Məhkəmə qərarları › İş №2-1(120)-1343/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1343/2021

22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1343/2021 22.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (İmişli rayonu, Sarxanlı kəndində qeydiyyatda olan), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində anadan olub, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ev 6-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına qarşı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, İmişli rayonu, Sarxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı işlədiyi iş illərini sosial staj kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 04 iyun 2020-ci il tarixli, ********** nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki il hərbi xidmət illərini, 1969-1974, 1976-1989-cu illərdə İmişli rayonunun Jdanov adına kolxozunda, 1990-1997-ci illərdə İmişli rayonunun Bəhrəmtəpə kolxozunda işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 22.11.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, iki il hərbi xidmət illərini, 1970-1974, 1976-1997-ci illərdə işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci ildə anadan olub, iki il hərbi xidmət keçmiş, 1969-1974, 1976-1989-cu illərdə İmişli rayonunun Jdanov adına kolxozunda, 1990-1997-ci illərdə İmişli rayonunun Bəhrəmtəpə kolxozunda işləmiş, əmək kitabçası verilməmişdir. İmişli rayon Dövlət Arxivinin 15.05.2020-ci il tarixli, 36 saylı arayışında göstərilmişdir ki, onun 1969, 1972-1974, 1976-1988-ci illərdə İmişli rayonunun Jdanov adına kolxozunda, 1990-1997-ci illərdə İmişli rayonunun Bəhrəmtəpə kolxozunda işləməyinə dair sənədlər vardır. Jdanov adına kolxozun 1970, 1971, 1989-cu illərə aid sənədləri arxivdə saxlanılmırdı. Cavabdehə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, lakin stajını təsdiq edən sənədlərin bir hissəsi arxivdə olmadığından və əmək stajı faktı məhkəmə qaydasında təsdiq olmadığından imtina etmişdir. İmişli rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə onun 1970, 1971, 1989-cu illərdə İmişlili rayonunun Jdanov adına kolxozunda işləməyi faktı müəyyən edilmişdir. Arxiv arayışında 1969, 1972-1974, 1976-1985-ci illərdə Jdanov adına kolxozda yerinə yetirilmiş adam günləri göstərilməmişdir. Həmin illərdə kolxozda bütün iş günlərində adam günü normasını yerinə yetirməklə işləməyi onunla birlikdə işləmiş şahidlər təsdiq edə bilərlər. O, 1969-cu ildən başqa, həmin illərdə kifayət qədər əmək haqqı almışdır. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiаçı tərəfindən təqdim edilmiş İmişli rayon Dövlət Arxivindən alınmış 15.05.2020-ci il tarixli arayışında 1969, 1972-1974, 1975-1985-ci illərdə “Jdanov” kolxozunda yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilmədiyindən həmin dövrlər iş stajına daxil edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Bundan başqa, arayışda 1970-1971, 1989-cu illərdə Jdanov adına kolxozun son hesablaşma kitabları arxivə təhvil verilməmişdir. Mübahisələndirilən dövrlər 17 il təşkil edir.İddiaçının ümumilikdə qeyd edilən 27 il sosial sığorta stajından həmin illəri çıxdıqda iddiaçının 10 il sosial sığorta stajı mövcud olur. Göstərilənlərə əsasən İddiaçı azı 25 il sığorta stajına malok olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ərizəni təmin edə bilməz. İddiaçı 2-1(120)-1343/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və 21.01.2020-ci il tarixdə 64 yaş 6 ayı (1 iyul 2019-30 iyun 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının kolxozdakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, İmişli rayonu, Sarxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İddiaçı 27.05.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, 27.05.1974-14.06.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan İmişli rayon Dövlət Arxivinin 15.05.2020-ci il tarixli, 36 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1969,1972-1974, 1976-1988-ci illərdə İmişli rayonunun Jdanov adına kolxozunda, 1990-1997-ci illərdə İmişli rayonunun Bəhrəmtəpə kolxozunda işləmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu İmişli rayon şöbəsinin iddiaçıya ünvanladığı 04.06.2020-ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22-ci maddəsinin 22.1-ci bəndinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan İmişli Rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli, 2(036)-2089/2020 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 1970, 1971 və 1989-cu illərdə İmişli rayonunun Jdanov adına kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2021-ci il tarixli, 2(106)-412/2021 nömrəli qətnaməsindən görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İmişli rayon filialının direktor vəzifəsinin icrası həvalə edilən R.Z.Məmmədov tərəfindən verilmiş apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmişdir. Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-2089/2020 saylı, 29.07.2020-ci il tarixli qətnaməsi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İmişli rayon filialının direktor vəzifəsinin icrası həvalə edilən R.Z.Məmmədov tərəfindən verilmiş apelyasiya şikayətinə və apelyasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 17.07.2021-ci il tarixli, 77 nömrəli məktubundan görünür ki, İmişli rayon Bakı kolxozunun 1969-1985-ci illərdə kolxozçuların adam günləri son hesablaşma kitablarında qeyd olunmamışdır. 1989-cu ilə kimi kolxoz Jdanov adına olmuşdur. 1990-cı ildə kolxozun adı dəyişdirilərək Bakı kolxozu adlandırılmışdır. Bu ildə də Bəhrəmtəpə kolxozu Bakı kolxozundan ayrılaraq ayrı kolxoz olmuşdur. 1965-1985-ci illərdə Bakı kolxozunun (keçmiş Jdanov adına) son hesablaşma kitablarında kolxozçuların adam günləri qeyd olunmamışdır. Adam günlərinin qeyd olunmaması ilə bağlı hər hansı bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.09.2021ci il tarixli, 2(102)-4895/2021 nömrəli qərarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2021-ci il tarixli, 2(106)-412/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 25.10.2021-ci il tarixli, 156 nömrəli məktubundan görünür ki, “Jdanov” adına kolxoz İmişli rayonunda 1990-cı ilə kimi bu ad altında fəaliyyət göstərmişdir. 1990-cı ildə kolxozun adı dəyişdirilərək “Bakı” kolxozu olmaqla 1997-ci ilə kimi fəaliyyətdə olmuşdur. 1990-cı ildə “Bəhrəmtəpə” kolxozu bu kolxozdan ayrılaraq müstəqil olaraq fəaliyyət göstərmişdir. “Jdanov” adına kolxozla bərabər digər kolxozların da İmişli rayon Dövlət Arxivində yalnız kolxozçuların son hesablaşma kitablar saxlanılır. Kolxozların əmək haqqı cədvəlləri əmr kitabları və digər müvafiq sənədlər İmişli rayon Dövlət Arxivində saxlanılmır. Sözü gedən kolxozda işləmiş digər işçilərin (vətəndaşın) əmək haqqı arayışı məktuba əlavə olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 15.05.2020-ci il tarixli, 36 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri İmişli rayon Dövlət Arxivinin 15.05.2020-ci il tarixli, 36 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə İmişli rayon Dövlət Arxivinin 15.05.2020-ci il tarixli, 36 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. İmişli rayon Dövlət Arxivinin 15.05.2020-ci il tarixli, 36 nömrəli arxiv arayışlarının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1986-1988,1990-1997-ci illərdə kolxozda işləməsinə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq edilməlidir. Başqa sözlə, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerini yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı 1986-1988,1990-1997-ci illərdə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin müddət (11 il) ona tam əmək stajı kimi hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, 1972-1974, 1976-1985-ci illərdə “Jdanov” kolxozunda müvafiq kolxoz sənədlərində (son hesablaşma kitablarında) digər kolxozçular kimi iddiaçının da faktiki işlədiyi adam günləri qeyd edilməmişdir. İmişli rayon Dövlət Arxivi tərəfindən digər kolxozçu X1 iş stajı barədə tərtib olunmuş və nümunə kimi təqdim edilmiş 14.04.2021-ci il tarixli, 35 nömrəli arayışından da görünür ki, qeyd olunan illərdə həmin kolxozda yerinə yetirilmiş adam günü norması (faktiki işlədiyi adam günləri) qrafası boş saxlanılmışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, 15.05.2020-ci il tarixli, 36 nömrəli arxiv arayışında iddiaçının 1972-1974, 1976-1985-ci illərdə əmək haqqı aldığı qeyd edilmişdir. İddiaçının həmin illərdə minmum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər subut təqdim edilməmişdir. Həmin illərə münasibətdə iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi iddiaçının ziyanına qiymətləndirilə bilməz. Başqa sözlə, müvafiq sənədlərdə (hesablaşma kitablarında) adam günü normasının yerinə yetirilməsi barədə qeydiyyatın aparılması iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, həmin illər iddiaçıya tam əmək stajı kimi hesablanmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Мəhkəmə, həmçinin İmişli rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli, 2(036)- 2089/2020 nömrəli qüvvəyə minmiş qətnaməsini də mötəbər sübut kimi qəbul edir. Həmin qətnamə ilə İddiaçı 1970, 1971 və 1989-cu illərdə İmişli rayonunun Jdanov adına kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Odur ki, məhkəmə 1970, 1971 və 1989-cu illəri tam əmək stajı kimi nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, 1970-ci ildə iddiaçının 15 yaşı olsa da, həmin ildə o, kolxozçu kimi əmək fəaliyyətində olmuşdur. Ona görə də həmin il ona tam əmək stajı (12 ay) kimi hesablanmalıdır. Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının 1970-1974, 1976-1997-ci illərdə işlədiyi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hərbi xidmət müddəti və 1970-1974, 1976- 1997-ci illərdə kolxozdakı iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla 21.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmət müddəti və 1970-1974, 1976-1997-ci illərdə kolxozdakı iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla 21.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar