Məhkəmə qərarları › İş №2-1(120)-1344/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1344/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1344/2025 29.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə , üçüncü şəxs X1 iştirakı ilə, iddiaçılar Muradova (Kamilova) Sona Yusif qızının və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar Muradova (Kamilova) Sona Yusif qızı və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının icrasına uyğun olaraq Müdafiə Nazirliyinin üzərinə onların 2 otaqlı mənzillə təmin edilməsi barədə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin ( bundan sonra mətndə İPM) 54-cü maaddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Mayis Kamilova 1 otaqlı mənzilin verilməsi barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etişdir. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, X6 ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra qaynatasına məxsus Biləsuvar şəhəri, Nizami 111 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaqla həmin evdə yaşamışdır. Hazırda hər ikisi həmin evdə qeydiyyatdadırlar. Nikaha daxil olduqdan sonra cehiz əmlakını həmin evə aparmış və hazırda da bütün cehiz əmlakı həmin evdədir. Birgəyaşayış dövründə xx.xx.2004-cü il tarixdə qızları İddiaçı2 doğulmuşdur. Keçmiş həyat yoldaşı hərbi qulluqçu olduğu üçün onunla birlikdə xidmət etdiyi müxtəlif yerlərdə birlikdə kirayədə yaşamışdır. Lakin bütün cehiz əmlakları qaynatasının evində qalmışdır. Birgə yaşadıqları dövrdə Mayis Kamilov “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin güclənndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq “Hövsan 2/2 yaşayış kompleksində ailə vəziyyətinə uyğun olaraq ümumi sahəsi 76,71 kv.m., 3 (otaqlı) mənzillə təmin edilməsi ilə əlaqədar növbəyə alınmışdır. Xasiyyətləri uyğun gəlmədiyi üçün Biləsuvar Rayon Məhkəməsinin 2(022)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Lakin üçüncü şəxs nikah pozulduğu üçün ona verilən mənzili qəbul etməkdən imtina etmişdir. Bununla bağlı Müdafiə Nazirliyinin Mənzil istismar İdarəsi tərəfindən ona yəni X11 ünvanlanmış məktublarda qeyd olunmuşdur ki, üçüncü şəxs mənzil növbəsinə qəbul olunmuş və onun adı siyahıda 349-cu sırada qeyd olunmuşdur. Siyahıya alınan zaman onların adlarıda qeyd olunmuşdur. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə, onlara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.Eyni zamanda X6 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibat orqan yazılı etirazda göstərmişdir ki, Fərmanın 1-ci hissəsinə əsasən İddiaçı1 keçmiş həyat yoldaşı M.Kamilov 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçularının siyahısına ailə tərkibi 3 nəfər (arvadı X12 və qızı İddiaçı2) olmaqla əlavə edilmişdir. Müvafiq Komissiya tərəfindən X3 “Hövsan-2” yaşayış kompleksindən ümumi sahəsi 76,71 kv.m olan 3 otaqlı yaşayış sahəsinin verilməsi nəzərdə tutulmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən püşkatmaya dəvət edilmiş, lakin nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirərək, ona təklif olunan 3 otaqlı mənzildən imtina edərək, könüllü olaraq imtina etməsinə dair həmin komissiyaya ərizə ilə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 17 mart 2003-cü il tarixli Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Şirvan Apellyasiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnamələri ilə Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023--cü il tarixli AZ-İ- 424804 nömrəli şəhadətnaməyə əsasən X1 X12 arasında bağlanmış nikah müqaviləsi pozulmuşdur.Sözügedən Fərmanın 3.1-ci yarımbəndinə əsasən hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarından iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərinin, ailə üzvlərinin sayını, yaşayış şəraiti nəzərə alınır. Ailə tərkibi haqqında təqdim etdiyi sənədlər, məhkəmə qətnamələri, imtina ərizəsi və tək olduğunu nəzərə alınaraq, Komissiyanın qərarı ilə qeyd olunan yaşayış kompleksindən X3 1 (bir) otaqlı yaşayış sahəsi ayrılmışdır. Təqdim edilən müvafiq sənədlər nəzərə alınmaqla M.Kamilovun 1 otaqlı yaşayış sahəsi ilə təmin olunması Fərmanın tələblərinə uyğundur və müvafiq qərarın qəbul edilməsi zamanı vəzifəli şəxslər tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Bununla bağlı dövlət vəsaiti hesabına mənzil almağa hüququ olan şəxs mənzil almaqdan imtina etdiyi halda onun ailə üzvlərinin, o cümlədən nikah müqaviləsinə xitam verilmiş keçmiş ərin (arvadın) həmin mənzilə pay hüququnun olması qanunvericiliyə ziddir. Sonradan cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli 4/2-4300/2025 saylı vəsatətdə göstərilmişdir ki, hazırkı mübahisə üzrə məsələyə komissiyada baxılan zaman ehtiyatda olan hərbi qulluqçu X3 verilməsi nəzərdə tutulan ümumi sahəsi 40 kv.m olan 1 otaqlı yaşayış sahəsinin rəsmiləşdirilməsi dondurulmuş və sonuncuya Hövsan yaşayış kompleksində 3 otaqlı mənzilin verilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra M.S.Kamilov komissiyaya bir daha ərizə ilə müraciət edərək bildirmişdir ki, müvafiq komissiyanın xx.xx.2024-cü il tarixli 25 nömrəli protokolu əsasında 2023-cü ilin dekabr ayında püşkatma yolu ilə ona təklif edilən 1 otaqlı mənzilin onun adına rəsmiləşdirilməsinin ləğv olunaraq, keçmiş ailə tərkibi nəzərə alınmaqla ona verilmiş 3 otaqlı mənzildən imtina edir.Sözügedən məsələyə müvafiq komissiyada baxılmlş , M.S.Kamilova Hövsan yaşayış kompleksində püşkatma yolu ilə ayrılmış ümumi sahəsi 40 kv.m olan 1 otaqlı mənzilin rəsmiləşdirilmə işləri dondurulmuş və ona həmin kompleksdə 3 otaqlı mənzilin verilməsinə dair qərar qəbul edilmişdir. Lakin M.S.Kamilov bir daha müvafiq komissiyaya müraciət edərək ona verilməsi nəzərdə tutulan 3 otaqlı yaşayış sahəsindən imtina etmişdir. Müdafiə Nazirliyi tərəfinfdən üzərinə qoyulmuş öhdəliklər tam yerinə yetirilmiş M.S.Kamilova 1 otaqlı yaşayış sahəsinin verilməsinə dair müvafiq komissiyanın qərarı ləğv edilmişdir.Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək məhkəmədən iddianın mümkün hesab edirlərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili izahat verərək məhkəmədən iddianın mümkün hesab edilərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərərk iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Biləsuvar İnzibati Ərazi Nümayəndəliyi tərəfinfən verilmiş 2024-cü il tarixli 5-391/2- 1739/2024 saylı arayışda İddiaçı1 və Kamilova X8 şəhəri, Nizami küçəsi, ev 111 ünvanında qeydiyyatda olduğu, ünvan 3ları qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən X11 ünvanlanmış: xx.xx.2023-cü il tarixli 598 №-li və xx.xx.2023-cü il tarixli 2627 №-li eyni məzmunlu məktublarda da qeyd olunmuşdur ki, həyat yoldaşı ehtiyatda olan mayor X1 adı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, 1992-1998-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq Komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 349-cu sırada qeyd olunmuşdur. Komissiya tərəfindən həyat yoldaşı M.S.Kamilov xx.xx.2022-ci il tarixdə daimi mənzillə təmin edilməsi məqsədilə püşkatmada iştirak etmək üçün, Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə dəvət edilmişdir. Lakin həyat yoldaşı M.S.Kamilov nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirərək, Hövsan-2 Yaşayış Kompleksindən ailə vəziyyətinə uyğun olaraq (özü, həyat yoldaşı və qızı) ona təklif olunan ümumi sahəsi 76,71 kv.m olan 3 (üç) otaqlı mənzildən imtina etmişdiir. Mübahisəli məsələlərin həlli ilə bağlı aidiyyəti məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2023-cü il tarixli, 2739 və xx.xx.2023-cü il tarixli 3026 №-li cavab məktublarında qeyd olunmuşdur ki, həyat yoldaşı X1 adı qeyd olunan Fərmanın tələblərinə əsasən Azərbaycan Ordusu sıralarında 1992-1997-ci illərdə xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısında 155-ci sırada 3 (üç) nəfər ailə üzvü (həyat yoldaşı X16, X13) kimi qeyd olunmuşdur. Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən X11 ünvanlanmış xx.xx.2024-cü il tariixli 22/1209 №-li cavab məktubunda qeyd olunmuşdur ki, onun keçmiş həyat yoldaşının adı qeyd olunan Komissiyanın Azərbaycan Ordusu sıralarında 1992-1997-ci illərdə xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısında 155-ci sırada ailə tərkibi 3 (üç) nəfər ( həyat yoldaşı X12, İddiaçı2 Mais qızı) kimi qeyd olunmuşdur. Həmin Komissiya tərəfindən keçmiş həyat yoldaşına “Hövsan-2” yaşayış kompleksində bina 37, giriş 19, 10cu mərtəbə, 3-cü mənzil, 3 otaqlı, sahəsi 76,71 kv.m olan yaşayış sahəsi təklif edilmişdir. Lakin ehtiyatda olan mayor X6 xx.xx.2022-ci il tarixdə həmin mənzildən imtina etmişdir. O, cümlədən Biləsuvar rayon və Şirvan Apeellyasiya Məhkəmələrinin qətnamələri ilə xx.xx.2003-cü il tarixli Biləsuvar Rayon Qeydiyyat Şöbəsi tərəfindən 130 nömrə ilə qeydə alınmış nigahları pozulmuşdur. Məhkəmə qətnamələrinə əsasən qızı İddiaçı2 Mais qızı onun yanında qalmışdır. Ehtiyatda olan mayor X1 ailə tərkibi haqqında təqdim etdiyi sənədlər, məhkəmə qətnamələri və imtina ərizəsi nəzərə alınaraq adı qeyd edilən Komissiya tərəfindən “Hövsan-2” yaşayış kompleksində bina 4, giriş 34, 2-ci mərtəbə, 2-ci mənzil, 1 otaqlı, sahəsi 40 kv.m olan yaşayış sahəsi ilə təmin olunmuşdur. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda Konstitusiyanın 60-cı maddəsinin 4-cü hissəsinə əsasən dövlət orqanlarına siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət etmək hüquqlarının olması izah olunmuşdur. Maliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-23/2-M- 86-25-117/2024 sayı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həll edilir. Müdafiə Nazirliyi tərəfinfən X11 ünvanlanmış 4/2-3064 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq keçmiş əri M.Kamilov 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına ailə tərkibi 3 nəfər ( O, övladı İddiaçı2 daxil) olmaqla əlavə edilmişdir.Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyası tərəfindən M.Kamilova “Hövsan-2” yaşayış kompleksindən 3 otaqlı yaşayış sahəsinin verilməsi nəzərdə tutulmasına baxmayaraq, o xx.xx.2022-ci il tarixdə keçirilən püşkatma zamanı könüllü olaraq ona verilməli olan 3 otaqlı yaşayış sahəsindən imtina etməsinə dair həmin komissiyaya ərizə ilə müraciət etmişdir. M.Kamilovun təqdim etdiyi ailə tərkibi haqqında sənədlər, arasında bağlanmış nikahın pozulmasına dair məhkəmə qətnamələri və 3 otaqlı yaşayış sahəsindən imtina etməsi barədə ərizəsi nəzərə alınmaqla, komissiya tərəfindən ona 1 otaqlı yaşayış sahəsinin ayrılması haqqında qərar qəbul edilmiş və 2023-cü ilin dekabr ayında keçirilmiş növbəti püşkatma zamanı o, həmin yaşayış sahəsi ilə təmin olunmuşdur. Dövlət orqanlarına etdiyi müraciətlərində M.Kamilovun dövlət vəsaiti hesabına mənzillə təmin olunarkən ailə üzvlərinin nəzərə alınmadığı və vəzifəli şəxslərin qanunsuz hərəkətlərə yol verildiyi bildirilmişdir.Bundan sonra göstərilən Fərmanla yaradılmış dövlət komissiyasının iclasında sözügedən məsələyə baxılmış, M.Kamilova 1 otaqlı mənzilin verilməsi qərarı ləğv olunaraq onun “Hövsan-2” yaşayış kompleksindən 3 otaqlı yaşayış sahəsi ilə təmin olunmasına dair qərar qəbul edilməklə, mənzildən istifadə hüquqları barədə qaldırılan iddianın mülki qanunvericiliyə uyğun olaraq həll olunması məqsədəmüvafiq hesab edilmişdir. Müdafiə Nazirliyinin Hüquq İdarəsində M.Kamilova qərardan irəli gələn tələblərin izahı zamanı o, 3 otaqlı yaşayış sahəsindən imtina edərək, hazırkı ailə vəziyyəti (subay olması) nəzərə alınmaqla, 1 otaqlı yaşayış sahəsi ilə təmin olunmasını tələb etmişdir. Dövlət vəsaiti hesabına mənzil almağa hüququ olan şəxsin qəbul edilmiş qərarla razılaşmadığını nəzərə alaraq, ailə üzvlərinin, o cümlədən nikah müqaviləsinə xitam verilmiş keçmiş arvadının həmin mənzillə bağlı hüquqlarının təmin edilməsi üçün mülki qanunvericiliyə uyğun olaraq aidiyyəti məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə üçüncü şəxsə qüsursuz xidmət illərinə görə 1 (bir) otaqlı mənzilin verilməsi barədə qərarın ləğv olunmasına nail olmaqdan ibarətdir İddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd). Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-59/2023 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X7 ilə cavabdeh X12 arasında xx.xx.2003-cü il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən 130 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Qətnamədən narazı qalan X12 apellyasiya şikayəti vermiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-967/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(022)-59/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə X10 nikahı Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən poulmuşdur. Bu barədə nikahların pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 09 ayının 28 günündə 113 nömrə ilə qeyd edilmişdir. Müdafiə Nazirliyi tərəfinfən X11 ünvanlanmış 4/2-3064 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq keçmiş əri M.Kamilov 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına ailə tərkibi 3 nəfər ( O, övladı İddiaçı2 daxil) olmaqla əlavə edilmişdir.Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyası tərəfindən M.Kamilova “Hövsan-2” yaşayış kompleksindən 3 otaqlı yaşayış sahəsinin verilməsi nəzərdə tutulmasına baxmayaraq, o xx.xx.2022-ci il tarixdə keçirilən püşkatma zamanı könüllü olaraq ona verilməli olan 3 otaqlı yaşayış sahəsindən imtina etməsinə dair həmin komissiyaya ərizə ilə müraciət etmişdir. M.Kamilovun təqdim etdiyi ailə tərkibi haqqında sənədlər, arasında bağlanmış nikahın pozulmasına dair məhkəmə qətnamələri və 3 otaqlı yaşayış sahəsindən imtina eetməsi barədə ərizəsi nəzərə alınmaqla, komissiya tərəfindən ona 1 otaqlı yaşayış sahəsinin ayrılması haqqında qərar qəbul edilmiş və 2023-cü ilin dekabr ayında keçirilmiş növbəti püşkatma zamanı o, həmin yaşayış sahəsi ilə təmin olunmuşdur. Dövlət orqanlarına etdiyi müraciətlərində M.Kamilovun dövlət vəsaiti hesabına mənzillə təmin olunarkən ailə üzvlərinin nəzərə alınmadığı və vəzifəli şəxslərin qanunsuz hərəkətlərə yol verildiyi bildirilmişdir.Bundan sonra göstərilən Fərmanla yaradılmış dövlət komissiyasının iclasında sözügedən məsələyə baxılmış, M.Kamilova 1 otaqlı mənzilin verilməsi qərarı ləğv olunaraq onun “Hövsan-2” yaşayış kompleksindən 3 otaqlı yaşayış sahəsi ilə təmin olunmasına dair qərar qəbul edilməklə, mənzildən istifadə hüquqları barədə qaldırılan iddianın mülki qanunvericiliyə uyğun olaraq həll olunması məqsədəmüvafiq hesab edilmişdir. Müdafiə Nazirliyinin Hüquq İdarəsində M.Kamilova qərardan irəli gələn tələblərin izahı zamanı o, 3 otaqlı yaşayış sahəsindən imtina edərək, hazırkı ailə vəziyyəti (subay olması) nəzərə alınmaqla, 1 otaqlı yaşayış sahəsi ilə təmin olunmasını tələb etmişdir. Dövlət vəsaiti hesabına mənzil almağa hüququ olan şəxsin qəbul edilmiş qərarla razılaşmadığını nəzərə alaraq, ailə üzvlərinin, o cümlədən nikah müqaviləsinə xitam verilmiş keçmiş arvadının həmin mənzillə bağlı hüquqlarının təmin edilməsi üçün mülki qanunvericiliyə uyğun olaraq aidiyyəti məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. İş materiallarından müəyyən olunduğu kimi iddiaçının hazırkı iş üzrə hüquqi marağı X4 qüsursuz xidmət illərinə görə ona veriləcək olan 1 (bir ) otaqlı mənzilə dair qərarın ləğv olunmasına nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclasının xx.xx.2024-cü il tarixli 25 №-li prtokolunun 4.5-ci bəndində qeyd olunmuşdur ki, Komissiyanın 2023-cü il 21 dekabr tarixli 24 nömrəli Protokolu ilə təsdiq edilmiş mənzil növbəsi siyahısı üzrə ehtiyatda olan mayor X3 X5 verilmiş 1 otaqlı 40 kv.m mənzildən keçmiş həyat yoldaşına və övladlarına pay verilməsi ilə bağlı keçmiş həyat yoldaşı X12 tərəfinfən davamlı şikayət verilməsi barədə; Komissiyanın sədri cənab Samir Şərifov məsələ ilə bağlı məlumatın verilməsi üçün sözü Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi, Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyanın sədri Elçin Əliyevə verdi. Elçin Əliyev çıxış edərək bildirdi ki, ehtiyatda olan hərbi qulluqçu olduğu zaman 2022-ci ildə X2 təklif olunan 3 otaqlı ( sahəsi 76,71 kv.m) mənzildən rəsmi qaydada imtina etmişdir. Lakin, boşandıqdan sonra hərbi qulluqçu bir daha müraciət etmiş və 2023-cü ilin dekabr ayında X5 püşkatma yolu ilə sahəsi 40,1 kv.m olan 1 otaqlı studiya mənzil seçilmişdir. Hərbi qulluqçunun keçmiş həyat yoldaşı İddiaçı1 iddiasına əsasən X7 ona təklif olunan 3 otaqlı mənzili ailəsi ilə bölüşməmək üçün ondan imtina etmiş, boşandıqdan sonra təklif olunan mənzili qəbul etmişdir. İddiaçı1 dəfələrlə ərizə ilə müraciət edərək, keçmiş həyat yoldaşına ayrılmış mənzildən ona və övladına da pay düşdüyünü və keçmiş həyat yoldaşı hansı hüquqi əsasla onları həmin əmlak payından məhrum etdiyini bildirmişdir. Bununla bağlı olaraq, tərəflərindən vətəndaşa Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin müvafiq bəndlərinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etməsi tövsiyyə olunmuş, habelə Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunmasının məhkəmə qaydasında həll edildiyi bildirilmişdir. Qeyd edilənlə nəzərə alınaraq hazırda Müdafiə Nazirliyi tərəfindən X3 ayrılmış mənzilin rəsmiləşdirmə işləri dondurulmuşdur. Məsələnin ədalətli həlli, habelə boşanmanın hərbi qulluqçunun mənzil hüququ yaranan dövrdən sonraya təsadüf etdiyi nəzərə alınaraq həmin hərbi qulluqçunun X5 3 otaqlı mənzillə təmin edilməsi, ailəsinin qaldırdığı iddiaya isə mülki qanunvericilik çərçivəsində baxılması Komissiyaya təklif olunur. Göründüyü kimi üçüncü şəxs X7 qanunun tələblərinə əsasən ona qüsursuz xidmət illərinə görə cavabdeh inzibati orqan tərəfindən verilməsi nəzərdə tutulan mənzili öz iradə ifadəsinə uyğun olaraq qəbul etməmiş və mübahisə predmeti olan mənzil əmlak bölgüsü zamanı mübahisə predmeti olmadığı və iddiaçı mübahisəli predmeti olan mənzilin üçüncü şəxs tərəfindən daşınmaz əmlaka ( mənzilə) dair sərəncam vermək hüuququna malik olmasına dair sübut təqdim etmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina olunmamışdır. Əksinə iddiaçıya ünvanlanmış məktubda mənzilin üçüncü şəxsin adına rəsmiləşdirilməsi işlərinin dondurulduğu, üçüncü şəxslə aralarında olan əmlak bölgüsü aparıldıqdan sonra onun müraciətinə baxılacağı bildirilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı halda subyektiv hüququnun yaranması üçün mülki məhkəmə icraatı qaydasında üçüncü şəxsə məxsus əmlak bölgüsü aparılmalı və bundan sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtina edildiyi halda hazırkı iddia tələbi ilə bağlı yarana biləcək mübahisəyə məhkəmədə baxılması mümkün ola bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iddia mümkün sayıla bilməz. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı inzibati iş məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olduğu üçün məhkəmə prosessual qənaət prinsipinə riayət edərək iddiaçılara yazılı formada hüquqi yardım edilməsi zəruri hesab olunmamış, məhkəmə iclasında iddianın mümkünlük halı barədə iddiaçıların nümayəndəsi və vəkili ilə müzakirə edilmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. qərara aldı: İddiaçılar Muradova (Kamilova) Sona Yusif qızının və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar