Məhkəmə qərarları › İş №2-1(120)-1348/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1348/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1348/2023 03.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin digər mülkiyyətçilərin torpaq sahəsindən ayrılması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin digər mülkiyyətçilərin torpaq sahəsindən ayrılması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair reyestrdən çıxarışı da vardır. Torpaq sahəsini digər mülkiyyətçilərin torpaq sahəsindən ayırması ilə bağlı bir sıra müraciətləri olmasına baxmayaraq heç bir nəticəyə nail ola bilməmişdir. Ona görə də iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə qeyd edilən iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(120)-3098/2022 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmiş, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqanın çıxış etdiyi, İnzibati Məhkəmələrdə baxılan iddiaların mümkünlük şərtlərindən birinin iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsi olduğu, iddia ərizəsinə əlavə etdikləri sənədlərə onların cavabdeh inzibati orqana müraciət etməsi, müraciətlərindən cavabdehin imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etməmişlər və iş materiallarına əlavə edilən xəbərnaməyə əsasən məktub və bildirişlər iddiaçının ünvanına çatsa da, yardım məktubuna münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırki tələbi öhdəliklərin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçı hazırki tələblə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etməsini təsdiq edən sübutu iş materiallarına əlavə etməmiş və məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən qanunvericiliyin normalarına əsasən, iddiaçı ilk öncə müvafiq tələblə inzibati orqana müraciət etməlidir. Həmin orqan onun müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda o, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(120)-3098/2022 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana ünvanlanan sorğu məktubuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 saylı cavab məktubuna əsasən İddiaçı tərəfindən cavabdehə rəsmi müraciətin olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin digər mülkiyyətçilərin torpaq sahəsindən ayrılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar