Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1340/2020 11.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Füzuli rayonu, Mahmudlu-1 kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialına qarşı 1969-1970, 1972-1996-cı illərdə «Mirbəşir Qasımov» («Baxşalı Baxşalıyev») adına kolxozda işləməsinin sosial sığorta stajı kimi qəbul edilməsi, onun pensiyasının hesablanmasında həmin illər üzrə sosial sığorta stajının nəzərə alınması və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1953-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. Füzuli rayonu, Mahmudlu-1 kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxx 2019-cu il tarixli **********6 saylı məktubla iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1969- 1970, 1972-1996-cı illərdə «Mirbəşir Qasımov» («Baxşalı Baxşalıyev») adına kolxozlarda kolxozçu işləməsinin sığorta stajı kimi qəbul edilməsi, onun pensiyasının hesablanmasında həmin illər üzrə sosial sığorta stajının nəzərə alınması və pensiyasının yenidən hesablanması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1969-cu ildən başlayaraq Füzuli rayonunun Mirbəşir Qasımov (sonradan Baxşalı Baxşalıyev) adına kolxozda kolxozçu işləmişdir. 1970-1972-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur, sonradan hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin kolxozda 1996-cı ilədək işləmişdir. xx xxxxxx 1993-cü ildə Füzuli rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olunarkən onun əmək kitabçası kolxozun idarə binasında qalaraq yandırılmış, məhv edilmişdir. O, pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə müraciət etmişdir, ondan əmək stajını təsdiq edən əmək kitabçasını tələb etmişlər. O, əmək kitabçasını başqa cür əldə edə bilmir, odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Füzuli rayon Dövlət Arxivinə müraciət etmişdir. Oradan ona işlədiyi idarə və müəssisələrin arxiv sənədlərinin xx xxxxxxx 1993-cü ildə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilməsi barədə arxiv arayışı verilmişdir. Belə ki, o, Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq ona xx.xx.2019-cu il tarixli **********6 saylı imtina məktubu göndərmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, aktı, Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialının məktubunu, Füzuli Rayon İHBnin Bala Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuşdur. xx.xx.2016-cı il tarixdə 63 yaşı tamam olmuşdur. İddiaçı 1969-1970, 1972- 1996-cı illərdə «Mirbəşir Qasımov» («Baxşalı Baxşalıyev») adına kolxozda işləməsi sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialının xx xxxxx 2019-cu il tarixli 10 nömrəli məktubundan görünür ki, Füzuli rayon Bala Bəhmənli kənd «M.B.Qasımov» adına kolxozunun 1969-1985-ci illərə aid sənədləri tamamilə xx xxxxxxx 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. Həmin kolxozun 1986-1996-cı illərə aid sənədləri arxivə təhvil verilməyib. İş materiallarında olan xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, iddiaçının 1969-cu il tarixdən 1996-cı il tarixədək «B.Baxşəliyev» adına kolxozda işləməsi Füzuli rayonu Mahmudlu kənd sakinləri tərəfindən təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş akt iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (maddə 69) və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamədə (maddə 3) iş stajını təsdiq edən əsas sənədin əmək kitabçası olduğu göstərilsə də, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək stajını təsdiqedici sənəd kimi arayışların, əmrlərdən çıxarışların, əmək haqqı verilməsi üçün şəxsi hesabların və əmək haqqı cədvəllərinin, vəsiqələrin, xasiyyətnamələrin, yazılı əmək müqavilələrinin, icrası barədə qeydlər edilməklə razılaşmaların, əmək xidmət siyahılarının, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarının nəzərə alınması göstərilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi işçinin əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası, arxiv arayışı və sair hüquq müəyyənedici sənədlər əsasında müəyyən olunur. Qeyd olunanlardan göründüyü kimi iddiaçının 1969-1970, 1972-1996-cı illərdə «Mirbəşir Qasımov» («Baxşalı Baxşalıyev») adına kolxozda işləməsinə dair mötəbər sübutlar müəyyən olunmadığından onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmamışdır, yəni iddiaçı 63 yaşı tamam olan zaman (xx.xx.2016-cı il) həmin vaxt qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan 12 il sosial sığorta stajını toplamamışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialına qarşı 1969-1970, 1972-1996-cı illərdə «Mirbəşir Qasımov» («Baxşalı Baxşalıyev») adına kolxozda işləməsinin sosial sığorta stajı kimi qəbul edilməsi, onun pensiyasının hesablanmasında həmin illər üzrə sosial sığorta stajının nəzərə alınması və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialına qarşı 1969-1970, 1972-1996-cı illərdə «Mirbəşir Qasımov» («Baxşalı Baxşalıyev») adına kolxozda işləməsinin sosial sığorta stajı kimi qəbul edilməsi, onun pensiyasının hesablanmasında həmin illər üzrə sosial sığorta stajının nəzərə alınması və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov