Məhkəmə qərarları › İş №2-1(120)-1345/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1345/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1345/2025 19.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrinə və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə ayrılmış 0,12 ha torpaq sahəsinin koordinatlarının “X5 X8”ndə düzəliş edilərək faktiki istifadə üzrə koordinatlara uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş DTXK Cəlilabad rayon şöbəsi tərəfindən qanunsuz olaraq tərtib edilmiş JN-496A nömrəli şəhadətnamənin ləğv olunması və cavabdehin üzərinə ona məxsus 0,12 ha torpaq sahəsinə ilkin hüquqmüəyyənedici sənədlərdə göstərilən koordinatlar əsasında reyestr çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrinə və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə ayrılmış 0,12 ha torpaq sahəsinin koordinatlarının “X5 X8”ndə düzəliş edilərək faktiki istifadə üzrə koordinatlara uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonunun ləğv olunmuş “Azərbaycan 40 illiyi” sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 saylı əmri ilə ona rayonun Sabirabad kənd ərazisində həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş yerdən 0,12 ha həcmində torpaq sahəsi ayrılmışdır. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının tikinti və memarlıq şöbəsi tərəfindən 22 noyabr 1996-cı il tarixdə təsdiq olunmuş plana uyğun olaraq ona həmin ərazidə yaşayış evi inşa etməyə icazə verilmişdir. 07 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə (bundan sonra 8 saylı Cəlilabad ərazi idarəsi) həmin torpaq sahəsinə reyestrdən çıxarış və plan- ölçü sənədləri almaq üçün müraciət etmiş, onun ərizəsinə cavab olaraq həmin idarəsinin 31 may 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0,12 ha qeyd olunmasına baxmayaraq, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra DTXK) Cəlilabad rayon şöbəsi tərəfindən 0,09 ha torpaq sahəsinə JN-496A nömrəli şəhadətnamə tərtib edilmişdir. 8saylı Cəlilabad Ərazi İdarəsi bunu əsas gətirərək və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin torpaq sahəsinə reyestrdən çıxarış və plan-ölçü sənədlərini verməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, İddiaçı 07 may 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək, Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində 0.12 ha torpaq sahəsinə reyestrdən çıxarış və plan-ölçü verilməsini xahiş etmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunan ilkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.12 ha qeyd olunmasına baxmayaraq, ləğv olunmuş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən 0.09 ha torpaq sahəsinə JN-496A nömrəli şəhadətnamə tərtib edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən reyestrdən çıxarış və plan-ölçünün verilməsindən imtina olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı vermiş iddia ərizəsinə etiraz edirik və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. Daşınmaz əmlak (torpaq sahəsi) isə Cəlilabad rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrinin surətindən görünür ki, Sabirabad kənd sakini İddiaçı rayonun Sabirabad kənd ərazisində həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş yerdən 0,12 ha həcmində torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarının surətindən görünür ki, vahid torpaq fondunun bölüşdürülməsi və özəlləşən torpaqların mülkiyyətə verilməsinə dair puşkatmanın nəticəsi barədə “Edişə”, “Şatırlı”, “Musalı” kolxozlarının R.Qasımov adına, Bəxtiyar adına, “28 May”, “Varlı həyat”, T.İsmayılov” adına, “Azərbaycan” sovxozları, “B.Kərimov adına, “1 May”, “Muğan” üzüm istehsalı və emalımüəssisələri aqrar islahatı komissiyalarının qərarları təsdiq edilmişdir. İş materiallarında olan JN-496A, KOD 80605028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayonu Sabirabad kənd sakini İddiaçı, ailə üzvləri X4 və X10 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarına əsasən 0.09 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-12RA/2- 409 nömrəli arxiv çıxarışının surətindən görünür ki, Sabirabad kəndində qeyd olan hissərdən fond həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulan yerdən 0.12 ha kəsilərək İddiaçı 2-ci şimal tərəfdən verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-2717/2024 nömrəli məktubundan görünür ki, təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.12 ha qeyd olunmasına baxmayaraq, ləğv olunmuş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən 0.09 ha torpaq sahəsinə JN-496A nömrəli şəhadətnamə tərtib edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/3628/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: “Azərbaycan 40 illiyi” adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerini dəqiqliklə müəyyən etmək mümkün olmadı. İddiaçı iddia etdiyi ərazi kimi faktiki istifadəsində olan 0,1329 ha həyətyanı torpaq sahesinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: “Azərbaycan 40 illiyi” adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerini dəqiqliklə müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin ayrıldığı vaxt və hazırda hüququ statusunu (dövlət və ya bələdiyyə mülkiyyətində olması), hüquqi rejimini (kateqoriyası), uqodiyasını, növünü, təyinatını təyin etmək mümkün olmadı. X5 X8 baza məlumatında, İddiaçı iddia etdiyi ərazi kimi faktiki istifadəsində olan 0,1329 ha həyətyanı torpaq sahəsinin hüququ statusu-xüsusi mülkiyyət, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı, növü-torpaq sahəsi, məqsədli təyinatı-həyətyanı torpaq sahəsinin olduğu müəyyən edildi. Qərardadın üçüncü sualı üzrə: “Azərbaycan 40 illiyi” adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmadığından həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları X5 X8 baza məlumatında düzgün qeyd edilib- edilmədiyini təyin etmək mümkün olmadı. İddia tələbinə görə naturadan plana alınmış həyətyanı torpaq sahəsi X5 X8 baza məlumatında xüsusi mülkiyyətə (bələdiyyə mülkiyyəti ilə birlikdə) verilmiş həyətyanı torpaq sahəsi kimi öz əksini tapmışdır. Qərardadın dördüncü sualı üzrə: İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X5 X8ndə mövcuddur. "Azərbaycan 40 illiyi" adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) “Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmadığından həmin torpaq sahəsini naturadan plana alınmış 0,1329 ha həyətyanı torpaq sahəsi arasında olan uyğunsuzluğun olub-olmamasını müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. Qərardadın beşinci sualı üzrə: İddia olunan 0,12 hektar torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmadığından həmin torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koorfinatlarını təyin etmək mümkün olmadı. İddiaçı faktiki istifadəsi kimi naturadan plana alınmış təyinatına uyğun istifadə edilən 0,1329 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın altıncı sualı üzrə: "Azərbaycan 40 illiyi" adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin olmadığından həmin torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahesi ile üst-üstə düşüb- düşmədiyini təyin etmək mümkün olmadı. Bu səbəbdən həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında texniki səhv kimi, həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulub-pozulmayacağını müəyyənləşdirmək mümkün olmadı. Qərardadın yeddinci sualı üzrə: "Azərbaycan 40 illiyi" adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kənd ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerini dəqiqliklə müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin faktiki ölçüsünü, kimin istifadəsində olmağını və təyinatı üzrə istifadə edilib-edilmədiyini təyin etmək mümkün olmadı. Qərardadın səkkizinci sualı üzrə: Cəlilabad rayon "Azərbaycanın 40 illiyi" adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gore 496A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə mülkiyyətə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin (faktiki plana alınmış 0,1329 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində) yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın doqquzuncu sualı üzrə: Cəlilabad rayon "Azərbaycanın 40 illiyi" adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gorə 496A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin X5 X8 baza məlumatında hüququ statusu-xüsusi mülkiyyət, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı, növü torpaq sahəsi, məqsədli təyinatı-həyətyanı torpaq sahəsinin olduğu müəyyən edildi. Qərardadın onuncu sualı üzrə: Cəlilabad rayon "Azərbaycanın 40 illiyi" adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gorə 496A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi X5 X8 baza məlumatı materialında 0,1287 ha torpaq sahəsinin cizgisi daxilində xüsusi mülkiyyət kimi qeyd edilmişdir. Qərardadın on birinci sualı üzrə: "Azərbaycan 40 illiyi" adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmadığından həmin torpaq sahəsinin Cəlilabad rayon "Azərbaycanın 40 illiyi" adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə görə 496A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə esasen İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi ilə eyni ərazi olmağını təyin etmək mümkün olmadı. 496A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi iddia tələbinə görə naturadan plana alınmış 0,1329 ha ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi. Qərardadın on ikinci sualı üzrə: "Azərbaycan 40 illiyi" adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmadığından həmin torpaq sahəsinin Cəlilabad rayon "Azərbaycanın 40 illiyi" adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə görə 496A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi ilə eyni ərazi olmağını və 0.03 ha torpaq sahəsi barədə ətraflı məlumat vermək mümkün olmadı. Qərardadın on üçüncü sualı üzrə: İddia tələbinə görə naturadan plana alınmış 0,1329 ha ərazinin hüdudları daxilində Cəlilabad rayon "Azərbaycanın 40 illiyi" adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gore 496A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində mövcud olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyesrində qeydiyyata alınmamışdır. Bu sualın sonrakı bəndlərini cavablandırmaq yerquruluşu mühəndislərinin səlahiyyətləri daxilində deyil. Qərardadın on dördüncü sualı üzrə: "Azərbaycan 40 illiyi" adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən (koordinatları) "Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmadığından həmin torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini təyin etmək mümkün olmadı. Cəlilabad rayon "Azərbaycanın 40 illiyi" adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə görə 496A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq (faktiki plana alınmış 0,1329 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində) sahəsinin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edildi. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrinə və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə ayrılmış 0,12 ha torpaq sahəsinin koordinatlarının “X5 X8”ndə düzəliş edilərək faktiki istifadə üzrə koordinatlara uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X9rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrini və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin natamam olması, torpaq sahəsi ilə bağlı mövcud uyğunsuzluq iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-10/3628/2025 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert rəyinə əsasən "Azərbaycan 40 illiyi" adına sovxozunun rəhbərliyinin xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri ilə İddiaçı verilmiş Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin hüququ statusu-xüsusi mülkiyyət, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı, növü-torpaq sahəsi, məqsədli təyinatı-həyətyanı torpaq sahəsinin olduğu, Cəlilabad rayon "Azərbaycanın 40 illiyi" adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gorə 496A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi X5 X8 baza məlumatı materialında 0,1287 ha torpaq sahəsinin cizgisi daxilində xüsusi mülkiyyət kimi qeyd edildiyi, həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmri və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarı ilə rayonun Sabirabad kənd ərazisində həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş yerdən 0,12 ha həcmində torpaq sahəsi ayrılmışdır. Qeyd edilən qərar digər şəxslərin hüquqlarını pozmamış və gələcəkdə ola biləcək mübahisələrin qarşısını almaq, tərəflərin hüquqlarını bərpa etmək məqsədi daşımışdır. Eləcə də, həmin qərar və ya faktiki istifadədə olan torpaq sahəsi bugünə kimi mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, torpaq sahəsinin koordinatlarına “X5 X8”ndə düzəliş edilərək tərəfin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılmalıdır. Eləcə də, Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrinə və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarı və qərara əlavə edilən sənədlərə baxış keçirilən zaman İddiaçı 0,12 ha torpaq sahəsinin ayrıldığı, qeyd edilən torpaq sahəsinin isə faktiki istifadəsində olduğu öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrinə və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrinə və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarına əsasən ona ayrılan 0,12 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrinə və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə ayrılmış 0,12 ha torpaq sahəsinin koordinatlarının “X5 X8”ndə düzəliş edilərək faktiki istifadə üzrə koordinatlara uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Cəlilabad rayon “Azərbaycan 40 illiyi” adına sovxozun xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrinə və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə ayrılmış 0,12 ha torpaq sahəsinin koordinatlarının “X5 X8”ndə düzəliş edilərək faktiki istifadə üzrə koordinatlara uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar