Məhkəmə qərarları › İş №2-1(120)-1343/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1343/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1343/2020 30.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialına qarşı «hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: X4 xx xxxxxx 1963-cü il tarixdə Kürdəmir rayonu, Bağman kəndində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək stajına dair sənədləri cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə təqdim edərək, müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli **********1 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçının 1980-1983cü illərdə «Azərbaycan» adına kolxozda işləməsi barədə əmək kitabçası təqdim etmədiyini əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980- 1983-cü illərdə Kürdəmir rayonu «Azərbaycan» adına kolxozda, xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək «Təcrübə-Eksperimental» təsərrüfatında, xx.xx.2003-cü ildən xx.xx.2015-ci il tarixədək X8 Elm Mərkəzində, ümumilikdə 27 ilə yaxın olan əmək stajını, yaşının 56 yaş 6 ay və 5 (beş) övladının olduğunu nəzərə almaqla xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1343/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiаçı X10 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1980-1983-cü illərdə Kürdəmir rayonu «Azərbaycan» adına kolxozda, xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək «Təcrübə-Eksperimental» təsərrüfatında, xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixədək X8 Elm Mərkəzində fəhlə işində çalışmışdır. Ümumi əmək stajı 27 ilə yaxındır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7, 8-ci maddələrinin tələblərinə əsasən 27 ilə yaxın iş stajı və 56 yaş 6 ay tamam olduğu üçün 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq məqsədilə lazım olan sənədləri, o cümlədən də Kürdəmir rayon Dövlət Arxivindən aldığı arxiv arayışlarını da toplayaraq Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin ona ünvanladığı xx xxxx 2020-ci il tarixli **********1 saylı məktubunda qeyd olunur ki, 1980-1983-cü illərdə «Azərbaycan» adına kolxozda işləməsi haqqında «Kolxozçunun əmək kitabçası»nı idarəyə təqdim etdikdə ona əmək pensiyası təyin olunacaqdır. Bu isə mümkün olan deyildir. Təqdim etdiyi arxiv arayışları Kürdəmir rayon Dövlət Arxivindən alınmış əmək stajı barədə rəsmi sənəddir. Arayışları isə Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsi qəbul etmək istəmir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialının xx xxxxxx 2020-ci il tarixli **********0 saylı münasibət məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu, Bağman kənd sakini X7 5 uşaqlı ana kimi 56 yaş 6 ayın tamamında xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün azı 25 il sosial sığorta stajı tələb olunur. X1 şöbəyə təqdim etdiyi əmək kitabçasında xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək 17 il 9 ay 21 gün, xx.xx.2020-ci il tarixli 23 №-li arxiv arayışında qeyd olunan dövr məhkəmə tərəfindən sığorta stajı kimi qəbul ediləcəyi təqdirdə kolxoz tərəfindən müəyyən edilmiş minimum gün 200 gün olmaqla 2 il 4 ay və xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabında 5 il 9 ay sosial sığorta stajı müəyyən olunmuşdur. Beləliklə, X1 xx.xx.2006-cı il tarixədək topladığı ümumi sığorta stajı 17 il 9 ay 21 gün+2 il 4 ay = 20 il 1 ay 21 gün və xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək olan fərdi hesabında 5 il 9 ay sosial sığorta stajının cəmi 25 il 10 ay 21 gün təşkil edəcəkdir. Bu isə 1980-1982-ci illərdə keçmiş Azərbaycan» adına kolxozda işlədiyi müddət məhkəmə qərarına əsasən sosial sığorta stajı kimi qəbul olunacağı təqdirdə, vətəndaşa xx.xx.2020-ci il tarixinə sosial sığorta stajı kimi minimum pensiya təminatına imkan verdiyi üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verəcəkdir. Yuxarıda qeyd olunanlara baxmayaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi üçün vətəndaşa pensiya təyin olunmasından imtina edilmişdir. Odur ki, məhkəmə araşdırmalarının nəticəsi olaraq, qanunamüvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. X3 və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. X4 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, nikahın bağlanması haqqında şəhadətnamənin və uşaqlarının doğum haqqında şəhadətnamələrinin təsdiq olunmuş surətlərini, Kürdəmir rayon Dövlət Arxivinin arxiv arayışlarını, X8 Elm və İnnovasiya Mərkəzinin arayışını, uşaqlarını səkkiz yaşınadək tərbiyə etməsi barədə Kürdəmir Rayon İHB-nin Böyük Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə 56 yaş 6 ayı tamam olmuşdur. İddiaçının beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1980-1983-cü illərdə Kürdəmir rayonu «Azərbaycan» adına kolxozda və xx.xx.1983xx.xx.1998-ci illərdə «Təcrübə-eksperimental» təsərrüfatında işləməsi Kürdəmir rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli 23 nömrəli arxiv arayışları ilə, xx.xx.2003xx.xx.2005-ci illərdə X8 Elm Mərkəzində işləməsi X8 Elm və İnnovasiya Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 03 nömrəli arayışı ilə təsdiq olunur. Lakin Kürdəmir rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli 23 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1980-ci ildə faktiki adam günü 180 gün, 1981-ci ildə faktiki adam günü 147 gün, 1982-ci ildə faktiki adam günü 144 gün və 1983-cü ildə faktiki adam günü 47 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1980-1983-cü illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialının xx xxxxxx 2020-ci il tarixli **********0 nömrəli məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, iddiaçının sığorta stajını hesablayarkən minimum əmək günü norması 200 gün götürülmüşdür. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1980-1983-cü illərə münasibətdə tam yerinə yetirilməmişdir, yəni minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (180 + 147 + 144 + 47) × 12 = 6216/200=31,08 (≈2 il 7 ay). Beləliklə, 1980-1983-cü illərdə Kürdəmir rayonu «Azərbaycan» adına kolxozda iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, xx.xx.1983-xx.xx.1998-ci illərdə «Təcrübə-eksperimental» təsərrüfatında və xx.xx.2003-xx.xx.2005-ci illərdə X8 Elm Mərkəzində işlədiyi illər, həmçinin xx.xx.2006-cı il tarixdən sonra fərdi uçot məlumatları əsasında müəyyən olunmuş iş stajı nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının 1980- 1983-cü illərdə Kürdəmir rayonu «Azərbaycan» adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə Kürdəmir rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli 23 nömrəli arxiv arayışlarını və X8 Elm və İnnovasiya Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 03 nömrəli arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1980-1983-cü illərdə Kürdəmir rayonu «Azərbaycan» adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının nümayəndəsinin ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. X3 xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialının üzərinə qoyulsun.

2. Prosessual xərc iddiaçıya aid edilsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar