olan şəxsi heyəti sıra baxışına hazırlıqsız buraxdığına görə 28.07.2019-cu il tarixdə 216 h/h qərargah rəisi tərəfindən şifahi şiddətli töhmət verilmişdir. - Verilmiş əmr və tapşırıqların icrasına səhlənkar yanaşdığına, tutulmuşiradları aradan qaldırmadığına görə 29.07.2019-cu il tarixdə 216 h/h qərargah rəisi tərəfindən şifahi şiddətli töhmət verilmişdir. - Tabeliyində olan şəxsi heyətə nəzarət etmədiyinə görə 30.08.2019-cu il tarixdə 216 h/h qərargah rəisi tərəfindən şifahi şiddətli töhmət verilmişdir. - Səhər yerbəyerinə gecikdiyinə görə 05.02.2020-ci il tarixdə 215 h/h tabor komandiri tərəfindən töhmət verilmişdir. - Sıra baxışına hazırlıqsız çıxdığı üçün 27.02.2020-ci il tarixdə 215 h/h komandiri tərəfindən şifahi şiddətli töhmət verilmişdir. - Sıra baxışına hazırlıqsız çıxdığı üçün 30.05.2020-ci il tarixdə 215 h/h komandirinin 458 nömrəli əmri ilə şifahi şiddətli töhmət verilmişdir. - Vəzifə borclarının icrasına səhlənkar yanaşdığına, Müdafiə nazirinin birinci müavini-Sılahlı Qüvvələrin Baş Qərargah rəisinin 09.04.2020-ci il tarixli 088 nömrəli, X17 Komandanının birinci müavini-qərargah rəisinin 15.06.2020-ci il tarixli 028 nömrəli əmrlərinin tələblərini eləcədə hərbi hissə komandanlığı tərəfindən dəfələrlə verilmiş təlimatları tabeliyində olan şəxsi heyətə başa salmadığına və onların gündəlik fəaliyyətinə nəzarət etmədiyinə görə 02.02.2021-ci il tarixdə 215 h/h komandirinin 70 nömrəli əmri ilə şiddətli töhmət verilmişdir. - Döyüş hazırlığı məşgələlərinə hazırlıqsız çıxdığına görə 06.03.2021-ci il tarixdə 215 h/h komandirinin 112 nömrəli əmri ilə şiddətli töhmət verilmişdir. - Döyüş hazırlığı məşgələlərinə hazırlıqsız çıxdığına görə 15.03.2021-ci il tarixdə 215 h/h qərargah rəisi tərəfindən şifahi şiddətli töhmət verilmişdir. İş materiallarında olan 10.04.2021-ci il tarixli təqdimatın surətindən görünür ki, N nömrəli hərbi hissənin 2154-cü motoatıcı taborunun (BTR) motoatıcı bölüyünün motoatıcı taqımının komandiri olan, baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün həmin hərbi hissənin komandiri tərəfindən təqdimat verilmişdir. Həmin təqdimatın əsaslandırıcı hissəsində qeyd olunur ki: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. Baş leytenant İddiaçı 02.09.2019-cu il tarixdən hərbi hissədə xidmət edir. Hidmət etdiyi müddətdə özünü intizamsız, bacarıqsız, işgüzar keyfiyyətləri aşağı olan bir zabit kimi göstərmişdir. Vəzifəsinə aid rəhbər sənədləri zəif bilir və bilik səviyyəsini artırmaq üçün öz üzərində çalışmır. Taqımın şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına məsuliyyətsiz yanaşdığına, silahların döyüş və digər texnikanın qorunub saxlanmasına diqqət yetirmədiyinə, taqımda intizama və daxili qayda-qanuna əməl edilməsinə nəzarət etmədiyinə görə baş leytenant İddiaçı 06.02.2021-ci il tarixdə intizam cəzası qaydasında hərbi rütbəsi bir pillə “baş leytenant" hərbi rütbəsinədək aşağı salınmışdır. Lakin o, bu intizam cəzasından heç bir nəticə çıxarmamış, müxtəlif əsassız bəhanələrlə tez-tez xidmətdən yayınmağa, vəzifə borclarının icrasına səhlənkar yanaşmağa, taqımının şəxsi heyəti ilə döyüş və ictimai-siyasi hazırlıq məşğələrini keçirməməyə davam etmişdir. Hərbi hissə komandirinin müvafiq əmri ilə BTR-82A döyüş texnikasının sürücüləri ilə qrup rəhbəri təyin olunmasına baxmayaraq əmrin tələblərini pozub ixtisas dərslərinin təşkil edib keçirilməsinə səhlənkar yanaşmış və uçot qeydiyyat sənədlərini işləməmişdir. Etdiyi bu intizamsızlıq və məsuliyyətsizliyinə görə onun məsələsinə hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsində çaxılması üçün vəsatət qaldırılmışdır. 05.04.2021-ci il tarixdə məhkəmənin keçirilməsi üçün ona iki dəfə rəsmi şəkildə elan olunmasına baxmayaraq, o, məhkəmədə iştirak etməkdən imtina etmişdir. Yuxarıda göstərilənləri nəzərə alıb, baş leytenant İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını məqəsədəuyğun hesab edir. Sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə göndərilməlidir. NƏTİCƏ: Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa buraxılması barədə vəsatət qaldırıram. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel 2021-ci il tarixli, 0437 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, 215-ci mexanikləşdirilmiş briqadanın (N nömrəli hərbi hissə) 2154-cü motoatıcı taborunun (BTR-82A) motoatıcı bölüyünün motoatıcı tağımının komandiri baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin 14.06.2021-ci il tarixli, 438 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 10.04.2021-ci il tarixli əmrinə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata tərxis edilib. 23.04.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi 14 iyul 2021-ci il tarixli, 11/3444 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçıiddia ərizəsi əsassızdır və aşağıda qeyd olunanlara əsasən iddia tələbi təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər əldə edilmiş, aşağıdakılar müəyyən edilmişdir. İddiaçı adına tərtib edilmiş xidməti xasiyyətnamədə qeyd olunur ki, o, xidmət etdiyi müddətdə özünü intizamsız, bacarıqsız, məsuliyyətsiz, savadsız bir zabit kimi göstərmişdir. Taqımın döyüş və ictimai-siyasi hazırlığına, hərbi intizamına və mənəvi vəziyyətinə, silahların, döyüş texnikasının və digər texnikanın, əmlakın qorunub saxlanmasına, döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirilməsinə, taqımda daxili qayda qanunun riayət edilməsinə məsuliyyətsiz yanaşır. Taqımın döyüş və ictimai-siyasi hazırlığının uçotunu aparmır. Şəxsi heyətin iş-güzarlığını və mənəvi keyfiyyətlərini bilmir, hər bir hərbi qulluqçunun döyüş və ictimai siyasi hazırlıq üzrə müvəffəqiyyətlərini və çatışmazlıqlarını bilmir. Taqımın silahlarının, döyüş texnikalarının və digər texnikanın material hissəsini, istifadə edilmə, qorunub saxlanma qaydalarını bilmir və döyüşə hazırlığı şəxsən yoxlamır. Taqımın şəxsi heyətinin hərbi intizama riayət etməsinə, zahiri görkəminə, hərbi geyim qaydalarının yerinə yetirilməsinə, ləvazimatın, geyimin və ayaqqabının əyninə uyğunlaşdırılmasına, şəxsi gigiyena qaydalarına əməl etməsinə diqqət yetirmir. Komandir tərəfindən verilən əmr və tapşırıqların icrasına məsuliyyətsiz yanaşır. İxtisasına görə biliyi çox zəifdir və onu tətbiq etməyi bacarmır. Ona tutulan iradlardan heç bir nəticə çıxartmır və öz üzərində çalışmır. İddiaçı adına tərtib edilmiş xidməti vərəqəsindən müəyyən olunur ki, xidmət müddətində çoxlu intizam pozuntusuna yol vermiş və dəfələrlə intizam cəzası ilə cəzalandırılmışdır. N nömrəli hərbi hissə komandirinin müavini polkovnik leytenant Rəşad Əsgərovun yazdığı 01.04.2021-ci il tarixli raportda qeyd edilmişdir ki, hərbi hissədə ixtisas hazırlığının yüksək səviyyədə təşkili və keçirilməsi üçün tədris ilinin əvvəlində sabiq hərbi hissə komandiri polkovnik X1 20 yanvar 2021 -ci il tarixli 3 nömrəli əmri ilə bölmələrdə ixtisas hazırlığı mərhələsində sürücü ixtisaslarının (BTR-82A) hazırlığına 4-cü motoatıcı taborun 12-ci bölüyünün 2-ci taqım komandiri baş leytenant İddiaçı təyin edilmişdir. Mart ayı ərzində bölmələrdə ixtisas hazırlığının yekununu yoxlayarkən müəyyən olundu ki, əmrin tələbləri pozularaq taborun sürücü ixtisasçıları ilə (BTR-82A) baş leytenant İddiaçı tərəfindən dərslər keçirilməmiş, konspektiər yazmamış, ay ərzində texniki hazırlıqdan normativlər qəbul etməmişdir, Qeyd edilənlərdən əlavə taqım hazırlığı mərhələsində taqımın şəxsi heyəti ilə də dərs keçməməsi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan raporta, N nömrəli hərbi hissə komandirinin 01.04.2021- ci il tarixli dərkənarına əsasən kiçik zabitlərin şərəf məhkəməsinin keçirilməsi tapşırıq verimişdir. 06 aprel 2021 -ci il ratixdə N nömrəli hərbi hissədə bir qrup zabitlər tərəfindən imzalanmış aktda qeyd edilir ki, hərbi hissənin 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandiri baş leytenant İddiaçı hərbi hissə komandirinin müvafiq əmri ilə BTR-82A döyüş texnikasının sürücüləri ilə qrup rəhbəri təyin olunmasına baxmayaraq əmrin tələblərini pozub ixtisas dərslərinin təşkil edib keçirilməsinə səhlənkar yanaşmış və uçot qeydiyyat sənədlərini işləməmiş, etdiyi bu intizamsızlıq və məsuliyyətsizliyinə görə hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsində məsələsinə baxılması üçün vəsatət qaldırılmış, lakin məhkəmənin keçirilməsi üçün baş leytenant İddiaçı 05.04.2021-ci il tarixdə təyin olunmuş vaxtda iki dəfə hərbi hissə komandiri tərəfindən ona elan olunmasına baxmayaraq iştirak etməkdən imtina edərək intizamsız bir zabit olduğunu göstərmişdir. İddiaçı “Hərbi xidmətkeçmə həqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə komandanlıq tərəfindən 06.04.2020-ci il tarixli Təqdimat göndərilmiş və Təqdimat əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Təqdimatda qeyd edilmişdir ki, baş leytenat İddiaçı taqımın şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına məsuliyyətsiz yanaşdığına, silahların, döyüş və digər texnikanın qorunub saxlanmasına diqqət yetirmədiyinə, taqımda intizama və daxili qayda-qanuna əməl edilməsinə nəzarət etmədiyinə görə baş leytenant İddiaçı 06.02.2021-ci il tarixdə intizam cəzası qaydasında hərbi rütbəsi bir pillə “baş leytenant" hərbi rütbəsinədək aşağı salınmışdır. Lakin o, bu intizam cəzasından heç bir nəticə çıxarmamış, müxtəlif əsassız bəhanələrlə tez-tez xidmətdən yayınmağa, vəzifə borclarının icrasına səhlənkar yanaşmağa, taqımının şəxsi heyəti ilə döyüş və ictimai-siyasi hazırlıq məşğələrini keçirməməyə davam etmişdir. Hərbi hissə komandirinin müvafiq əmri ilə BTR-82A döyüş texnikasının sürücüləri ilə qrup rəhbəri təyin olunmasına baxmayaraq əmrin tələblərini pozub ixtisas dərslərinin təşkil edib keçirilməsinə səhlənkar yanaşmış və uçot qeydiyyat sənədlərini işləməmişdir. Etdiyi bu intizamsızlıq və məsuliyyətsizliyinə görə onun məsələsinə hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsində baxılması üçün vəsatət qaldırılmışdır, 05,04.2021-ci il tarixdə məhkəmənin keçirilməsi üçün ona iki dəfə rəsmi şəkildə elan olunmasına baxmayaraq, o, məhkəmədə iştirak etməkdən imtina etmişdir. 10.04.2021 -ci il tarixdə Müdafiə nazirinin 0437 nömrəli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Hərbi xidmətkeçmə Əsasnamənin 162-ci maddəsinə əsasən ehtiyata buraxılmamışdan əvvəl onunla söhbətləşmə aparılmamışdır. Bununla əlaqədar bildirirəm ki, hərbi hissədə tərtib olunan 06.04.2021-ci il tarixli, bir qrup zabitlər tərəfindən imzalanmış aktda qeyd edilir ki, hərbi hissənin kadrlar bölmə rəisi mayor X16, hərbi hissənin komplektləşdirmə bölmə rəisi mayor X5 və hərbi hissənin kadrlar bölmə rəisinin köməkçisi baş leytenant X7 iştirakı ilə bu aktı tərtib etdik ondan ötrü ki, həqiqətən də hərbi hissənin 4-cü motoatıcı taborunun 12-ci motoatıcı bölüyünün 2-ci motoatıcı taqım komandiri baş leytenant İddiaçı ilə aparılacaq söhbət vərəqəsinin hazırlanmasından imtina etmişdir. Söhbətləşmə aparılan şəxsə izah edilmişdir ki, onun imtina etməsi söhbət vərəqəsinin hazırlanmasının əsassız olmasına dəlalət etmir. Beləliklə, yuxarıdakılara əsasən iddiaçının ordu sıralarından ehtiyata buraxılmasında heç bir qanunla müəyyən olunmuş norma və prossedur pozulmamışdır. Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən “Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 - 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.” İPM-nin 73.3.1-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Mirimli X13 nazirinin 10 aprel 2021-ci il tarixli, 0437 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə göndərilmişdir. İddiaçı 23.04.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Hazırda iddiaçı qeyd olunan əmrin ona aid hissədə ləğv olunmasını xahiş edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin 10.04.2021-ci il tarixli, 0437 nömrəli əmrinin ləğv edilməsi tələbi əsaslı deyildir. Beləliklə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiyə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin 10.04.2021-ci il tarixli, 0437 nömrəli əmrinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiyə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin 10.04.2021-ci il tarixli, 0437 nömrəli əmrinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar